Resul Rza - Wikipedia
Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may 1910[1], Göyçay[1] – 1 aprel 1981[2][1], Bakı[1]) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951).
Rəsul Rza | |
---|---|
Azərbaycan SSR kinematoqrafiya naziri | |
30 may 1946 – 24 aprel 1950 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Bağır Seyidzadə |
1938 – 1939 | |
Əvvəlki | Seyfulla Şamilov |
Sonrakı | Süleyman Rəhimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 (19) may 1910[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 aprel 1981[2][1] (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dilçi, şair, tərcüməçi, dramaturq, yazıçı, baş redaktor, nasir |
Həyat yoldaşı | |
Uşağı | |
|
|
Təltifləri |
|
rasulrza.musigi-dunya.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur.[3] Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır.[3][4] Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır.[3] "Poeziya zəhmət və ilhamdır" avtobioqrafik qeydlərində R. Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir:
Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb.[5] Rəsul Rza
|
Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, "Molla Nəsrəddin", rus dilində çıxan "Niva", "Probujdeniye" nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır. Üstəlik, şairin anasının şairlik təbi varmış. Anası Məryəm oxumaq bilirmiş, ancaq yazmağı bacarmayırdı və buna görə də şeirlərini əzbər deyərmiş və yadında saxlayarmış. Şair hələ uşaqlıqdan Məhəmməd Füzulinin, Xurşidbanu Natəvanın, Mirzə Ələkbər Sabirin şeirlərini anasının dilindən eşitdiyini yazır.[5] Uzun illər keçəndən sonra R. Rza yazmışdır:
İndi yaddaşımın səhifələrini varaqladıqca mən bir daha inanıram ki, mənim könlümə şerə olan məhəbbətimin ilk qığılcımlarını anam atmışdır. Anam məndə klassik poeziya xəzinəsinə, həm də xalq yaradıcılığına dərin hörmət hissi tərbiyə etmişdir.[5] Rəsul Rza
|
Rəsul Rza altı yaşı olarkən məktəbə getmiş və onun ağır təhsil və iş illəri başlamışdır. On dörd yaşında ikən oxumaqla yanaşı həm də şəhər kitabxanasında işləmişdir. 1925-ci ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır. O, 1930-cu ildə Bakıya köçür; o vaxt boyük bacıları şəhərdə yaşayırdılar.[5]
Bakıda Rza məktəb yoldaşı və şair Abdulla Faruqdan başqa heç kimi tanımırdı. Ancaq çox çəkmir o, şair A. Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edir. R. Rza tərcüməçi vəzifəsinə işə düzəlir. O illərdə "Gənc işçi" ədəbiyyata yenicə gələn şairlərin, yazıçıların toplaşdığı, görüşdükləri əsas yer idi. R. Rza burada bir çox yaşıdları ilə, o cümlədən şair M. Müşfiqlə tanış otmuşdur.[5] Yazıçı dostu Sabit Rəhmana həsr etdiyi "Xatirələr düzümü" poemasında da (1971) R. Rza "Gənc işçi" qəzetinin redaksiyasının, oradakı dostları xatırlayaraq arxada qalmış illər haqqında, itirilmiş dostlar haqqında dərin bir kədər və nisgil hissi ilə yazırdı:
İndi çörək dükanıdır
o ilk tanışlığımız,
ilk həyat məktəbimiz,
ilk mübarizə meydanımız
sevincimiz,
həyəcanımız
olan yer. ...
İndi sən yox,
Müşfiq yox,
Mikayıl yox,
Faruq yox,
Mehdi yoxdu.
Tək necə qayıdım o günlərə
Necə keçim o yolu?..
