Kemari - Wikipedia
Kemari (蹴鞠?, hərf. zərbə topu) və ya bəzən şukiku[1] – Heyan (794–1185) və Kamakura dövrlərində (1185–1333) Yaponiyada populyar olmuş, ayaqla oynanılan top oyunu. Yaponiyanın ənənəvi futbol oyunudur. İmperator və saray əyanları tərəfindən oynanılırdı. Kemari oyunu 8 oyunçunun iştirakı ilə baş tuturdu və əsas məqsəd topu mümkün qədər çox zərbə ilə havada saxlamaq idi. Oyun hər küncündə bir ağacın yerləşdiyi dördbucaqlı meydançada oynanırdı, oyunda qalib və ya məğlub olmurdu.
Kemari oyunu XV əsrə qədər sadəcə saray əyanları və şoqunlar tərəfindən oynanılan oyun olmuşdur. 1467-ci ildə baş verən Onin müharibəsindən sonra oyun Kiotodan digər yerlərə yayılmış, şəhər sakinləri və kəndlilər tərəfindən də oynanmışdır. İmperator Meyci kemari oynamağı sevirdi.[2] Müasir dövrdə mövsümi tədbirlər zamanı şinto məbədlərində oynanılır.
Tarixi
redaktəYaponların dəqiq nə vaxt kemari oynamağa başladıqları bilinmir. Oyun haqqında ilk qeyd 644-cü ilə aiddir. Oyununun Çindən gəldiyi güman olunur. Lakin Çində oynanılan kemaridən fərqli olaraq oyunun yapon versiyası fərqlidir və fərqli topdan istifadə olunur. Bəzi araşdırmaçılar kemarinin Çinlə əlaqəsinin olmadığını iddia edirlər.[3] Kemari XII əsrdə Yaponiya imperatorları və yüksəkrütbəli saray əyanları tərəfindən oynanılan populyar oyuna çevrilmişdir. XIII əsrin sonunda oyunun qaydaları standartlaşdırılmış və müxtəlif traktatlarla qeydə alınmışdır. İlk dövrlərdə oyunun inkişafına sadəcə saray əyanları deyil, aşağı statuslu şəxslər də töhfələr vermişdirlər. Lakin zadəganlar öz inanclarını və institutlarını oyuna tətbiq etmişdir. Onlar tərəfindən yaradılmış oyunun kuqemari (əyanların topu) versiyası kemarinin standart versiyasına çevrilmiş və bütün Yaponiyaya yayılmışdır.[4]
Kamo no Narihira kemari oyununun ilk məşhur usta oyunçusu hesab olunur. Atası ilə məşq edərək oyunda ustalaşan Narihiro oyunu "kemarinin müqəddəsi" hesab olunan Fucivara no Norimiçiyə öyrətmişdir. Norimiçi oyunu o qədər sevmişdir ki, 7000 gününü kemari məşqinə sərf etdiyi deyilir. Norimiçi oyunu iki əsas kemari məktəbi olan Namba və Asukay məktəblərinin qurucusu olmuş Fucivara no Yorisukeyə öyrətmiş, kemari haqqında ilk traktat olan "Sancu kanco şiki"yi yazmışdır. Kemari oynayan ilk imperator Qoşirakava (1127–1192) olmuşdur.[5] Onun kemari müəllimi Fucivara no Yorisuke oyun haqqında "Kemari Kodenşu" traktatını yazmış, oyunda istifadə olunan texnikaları və ənənələri göstərmişdir. İmperator Qotoba (1180–1239) kemarinin böyük fanatı olmuşdur. O, 1214-cü ilin aylarının birində 16 gün kemari oynamışdır. Qotobanın 1208-ci ildə iştirak etdiyi bir oyunun ilk raundunda 980 zərbə, ikinci raundunda 2000 zərbə qeydə alınmışdır. Qotoba oyundan o qədər zövq almışdı ki, oyunda istifadə olunan topa bir saray rütbəsi vermişdir. Qotobanın özünə "kemarinin patriarxı" rəsmi titulu verilmişdir.[6] Kemari sadəcə imperator sarayında deyil, Kamakura şoqunluğunda da populyar olmuşdur. Kamakura şoqununun böyük oğlu Minamoto no Yoriie (1182–1204) kemari oyunçusu kimi tanınmışdır. Onun komandası 1201-ci ildə 950 zərbəyə çatmışdır.[7]
