Quslar - Wikipedia
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir.
Quş | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Klad: Klad: Sinif: Quşlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Haqqında
redaktəQuşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə.
Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar. Bəzi quşlarda bir ədəd büzdüm vəzisi olur. Onlarda çənələr dimdiyə çevrilmiş və dişlər reduksiyaya uğramışdır. Ön ətrafları qanadlara çevrilmişdir. Borulu sümüklərin içərisi hava ilə dolmuş və yüngülləşmişdir. Quşlarda dişlər və sidik kisəsi yoxdur. Bu ixtisarlar uçmağı asanlaşdırmağa xidmət edir.
Təsnifatı
redaktə- Tilsizlər (Paleognathae) yarımsinfi
- Neognathae yarımsinfi
Təbiətdəki toxucular
redaktəToxucu quş əvvəlcə istifadə edəcəyi materialı toplayır. Ya yaşıl və təzə yarpaqlardan özünə incə uzun zolaqlar kəsir, ya da yarpaqların orta damarlarından istifadə edirlər. Xüsusilə təzə yarpaqları seçməsinin isə, əlbəttə, səbəbi var. Quru yarpaqları hörmək çox çətindir, ancaq təzə yarpaq liflərini hörmək çox asandır. Quş əvvəlcə haça budağa bir yarpaqdan qopardığı uzun lifin ucunu sarıyaraq işə başlayır. Bir ayağı ilə lifin ucunu budağın üstündə tutur, digər ucunu dimdiyi ilə hörür. Liflərin açılmasının qarşısını almaq üçün onları düyünləyib biri-birilərinə bağlayırlar. Əvvəlcə bir çənbər əmələ gətirirlər, bu, yuvanın girişidir. Daha sonra isə dimdiyindən məkik kimi istifadə edərək yarpaq liflərini digər liflərin üzərindən və altından sıra ilə keçirir. Toxuma prosesi əsnasında hər lifin nə qədər çəkilməsi lazım olduğunu da hesablayır. Çünki əgər toxuma boş olsa, yuva çökər. Bundan başqa, yuvanın son halını zehnində canlandırmalıdır ki, divarların nə vaxt qövsvari formaya salacağına və ya çölə doğru çıxıntı verəcəyinə qərar versin.
Girişi toxuduqdan sonra yuvanın divarlarını toxumağa başlayır. Bunun üçün başıaşağı dayanır və içəridən işləməyə davam edir. Dimdiyi ilə bir lifi digərinin altına soxur və sonra həssas şəkildə çöldə qalan ucunu tutur və tarım çəkir. Beləliklə, son dərəcə müntəzəm toxuma əmələ gətirir.
Göründüyü kimi, toxucu quş yuvasını qurarkən daima bir neçə mərhələ sonrasını hesablayaraq hərəkət edir. Əvvəlcə yuvası üçün ən uyğun materialı toplayır, yuvanı toxumağa təsadüfi yerdən başlamır. Əvvəlcə girişi toxuyur, oradan divarlara davam edir.
Quşlar haqqında maraqlı faktlar
redaktə- Ən qədim quş 150 milyon il bundan əvvəl yaşamış Arxeopteriks hesab edilir. Onun ölçüləri qarğanın ölçülərinə yaxın olmuşdur, lələkləri və qanadları olmuşdur.
- Bir toyuq yumurtasında 9 sarının olması indiyə qədər bircə dəfə müşahidə olunmuşdur.
- Dəvəquşunun yumurtasının tam bişməsi üçün onu 2 saat qaynatmaq lazımdır.
- Kral Albatross yumurtalarının ştrixlənməsi 79 gün çəkir.
- Dünyada ən kiçik yumurta Kolibri quşuna, ən böyük yumurta isə Dəvəquşuna məxsusdur.
- İndi nəsli kəsilmiş Madaqaskar fil quşu 27 funt (12,200 kilogram) ağırlığında yumurta qoyurmuş.
- Bir görüşə görə quş sürülərinin V şəklində uçmalarının məqsədi enerji qənaətidir. Bu uçuş şəkli ilə əvvəlcə ən öndəki quş, bir arxadakı quşa gələcək küləyi və hava müqavimətini maneələri az olar və daha az enerji sərf etməsini təmin edər. İkinci bir görüşə görə isə, quşların gözləri başlarının yanındadır, bu səbəbdən tam önlərini görə bilməzlər. Bu uçuş şəkli ilə sürünün fərdlərinin bir-birini görərək, itmədən bir yerdə qalması təmin edilər. Bu görüşə qarşı olanlar isə quşların gecələr də uçduqlarını, bu səbəblə öndəki quşu görmənin əhəmiyyətli olmadığını, onsuz da sürünü quşların qışqırışmalarının bir yerdə tutduğunu irəli sürürlər.
