Bilesuvar Rayonu - Wikipedia
Biləsuvar rayonu (əvvəlki adı: Puşkin rayonu) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.[1] Mərkəzi Biləsuvar şəhəridir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Puşkin rayonunun tarixi adı özünə qaytarılaraq, Biləsuvar rayonu adlandırılmışdır.[2]
Rayon | |
Biləsuvar rayonu | |
---|---|
39°26′ şm. e. 48°31′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Şirvan-Salyan |
İnzibati mərkəz | Biləsuvar |
İcra başçısı | Faiq Qürbətov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Hündürlük | 12 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-BIL |
Telefon kodu | 25 |
Poçt indeksi | 1300 |
Avtomobil nömrəsi | 12 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBiləsuvar rayonu Azərbaycanın zəngin tarixi keçmişi olan ərazilərdən biridir.
İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır.1288-1290-cı illərdə Qızıl Ordu qoşunlarının Azərbaycana hücumu zamanı Elxani hökmdarı Arqun xanın (1282-1291) hərbi düşərgəsi Biləsuvarda idi. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya İmperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə bu imperiya cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20–40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir.
1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 7 fevral 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdır[3].
Tədqiqatçı Sabir Nəsiroğlu "Sehrli diyarın sirri" adlı qısaldılmış tarixi monoqrafiyasında və "Həməşəradan gələn səslər" kitabında tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın – bilyər və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğun gəlir.
Xalq etimologiyasına görə isə ərazi öz adını "belə", "su", "var" sözlərinin birləşməsindən almışdır. Yerli əhali də bu versiyaya daha çox üstünlük verir.
Coğrafi mövqeyi
redaktəBiləsuvar rayonunun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlilabad rayonu ilə 54 km, qərbdən isə İran İslam Republikası ilə 64 km məsafədə həmsərhəd olmaqla, ümumi sərhəd dairəsinin uzunluğu 241 km-dir.
Biləsuvar beynəlxalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1358 kvadrat kilometrdir. Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı – Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.
Ümumi ərazi, [kv.km] | 1358.00 |
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] | 1129.29 |
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] | 202.53 |
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] | 562.10 |
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] | 425.31 |
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] | 12.00 |
Şoran torpaqların ümumi sahəsi, [kv.km] | 26.07 |
Relyefi
redaktəRayon ərazisindən keçən Bolqarçay mənbəyini İran İslam Respublikasından götürməklə, mənsəbi Mahmudçalada bitir. Mənbəyinin Araz çayından götürən uzunluğu 101 km olan Əzizbəyov adına kanal rayon əhalisinin içməli suya olan təlabatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir. Rayonun qərb hissəsində şabaladı və açıq şabalıdı torpaqlar olmaqla, müəyyən hissəsi qeyri şorəkət və az miqdarda şorakət torpaqlardır.Bitki örtüyündə çöl formasiyası geniş yer tutur.Quru çöl bitkiləri (şahsöyüdü, yolğun və s.), kollar vardır.Rayonun çöl düzündə Mahmudçala ovalığı yerləşir.[4]
Təbiəti
redaktəRayon ərazisində ən çox rast gələn heyvan növləri canavar, tülkü, boz dovşan, çölsiçanı və çaqqal, quşlardan kəklik, qırqovul, göyərçin, su quşları və s. var. Əsasən şabalıdı və açıq şabalıdı torpaqlar geniş yayılmışdır. Müəyyən hissəsi az miqdarda şorakət torpaqlardır.
İqlimi
redaktəRayonun iqlimi isti və quru iqlimdir. İyul ayında orta temperatur +35 °C olur. Qışı mülayim keçir. Yanvar ayının orta temperaturu +7 °C. Yağıntıların miqdarı ildə 220–275 mm təşkil edir.
Yaşayış məntəqələri
redaktəAran iqtisadi rayonunda yerləşən Biləsuvar 1 şəhər və 25 kənddən ibarətdir. İri yaşayış məntəqələri Biləsuvar şəhəri, Xırmandalı, Bəydili və İsmətli kəndləridir.