Namba, Asukay, Kamo və Mikohidari klanları kemari oyunu ilə məşğul olan əsas klanlar olmuşdurlar. Mikohidari klanı XIII əsrin ortalarından etibarən Kiotoda kemari üzrə üstün olmuşdur. Namba və Asukay klanları isə Kamakurada kemari üzərində təsir üçün rəqabət aparmışdırlar.[7] 1467–1477-ci illərdə baş verən Onin müharibəsindən sonra kemari oyunu paytaxtdan digər yerlərə yayılmağa başlamışdır. Bu dövrdən etibarən kemari sadəcə saray əyanları tərəfindən yox, şəhər tacirləri, mülkədarlar, rahiblər tərəfindən oyuna çevrilmişdir. Kamo ailəsinə kemari oyununu aşağı rütbəli adamlara öyrətməyə icazə verilsə də, müəyyən məhdudiyyətlər tətbiq olunurdu və bu məhdudiyyətləri pozanlar sürgünə göndərilirdi. Buna baxmayaraq, oyun şəhər sakinləri və kəndlilər arasında yayılmışdır.[8]
Təchizat və meydança
redaktəKemari 6–7 metr ölçülərində olan kvadratşəkilli və açıq havada yerləşən kakari adı meydançada oynanılırdı.[1][4] Meydançanın hər bir küncündə bir ağac yerləşirdi. Maral dərisindən hazırlanan mari adlı topun içi boşdur.[1] Top 20 santimetr dimetrində, 100–120 qram ağırlığındadır. Toplar ağ və tünd sarı rəngdədir. Bu səbəbdən toplar günəş və Ayı, eləcə də, in və yanı təmsil edirdi.[4]
Kemari oyunu üçün lazım olan digər təchizatlara dəyənəklər (ağacın budaqlarına ilişən topu düşürmək üçün), torlar (topun yaxınlıqdakı tikililərin damına düşməsinin qarşısını almaq üçün) və pərdələr (günəş şüalarının qarşısını almaq üçün) aiddir. Oyunçular kariqinu (ovçu geyimi) geyinirdilər, XIII əsrdən etibarən hündür qara papaq taxmağa başlamışdırlar. Oyunçuların kəmərinə onun saray rütbəsini bildirən yelpik taxılırdı.[9]
Ağaclar kemari oyununda vacib yer tuturdu. X əsrdə kemarini təbii bitən ağacların yerləşdiyi yerdə oynamağa üstünlük verilsə də, XI əsrdə kemari üçün ağac əkməyə başlamışdırlar. Dörd növ ağacdan istifadə olunurdu: sakura, söyüd, ağcaqayın və şam. Yüksəkrütbəli əyanların sarayda keçirilən kemari oyunlarında şam ağaclarından istifadə olunurdu. Adi oyunlarda gavalı ağacı digər ağaclardan birini əvəz edə bilərdi. Hər bir ağac sarayın bir istiqamətini bildirirdi: şimal-şərq, cənub-şərq, şimal-qərb və cənub-qərb.[9] Ağaclar ilin 4 fəslini təmsil edirdi.[10]
Qaydalar
redaktəOyunun gedişi
redaktəKemari oyunu 8 nəfər oynanılırdı. Hər bir küncdə bir oyunçu dayanırdı. Ən yüksəkrütbəli oyunçu şam ağacına ən yaxın dayanan olurdu. Oyunda ilk zərbəni həmin oyunçu vururdu və ilk ötürməni növbəti ən yüksəkrütbəli oyunçuya ötürməli idi. Oyun başladıqdan sonra oyunçular meydanda sərbəst hərəkət edə bilərdilər, lakin oyun dayananda öz mövqelərinə qayıtmalı idilər. Oyunçu sağ ayağı ilə bir neçə dəfə topa vurduqdan sonra digər oyunçuya ötürmə verməli idi. Oyunda məqsəd mümkün qədər çox zərbə ilə topu havada saxlamaq idi.[11]
Kemari ilin hər mövsümündə oynanılan oyun olsa da, ən uyğun mövsüm bahar hesab olunurdu. Oyun günorta başlayırdı və axşama qədər davam edirdi. İmperatorun iştirak etdiyi oyunlarda əlavə prosedurlər tətbiq olunurdu.[12] Oyun günü 3 mərhələdən ibarət olurdu. Birinci mərhələ isinmə (conodan) mərhələsi idi. Oyunçular topla məşq edərək ağaclara zərbə endirir və topun necə düşdüyünü müşahidə edirdilər. İkinci mərhələdə (hanodan) oyunçular fərdi bacarıqlarını, axşam yaxınlaşanda başlayan axırıncı mərhələdə (kyunodan) isə ağaclardan uzaqlaşıb komanda ilə bacarıqlarını nümayiş etdirirdilər. Qaranlıq tam düşəndə torimari gerçəkləşdirilirdi: ən yaxşı oyunçu topun ona ötürülməsini istəyir, topa bir zərbə endirir, topu kimonosunun qolu ilə tutaraq oyununu başa çatdırırdı.[13]
