Mehemmed Aga Sahtaxtinski - Wikipedia
Məhəmməd ağa Şahtaxtinski və ya Məhəmməd ağa Şahtaxtlı (az.-əski. محمد آغا شاه تختینسقی; 1846[1], Şahtaxtı, Naxçıvan qəzası, Gürcüstan-İmeretiya quberniyası, Rusiya imperiyası[1] – 12 dekabr 1931[1], Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ[1]) — Azərbaycan publisisti, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim. Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq Asiya Cəmiyyəti (1900) və Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü, Bakı Dövlət Universitetinin professoru (1920).[2][3]
Məhəmməd ağa Şahtaxtinski | |
---|---|
az.-əski. محمد آغا شاه تختینسقی | |
Doğum tarixi | 1846[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 dekabr 1931[1] |
Vəfat yeri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəhəmməd ağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtlı (Şahtaxtinski) 1846-cı ildə Şahtaxtı kəndində anadan olmuşdur.[2][4][5] Lüsyen Buvanın "Məhəmməd ağa Şahtaxtinski" məqaləsində[6], "XX əsrin ensiklopediyası"nda[7] göstərilir ki, M.Şahtaxtlı 1848-ci ildə İrəvanda, "Dövlət Dumasının üzvləri. 2-ci çağırış"[8] soraq kitabında 1851-ci ildə anadan olduğu qeyd edilir. Fransız mənbələrində ədibin anadan olduğu yerin adı səhv olaraq Şahtaxtı kəndinin yerləşdiyi quberniyanın (Şahtaxtı kəndi 1849-cu ildə yaradılmış İrəvan quberniyasının tərkibində olmuşdur) adı ilə əvəzlənmişdir. Anadan olduğu tarix də düzgün göstərilməmişdir. Naxçıvan qəzası polis idarəsinin M.Şahtaxtinski barəsində hazırladığı sənəddə ədibin anadan olma tarixi 1846-cı il göstərilir.[9]
Araz sahilində yerləşən Şahtaxtı kəndi özünün adlı-sanlı adamları ilə tanınmışdır. Bu kənd İsa Sultan, Əbülfət ağa, Həmid bəy, Heydər bəy, Sadıq ağa, Behbud ağa, Baxşəli bəy Şaxtaxtinskilər kimi siyasi, hərbi və maarif xadimlərinin Vətəni olmuşdur.[10] Məhəmməd ağanın ata babası Ağagir ağa Qacarlar hakimiyyəti vaxtında bəylik rütbəsi qazanmış varlı əyanlardan biri idi. Ədibin atası Məhəmmədtağı Şahtaxtlı isə bu nəsil arasında ilk dəfə olaraq sultan rütbəsi və "Şahtaxtinski" titul hüququ qazanmışdır. Sonradan bu fəxri bir ad kimi irsən ailə üzvlərinə də keçmişdir.[11]
İlk təhsilini o zaman Naxçıvanda məşhur ruhani ziyalılarından Hacı Mirzə Məhəmmədəlinin yanında almış, fars, ərəb dillərini, hüsnxətt öyrənmiş, xəttatlıq ilə məşğul olmuş, sonra isə təhsilini Naxçıvandakı yeganə rus-tatar məktəbində davam etdirmişdir.[11][12] 1860-cı ildə məktəbi bitirərək 14 yaşında ikən Tiflis klassik gimnaziyasında təhsilini davam etdirib. Kiçik yaşlarından Şərq dillərini mənimsəməsi, çalışqanlığı və dərin hafizəsi ilə gimnaziya tələbələri arasında seçilən M.Şahtaxtlı təhsilini müvəffəqiyyətlə bitirib Peterburqa yollanır. Məhəmməd ağa burada Şərq dillərini kamil mənimsəməklə bərabər Avropa dillərini, xüsusən, alman dilini öyrənir. Leypsiqə gedən bir dəstə rus ziyalısına qoşularaq Almaniyaya gedir. Leypsiq Universitetinə müvaffəqiyyətlə imtahan vermiş və 1871-ci ildə fəlsəfə, tarix və ədəbiyyat fakültəsinə daxil olmuşdur. Burada Məhəmməd ağa Şahtaxtlıya V.Drobin, K.V.H.Masius, H.L.Fleyşer, V.Hanke, F.Qsarnke, O.F.Pespel kimi o zaman Almaniyanın hüdudlarından uzaqlarda belə böyük şöhrət qazanmış alimlər dərs deyirdi.[13] Lüsyen Buvanın "Revue du monde musulman" jurnalında yazdığına görə[6]:
1872-ci ildən Leypsiqdə tələbə yoldaşı cənab Martin Hartmanla Fleyşerin mühazirələrini dinləyir. Oradan Berlinə, sonra Parisə gedir. Burada bizim Şərq Dilləri Məktəbində mühazirələr dinləyir və dilimizi hərtərəfli öyrənir. |
1873–1875-ci illərdə Parisdə yaşadıqdan sonra Tiflisə qayıdıb. 1879-cu ildə "Təkmilləşdirilmiş müsəlman əlifbası" layihəsini hazırlayıb nəşr etdirib[14].
