Tofiq Agahuseynov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tofiq Ağahüseynov — (tam adı: Tofiq Yaqub oğlu Ağahüseynov (1 fevral 1923[1], Nuxa – 12 may 2021[1], Bakı) — SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk və yeganə azərbaycanlı.
Tofiq Ağahüseynov | |
---|---|
17 aprel 1997 – 2 aprel 2002 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1923[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 may 2021[1] (98 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Hava hücumundan müdafiə |
Döyüşlər | |
Rütbəsi | general-polkovnik |
|
|
Təltifləri |
|
Həyatı
redaktəTofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub. 1930-cu ildə T.Ağahüseynov atası, anası, özündən böyük iki qardaşından ibarət olan ailəsi ilə birlikdə yeddi yaşında olarkən Bakıya köçüblər. Orta məktəbi Bakıda bitirib. 4-cü sinifi bitirərkən T.Ağahüsyenov bərk xəstələnir. Ayağa qalxmaq belə iqtidarında olmayan Ağahüseynov buna görə Mərdəkandakı uşaq sanatoriyasına göndərilir. Sonralar səhhəti yaxşılaşan Ağahüseynov 10-cu sinifi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Sənaye İnstitunun energetika fakültəsinə verir. 1941-ci ilin sentyabrında isə o, Bakı Zenit Artilleriya Məktəbinə daxil olur. Bir il yarımdan sonra Tofiq leytenant rütbəsi alır və bu rütbə ilə Bakıdan ayrılmalı olur.[2]
Müharibə illərində
redaktə1944-cü ilin yanvarında Sağsahil Ukraynada Sovet qoşunlarının hücumları başlandı. Korsun — Şevçenko rayonunda düşmənin 10 diviziyası və 1 briqadası mühasirəyə alınaraq məhv edildi. Sonra 4-cü Ukrayna cəbhəsinin qoşunları Pripyat çayından Dneprin mənbəsinə qədər böyük cəbhə boyu hücuma keçərək cənub qövsündə faşist ordusunun çox güclü qruplaşmasını darmadağın etdi və aprelin 17-də Sağsahil Ukrayna azad oldu. Sovet ordusu Rumıniya və Çexoslovakiyanın sərhədlərinə çatdı. Ordumuz qara dəniz donanmasının da iştirakı ilə Krımı və Odessanı azad etdi. Tofiq Ağahüseynov öz tərcüməyi-halında yazır:
... Qoşunlarımız müvəffəqiyyətlə sərhəd xəttinə yaxınlaşırdı. Hiss edirdik ki, həyatımızda nə isə dəyişiklik olacaq. Tezliklə divizionun yerinin dəyişdirilməsi barədə əmr alındı. Lakin nə komandir, nə də biz haraya göndəriləcəyimizi bilmirdik. Qoşunlarımız artıq Polşa ərazisinə girmişdi. Eşelona yüklənməyə hazırlıq işləri başlandı. Texnikanı cəmləyib yükləmə stansiyasına gəldik. İki gündən sonra eşelon verdilər. Topları və digər texnikanı platformaya yüklədik, şəxsi heyət isə yük vaqonlarında yerləşdirildi. Mayın 8-də hamının həsrətlə gözlədiyi qələbə qazanıldı. |
Hərbi xidmət yolu
redaktə1-ci Belarusiya cəbhəsində vzvod-komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi olmuş, Visla-Oder və Berlin əməliyyatlarında iştirak etmişdir. Müharibə bitdikdən sonra Tofiq Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalır.
Onun sağlamlığı, fiziki hazırlığı, ətrafındakılara münasibəti, cəsarəti, dönməzliyi, xüsusilə də daim biliyini artırması gələcəkdə böyük hərbçi olacağına yol açan faktorlardan idi. 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olur.