Zərbə və texnikalar
redaktəZərbələrin sayıldığı kemari oyunu kazumari (rəqəm topu) adlanırdı və bir məmur oyunun hesabını saymaqla vəzifələndirilirdi. O, 50-ci zərbəyə qədər səssizcə sayırdı, ondan sonrakı hər 10-cu zərbəni anons edirdi. Bəzən oyunçu topa xüsusi bacarıqla zərbə vurdukda ona bonus verirdi: "71, 72, 73" sayarkən gözəl zərbə gördükdə birbaşa "80!" qışqırırdı. Oyun qabaqcadan müəyyən edilmiş zərbə sayına çatdıqda bitə bilərdi. Bu say 120, 300, 360, 700 və 1000 ola bilərdi. Bu ədədlər astroloji səbəblərdən seçilmişdi. Kemari oyununda qalib və ya məğlub olmurdu, lakin yarışlar təşkil oluna bilərdi. Hər biri 8 oyunçudan ibarət olan iki komanda bir neçə oyun oynayırdı. Tək bir oyunda ən çox xal qazanan komanda qalib hesab olunurdu. Bu cür müsabiqələr şobumari (müsabiqə topu) adlanırdı.[11]
Oyunçunun ötürmə verməzdən öncə vura bildiyi zərbələrin sayı dəqiq müəyyənləşdirilməsə də, üç ötürmə ən uyğun say hesab olunurdu: Bir zərbə topu qəbul etmək, bir zərbə topu yuxarı qaldırmaq (adətən oyunçunun başından hündürə) və bir zərbə topu digər oyunçuya ötürmək üçün. Birinci və üçüncü zərbələr zəif, alçaq və asan zərbələr olduğu üçün meaşi (qadın zərbəsi), ikinci zərbə sürətli, hündür və bacarıq tələb etdiyi üçün voaşi (kişi zərbəsi) adlanırdı. Oyunçular oyunu daha yaxşı oynamaq üçün aralarında koordinasiya olurdular və nidalardan istifadə edirdilər. Oyunçu başqasından ötürmə istəyəndə "Ooh!", topu göyə qaldıranda "Ari!" və topu ötürəndə "Ya!" qışqırırdı. Oyunu yaxşı oynamaq üçün oyunçudan üç əsas bacarıq tələb olunurdu: düzgün duruş, cəldlik və strategiya. Oyunda üç əsas texnika mövcud idi: çətin məsafədən topa çatmaq nobiaşi adlanırdı. Topu belinlə mərkəzə ötürmək yaxşı qəbul edilmədiyi üçün oyunçu çətin topu çiyni ilə qəbul etməli və cəld özünü mərkəzə çevirib ötürmə verməli idi. Bu texnika kaeriaşi adlanırdı. Minisomari möhkəm zərbəni bədənlə qəbul edib ayağınla kontrol texnikası idi.[12]
İstinadlar
redaktə- ↑ 1 2 3 Japan. An Illustrated Encyclopedia. səh. 770
- ↑ Keene, Donald. Emperor of Japan: Meiji and His World, 1852-1912. Columbia University Press. 2002. səh. 489. ISBN 9780231123402. İstifadə tarixi: 4 noyabr 2024.
- ↑ Guttmann, Thompson. səh. 26
- ↑ 1 2 3 Guttmann, Thompson. səh. 27
- ↑ Guttmann, Thompson. səh. 32
- ↑ Guttmann, Thompson. səh. 33
- ↑ 1 2 Guttmann, Thompson. səh. 34
- ↑ Guttmann, Thompson. səh. 35
- ↑ 1 2 Guttmann, Thompson. səh. 28
- ↑ Powers, Richard Gid; Stronach, Bruce. Handbook of Japanese Popular Culture (ingiliscə). Bloomsbury Academic. 1989. səh. 170. ISBN 9780313239229. İstifadə tarixi: 4 noyabr 2024.
- ↑ 1 2 Guttmann, Thompson. səh. 29
- ↑ 1 2 Guttmann, Thompson. səh. 30
- ↑ Guttmann, Thompson. səh. 31
Ədəbiyyat
redaktə- Guttmann, Allen; Thompson, Lee. Japanese Sports: A History (ingiliscə). ABŞ: University of Hawai‘i Press. 2001. ISBN 9780824824648. İstifadə tarixi: 4 noyabr 2024.
- Japan. An Illustrated Encyclopedia (ingiliscə). I cild (A–L). Tokio: Kodansha. 1993. ISBN 4-06-2064-89-8. İstifadə tarixi: 4 noyabr 2024.