"Xatirələr düzümü", Rəsul Rza[5]
Bakıda əvvəllər başladığı bədii yaradıcılıq fəaliyyətini daha böyük və ciddi bir inadla, sənət ehtirası ilə davam etdirir. 1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının "Qığılcım" almanaxında ilk şeri — "Bu gün" şeri dərc olunmuşdur. Həmin illərdə "Yeni fikir" qəzetində də şeirləri və hekayələri çıxmışdır. "Gənc işçi" redaksiyasında çalışdığı vaxtda isə bu qəzetin səhifələrində "Avropanın ölüm çağı", "Arş", "Bir avqusta", "Qara yelin xəbəri" və s. şeirləri dərc olunur. Yaradıcılıqla yanaşı R. Rza təhsilini də davam etdirir. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərbaycan Tibb İnstitutunun hazırlıq kursunu, Azərbaycan Tibb institutunu, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd etmişdir.[5]
R. Rza ilk şeirləri ilə mətbuatda çıxış etməyə başlayanda yeni, inqilabi bir ədəbi proses təzəcə formalaşırdı; bir tərəfdə təcrübəli yazıçılar, digər tərəfdə isə yeni yazıçılar nəsli fəaliyyət göstərirdi və qeyd olunmalıdır ki, yeni ədəbiyyat uğrunda mübarizə, bu ədəbiyyatın ideya-bədii prinsiplərini müdafiə və qızğın təbliğ etmək — bu prosesin çox mühüm bir tərəfi idi. R. Rza da ilk şeirləri ilə bu ədəbi mübarizəyə qoşulan şair kimi diqqəti cəlb edirdi. Onun elə ilk şeirlərində bir şairin yaradıcılıq özünəməxsusluğu duyulurdu. Dərc olunan ilk şeri "Bu gün"də bunu hiss elmək mümkündür.[5]
Bu şeirdə şair bu gündən təsirləndiyini bildirirdi, bu günün şairi olduğunu elan edirdi və çox səciyyəvidir ki, elə ilk yaradıcılıq dövrünün yetkin bir çağında yazdığı "Bolşevik yazı" "Bu gün" şerində anlayışı onun poetik prinsipinin əsas tələbi və meyarı olaraq tərəfindən bəyan edilirdi:
Mənim şerim bu günün,
bu gündü mənim şerim,
bu günsüz yarın olmaz,
bu gün yoxsa
yarınlar da qurulmaz.
"Bu gün", Rəsul Rza[5]
1926-cı ildə çap olunan "Qızıl gənc qələmlər" məcmuəsini təşkil edən şeirlər inqilab, qızıl əsgər, yeni cəmiyyət qurucuları mövzusunda yazılmış nəzm əsərlərindən ibarət idi. Bu topludakı şeirlərdə hələ yeni forma, fərdi üslub axtarışları nəzərə çarpmırdı.[5] R. Rzanın "Bolşevik yazı" şeri 1931-ci ildə "İnqilab və mədəniyyət" jurnalının 3–4 sayında çıxmış və dərhal da diqqəti cəlb etmişdir. Belə ki, tənqidçi M. Hüseyn elə jurnalın həmin sayında dərc olunmuş "Yaradıcılıq ixtilaflarımız" məqaləsi üçün R. Rzanın bu şerinin misralarını epiqraf seçirdi:
Mübarizə bu gün də var.
yarın da.
Mən də onun ən ön sıralarında.
"Bolşevik yazı", Rəsul Rza[5]
Məhz bu misraların siyasi və yaradıcılıq əhvali-ruhiyyəsi işığında müasir ədəbiyyatın, ədəbi prosesin mənzərəsini cızaraq tənqidçi R. Rzanın "Tribuna şeri yaratmaq kimi doğru yol tutmuş şair" kimi təqdim edirdi. R. Rza yalnız "Almaniya" poemasında yox, beynəlxalq miqyasda, dünyanın digər regionlarınnda baş verən hadisələrdən təsirlənərək qələmə aldığı "Çapey", "Cəlladları durdur", habelə "Çinar" kitabındakı (1938) "Madrid", "Həbəşistan" və s. şeirlərində eyni dərəcədə lirik idi; hadisaləri sakit, ardıcıl epik planda yox, lirik planda təqdim edir və buda həmin əsərlərin janr-üslub xarakterini müəyyənləşdirirdi.[5]