Əhalisi
redaktəƏhalinin ümumi sayı | 105100 |
Şəhər əhalisinin sayı, nəfər | 23.200 |
Kənd əhalisinin sayı, nəfər | 81.900 |
Əhalinin orta sıxlığı, nəfər/1 kv.km | 67.2 |
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] | 48.4997 |
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] | 51.5003 |
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] | 32.3815 |
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] | 36.0375 |
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55–60-a), [%] | 53.4248 |
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] | 6.3946 |
Ali təhsilli əhalinin sayı, [%] | 3.9991 |
Orta təhsilli əhalinin sayı, [%] | 41.0881 |
Məskunlaşmış qaçqınların sayı | 0 |
Məskunlaşmış məcburi köçkünlərin sayı | 12612 |
2019-cu ildə Biləsuvar rayonunda 1724 körpə doğulmuş, əhalinin hər min nəfərinə hesabı ilə bu göstərici 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 17,5-dən 16,5-ə qədər azalmışdır. 2019-cu ildə Biləsuvar rayonunda 496 ölüm halı qeydə alınmış, əhalinin hər min nəfərinə hesabı ilə ölümlərin sayı 2018-ci illə müqayisədə 4,8-dən 4,7-yə qədər aşağı düşmüşdür. 2019-cu ildə rəsmi orqanlar tərəfindən rayonda 715 nikah bağlanmış və 99 boşanma faktı qeydə alınmışdır. Əhalinin hər min nəfərinə hesabı ilə 2018-ci ilə nisbətən nikahların sayı 6,3-dən 6,8-ə qədər, boşanma faktlarının sayı isə 0,8-dən 0,9-a qədər, yəni 12,5 faiz artmışdır.
2019-cu ildə 126 nəfər rayon ərazisinə daimi yaşamaq üçün gəlmiş, 48 nəfər isə qeydiyyatdan çıxıb getmişdir. Rayon üzrə miqrasiyanın saldosu müsbət 78 nəfər olmuşdur.[5]
Görkəmli şəxsləri
redaktə- Ağayar Şükürov — fəlsəfə elmləri doktoru, professor.
- Ələddin Eyvazov — Aqrar elmlər üzrə fəlsəfə doktoru.
- Mübariz İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı.
- Rəşad Mahmudov — Tovuz döyüşləri şəhidi.
- Fikrət Cahangirov — Filologiya elmləri doktoru, professor, dekan.
- Rizvan Abasov — Azərbaycan Respublikasının Əməkdar Mühəndisi.
- Azad Abışov — Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor.
- Cəmil Həsənli — Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrasının professoru;Milli Şuranın sədri, 2013-cü il prezident seçkilərində prezidentliyə namizəd.
- Kamil Mənsimov — fizika-riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasının müdiri.
- Əhmədağa Muğanlı — Yazıçı, ssenarist.
- Əlibala Hacızadə — Yazıçı.
- Ramiz Novruzov — Aktyor, xalq artisti.
- İntiqam Hacılı — Kinematoqrafçı, rejissor, prodüser. Beynəlxalq kino festivalların iştirakçısı.
- Pərviz Cəbrayıl — Yazıçı.
- Gündüz Ağayev — Rəssam.
- Qızqayıt Həsənova — Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü.
- Ərəstun Məmmədov — Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü.
- Hikmət Mirzəyev — General — leytenant, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahı tabeçiliyində Xüsusi Təyinatlı Qüvvələrin komandiri.
İqtisadi xarakteristikası
redaktəRayonun iqtisadiyyatını əsasən kənd təsərrüfatı təşkil edir. Son illərədə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində Biləsuvar rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalı edən sənaye müəssisələri yaradılmışdır ("Biləsvar-Aqro" süd emalı zavodu, "Natural Qreland MMC"-nin konsevr zavodu). Bundan əlavə rayonda mebel fabriki, beton zavod fəaliyyət göstərir. 2010-cu ildə rayonda ümumi məhsul buraxılışının həcmi 127246,9 min manat, adam başına düşən ümumi məhsul buraxılışının həcmi 1.408 manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində sənaye məhsulunun həcmi 5823,1 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 66.687 min manat təşkil etmiş, həmçinin pərakəndə əmtəə dövriyyəsi 27165.5 min manat, əsas kapitala yönəldilmiş investisyanın həcmi 27586.5 min manat olmuşdur.
Kənd təsərrüfatı
redaktəBiləsuvar rayonu əsasən kənd təsərrüfatı rayonudur. Rayonda əkinçilik, heyvandarlıq və quşçuluq geniş inkişaf etmişdir. 2010-cu ildə rayonda 41.314 ton taxıl istehsal olunmuşdur. Bunun 22.858 tonu buğda, 18.454 tonu isə arpa məhsuludur. Rayon üzrə orta məhsuldarlıq 15 sentner olmuşdur. Məhsuldarlığın az olmasının səbəbi aramsız yağan yağışlar olmuşdur. Pambıqçılığın inkişaf etdirilməsində müəyyən işlər görülmüşdür. İl ərzində 4750 hektar pambıq əkin sahəsindən 5.677 ton xam pambıq istehsal edilmişdir. Rayon üzrə orta məhsuldarlıq 12 sentner olmuşdur. Heyvandarlıq sahəsində iri buynuzlu mal qaranın sayı 39.081 baş, xırda buynuzlu mal qaranın sayı isə 134.524 baş olmuşdur. 2010-cu ildə 2.851 ton ət, 23.573 ton süd, 270 ton yun və 9.905 min ədəd yumurta istehsal edilmişdir.