M.Şahtaxtlı 1894-cü ildə Azərbaycan dilində nəşr etmək istədiyi qəzet və yaratmaq istədiyi mətbəənin avadanlıqlarını almaq üçün Naxçıvana gəlir və ata mülkünün bir hissəsini 18 min manata satır.
1899–1902-ci illlərdə Fransanın Sorbon Universitetində Ali Təcrübi Təhsil məktəbində təhsil alır. Bu dövrdə Tiflisə qayıdan görkəmli ictimai-siyasi xadim, publisist şəxsi mətbəəsini qurur, 1903–1905-ci illərdə orada "Şərqi-rus" qəzetini nəşr etdirir.[15] 1906-cı ildə isə həmin mətbəəni Cəlil Məmmədquluzadəyə bağışlayır.
1907-ci ildə İrəvan quberniyasından Dövlət Dumasına millət vəkili seçilir.
1909–1912-ci illərdə Rusiya İmperiyasının Türkiyədəki səfirliyində tərcüməçi-jurnalist olan M.Şahtaxtlı sonrakı dövrdə Bakı Dövlət Universitetində şərqşünas kimi çalışır. Bu sahədəki fəaliyyətinə görə universitetin Elmi Şurası tərəfindən ona Professor elmi adı verilir. O, BDU-nun ilk azərbaycanlı professoru idi. M.Şahtaxtlı 12 dekabr 1931-ci ildə Bakı şəhərində vəfat edib.
Fəaliyyəti
redaktəPublisistikası
redaktəMəhəmməd Şahtaxtlı dövrünün tanınan ictimai xadimi, filosofu olmaqla yanaşı, istedadlı jurnalist kimi tanınırdı. Onun publisistik yaradıcılığı XIX əsrin sonu, XX əsrin əvvəllərində baş verən ictimai-siyasi prosesləri, zəmanənin bütün ağrılı məsələlərini özündə ehtiva edir. O, jurnalistlik fəaliyyətinə "Moskovskyevedomosti" qəzetində başlayıb. Ümumiyyətlə, Məhəmməd Şahtaxtlının dünyagörüşü şərq və qərb arasında yaşanan, mədəni texniki-inqilabi ziddiyyətlər fonunda formalaşmışdı. Onun formalaşdığı mühitdən bəhs edərkən islam dini ilə bağlı məsələləri də yaddan çıxarmaq olmaz, ən azından ona görə ki, Şahtaxtlı islam tarixini, fəlsəfəsini çox gözəl bilirdi. Azərbaycan sovet dönəminin mətbu araşdırıcıları M.Şahtaxtlının dünyagörüşündəki ziddiyyətli məqamları onun islam dininə bağlılığı ilə əlaqələndirirdilər. M.Şahtaxtlı islamı tək dini inanc kimi deyil, sosial-psixoloji yaşantı və fəlsəfi dünyagörüş kimi dəyərləndirirdi.[16]
M.Şahtaxtlının sosial məzmunlu əsərləri içərisində görkəmli İran maarifçisi, publisist və dövlət xadimi Mirzə Mülküm xana (1833–1908) həsr olunmuş beş məqaləsini xüsusilə fərqləndirmək lazımdır. Bu silsilə yazılarda maraqlı taleyi olan, zəmanəsinin qabaqcıl adamlarından biri kimi tanınan, ziyalı və vətəndaş mövqeyi ilə seçilən, M.F.Axundovla uzun illər dostluq əlaqələri saxlayan diplomat Mirzə Melkum xanın müfəssəl tercümeyi-halı verilmişdi. Mirzə Melkum xan XIX əsrin sonları, XX əsrin əvvəllərində İran həyatının yeniləşməsi, avropalaşması uğrunda mübarizə aparan görkəmli maarifçi və dövlət xadimi idi. İran cəmiyyətinin həyatında mütərəqqi dəyişikliklərə nail olmaq Mirzə Mülküm xanın ən böyük arzularından biri idi. İnkişaf etmiş ölkələrin köməyi olmadan bu cür inkişafa heç cürə nail olmağın mümkünsüzlüyünü o, öz əsərlərində yazır və İran gənclərinin kütləvi surətdə xarici ölkələrdə ali təhsil almağa göndərmək ideyasını irəli sürürdü. M.Şahtaxtlı Mirzə Mülküm xanı "ziyalı fars" adlandıraraq, onun tərəqqi və mədəniyyət uğrunda mübarizəsinə dəstək verirdi.[17]