Tofiq Ağahüseynov 1960–64-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna komandirlik edir, 1964-cü ilin sonlarında Volqoqrada göndərilir və diviziya komandiri kimi orada çalışır. 1968-ci ildə general-mayor rütbəsi alır. 1969-cu ildən Rostovda korpus komandiri təyin edilir.[3]
1972-ci ildə general-leytenant rütbəsi alır və 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilir. 1980-ci ildə general-polkovnik rütbəsini alan Tofiq Ağahüseynova həm də Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilir.[2] O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. Tofiq Ağahüseynova 1982-ci ildə daha böyük bir vəzifə həvalə etdilər. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunur.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunur. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilir. Bu zaman onun 74 yaşı var idi.
O, 12 sentyabr 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri seçilmişdir.[4] O, 16 yanvar 2021-ci il tarixində istefa vermişdir.[5]
Tofiq Ağahüseynov 13 may 2021-ci ildə, 98 yaşında vəfat edib.[6] İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[7][8]
İllər | Tutduğu vəzifə | Yerləşdiyi yer | Rütbəsi | |
---|---|---|---|---|
1942 | Tağım komandiri | Arxangelsk vilayəti | Leytenant | |
1943 | Zenit artilleriyasının batareya komandiri | Arxangelsk vilayəti | Leytenant | |
1944 | Əlahiddə zenit-artilleriya divizionu qərargah rəisinin köməkçisi | Polşa, Almaniya | Leytenant | |
1946 | Zenit batareyası komandirinin müavini | Bakı | Baş leytenant | |
1947–1949 | Zenit batareyası komandirinin müavini | Bakı | kapitan | |
1949–1953 | Dzerjiniski adına hərbi akademiyanın dinləyicisi | Moskva | mayor | |
1953–1954 | Hərbi komandirlik artilleriya akademiyasının dinləyicisi | Leninqrad | mayor | |
1954–1955 | Zenit artilleriya divizionunun komandiri | Bakı | mayor | |
1955–1957 | HHM Bakı dairəsi artilleriya qərargahının baş zabiti | Bakı | Podpolkovnik | |
1957–1960 | Zenit-artilleriya alayı komandirinin müavini | Bakı | Podpolkovnik | |
1960–1964 | Zenit-raket alayının komandiri | Bakı | Polkovnik | |
1964–1967 | HHM 10-cu diviziyasının komandir müavini | Volqoqrad | Polkovnik | |
1967–1969 | HHM 10-cu diviziyasının komandiri | Volqoqrad | General-mayor | |
1969–1975 | HHM 12-ci korpusunun komandir müavini | Rostov-Don | General-mayor | |
1975–1980 | HHM Bakı dairəsi qoşunları komandanının birinci müavini | Bakı | General-mayor | |
1980–1982 | Zaqafqaziya hərbi Dairəsi HHM komandanı | Tbilisi | General-mayor | |
1982–1987 | Varşava müqaviləsi dövlətləri Birləşmiş Silahlı Qüvvələri komandanının CSSR HHM komandanı yanında nümayəndəsi | Praqa | General-polkovnik |
Hərbi xidmətindən sonrakı fəaliyyəti
