Ii Ebdulmecid - Wikipedia
II Əbdülməcid[4] və ya Əbdülməcid Əfəndi (osman. عبد المجيد افندی; türk. Abdülmecid Efendi)[5] (29 may 1868[1][2], Beşiktaş, İstanbul ili – 23 avqust 1944[1][3][…], Paris) — Osmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə.
II Əbdülməcid | |
---|---|
osman. عبد المجید ثانى türk. II. Abdülmecid | |
19 noyabr 1922 – 3 mart 1924 | |
Əvvəlki | VI Mehmed |
Sonrakı | xilafət ləğv edildi |
Osmanlı sülaləsinin 2-ci rəisi (sürgündə) | |
16 may 1926 – 23 avqust 1944 | |
Əvvəlki | VI Mehmed |
Sonrakı | Əhməd Nihad Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 may 1868[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 23 avqust 1944[1][3][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam |
Atası | Əbduləziz |
Anası | Heyranıdil Qadınəfəndi |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər. Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı.
Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 saylı qanun qəbul edildi və qüvvəyə mindi. Qanuna əsasən, Osmanlı xanədanının bütün üzvləri birbaşa ölkədən deportasiya edildilər; həmin axşam Əbdülməcid ailəsi və qulluqçuları ilə birlikdə İsveçrəyə sürgün edildi.
İsveçrədəki həyat Əbdülməcid üçün çox baha başa gəldi və bunun üçün o, Londona köçməyi qərara aldı, ona artıq Heydərabad nizamı Mir Osman Əli xan Siddiqidən annuitet təyin edilmişdi. Bu zaman keçmiş xəlifə siyasətə marağını itirmişdi və siyasətdən çəkilərək əlavə məşğuliyyətlərini yerinə yetirirdi; rəsm çəkir, musiqi ilə məşğul olurdu. Əbdülməcid 1931-ci ildə qızının toyundan sonra Nitsaya, sonra isə Parisə köçdü və 13 il orada yaşadıqdan sonra 76 yaşında öldü.
Bioqrafiya
redaktəDörd sultanın hakimiyyəti dövründə
redaktəƏbdülməcid 1868-ci il mayın 29-da (bəzi mənbələrə görə 30 may)[6] İstanbulda yerləşən Dolmabaxça sarayında Sultan Əbdüləzizin on üç uşağının yeddincisi[7] və altı oğlunun dördüncüsü olaraq doğulmuşdur. Şahzadənin anası çərkəz Heyranıdil Qadınəfəndi idi.[8] Bütün bacı-qardaşlar arasında Əbdülməcidin anaayrı olmayan bir bacısı var idi ki, o da özündən 2 il əvvəl doğulan Nazimə Sultan idi.[9] Əbdülməcid Avropa təhsili almışdır.
1876-cı ilə qədər Əbdülməcidin atasının hakimiyyətindən narazılıq pik həddə çatmışdı və nəticədə ona qarşı sui-qəsd baş verdi. 1876-cı il mayın 10-da keçmişdə sədrəzəm olmuş və sonra da sədrəzəm seçiləcək olan Mehmed Rüşdü Paşa, hərbi nazir Hüseyn Avni Paşa, şeyxülislam Həsən Xeyrullah Əfəndi və portfelsiz vəzir Midhat Paşanın başçılıq etdiyi inqilabçılar sultanı devirdilər. 12 mayda inqilabçı sui-qəsdçilər tərəfindən məclis çağırıldı və qərara alındı ki, Əbdüləziz daha Osmanlı taxtında oturmağa qadir və layiq deyil. 29 maydan 30 maya keçən gecə, Əbdülməcidin ad günündə[10] atası Dolmabaxça sarayına aparıldı.[11] Keçmiş sultanın ailəsinin əmlakı müsadirə edildi. Sonra Əbdülməcidin atası — keçmiş sultan Əbdüləziz Topqapı sarayına aparıldı, çünki, Şahzadə Murad sultan seçilərək Dolmabaxça sarayına gətirilmişdi, sonra keçmiş sultan V Murad və müşavirlərinin icazəsini alaraq ailəsiylə birgə Feriye sarayına köçdü. 4 iyun 1876-cı ildə Əbdülməcidin atası Feriye sarayında ölü tapıldı; Əbdüləzizin cəsədi bir neçə həkim tərəfindən müayinə olundu və devrilmiş Sultanın intihar etdiyi rəsmi olaraq elan edildi, lakin sonradan, 1881-ci ildə onun sui-qəsdçilər tərəfindən öldürüldüyü sübuta edildi.[12] Atasının ölümündən və əmisi oğlu V Muradın devrilməsindən sonra bir müddət Əbdülməcid ailəsi ilə birlikdə Feriye sarayında qaldı.