Müasir poeziyanın novatorluq yolu və prinsiplərinin müdafiəsində şairin mövqeyi kifayət qədər barışmaz və prinsipial bir xarakter daşıyırdı. R. Rzanın bütün sonrakı poeziyasından, daba mürəkkəb və çətin yaradıcılıq vəzifələrinin həllinə yönəlmiş sənətindənn çıxış edərək onun görüşlərində bu mövqeyin dəyişməz olduğunu, lakin bununla belə həm də mərhələdən-mərhələyə inkişaf edib, daha da dərinləşdiyini və büllurlaşdırılıb.[5]
1941-ci ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır[6], cəbhə qəzeti "Döyüşən Krım"da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayıb, bütün bunları da şeirlərində öz təkrarsız ifadəsini tapırdı. Onun burada yazdığı ilk əsər "Bəxtiyar" şeiri idi.[5]
R. Rzanın 1960-cı illər fəlsəfi lirikası bir silsilə təsir bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı, əlaqədar olduğu kimi, həm də bir vəhdət təşkil edirdi. R. Rzanın bu dövr poeziyasında "Rənglər" silsiləsinin ayrıca yeri vardır. Silsilə ilk dəfə 1962-ci ildə "Azərbaycan" jurnalında (№ 11) dərc olmuşdur. Silsilənin bu nəşri 27 şeirdən ibarət idi və bu həcmdə şairin "Duyğular…düşüncələr" kitabına (S964) daxil edilmişdir. Silsilə dərhal ədəbi tənqiddə kəskin tənqidlə qarşılandı, lakin şair bu tənqidlərdən geri çəkilmədi; bir daha silsiləyə qayıtdı; onun "Qırmızının ümid çaları", "Firuzəyi", "Qırmızının inam çaları", "Mavinin təsəlli çaları", "Sürməyi", "Saman sarısı" poetik mətnlərini yazdı və bu yeni şeirlər "Dözüm" kitabına (1965) daxil edildi. Bütövlükdə silsilə 33 şeirdən ibarətdir.[5]
Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937–1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938–1939), Bakı kinostudiyasının müdiri (1942–1944), kinematoqrafiya idarəsində rəis (1944–1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946–1950), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, "Novosti" Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.[3]
1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Şəxsi həyatı
redaktəRəsul Rza 1931-ci ildə Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərdən olan "Maarif evi"ndə şairə Nigar Rəfibəyli ilə tanış olub.[7][8] O zamanlar səhvən özgənin şerini onun adına çıxıb, tənqidçilər ona şiddətli atəş açmışdılar. Həm də bu tənqidi ədəbiyyata dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar. Bu tənqidi məqalələrin birisinin altında Rəfibəylinin başqa yoldaşlarla bərabər Rəsul Rzanın imzası da var idi. Bu hadisə onları yaxınlaşdırdı. 1937-ci il fevralın 11-də Rəsul Rza və Nigar Rəfibəyli evləndilər.[8]
1970-ci ildə Nigar Rəfibəyli "Ulduz" jurnalının "Rəsulun məktubları" məqaləsində yazırdı:
İnsan yaşa dolduqca xatirələr aləmində yaşamağa başlayır, irəlidən çox geriyə baxır, keçən ömrün uzaq səhifələrini gözdən keçirir. Otuz üç il bərabər ömür sürdüyüm Rəsul Rza ilə keçən günlərimizi vərəqlərkən aydın bir həqiqət cəlb edir: bütün ağır və yüngül, sevincli və sevincsiz, kədərli və bayramlı keçən bir qəmimiz olmamışdır. Xalq həyatı ilə yaşamış, onunla nəfəs almış, ən ağır günlərdə xalqın dərdinə şərik olmuşuq, xalqın həyəcan və arzuları ilə yaşamışıq.[9] |
Onların oğlu – Anar, 1938-ci il martın 18-də anadan olmuş, yazıçı, dramaturq, ssenarist və kinorejissoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü və sədri olub.[10]
Təltif və mükafatları
redaktə- Sosialist Əməyi Qəhrəmanı — 16 may 1980
- "Stalin" mükafatı (3-cü dərəcə) — 1951 ("Lenin" (1950) poemasına görə)
