Tapa Cermoyev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Çermoyev Əbdülməcid (Tapa) Orutseviç (3 (15) mart 1882, Qroznı, Çeçenistan, Terek vilayəti, Rusiya imperiyası – 28 avqust 1937, Lozanna) – dağlı azadlıq hərəkatı liderlərindən biri, çeçen siyasi və dövlət xadimi, neft sənayeçisi.
Tapa Çermoyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 (15) mart 1882 |
Doğum yeri | |
Vəfat tarixi | 28 avqust 1937 (55 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, tacir, zabit, əsgər |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1], neft sənayesi[d][1], hərbi iş[1], antikommunizm[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVladiqafqaz realnı məktəbini və Nikolay süvari məktəbini bitirmiş (1901), II Nikolayın şəxsi mühafizə dəstəsində xidmət etmişdir (1901–06). 1908-ci ildə Qroznı şəhərinə köçmüşdür. 1913 ildə "Aldanneft" şirkətini təsis etmiş və Çeçenistanın ən varlı neft sahibkarı olmuşdur. 1912 ildə 4-cü Dövlət dumasına seçilmiş və burada Şimali Qafqaz dağlılarının mənafelərinin müdafiəçisi kimi məşhurlaşmışdır. Çermoyev xeyriyyəçi kimi də tanınırdı. "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi "Müsəlman gecələri" tədbirlərində iştirak etmişdir. Birinci dünya müharibəsi (1914–18) dövründə Qafqaz yerli süvari diviziyasının zabiti olmuş, "Vəhşi diviziya"nın tərkibində döyüşən çeçen süvari alayını təşkil etmişdir. Fevral inqilabından (1917) sonra Şimali Qafqaz dağlı azadlıq hərəkatının liberal-demokrat qolunun liderinə çevrilmişdir. Şimali Qafqaz dağlılarının siyasi həmrəyliyi və istiqlaliyyətinin qızğın tərəfdarı olmuşdur. Balkar azadlıq hərəkatının rəhbəri Bəsyət Şaxanovla birlikdə Şimali Qafqaz Dağlı Xalqları İttifaqının yaradılmasının əsas təşəbbüsçülərindəndir. Çermoyev Şimali Qafqaz Dağlıları Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi. Şimali Qafqaz və Dağıstanın dağlı xalqlarının 1-ci qurultayında (1917, may) Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Mərkəzi Komitəsinin sədri seçilmiş, dağlı xalqlarının 2-ci qurultayının (1917, sentyabr) sədri olmuşdur. Rusiyada Oktyabr çevrilişindən (1917) sonra dağlıların kazaklarla birlikdə Terek-Dağıstan hökumətinin yaradılmasına etiraz olaraq, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Mərkəzi Komitəsinin sədrliyindən istefa vermişdir. 1918 ildə Vladiqafqazın və Terek vilayətinin Sovet hökumətinin nəzarətinə keçməsindən sonra Temirxan-Şuraya gəlmiş və burada Şimali Qafqazın Cənubi Qafqaz İttifaqına qoşulması istiqamətində siyasi fəaliyyət göstərmişdir.
Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Mərkəzi Komitəsi istiqlaliyyətini elan etdikdən sonra Çermoyev yeni dağlı hökumətinin tanınması üçün xarici ölkələrə müraciət etmişdir. 1918 ilin martında Tiflisdə Zaqafqaziya seyminin Müsəlman fraksiyası ilə Şimali Qafqaz dağlılarının nümayəndə heyəti birgə iclas keçirmişdi. Əldə olunmuş razılığa əsasən, ikitərəfli münasibətlərin tənzimlənməsi üçün Azərbaycan və Şimali Qafqaz nümayəndələrinin xüsusi komissiyası yaradılmışdı. Komissiyaya Azərbaycan tərəfindən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, dağlılar tərəfindən Heydər Bammat, Çermoyev və M.-Q. Dibirov daxil olmuşdular. 1918 il mayın 11-də Qafqaz dağlı xalqlarının İstiqlal bəyannaməsini Çermoyev və H. Bammat imzalamış, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının yarandığını bəyan etmişdilər. Mayın 24-də Gəncədə Çermoyevin sədrliyi ilə Şimali Qafqaz Respublikasının yeni hökuməti təşkil olunmuşdur. Hökumətin sədri Çermoyev Şimali Qafqazın bolşeviklərdən azad edilməsi üçün birgə hərbi tədbirlərə hazırlaşmağa başladı. Çermoyevin təkidli xahişlərindən sonra Osmanlı hərbi dəstəsi Dağıstana göndərildi. Oktyabrın 9-da Dərbənd azad edildi. Oktyabrın 13-də Dərbənddə Çermoyev tərəfindən hökumətin vətəndə fəaliyyətə başlaması haqqında rəsmi məlumat elan olundu. 1918 il oktyabrın 17-də Çermoyev Biçeraxova ultimatum göndərib, oktyabrın 20-dək bütün Dağıstan ərazilərini boşaltmağı tələb etdi. Rədd cavabı aldıqdan sonra osmanlı və dağıstanlılardan ibarət milli diviziyalar Petrovsk-Port uğrunda döyüşə başladılar. Oktyabrın 23-də Temirxan-Şura, noyabrın 7-də isə Petrovsk-Port azad edildi. Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının 11 may tarixli istiqlalı bir daha təsdiq olundu (bax Qafqaz İslam Ordusunun Dağıstan hərəkatı). Osmanlı ordusu tərəfindən Dağıstanın biçeraxovçulardan və bolşeviklərdən təmizlənməsindən sonra Çermoyev rəhbərlik etdiyi hökumətlə birgə Temirxan-Şuraya gəlmiş və dövlət quruculuğu işlərinə başlamışdı. Çermoyev və Yusif İzzət paşanın ingilis nümayəndələri ilə görüşündə Dağlılar hökuməti hərbi əməliyyatları dayandırmağa razılıq vermişdi. Çermoyev Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışında iştirak etmişdir. Onun yardım üçün dəfələrlə Azərbaycana müraciətləri təmin edilmişdir. 1918 il dekabrın 10-da Bakıda Şimali Qafqaz hökuməti ilə kazaklar və rusdilli əhalinin müxtəlif qruplarının təmsilçiləri arasında müqavilə imzalandı. Razılaşmaya əsasən yeni koalisiya hökumətinin təşkili nəzərdə tutulduğundan 1918 il dekabrın 15-də Çermoyevin nazirlər kabinəsi istefa verdi. Çermoyev Avropa ölkələri ilə danışıqlara göndərilən yeni nümayəndə heyətinin sədri təyin olundu. Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və Ukrayna nümayəndələrinin Antanta döv-lətlərinin A. Kolçak hökumətini tanımasına etiraz bəyannaməsini Şimali Qafqaz nümayəndələri adından Çermoyev imzalamışdı. 1919 ilin mayında Dağıstanın denikinçilər tərəfindən işğalından sonra yaranmış vəziyyətlə əlaqədar Versalda Azərbaycan, Gürcüstan və Dağlılar Respublikasının nümayəndələri arasında siyasi və iqtisadi ittifaq bağlamaq haqqında danışıqlar başlandı. Mayın 30-da Versalda Çermoyevin mənzilində Azərbaycan və Dağlılar Respublikası nümayəndələrinin birgə iclası keçirilmiş, Qafqaz Konfederasiyası yaratmaq məsələsi müzakirə olunmuşdur. Qafqazda Sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə mühacirət etmişdir.
Ailəsi
redaktəXavər Sultan bəyim Məhəmmədəli xan qızı İbrahimbəyova ilə ailə qurmuşdu. Fərrux bəy Vəzirovla bacanaqdır.
Mənbə
redaktə- Göyüşov A., 1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000;
- Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920-ci illər), B., 1993.
Xarici keçidlər
redaktə- Georgia (Republic). Records (microform): Guide., Harvard University Library Arxivləşdirilib 2006-09-02 at the Wayback Machine
- Conflict in Chechnya: A Background Perspective
- Charlotte Aliston. The Suggested Basis for a Russian Federal Republic': Britain, Anti-Bolshevik Russia and the Border States at the Paris Peace Conference, 1919
- Madeline Grown Up by Mrs Robert Henrey, 1952
- Тапа Чермоев [ölü keçid]
- ↑ 1 2 3 4 Čermojev, Tapa // Çex Milli Hakimiyyət Məlumat bazası.