redaktəSovet Ordusu sıralarında azad edildikdən sonra T.Ağahüseynov daimi yaşamaq üçün Bakıya qayıdır. İşə düzəlmək barədə Azərbaycan KP MK-nın o zamankı I katibi K.Bağırova dəfələrlə edilən müraciətlər heç bir nəticə vermədi. 1988-ci ilin oktyabrda ona respublikada "Avtomobil həvəskarları" cəmiyyətinə rəhbərlik etməyi təklif etdilər. Bu könüllü cəmiyyət 1974-cü ildə yaradılmışdı. Avtomobil sahiblərini birləşdirirdi. Cəmiyyəti fəaliyyətində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını almaq idi. Cəmiyyət Respublika DAM ilə sıx əməkdaşlıq edirdi. Cəmiyyətin işinə avtomobil həvəskarlarının geniş dairəsini cəlb etmək məqsədilə həvəskar sürücülərin hazırlığı üzrə kurslar yaradıldı, habelə avtomobil və motosikletlərin iştirakı ilə idman tədbirləri keçirilməyə başladı. Cəmiyyətin tədris avtomaşınları üçün böyük parkı və yaxşı tədris bazası vardı. Bundan başqa respublikanın bütün böyük şəhər və rayonlarda onun filialları fəaliyyət göstərirdi. Yol-qəza hadisələrinin sayını azaltmaq üçün fəal iş aparılırdı. Lakin yenidən qurma ilə əlaqədar cəmiyyət təsərrüfat hesabına keçirildi ki, bu da onun maliyyə imkanlarına mənfi təsir göstərirdi. İdman dərnəkləri maliyyə çatışmazlığı üzündən öz fəaliyyətlərini dayandırmalı oldular, Xalq Cəbhəsinin hakimiyyəti illərində isə onlar bütünlüklə cəmiyyətin gəlirlərindən asılı vəziyyətə düşdülər. Yüksək vergilər ictimai tədbirlər həyata keçirməyə imkan vermirdi. Lakin bu çətinliklərə baxmayaraq T.Ağahüseynov cəmiyyətin fəaliyyətini müəyyən dərəcədə yaxşılaşdıra bildi. Azərbaycan SSR Nazirlər Sovetinin 5 iyun 1974-cü il tarixli qərarı ilə yaradılmış "Avtomobil həvəskarları" könüllü cəmiyyətinə T.Ağahüseynov sədr seçildikdən sonra bu təşkilatın işində böyük dəyişikliklər baş vermişdi. Yol hadisələrini araşdırarkən T.Ağahüseynov uşaqlarla bağlı hadisələri həmişə diqqət mərkəzində saxlamışdır. Gəncə şəhərində yaradılan və öz fəaliyyətini çoxdan dayandırmış uşaq şəhərciyi T.Ağahüseynovun təşəbbüsü ilə bərpa edilmiş, həyata ikinci vəsiqə qazanmışdır.
Rütbələri
redaktə- Leytenant (1942)
- Mayor (1954)
- Podpolkovnik (1956)
- Polkovnik (1960)
- General-mayor (3 fevral 1968)
- General-leytenant (5 dekabr 1972)
- General-polkovnik (6 may 1980)
Mükafatları
redaktəMüharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. Qırmızı Bayraq, Oktyabr İnqilabı, Birinci Dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri onun yaxasını bəzəyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni və 31 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdur.[9]
Haqqında deyilənlər
redaktəGeneral Ağahüseynovu tanıyanlar, onunla birgə xidmət edənlər hərbi xidmətləri yanaşı onun insani keyfiyyətlərini də yüksək qiymətləndirmişlər. HHM Qırmızı Bayraqlı Bakı dairəsi hərbi Şurasının üzvləri və dairə komandanı, T.Ağahüseynov haqqında xüsusilə yüksək fikirdə olmuşlar.