- "Azərbaycan SSR xalq şairi" fəxri adı — 21 may 1960
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 17 iyun 1943
- "Lenin" ordeni — 25 fevral 1946; 28 may 1970; 16 may 1980
- "Şərəf nişanı" ordeni — 17 aprel 1938
Rəsul Rza barədə olan fikirlər
redaktəDünyanın və Azərbaycanın ictimai və siyasi xadimlərinin Rəsul Rza barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir necəsi aşağıdakı kimidir:
- "Rəsul Rza romantik bir qəlblə yazdığı "İntiqam" şeri ilə insanları, yerləri və göyləri, dağları və daşları belə intiqama – faşist cəlladlarının başına od yağdırmağa çağırdı." — Səməd Vurğun[11]
- "Rəsul Rza böyük humanistdir, onun humanizminin əsasları, qaynaqları şairin xalqla dərin, qırılmaz əlaqəsindədir. Xalqın ağrısı Rəsulun ağrısıdır, xalqın sevinci Rəsulun sevincidir." — Süleyman Rüstəm[11]
- "Onun şerlərini bir daha qüvvətli göstərən, ümumiyyətlə, Rzanın sağlam siyasi görüşə malik olmasıdır." — Mehdi Hüseyn[11]
- "Rəsul Rza daha ziyada lirik, xitabətçi və inqilabi romantizmə malikdir. Onun şerlərində real hadisələrdən çox real həyacanlar, canlı xarakter və obrazlar təsvirindən çox canlı təşbeh və məcazlar, canlı, həyati hissiyyat və idrak məfhumları vardır." — Əli Nazim[11]
- "Mən Rəsul Rzanı axtaran, hey axtaran, bir çox sərvəti dürüst tapan, bəzən də tapa bilməyən, ancaq tapa bilmədikdə də həvəsdən düşməyən, "yoruldum" deməyən bir kəşfiyyatçı kimi, bir şair kimi təsəvvürümə gətirirəm…" — Süleyman Rəhimov[11]
- "Rəsul Rza Cənubi Azərbaycandakı böyük və unudulmaz xalq hərəkatına həsr etdiyi şerlərində xalqımızın əsrlik həsrətini, azadlıq uğrunda mübarizəsini tərənnüm etmişdir." — Mirzə İbrahimov[11]
- "O, əks elədiklərini sənətkar təxəyyülündən, sənət süzgəcindən keçirir, özünə lazım olan şəklə salandan sonra ona şer donu geydirir." — Əli Vəliyev[11]
- "Mən Rəsul Rzanın şerlərini oxuduqdan sonra özümdə qəribə rahatlıq duyuram. Bu şerlər adamı düşündürür, mənəvi cəhətdən təmizləyir, yüksəldir." — Murtuza Nağıyev[11]
- "Əgər şerimizi göylərə ucalan yaşıl bir çinara bənzətsək, Rəsul Rza onun gözəl, canlı, sağlam budaqlarından biridir." — Məmməd Rahim[11]
- "Rəsul Rza həyata, həyati hadisələrə şerin gözü ilə baxmağı bacaran, ən adi hadisələri böyük şeriyyətlə təsvir etməyə qadir olan şairdir." — Sabit Rəhman[11]
- "Rəsul Rza isə dünyaya dedikləri üzərində deyilməyə macal tapmadıqlarının da kölgələri dolaşır, çünki hər bir həqiqi sənətkarların bədii sözü dünənli, bugünlü, sabahlıdır, dərinində millidir, rəngində şəxsidir, ucalığında ümumbəşəridir və həqiqi poeziya həmişə hərəkətdədir." — Ənvər Məmmədxanlı[11]
- "Onun poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır." — İlyas Əfəndiyev[11]
- "Onun şəxsiyyətindəki xəlqilik köhnəliyə patriarxal tərəfdarlıq dərəcəsinə qədər çatır, lakin bununla belə, o, ənənələrə qarşı ən cəsarətli davranan şairdir." — Cəfər Cəfərov[11]
- "Rəsul Rza poeziyası, sözün əsl mənasında, yeni, çoxçalarlı, musiqi dili ilə desək, polifonik poeziyadır." — Qara Qarayev[11]
- "Rəsul Rza filosofdur. "İki buruğun söhbəti" şeri ilk baxışda olduqca sadə və adi görünür. Ancaq onlar haqqında, həyat , nəsillər, gələcək haqqında və onların cavabdehliyi barədə nə qədər gözəl deyilmişdir." — Nazim Hikmət[12]
