Zengezur - Wikipedia
Zəngəzur — Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi mahal. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 Azərbaycan Türkü, 91 kürd və 81 erməni kəndi var idi.[1]
Zəngəzur | |
---|---|
Ölkə |
Etimologiya
redaktə- Toponimin sonundakı "zur" türk dilində "dərə", "yarğan" mənasında işlənən car (>zar>zur -İ. B) sözünün fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
- Bölgədə Tatev monastırı adlanan köhnə bir kilsə var. Əmir Teymur bölgəni fəth etmək istədikdə ona zəngin insanları xəbərdar etdiyini və onların qarşısını aldığını söylədilər; Beləliklə, təxribatçılar göndərdi. Səhər olanda monqollar xalqın küçələrə çıxması üçün zəngi çaldı və xalq, camaat bir -birinə dedilər: Güc zəngi (zəngezor) çalındı![2]
Təbiəti
redaktəQərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib. Zəngəzurun torpağında Bazarçay axır. Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşir. Ona görə də bu əraziyə zəngi dərəsi də deyirlər. Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır. Uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 m-dir.
Tarixi
redaktəZəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən döyüşlərin məkanı olub. Zəngəzurda atəşpərəslik məbədləri yerləşirdi. Ərəblər Cənubi Azərbaycan-Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edərək Albaniyanı (Şimali Azərbaycan) zəbt ediblər.
1065-ci ildə Böyük Səlcuq İmperiyasının hökmdarı Alp Arslan Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoydu. 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu genişləndirdi və bu yerlərdə çox sayda türksoylu tayfalar məskunlaşdı.
1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ və Zəngəzuru böyük itkilər bahasına tutdu, onun qoşunlarına qarşı çox dirəniş göstərdiklərinə görə bu yerləri yağmaladı və 10 min ailəni buradan imperiyanın şərqinə — Əfqanıstana köçürmək əmri verdi. Teymurun bu yürüşünü canlı görüb yazıya alan Foma Mesoplu "Əfqan tarixi", Yesay Həsən Cəlal "Alban ölkəsinin qısa tarixi" əsərlərində bu köç haqqında məlumat veriblər. Təkcə 4 min ailə Qəndəhar yaxınlığında məskən saldı. Yerli əhali bu köçürülənləri öz adları ilə "ağvan" çağırırdı və bu ad sonra fonetik dəyişimə uğrayaraq bütöv bir xalqın və ölkənin adını, ünvanını dəyişib "əfqan" a çevirdi.
Zəngəzur Qaraqoyunlu (1410–68), Ağqoyunluların (1468–1502), 1502-ci ildə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşdü. 1420-ci ildə Ərzurumda Ağqoyunlu hökmdarı Qara Osmanı məğlub edib Naxçıvan və Zəngəzur ellərini soyurqal alan Qara İsgəndər çoxlu sayda erməni ailəsini Ararat və Sünikə köçürdüb yerləşdirdi. Osmanlı və Səfəvilər arasında Qarabağ-Zəngəzur uğrunda uzunsürən qanlı döyüşlər getdi, bu səbəbdən o dövrlərə aid "Müfəssəl dəftər"lərdə Zəngəzurun əksər yaşayış məntəqələrinin boşaldığı, əhali yaşamadığı, xarabalıqlara çevrildiyi qeyd edilib.
İstanbul Topqapı sarayı muzeyinin kitabxanasında Zəngəzur, Naxçıvan, İrəvanla bağlı müfəssəl məlumatların yer aldığı 48 səhifəlik "Rəvan mühasirəsi tarixçəsi" və "Mühimmə dəftəri"nin müəllifi Cərrahzadə Məhəmməd təsvir etdiyi hadisələrin canlı şahidi olub; I Şah Abbasın Naxçıvan və Zəngəzur uğrunda apardığı savaşlar, onun bu yerlərin müsəlman əhalisinə qarşı pis münasibəti nəticəsində hər iki vilayətin əhalisinin öz yerlərini tərk edib getdiyi faktlarla göstərilir. Zəngəzurdan daha bir kütləvi köç fərmanını I Şah Abbas (27 yanvar 1571 – 19 yanvar 1629) verib.
Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905–1907 və 1914–1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali həlak olmuşdur. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinmişdir. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilmişdir.
Bölgə Osmanlı İmperiyası ilə bağlanan müqaviləyə görə Fevral inqilabından sonra yaranan Ermənistan Xalq Cümhuriyyəti ərazisinə daxil deyil idi, ancaq bu müqaviləni tanımayan Andranik Ozanyan Osmanlı ordusundan qaçaraq bölgəni işğal etdi.
Mudros müqaviləsi əsasında osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Andranik bölgəni tərk etsə də Dronun qoşunları ərazinin bir hissəsini öz nəzarəti altında saxlaya bildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il oktyabr ayının 30-da xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlinski idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dəstənin rəisi Şıxlınskinin əmrinə əsasən, 1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi, atlı bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalıydı. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı.
1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi.
1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi.
Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu.[3] Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi.[4] Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən[5] 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.[3][6]
1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
Müasir Azərbaycan Respublikası ərazini öz torpaqları saysa da Ermənistan Respublikasına qarşı torpaq iddiası irəli sürmür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır."[7] söylərərək elan etmişdir.
Kəndlər
redaktəXX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi var idi. 1905–1907 və 1914–1920-ci illərdə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində bu mahalda çox sayda müsəlman (türklər və kürdlər) həlak olmuşdur. Həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən silinmişdir. 4472 qadın və uşaq ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilmişdir.[1]
Məscidlər
redaktə1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Saray, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36, Sürməli uyezdində 47, Şərur-Dərələyəz uyezdində 63, Novobayəzed uyezdində 14, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər məhəllənin mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
İstinadlar
redaktə- ↑ 1 2 Кавказский календарь на 1900 г., III Отдел. Статист. свед. с. 42–43, Елизаветпольская губерния. Свод статистических данных извлеченных из посемейных списков населения Кавказа., Тифлис, 1888, с. V
- ↑ Дорога Мгера. Армянские легенды и предания, Москва, 1990, стр. 22.
- ↑ 1 2 "İtirdiyimiz tarixi yurdlar: Zəngəzur". 2011-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-31.
- ↑ İ. Musayev "Azərbaycanın Naxzıvan və Zənqəzur bölgələrində siyasi vəziyət və xarici dövlətlərin siyasəti (1917–1921-ci illər)" monoqrafiyası, Bakı, 1998, с.284
- ↑ Скибицкий А. М. Карабахский кризис // Союз, 1991, № 7; Гейдаров Н.Г. В горах Зангезура. Баку, 1986, с.3
- ↑ "Zəngəzurun itirilməsindən 90 il ötür". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-01.
- ↑ "Azerbaijan President message to Armenia". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-15.
Mənbə
redaktə- Əziz Ələkbərli. Qədim türk-oğuz yurdu "Ermənistan". Bakı: Sabah, 1994.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Həbib Rəhimoğlu. Silinməz adlar, sağalmaz yaralar. Bakı: Azərnəşr, 1997.
- B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Oğuz eli, 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik, 1995.
- Vilayət Əliyev. Zəngəzurda qalan izimiz. Bakı: "Nurlan", 2004.
- Musa Quliyev. Zəngəzur. (Elmi-publisistik nəşr). Bakı, "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2005. 504 səh. ISBN — 9952–403–09 – 7
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Əliyevin Zəngəzur haqqında tarixi çıxışı – VİDEO
- Zəngəzurun tarixi Arxivləşdirilib 2019-12-04 at the Wayback Machine
- Zəngəzur həmişə Heydər Əliyevin diqqətində idi Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine
- Xarici İşlər Nazirliyi, Qədim Azərbaycan Arxivləşdirilib 2008-07-29 at the Wayback Machine