- Kolibrilər hər 10 dəqiqədə bir yeyirlər. Hər gün onlar şəxsi çəkisindən iki dəfə daha çox nektar yeyirlər. Kolibrilər geriyə uçmağı bacaran tək quş növüdür.
Xüsusiyyətləri
redaktəQuşların bədəni baş, boyun, gövdə və ətraflara bölünmüşdür. Başda buynuz maddəsindən təşkil olunmuş üst və alt dimdik vardır. Quşlarda boyun hissənin daha hərəkətli olması ona ətrafı yaxşı görməyə və bədəninin istənilən hissəsində lələklərini təmizləməsinə imkan verir. Arxa ətraflarında üzəri pulcuqlarla örtülü olan pəncə lüləsi və əksəriyyətində caynaqlara malik 4 barmaq vardır.
Lələklərlə örtülmüş dərisi quru və vəzisizdir. Yeganə vəzisi büzdüm sümüyü üzərində yerləşən büzdüm (piy) vəzisidir. Quş dimdiyi ilə bu vəzini sıxır və yağlı mayeni lələklərinə sürtür, nəticədə onlar yumşaq və sukeçirməyən olur.
Bədən xaricdən kontur (biçim)lələkləri ilə örtülmüşdür. Kontur lələklərinin 3 növü-çalma, sükan və örtük lələkləri olur.
Cücələr, dəvəquşular, ördəklər və qağayılar kimi Precocial quşları da yumurtadan çıxan kimi hərəkət edirlər. Onların yumurta sarısı bayquşlar, ağacdələnlər kimi böyük olur və bu da onların yumurtada tam böyüməsinə imkan verir. Digər oxuyan quşlarda isə yumurtadan çıxan balaların bir müddət qayğıya ehtiyacı olur.
İfrazat sistemi. İfrazat orqanı bir cüt böyrəkdir. Böyrəklərdən çıxan sidik axarları kloakaya açılır. Sidik kisəsi yoxdur.
Tənəffüs sistemi. Quşlar ağciyərlərlə tənəffüs edir. Uçma ilə əlaqədar quşlarda hava kisələri də meydana gəlmişdir. Hava kisələrinə dərinin altında, daxili orqanların arasında, borulu sümüklərin içərisində rast gəlmək mümkündür. Hava kisələri ağciyərlərlə əlaqəlidir. Quşlarda həm nəfəsalma, həm də nəfəsvermə zamanı ağciyərlərdə qazlar mübadiləsi baş verir ki, bu da ikiqat tənəffüs adlanır.
- Quşların hava kisəsi onun bədən həcminin 20% -ni təşkil edir.
- Quşlarda sidik kisəsi reduksiyaya uğramışdır. Bu da onların yüngül olmalarına kömək edir.
- Quşların bədən temperaturu insanın bədən temperaturundan 7–8 dərəcə çox olur. Quşların bədən temperaturu təxminən 42–43 dərəcəyə çatır
- Quşlar nəfəs aldığı havanın dörddə üç hissəsini bədənlərini soyutmaq üçün sərf edirlər, çünki onlar tərləyə bilmirlər.
- Sakit halda quşların ürəyi dəqiqədə 400 dəfə, uçan zaman isə dəqiqədə 1000 dəfə döyünür.
Yeni Zelandiyada kivi quşu dünyada qanadı olmayan yeganə quşdur.
Köçəri qaz və ördəklər miqrasiya edərkən V formasında uçurlar. Bu zaman hər bir quşun qanad çalması zamanı yaranan qaldırıcı qüvvə o birisinə kömək edir və beləliklə də onlar az enerji sərf etmiş olurlar.
Göyərçinlər saatda 100 mil sürətlə uçmağa qadirdirlər. Şahinlər və cüllütlər isə saatda 200 mil sürət ala bilirlər.
"Adam is homo", dəvəquşu və dront quşları isə ümumiyyətlə uça bilmir.
Birinci dünya müharibəsi zamanı Poçtalyon Cher Ami quşu gözlərini və ayaqlarını itirməsinə baxmayaraq məlumatı lazım olan yerə çatdıra bilmişdi. Onu Əla xidmət nişanı ilə təltif etmişdilər. Sonra onun ayaqlarını protez ayaqlarla əvəz etmişdilər.
Yeni Qvineyada yaşayan Papua pitohui quşu dünyada yeganə zəhərli quş hesab edilir. Zəhər onun lələklərində və dərisində olur.
Amerikanın ətyeyən hind quşu yeraltı benzin, qaz kəmərlərinin xarab olmuş yerlərini tapmağa kömək edir. Sızma olan yerlərdə yaranan iy leş iyinə oxşadığından onlar həmin yerə toplaşırlar və mühəndislər həmin yerdə kəmərin xarab olduğunu müəyyən edirlər.
