Meteor - Wikipedia
Axan ulduz və ya Meteor — Günəş sisteminin kiçik cisimlərindən biridir. Onlar kometlərin parçalanması nəticəsində yaranan, həmçinin Günəşə yaxınlaşarkən itələmə qüvvəsinin təsiri ilə kometləri tərk edən hissəciklərdir.
Yanan daş normalda daş alovu söndürür amma meteor nə qədər isdi ki daş belə yanır.
Meteorlar haqqında
redaktəPlanetlərin toz mühiti içərisində ən dinamik maddə növü meteor maddəsidir. Bunların ən kiçikləri (ᐸ0,5 mkm) işığın təzyiqi ilə Günəş sistemini tərk edirlər. Nisbətən böyük meteor maddəsi Robertson-Poyntinq effekti nəticəsində Günəş sistemində qalır. Bunların hər birinin kütləsi qramın onda biri qədər, hətta daha kiçik olur. Nadir halda bəzi meteor cisminin kütləsi qramlarla olur. Bu cisimlərin konsentrasiyası çox kiçikdir: yerətrafı fəzada 1 km3 həcmdə iki mikrometeor vardır. Yerə nisbətən sürətləri 10–15 km/san olan mikrometeorlar əksəriyyət təşkil edirlər. Belə kiçik sürətli meteor cisimləri yer atmosferinə daxil olanda orada adi toz şəklində qalırlar, ya da yerin səthində səthində tökülürlər. Bəzi meteor cisimlərinin sürəti (30–40) km/san olur və belələri yer atmosferinə daxil olanda əriyir, alışır və el arasında axan ulduzlar adlanan hadisəni yaradır. Beləliklə axan ulduz hadisəsinin səbəbi kiçik kosmik zərrəciklər selinin (30–40) km/san və daha böyük sürətlə yer atmosferinə daxil olması və atmosfer tərəfindən ciddi tormozlanması nəticəsində əriyərək alışmasıdır. Meteorların əksəriyyəti atmosferin (80–120) km hündürlüyündə alışır və (30–40) km hündürlükdə toz halında atmosferə qarışaraq sönür. Axan ulduzların spektral tədqiqatları göstərir ki, onların spektrləri əsasən ionlaşmış kalsiumun H və K, neytral dəmir, kalium, ionlaşmış alüminium, silisium və başqa elementlərin emisiya xətlərindən ibarətdir. Ümumiyyətlə, meteorların kimyəvi tərkibi kometlərin nüvəsinin və meteoritlərin kimyəvi tərkibindən prinsipcə fərqlənməməlidir. Lakin meteor zərrəciklərin mexaniki quruluşu başqa olmalıdır. Onların Yer atmosferində tormozlanma sürətlərinin qiyməti bunu sübut edir: meteor zərrəciklər elə tormozlanır ki, sanki, onların sıxlığı metalın sıxlığından kiçikdir. Bu onu göstərir ki, meteor zərrəciklər çox kiçik zərrəciklərdən təşkil olunmuş və bu zərrəciklərin arası tez uçan mühitlə dolduğundan onlar çox məsaməlidir. Meteorların müşahidəsində fotoqrafiya və radiolikasiyadan geniş istifadə edilir. (3–10) m dalğalarda işləyən radiolokatorlar vasitəsilə meteor axandan sonra arxasında qalan ionlaşmış hava sütunundan əks olunan impuls qeydə alınır. Meteor axandan sonra parlaq iz qalır. Bu ionlaşmış hava sütununda molekulların həyəcanlanmasının nəticəsidir. Həmin parlaq iz bir neçə saniyədən bir neçə dəqiqəyədək yaşayır. Parlaq izin çox davam etməsi həm geosentrik sürətdən, həm də kütlədən asılıdır. Bəzən meteor seli iri kütləli komponentlərdən ibarət olur. Bunlar çox parlaq meteorlardır və bolid adlanırlar.[1]