General-polkovnik Fyodor Akimoviç Olifirov:
... Tofiq Yaqub oğlu inadlı əməyi, dərin biliyi, cəsarəti, böyük işgüzarlığı və tabeliyində olanlara sonsuz qayğısı ilə özünə qarşı tükənməz hörmət və məhəbbət qazanmışdı. |
General-polkovnik Stepan Karpoviç Çubarov:
... Mən general Ağahüseynovu ən müxtəlif vəzifələrdə görmüşəm və bir dəfə də eşitməmişəm ki, o kiməsə səsini qaldırsın. O sadə, qayğıkeş və diqqətcildir. Günahkarı elə formada tənbeh edir ki, ləyaqətinə və qüruruna toxunmur. Əsgərdən tutmuş generala qədər hamıya "Siz" deyə müraciət edir, təkcə elə bununla qarşılıqlı hörmət, işgüzarlıq ab-havası yaradırdı. Tofiq Yaqub oğlu əsgərlərlə ümumi dil tapmağı bacarırdı. Onlarla tez-tez ünsiyyətdə olur, necə yedizdirilmələri barədə sorğu-suala tutur, faydalı məsləhətlər verirdi. |
T.Ağahüseynovu yaxından tanıyan Sabir Ələkbərovun fikirləri də maraqlıdır. S.Ələkbərov öz xatirələrində yazır:
... 1971-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra məni Ordu sıralarına çağırdılar. Novorossiysk şəhərində - HHM Qoşunları Rostov korpusunda xidmətə başladım. Mənimlə birlikdə SSRİ-nin müxtəlif regionlarından olan millətlərin nümayəndələri, o cümlədən azərbaycanlılar da xidmət edirdilər. Vəzifələr bölüşdürüləndə mənə təsərrüfat hissəsi üzrə xidmət təklif olundu. Onda dedim ki, institutu mühəndis-radiotexnik ixtisası üzrə bitirmişəm. Cavabım polkovniki təəccübləndirdi və o soruşdu ki, mən haradanam, milliyətim nədir. Cavab verdim ki, Bakıdanam və milliyətcə azərbaycanlıyam. Polkovnik dedi ki, cənublular adətən mətbəxdə və təsərrrüfatda işləməyə üstünlük verirlər. Elə buradaca kimsə xəbərdarlıq etdi ki, ehtiyatlı olmaq lazımdır, bu sözlər Ağahüseynova çata bilər. Bu familiyanı ilk dəfə belə eşitdim. Lakin bilmirdim ki, onun bizim xidmətimizlə bağlılığı var. "Hələlik qərargahda işlə sonrasına baxarıq" - deyə polkovnik söhbətə nöqtə qoydu. Bir neçə həftədən sonra mən yüksək vəzifəli bir şəxsdən T.Ağahüseynov haqqında məlumat verməsini xahiş etdim. O təəccüblə soruşdu: "Necə yəni sən öz həmyerlin olan bu böyük şəxsiyyəti tanımırsan?". Hiss etdim ki, o mənə inanmır, zarafat etdiyimi düşünür. Ağahüseynovu tanımamağıma inanandan sonra dedi ki, Tofiq Ağahüseynov general-leytenantdır və Rostov korpusunun komandiridir. Mənə göstərilən xüsusi münasibətin səbəbini yalnız indi anladım. Həmin gündən fəxr etməyə başladım ki, həmyerlim belə yüksək rütbəyə və vəzifəyə çatıb. |
Filmoqrafiya
redaktəMənbə
redaktə- Leytenantdan general-polkovnikədək. — Bakı: "hərbi nəşriyyat", 2001. −184 səhifə
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 https://report.az/herbi-xeberler/istefada-olan-general-polkovnik-vefat-edib/.
- ↑ 1 2 "Prezidentin təltif etdiyi Tofiq Ağahüseynov kimdir?". 2018-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-11.
- ↑ "Şərəfli general ömrü — 96 yaşlı general-polkovniklə MÜSAHİBƏ". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi qeyd edilib". Yeni Azərbaycan (ingilis). 2024-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.
- ↑ "Hikmət Hacıyev Veteranlar Təşkilatının iclasında iştirak edib". Qafqazinfo (az.). 2021-01-16. 2024-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.
- ↑ "Azərbaycanlı general-polkovnik dünyasını dəyişdi". 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ İstefada olan general Tofiq Ağahüseynov DƏFN EDİLDİ
- ↑ "İlham Əliyev generalın dəfninə əklil göndərdi". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ general-polkovnik Tofiq Ağahüseynov
Xarici keçidlər
redaktə- General-polkovnik Tofiq Ağahüseynovun 95 ilik yubileyi keçirilib Arxivləşdirilib 2018-07-20 at the Wayback Machine
- 100 ilin generalı
- Tofiq Ağahüseynov — Sovet ordusunda general-polkovnik rütbəsinə qədər yüksələn azərbaycanlı
- Память о героях вечна, подвиги их бессмертны
- https://report.az/herbi-xeberler/istefada-olan-general-polkovnik-vefat-edib/