Ekoloji qrupları
redaktəQuşlar müxtəlif ekoloji mühitlərdə yaşayırlar. Yaşama yerinə görə onlar 4 iri ekoloji qrupa bölünür: 1. Meşə və kolluq quşları; 2. Açıq quru sahə quşları; 3. Bataqlıq və sahil quşları; 4. Su quşları.
Qidanı tapmaq və tutmaq üçün hərəkət xüsusiyyətlərinə görə göstərilən ekoloji qruplar özləri də müxtəlif kiçik qruplara bölünür:
1. Meşə və kolluq quşları — 7 qrup:
• Ağac və kolların budağından yapışmaqla ovunu tutanlar.
• Ağaca dırmanmaqla ovunu tutanlar.
• Ov ardınca uçduqdan sonra yenidən əvvəlki yerə qayıdanlar.
• Tez — tez qanad çalmaqla ovunu havada tutanlar.
• Uçuş zamanı yavaş — yavaş aşağı enməklə ovunu tapıb tutanlar.
• Qaçmaq və addımlamaqla ovunu tutanlar.
• Tullanmaqla ovunu tutanlar.
2. Açıq quru sahə quşları — 5 qrup:
• Ovunu tutmaq üçün oturduğu hündür yerdən uçub yenə həmin yerə qayıdanlar.
• Tez — tez qanad çalmaqla ovunu havada tutanlar.
• Süzmə uçuşunun köməyi ilə ovunu tapıb tutanlar.
• Qaçmaq və addımlamaqla ovunu tutanlar.
• Tullanmaqla ovunu tutanlar.
3. Bataqlıq və sahil quşları — 3 qrup:
• Qaçmaq və addımlamaqla ovunu tutanlar.
• Üzməklə qidasını tutanlar.
• Bataqlıq bitkilərinə dırmanmaqla ovunu tutanlar.
4. Su quşları — 2 qrup:
• Ovunu uçmaqla havada və şığımaqla suda tutanlar, yaxud hava — su quşları.
• Qidasını üzmək və dalmaqla suda tutanlar, yaxud sudaüzən quşlar.
Arı yeyən quşların instinktiv taktikaları
redaktəBəzi quşlar qeyri-mümkün olmasına baxmayaraq, daşı belə oya bilirlər. Möhkəm qayaları oyarkən istifadə etdikləri tək alətləri var: dimdikləri… Arı yeyən quş bu quşlardan biridir. Arı yeyən quş (meropidae) yuvasını qumdaşı uçurumlarının üstünə və ya çayın sahilindəki bərkimiş palçıqlara dimdiyilə davamlı şəkildə vurub oyuqlar açaraq qurur. Oyuq açma prosesinə 90–100 sm uzunluğunda dar tunel açana qədər davam edir. Yuvanın kənarlarını açmaq üçün inşaat vasitəsi kimi dimdiyindən istifadə edən arı yeyən quşun qısa və güclü pəncələri də qazma işinə kömək edir. Yuvanın içində toplanan torpağı pəncəsilə bayıra boşaldır. Arı yeyən quşların bəzi növləri 1000 və ya daha çox quşdan ibarət koloniyalar halında yaşayırlar. Elm adamları bu qədər çox yuvanın içində hər quşun öz yuvasını necə tapdığını elmi mənbələrlə sübut edilib .[3]
Arı yeyən quşların maraqlı xüsusiyyətlərindən biri də həşərat ovlamaqda göstərdikləri peşəkarlıqlarıdır. Bu quşlar arılarla qidalanırlar. Bu olduqca təəccüblüdür, çünki digər quşlar üçün arı yemək öldürücü ola bilər. Ancaq arı yeyən quşlara arıların zəhəri təsir etmir. Çünki bu quşlar tutduqları arının qarnını əvvəlcə bir budağa sürtərək aşındırır, beləliklə, zəhəri havaya boşaldırlar.[4]
Arı yeyən quşun digər bədən xüsusiyyətləri də həşəratları asanlıqla tutmalarına kömək edir. 4,5 sm uzunluğunda dimdiyi var. Bu uzunluq əhəmiyyətlidir, çünki əgər quşun dimdiyi daha qısa olsa, həşəratları tutmağa çalışarkən həşəratlar onu yaralaya bilər. Bundan əlavə, dimdiyinin çox iti uc hissəsi də ovunu sinə ilə qarın arasından tutmasına kömək edir. Bu sayədə arının zəhərini daha asan boşalda bilir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2011.
- ↑ Linnaei C. Systema Naturae: Per Regna Tria Naturae, Secundum Classes, Ordines, Genera, Species, Cum Characteribus, Differentiis, Synonymis, Locis. Holmiae: Laurentii Salvii, 1758. C. 1. S. 12.
- ↑ David Attenborough, The Trials of Life, s.137
- ↑ David Attenborough, Life of Birds, s.96