Kalsit - Wikipedia
Kalsit – Ca [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.
Kalsit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
CaCO₃ |
Strunz təsnifatı | Vb/A.02[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Sıxlıq | 2,72 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
redaktəManqanlı, bariumlu, stronsiumlu, dəmirli, sinkli, kobaltlı, qurğuşunlu kalsitlər; islandiya şpatı – rəngsiz, şəffaf, irikristallik güclü ikiqat şüasındırma qabiliyyəti olan kalsit.
Xassələri
redaktəRəng – adətən rəngsiz və südü-ağ rəngli, bəzən qatışıqlarla sarı, qırmızı, boz, yaşıl, qonur, qara kimi müxtəlif rənglərə boyanır. Rəngi bəzən zonal olur; Mineralın cizgisinin rəngi – ağ, boz; Parıltı – şüşə parıltısından sədəfiyədək, ayrılma müstəvilərində irizatsiya edən; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,6-2,8; Sərtlik – 3; Ayrılma – {1011} üzrə mükəmməl; Bölünmə – {0112}, bəzən {0001} üzrə; Sınıqlar – qeyri-hamar; pilləli; Lüminessensiya – nadir torpaq elementlərinin qarışığından asılı olaraq bəzən ağ, mavi, narıncı rəngdə lüminessensiya edir; Başqa xassələr – sıxıldıqda elektriklənir; Morfologiya – kristallar: tez-tez rast gəlir; skalenoedrik, lövhəvarı, romboedrik, prizmatik; mineralın çəkisi 30 tona çatan nəhəng kristalları məlumdur; İkiləşmə: tez-tez {0001} üzrə (o cümlədən polisintetik), nisbətən az hallarda {0112}və {1011} üzrə; Mineral aqreqatları: dənəvər, sıx, torpaqvari (dağ unu) kütlələr, druzalar, stalaktit və stalaqmitlər, oolitlər (oolit və ya kürü daşları), konkresiyalar, qabıqlar, məsaməli əmələgəlmələr (travertin), «mərmər oniksi» – incəzolaqlı yarımşəffaf sıx kütlələr, incəlifli (atlas şpat, papirşpat) əmələgəlmələr, qumlu kalsit – kristalın çəkisinin 60%-dək qum dənələri saxlayan kalsit (fontenblov qum-daşları), araqonit, gips, barit, selestin və b. üzrə psevdo-morfozalar.
Mənşəyi və yayılması
redaktəPoligen mineraldır. Kalsitin çox böyük kütlələri ekzogen şəraitlərdə biogen- və xemogen-çökmə yolla əmələ gəlir. Çökmə mənşəli kalsit əhəngdaşlarının, təbaşirin, mergellərin, əhəngli qumdaşlarının və başqa süxurların əsas tərkib hissəsidir. Mineralın biokimyəvi əmələgəlmələri balıqqulaqlı, mərcan əhəngdaşlarını və rifləri təşkil edir. İçərisində çox kiçik foraminifer qabıqları olan asan ovulan əhəngdaşları (təbaşir) bir çox rayonlarda qalın qatlar əmələ gətirir. Əhəngdaşları metamorfik proseslər zamanı yenidən kristallaşaraq sıx metamorfik süxura – mərmərə çevrilir. Metamorfik kalsit kalsifirlərin əsas minerallarındandır. Maqmatik kalsitin əhəmiyyətli kütlələri başqa karbonatlarla birlikdə karbonatitlərdə qeyd olunur. Turş püskürmə süxurlarda və bəzi peqmatitlərdə rast gəlir. Tez-tez az miqdarda effuziv süxurların boşluqlarında qeyd edilir. İsti mineral bulaqların çöküntülərində müşahidə edilir. Mineralın hidrotermal əmələgəlmələri sulfid və arsenidlərlə birlikdə orta- və aşağıtemperaturlu filiz yataqlarında damarlar əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: barit, araqonit, gips, dolomit, seolitlər, flüorit, nasturan, sulfidlər və b. Mineralın tapıldığı yerlər: çoxsaylıdır: Nyu-Meksiko ştatı (ABŞ); Akureyri (İslandiya); Şərqi Sibir, Ural, Kareliya (Rusiya); Qara-Dağ (Krım); Zakarpatye (Ukrayna); Fontenblo (Fransa); Karrara (İtaliya); Yunanıstan; Gürcüstan və b. Azərbaycanda geniş yayılmışdır: Böyük və Kiçik Qafqazda və Abşeron yarımadasında çoxsaylı əhəngdaşı yataqları vardır; İslandiya şpatının bir sıra yataq və təzahürləri Kiçik Qafqazın Lök-Qarabağ struktur-formasiya zonasında(Mirikənd-Arçınprak, Sakur, Ningin, Ağkənd, Aranzəmin, Qurot və b.) və Dağlıq Talışda (Lerik rayonu) yerləşir; Kiçik Qafqazda həmçinin Çobandağ, Erkeç, Martuni təbaşir yataqları vardır; kalsit Şimali Qarabağın badamdaş effuzivlərində və kürəvari lavalarında qeyd edilir. Bir çox dəmir filizi, kolçedan, polimetal, qızıl filizi, civə yataqlarında (Daşkəsən, Gədəbəy, Bittubulaq, Çıraqdərə, Toğanalı, Filizçay, Katsdağ, Katex, Vejnəli, Dağkəsəmən və b.) qeyd edilmişdir.
Tətbiqi
redaktəİslandiya şpatı optik cihazqayırmada (mikroskoplar üçün nikolların və s. hazırlanması), atlas şpat və «mərmər oniksi» zərgərlikdə istifadə edilir. Əhəngdaşı və mərmərlər tikintidə, portland-sement istehsalında, əhəngdaşları isə həmçinin kimya və poliqrafiya sənayesində, mərmərlər – heykəltəraşlıqda, elektrotexnikada, təbaşir–lak-boya, parfyu-meriya, rezin sənayesində və s. geniş tətbiq olunur.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.