M.Şahtaxtlı uzun müddət islamın təriqət, məzhəb ayrılığına qarşı çıxış edərək, ilkin islam ideyasının tərəfdarı olaraq qalmışdı. O, islamın saflığı, tərəqqisi uğrunda böyük bir hərəkatın başında dayanan Şeyx Cəmaləddin Əfqaniyə, onun dünyagörüşünə, fəaliyyətinə ayrıca bir məqalə həsr etmişdi. Azərbaycanlı publisist Şeyx Cəmaləddin Əfqaninin dünyagörüşünü, əqli qabiliyyətini, fəaliyyətini yüksək qiymətləndirir, onun fəlsəfə və tarix sahəsində hətta E.Renan kimi tanınmış Avropa alimlərini heyrətə gətirdiyini yazırdı. Renanın Əfqani haqqındakı fikirləri də Şahtaxtlının məqaləsində sitat kimi istifadə olunmuşdu:[18]
Bu adamla (Cəmaləddin nəzərdə tutulur) söhbət edərkən mən düşündüm ki, əsərlərini uzun müddət böyük bir məhəbbətlə öyrəndiyim Fərabi, İbn Sina kimi filosoflar yenidən həyata qayıdıblar. Cəmaləddini görəndə mən müsəlman Şərqində fəlsəfi əqlin intibahına bir daha inanıram. |
Qeyd etmək lazımdır ki, həmin dövrdə Cəmaləddin Əfqaninin yaşadığı Əfqanıstan islamın öz ilkinliyini, "saflığını" qoruyub saxladığı, heç bir islahata uğramadığı azsaylı ölkələrdən idi. Əfqaninin islamı modernləşdirmək istəkləri, bu yöndəki fəaliyyəti M.Şahtaxtlı tərəfindən yüksək qiymətləndirilsə də, ancaq Azərbaycanlı publisist panislamizmi qəbul etmir, tənqid edirdi. M.Şahtaxtlının maarifçilik ideyaları içərisində xalqın mədəniyyətinin təməl daşı olan əlifba, təkmilləşdirilmiş milli yazı sistemi uğrundakı mübarizəsi xüsusi yer tutur. Düzdür, onun bu ideyası dövrün bəzi ziyalıları, xüsusən İsmayıl bəy Qaspralı, Ömər Faiq Nemanzadənin tənqidlərinə tuş gəlirdi. M.Şahtaxtlı Türkiyənin ictimai-siyasi həyatına daha yaxından bələd olduğu üçün bir neçə əsərini də bu ölkənin həyatına həsr etmişdir. Onun 1901-ci ildə Fransada çap etdirdiyi "Türkiyəni necə xilas etməli" fəlsəfi traktatı yalnız öz dövrü üçün deyil, bu gün və sabah üçün də dəyər kəsb edir. Osmanlı imperatorluğunun tənəzzülü və yeni Türkiyənin yaradılması ideyası bu əsərin ana xəttidir. Müəllif Osmanlı İmperatorluğunun tənəzzül səbəbinin köklərini Sultan Süleymanın məmləkətin müxtəlif yerləri[19] ndə yaşayan, öz əyalətini mülki və hərbi qüvvələrini tam əldə saxlayan bütün şahzadələri saraya yığmasında və beləliklə onların idarəçilik təcrübəsinin məhv edilməsində görür. Gələcək hökmdar, şahzadə əyaləti tərk edir, sarayda yaşamaqla məmləkətin işlərindən xəbərsiz olur və tamamilə idarəçilikdən uzaqlaşır. Müəllif böyük təəssüf hissiylə yazırdı:
Budur, üç əsrdir ki, heç bir sultan, heç bir imperiya şahzadəsi dəniz limanlarına, hətta Türkiyənin ən əhəmiyyətli limanlarına belə baş çəkməmişlər. Aydındır ki, donanmanın rəhbərliyindən, danışmağa belə dəyməz. Heç bir sultan nə ciddi bir milli, siyasi, dini, hərbi və ictimai qüvvəyə, nə də lazımi bilik və təcrübəyə malik deyildir. |