Digər
redaktəTəhsil
redaktəBiləsuvar rayonunda 26 tam orta məktəb, 10 ümumi orta məktəb, 2 məktəbdənkənar təhsil müəssisəsi, 2 uşaq incəsənət məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi var.
Səhiyyə
redaktəBiləsuvar rayonunda 3 xəstəxana, 14 həkim ambulatoriyası, 6 həkim məntəqəsi var.
Gənclər
redaktəBiləsuvar rayonu 2013-cü ilin Gənclər Paytaxtı seçilmişdir.[6]
2018-ci ildə Gənclər Evi fəaliyyətə başlayıb.[7]
Qeyri-hökumət təşkilatları
redaktə- "Biləsuvar Yeniyetmə və Gəncləri" ictimai birliyi
- "Dünyaya Pəncərə Biləsuvar Gənclərinin" ictimai birliyi
Maddi-mədəni irsi
redaktəBiləsuvar rayonunda 1 memarlıq, 12 arxeoloji tarixi və memarlıq abidəsi var. Bunlar keçmiş Biləsuvar yaşayış məntəqəsi ərazisində "Şəhriyar qalası" memarlıq abidəsindən, həmçinin Bədilli kəndi ərazisində tunc dövrünə aid 7 Kurqan təpəsi, Təzəkənd kəndi ərazisində tunc dövrünə aid 2 Kurqan (qoşatəpə), dəmir dövrünə aid "Torpağay təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə aid Ağdam qalası, yenə həmin ərazidə orta əsrlərin əvvəllərinə aid "Çöl Ağdam şəhərciyi" və "İçəri Ağdam yaşayış ərazisində" arxeoloji abidələrindən ibarətdir.Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Biləsuvar rayonunda apardığı arxeoloji kəşfiyyat işləri zamanı orta əsrlərə aid bir neçə qədim abidə, eyni zamanda, qədim şəhərin qalıqlarını aşkarlayıb. Biləsuvar rayonunda arxeoloji qazıntı aparılan zaman "Çöl Ağdam qalası", "İçəri Ağdam qalası", orta əsrlər Şəhriyar şəhərinin qalıqları, rayonun İsmətli kəndində orta əsr yaşayış yeri və kurqanı, Səmədabad kəndində orta əsr yaşayış yeri və s. aşkarlanıb.İndiyədək Şəhriyar şəhəri haqqında məlumatlar olsa da, bununla bağlı arxeoloji qazıntılar aparılmayıb.
Rayon mərkəzi Biləsuvar şəhərində və Xırmandalı kəndində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirə abidələri, həmçinin rayon mərkəzindəki H.Əliyev adına İdman və Sağlmlıq Kompleksi ərazisində Qarabağ uğrunda həlak olmuş şəhidlərə və 20 Yanvar şəhidlərinə xatirə kompleksi və Dərvişli kəndində 20 Yanvar şəhidlərinə xatirə kompleksi abidələri ucaldılmışdır.[8]
İdman
redaktəBiləsuvar Olimpiya İdman Kompleksi 2008-ci il oktyabrın 7-də istifadəyə verilib. 6,5 hektar ərazidə yerləşən Kompleksə 910 tamaşaçı tutan əsas idman salonu, 25 metrlik üzgüçülük hovuzu, müasir idman avadanlığı quraşdırılmış kiçik və böyük trenajor zalları, məşq zalları, şahmat otağı, stolüstü tennis salonu və yardımçı otaqlar daxildir. Yüz nəfərlik yeməkxanası olan kompleksin ərazisində 50 yerlik mehmanxana, habelə ikimərtəbəli iki kottec də tikilib.Müasir standartlara cavab verən kompleksdə mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli yarışların keçirilir.[9]
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı" (az.). e-qanun.az. 1991. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
- ↑ "Biləsuvar rayonu". 2012-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-11.
- ↑ "Biləsuvar rayon İcra Hakimiyyəti — Əhalisi". 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-20.
- ↑ "Gənclər paytaxtı". 2020-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-20.
- ↑ Biləsuvarda Gənclər Evi açılıb "Biləsuvarda Gənclər Evinin açılması" (#bad_url) (az.). azertag.az. İstifadə tarixi: 2020-07-21.
- ↑ "Tarixi və memarlıq abidələri haqqında məlumat". 2012-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-11.
- ↑ "Biləsuvar rayon İcra Hakimiyyəti". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-20.
Mənbə
redaktə- ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 51