- "Onun poeziyasının qəhrəmanı müasir dünyanın həyəcanları, qayğı və ehtiyacları ilə yaşayır. Məhz buna görə o, daim narahatdır, qəlbi daim çırpınır…" — Səttar Bəhlulzadə[13]
- "O, xarakteri etibarilə heç vaxt dəyişməzdi." — Mikayıl Abdullayev[13]
- "Rəsul Rzanın şerləri bəzən son dərəcə incə, həssas, zərif, bəzən də amansız dərəcədə sərtdir. O, yalnız həyat hadisələrini deyil, rənglərin, səslərin, işığın, suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri duymağı və onları duyğular, düşüncələr, xəyallar və xatirələrlə bağlamağa çalışır." — Əhməd Cəmil[13]
- " O, yalnız doğma dilində yeni bədii forma yaratdığına görə deyil, həm də yalnız özünəməxsus şəkildə düşündüyü və duyduğuna, dünyanı və hadisələri dərk etdiyinə görə novatordur." — Arseni Tarkovski[12]
İrsi
redaktə2005-ci ildən[14] Göyçay şəhərində Rəsul Rzanın ev-muzeyi fəaliyyət göstərir.[15] Bakı küçələrindən biri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid quru yük gəmisi və Azərbaycanda ədəbiyyat mükafatı onun adını daşıyır.[16][17][18]
Filmoqrafiya
redaktə- Ağ rəngin simfoniyası (film, 2003)
- Ana qaz (film, 2005)
- Azərbaycan elmi (film, 1969)
- Azərbaycan naminə! (film, 2004)
- Bəxtiyar (film, 1955)
- Böyük ömrün anları (film, 2006)
- Dəcəl dəstə (film, 1937)
- Dostluq himni (film, 1974)
- Eldən soruş (film, 1980)
- Göy rəngin melodiyası (film, 2003)
- Kəndlilər (film, 1939)
- Kölgələr sürünür (film, 1958)
- Qırmızı rəngin ekspressiyası (film, 2002)
- Qız qalası (film, 1984)
- Qızıl gül olmayaydı... (film, 1965)
- Qızıl gül olmayaydı... (film, 1990)
- Mətbuat fədaisi (film, 2007)
- Ordenli Azərbaycan (film, 1938)
- Salam, Zeynəb! (film, 1982)
- Tikdim ki, izim qala. III film (film, 1998)
- Toğrul Nərimanbəyov (film, 1966)
- Üzeyir ömrü (film, 1981)
- Yaşıl rəngin qamması (film, 2002)
- Yuva qurdum söz içində. Məmməd Alim (film, 2007)
Biblioqrafiya
redaktəŞeir topluları
redaktə- Mən torpağam[19]
- Çağımdır mənim[19]
- Vətən[19]
- Anamın kitabı[19]
- Uşaq oyunları[19]
- İş günü[19]
- İlqar[19]
- Etiraf[19]
- And[19]
- İtkilər[19]
- Bir nəsil qocalsam da[19]
- Çinaraltı[19]
- Dünyanın dərdi[19]
- Oxuya bilmədiyim kitab[19]
- Hər fəslin öz gözəlliyi var[19]
- İşıqlar üşüyəndə[19]
- Yuxuma gəlmişdi Ezop[19]
- Pəncərəmə düşən işıq[19]
- Dözüm[19]
- İnsan[19]
- Aydındır şer dili[19]
- Damğa[19]
- Üzüyümün qaşı firuzədəndir[19]
- Vaxt varikən[19]
- Çinar ömrü[19]
- Xəstələr evindən reportaj[19]
- Torpaq olmuş sümüklər[19]
- Qarabağ – baba yurdum[19]
- Mirzə Cəlilin nisgilləri[19]
- Təyyarədə düşüncələr[19]
- Küçələr[19]
- Dəniz haqqında nəğmələr[19]
- Rəngli yuxular[19]
Poemalar
redaktə- Qız qalası[20]
- Babək[20]
- Çapey
- Lenin
- Si - Au
- Almaniya
- Həbəşistan
- Hilal
- Son gecə[20]
- Füzuli[20]
- Qızıl gül olmayaydı[20]
Pyesləri
redaktəPublisistika
redaktə- Poeziya zəhmət və ilhamdır[22]
- Teleqram[22]
- O gün – bu gün[22]
- Əziz xatirələr[22]
- Ötən günlər[22]
- Milli şüur və milli iftixar[22]
- Gözəl dost[22]
- Uzaq ellərin yaxın töhfələri[22]
- Müqəddimə[22]
- Sağ ol, professor[22]
Tərcümələri
redaktə- Esxil "Zəncirlənmiş Prometey"[23]
- Nizami Gəncəvi "Xosrov və Şirin"[23]
- Fransua Viyon "Boğazından dara çəkilməyə məhkum edilmiş Viyonun yazdığı dördsətirlik"[23]
- Robert Berno "Uzaqda olanların sağlığına"[23]