İmperatorluğun həmin dövr üçün ağır vəziyyəti yalnız bunlarla bitmir. Ən dəhşətlisi odur ki, hakimiyyət sahibi olan Sultan Əbdülhəmid məmləkətin bütün tarixi şəxsiyyətlərini, düşünən beyinlərini məhv edirdi. M.Şahtaxtlı bu fəlsəfi traktatda Türkiyəni xilas etməyin yolları və üsullarını da göstərir. Beləliklə o, Türkiyə modelini düşüncəsinə uyğun şəkildə qurur və yazırdı:[20]
Əgər Türkiyə öz mövcudluğunu qoruyub-saxlamaq istəyirsə, o elə bir hökumət təşkil etməlidir ki, həmin hökumət nəinki namuslu olub milli marağın qayğısına qalmalıdır, həm də savadlı olmalı, ölkədə ictimai-siyasi inkişafı təmin etmək üçün böyük enerjiyə sahib olmalıdır. Bunlarsız milli istiqlaliyyəti qoruyub saxlamaq qeyri-mümkündür.Bu, Türkiyənin Avropalaşmasıdır. Müəllif həmin prinsipin qaçılmazlığını, labüdlüyünü şərh edərək yazırdı: "Həqiqətən, milli istiqlaliyyətin yükü bizim dövrümüzdə elə ağırlaşıb ki, onu Avropa mədəniyyətinin köməyi olmadan daşımaq mümkün deyil. |
M.Şahtaxtlı M.F.Axundovdan başlayan maarifçilik hərəkatının davamçısı olaraq milli düşüncə, yeni məktəb, yeni əlifba və mətbuatın yaradılmasında əzmlə çalışırdı. Şübhəsiz, M.Şahtaxtlı bütün bunları Zaqafqaziya müsəlmanlarının necə
adlandırılmasından başlayırdı və milli düşüncəyə yeni əhvali-ruhiyyə gətirirdi. O, bu xüsusda "Kaspi" qəzetinin 1891-ci il 93-cü sayında yazırdı: "Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışlar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı". M.Şahtaxtlının "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?" məqaləsini azərbaycanşünaslığın ilk bünövrələrindən hesab etmək olar.
Əsərləri
redaktə- Təkmillənmiş müsəlman əlifbası (rus. Усовершенствованная мусульманская азбука). Tiflis: Tomsonun litoqrafiyası, 1879;
- Türkiyəni necə xilas etməli? (fr. Comment sauver la Turquie ?). Paris: impr. de J. Gainche, 1901;
- Sövti Şərq yazısı. Xırda Azərbaycan əlifbası (rus. Фонетическое восточное письмо. Маленькая азербайджанская азбука (объяснение по-русски) və rus. Фонетическое восточное письмо. Маленькая азербайджанская азбука (объяснение по-тюркски)). Tiflis, 1902;
- Sövti Şərq əlifbası (az.-əski. صوتی شرق الفباسی; rus. Фонетическая восточная азбука). Tiflis, 1902;
- Xətti-Məhəmməd ağa (az.-əski. خط محمد آغا). Tiflis: E.Xeladze mətbəəsi, 1903;
- Fonetik əlifba üçün izahedici qeyd (rus. Пояснительная записка о фонетической азбуке). Tiflis: Gürcü şirkətinin mətbəəsi, 1903.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы, 1976. C. 10. S. 481.
- ↑ 1 2 ШАҺТАХТЛЫ Мәһәммәд аға // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 481.
- ↑ "Məhəmməd ağa Şahtaxtinski". Naxçıvanın Görkəmli Şəxsiyyətləri. Archived from the original on 2023-04-08. İstifadə tarixi: 2023-08-08.
- ↑ Novruzov, 1967. səh. 60–61
- ↑ Novruzov, 1988. səh. 17
- ↑ 1 2 Lucien Bouvant. "Mohammed Aga Schahtakhtinsky". Revue du monde musulman (fransız). II. 1907: 583–584. 2023-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-14.