Meteorların mənşəyi
redaktəMənşəcə bəzi kometlər parçalanaraq meteor selinə çevrilən kometlər vardır, məsələn Biela kometi. Bu komet yox olandan sonra orbiti həmin kometin orbiti üzərinə düşən meteor seli dönə-dönə müşahidə olunmuşdur. Buradan deyə bilərik ki, meteorlar kometlərin dağılması nəticəsində yaranır. Meteorların görünmə tezliyi və onların Günəş sistemi fəzasında paylanması həmişə müntəzəm olmur. Dalbadal bir neçə göyün eyni oblastında meteor selini müşahidə edərək onların izlərini əks tərəfə uzatsaq görərik ki, bu izlər göyün eyni nöqtəsində yığışır. Bu nöqtə meteor selinin radiantı adlanır. Hər il iyulun ortalarında avqustun ortalarınadək radiantı Persey bürcündə olan meteorlar seli müşahidə olunur. Bunlara bürcün adına uyğun olaraq Perseidlər deyilir.[1]
Meteoritlər
redaktəMeteoritlər elə nisbətən böyük kütləyə malik obyektlərdir ki, onlar Yerin cazibə sahəsinə daxil olarkən meteorlar kimi atmosferdə yanıb yox olmur və yerin səthinə düşürlər. İndiyədək yerdə 3000-ə qədər meteorit tapılıb. Güman etmək olar ki, ibtidai insanlar bu meteorit parçalarından metal alətlər düzəltmək üçün istifadə etmişlər.
Meteoritlərin kimyəvi tərkibi
redaktəMeteoritlər kimyəvi tərkiblərinə görə üç qrupa bölünür: daş (aerolit), dəmir-daş (sidepolit) və dəmir (siderit)
Aerolitin tərkibində 47% oksigen, 21% silisium, 16% dəmir, 14% maqnezium və 2% qarışıq vardır. Buradan görünür ki, daş meteoritin tərkibində O və Si elementlərinin nisbi miqdarı yer qabığındakına yaxındır, metal isə çoxdur.
Siderolitin tərkibində 55% dəmir, 19% oksigen, 12% maqnezium, 8% silisium, 5% nikel və 1% qarışıq vardır.
Siderit 91% dəmirdən, 8% nikeldən, 0,5% kobaltdan və qalan çox az hissə fosfor, kükürd və başqa qarışıqlardan ibarətdir.[1]
Meteorit növlərinin kimyəvi tərkibinin müqayisəsindən onlara verilən adların tərkiblərinə uyğun olduğu görünür. Qeyd edək ki kimyəvi elementlərinin faizlərini göstərən qiymətlər meteoritdən asılı olaraq öz yaxın ətrafında nisbətən aşağı və ya yuxarı ola bilər.
Meteoritlərin quruluşu və yaranma şəraiti
redaktəQuruluş və yaranma şəraitinə görə meteoritlər iki qrupa bölünürlər: differensasiya olunmuş meteoritlər və xondritlər.
Differensasiya olunmuş meteoritlər böyük cismin ( asteroidin) dağılmasından əmələ gəlir, xondiritlər isə kiçik hissəciklərin birləşməsindən yaranır.
Azərbaycan ərazisində Qazax rayonu ərazisinə, Ağcabədi rayonunun Hindarx bölməsinə və nəhayət , Yardımlı rayonu ərazisinə isə kütləsi 127 kq olan meteorit düşmüşdür.
Yardımlı meteoriti
redaktəAzərbaycan ərazisinə düşən məlum olan ən böyük meteoritdir, 1959-cu ildə Yardımlı rayonunda dağlıq əraziyə düşmüş, çəkisi 127 kq, əsas tərkib hissəsi dəmirdir.[2][3]
İstinadlar
redaktə
- ↑ 1 2 3 R.Ə.Hüseynov Astronomiya "Maarif", 1997
- ↑ "Arxivlənmiş surət". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-15.
- ↑ "Arxivlənmiş surət". 2008-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-15.