- Henrix Heyne "Yıldızarın lisanı"[23]
- Mixail Lermontov "Demon"[23]
- Nikolay Nekrasov "Rus elində kimin günü xoş keçir"[23]
- İvan Turgenev "Mənsur şer"[23]
- Taras Şevçenko "Muzdur qadın"[23]
- Emil Verxarn "Belçikaya"[23]
- Henri Lonqfello "Hayavata haqqında nəğmə"[23]
- Volt Vitmen "Qartalların məhəbbət oyunu"[23]
- Artur Rembo "Heyranlıq"[23]
- Vladimir Mayakovski "Atlarla yaxşı rəftar"[23]
- Marina Svetayeva "Yuxusuzluq silsiləsindən"[23]
- Pol Elyar "Söndürülmüş işıqlar"[23]
- Federiko Qarsiya Lorka "Gitara"[23]
- Robert Frost "Bir dəfə nə isə olmuşdu"[23]
- Rabindranat Taqor "Mənsur şer"[23]
- İlya Selvinski "Mən bunu öz gözlərimlə görmüşəm"[23]
- Yanka Kupala "O dələn kimdir"[23]
- İrji Volker "Epitafiya"[23]
- Eduardas Mejelaytis "Ürək"[23]
- Kəmalədin Kamu "Qürbət"[23]
- Nəcib Fazil Qısakürək "Otel otaqlarında"[23]
- Fazil Hüsnü Dağlarca "Gönçəli Nizaminin türbəsi"[23]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 РАСУЛ РЗА // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 3 4 "TƏRCÜMEYİ-HAL". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- ↑ "AVTOBİOQRAFİYA". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Rəsul Rza. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı: "Öndər nəşriyyat. 2005. 304. ISBN 9952-416-66-X. (#accessdate_missing_url)
- ↑ Real TV. "Bu gün Rəsul Rzanın anım günüdür" (az.). Youtube.com. 01.04.2024. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
- ↑ "Rəsulun Nigarı". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- ↑ 1 2 "Yol bitməyib. Onlar yenə qoşadırlar, yenə yol gedirlər və birgəlik yollarından biri də bu kitabdan keçir". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- ↑ "Gündəlikdən səhifələr". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- ↑ Balan, Dumitru. Ideea Europeana (Rumınca). 30 Sentyabr 2015. 1678. (#accessdate_missing_url)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Müasirləri Rəsul Rza və Nigar Rəfibəyli haqqında". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- ↑ 1 2 "Yaxınlardan, uzaqlardan". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- ↑ 1 2 3 "Səni sevdirən nədir?". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- ↑ Mədəniyyət TV. "Xalq şairi Rəsul Rza 114 illiyi ev-muzeyində qeyd olunub" (az.). Youtube.com. 21.05.2024. 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-21.
- ↑ "Rəsul Rzanın ev-muzeyi yenidən açıldı". www.anl.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
- ↑ "Rəsul Rza mükafatı 9 yazara verilib". www.azadliq.org. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
- ↑ "Türkiyədə "Rəsul Rza" gəmisi istifadəyə verilib". musavat.com. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
- ↑ "Vessel details for: RASUL RZA (General Cargo)". www.marinetraffic.com. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 "Şeirlər". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- ↑ 1 2 3 4 5 "Poemalar". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- ↑ 1 2 "Pyeslər". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Publisistika". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 "Dünya ədəbiyyatından tərcümələr". rasulrza.musigi-dunya.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.