- ↑ Larousse du XXe siècle (fransız). Tome II. Paris: Éditions Larousse. 1926. səh. 103.
- ↑ Члены Государственной думы (портреты и биографии). Второй созыв (rus) (2-е изд.). Москва: Типография Т-ва И. Д. Сытина. 1907. səh. 478. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-20.
- ↑ Əliyev, 1999. səh. 60
- ↑ Əliyev, 1999. səh. 60–61
- ↑ 1 2 Novruzov, 1988. səh. 18
- ↑ Əliyev, 1999. səh. 61
- ↑ Əliyev, 1999. səh. 61–62
- ↑ Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 93. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-13.
- ↑ Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 279.
- ↑ Zeynalzadə Ağarəfi. Azərbaycan mətbuatı və çar senzurası. (1850–1905). Bakı,."Elm", 2006.
- ↑ Talıbzadə Kamal. Ədəbi irs və varislər. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı. 1974.
- ↑ Hüseynov Şirməmməd. Mətbu irsimizdən səhifələr. Bakı. "Çənlibel", 2007.
- ↑ Məmməd Məmmədov. İdeal qardaşları. Bakı, "Azəməşr". 1967.
- ↑ Mirzəbala Məhəmmədzadə. Azərbaycan türk mətbuatı (Ərəb əlifbasından çevirmə, tərtib, ön soz, qeydlər və lüğət Alxan Bayramoğlunundur). Bakı Universiteti Nəşriyyatı, 2004.
Ədəbiyyat
redaktə- Şövqi Novruzov. "Şərqi Rus" qəzeti. Namizədlik dissertasiyası. Bakı, 1967.
- Şövqi Novruzov. Məhəmməd ağa Şahtaxtlı // Cəlil Məmmədquluzadənin naxçıvanlı müasirləri. Bakı: Azərnəşr. 1967.
- Кямаля Зейналова. Литературно-публицистическая деятельность М. Шахтинского в русской периодической печати : диссертация кандидата филологических наук. Баку, 1984.
- Şövqi Novruzov. "Şərqi Rus"un çağırışı. Bakı: Yazıçı. 1988.
- Кямаля Зейналова. Мухаммед Ага Шахтахтинский в русской периодической печати. Баку: Седа. 1995.
- Əsgər Əliyev. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan-Fransa ədəbi əlaqələri: (Məhəmməd ağa Şahtaxtinski yaradıcılığında). Namizədlik dissertasiyası. Naxçıvan, 1998.
- Əsgər Əliyev. Elmin Eyfel qülləsi. Bakı: Ağrıdağ. 1999.
- Məhəmməd ağa Şahtaxtlı: taleyi və sənəti (məqalələr). Bakı: Nurlan, 2008.
- İsa Həbibbəyli. Məhəmməd ağa Şahtaxtlı. Bakı: Elm və təhsil, 2011.
- Samirə Həsənova. Məhəmməd Ağa Şahtaxtlının dilçilik görüşləri. Filol. üzrə fəls. d-ru dissertasiyası. Naxçıvan, 2012.
- Təranə Abdullayeva. Azərbaycan ədəbi fikrində qərbçilik meylləri (XX əsrin əvvəlləri). Bakı: AVROPA, 2014.
- Təranə Abdullayeva. Məhəmməd ağa Şahtaxtlı və Yaxın Şərq. Bakı: AVROPA. 2016.
- Əbülfəz Quliyev. Məhəmməd Ağa Şahtaxtlının publisistikası. Bakı: Elm və təhsil. 2016.
- Əbülfəz Quliyev, Samirə Həsənova. Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir. Naxçıvan: Əcəmi, 2017.
- Fəridə Xudiyeva. Məhəmməd ağa Şahtaxtlının maarifçilik fəaliyyəti və pedaqoji ideyaları. Doktorluq dissertasiyası. Bakı, 2022.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Kəlbizadə E., Hacıyev İ. Naxçıvanlı diplomatlar. Naxçıvan:Əcəmi, 2017, 128 s.[ölü keçid]
- Yafəz Əkrəmoğlu. "«Yeni tarix»dən adı silinən şəxsiyyət - M. Şahtaxtinski" (az.). azadliq.org. 2011-04-11. İstifadə tarixi: 2014-10-20.