1912-ci ilin ortalarında Osmanlı hökumətinin alban üzvü Bəsri bəy Avstriya-Macarıstan səfiri İohan fon Pallaviciniyə albanların Osmanlı şahzadəsinin başçılıq etdiyi müstəqil dövlət qurmaq istədiklərini söylədi, onlar Əbdülməcid Əfəndinin yeni dövlətin başına keçməsini istəyirdilər. Ən uyğun namizəd o idi, çünki bütün şahzadələr arasında ən çox qərbləşən və avropalaşan, qərb tərzində tərbiyəsi və təhsili olan o idi, lakin İtaliya bu fikrə qarşı çıxdı, nə Əbdülməcidi, nə də başqa bir Osmanlı şahzadəsini Albaniyanın başçısı kimi qəbul etməyəcəyini bildirdi. Avstriya-Macarıstan İtaliyanın mövqeyini dəstəklədi.[13]
Taxt-tacın varisi
redaktəXVII əsrin əvvəllərində meydana çıxan varislik prinsipinə görə, Osmanlı taxt-tacını sülalənin kişi cinsindən olan ən yaşlı nümayəndəsi miras alırdı; Əbdülməcidin əmisi oğlu Şahzadə Əbdülhəmid daha yaşlı olduğundan V Muraddan sonra yeni sultan o oldu. O zaman Əbdülməcidin taxt-taca sahib olmaq şansı az idi: o, beş əmisi oğlundan və iki böyük atabir və ana ayrı qardaşından sonra varislik iyerarxiyasında səkkizinci yeri tutmuşdu. 1909-cu ildə II Əbdülhəmid devrildi və onun kiçik qardaşı V Mehmed hakimiyyətə gəldi; o vaxta qədər Əbdülməcid sonradan Sultan olmuş əmisi oğlu Mehmed və rəsmi versiyaya görə 1916-cı ildə intihar edən ögey qardaşı Yusuf İzzəddindən sonra taxt-taca varislik xəttində üçüncü yerdə idi. Beləliklə, o, VI Mehmed dövründə taxta bir addım da yaxınlaşacaqdı.[14]
1918-ci il iyulun 4-də VI Mehmed taxt-taca çıxdı, praktiki olaraq heç bir gücə sahib deyildi; ölkəni bu vaxta qədər xalqın dəstəyini itirmiş Ənvər Paşanın başçılıq etdiyi "Gənc türklər" hərəkatı idarə edirdi. Sülalənin taxt hüququna malik ən yaşlı kişi nümayəndəsi olan qırx yaşlı Əbdülməcid vəliəhd elan edildi.[15] 1918-ci ilin yayında imperiyanın hərbi-siyasi vəziyyəti son dərəcə çətin idi; oktyabr ayında hökumət ölkənin Birinci Dünya müharibəsindən çıxmasını təsdiq edən və imperiyanın sonunu yaxınlaşdıran Mudros müqaviləsini imzaladı. 3 noyabrda "Gənc türklər"in çoxu ölkədən qaçdı, 14 noyabrda imperiyanın paytaxtı İstanbul Antanta dövlətləri tərəfindən işğal edildi və Osmanlı dövləti müttəfiqlərin əlində marionet dövlətə çevrildi. Sultanın hərəkətləri xalq tərəfindən tənqid olundu.
Atəşkəs dövründə sultanla vəliəhd Əbdülməcid arasında fikir ayrılığı var idi. Əbdülməcid Əfəndi vəliəhd kimi sultanı tənqid edən məktublar yazır, ona xəbərdarlıq edirdi. Bunlardan birincisini 1919-cu il yanvarın 18-də yazmış, Tofiq Paşa Hökumətinin zəifliyindən şikayət etmiş və Səltənət Şurasının çağırılmasını təklif etmişdir. O, 1919-cu il mayın 26-da Səltənət Şurasının iclasında iştirak etdi, lakin oradakı vəziyyət onu qane etmədi. Paris Sülh Konfransında türk millətinin hüququnun qorunması üçün ABŞ Prezidentinə, İngiltərə və İtaliya kralına, Fransa Baş nazirinə teleqramlar göndərdi. Fransanın Xarici İşlər naziri Pişonun "Osmanlı dövlətinin həyati maraqlarına toxunan heç bir şeyə laqeyd yanaşmayacağıq" cavabı mətbuatda öz əksini tapıb. Fransanın bu cavabı İngiltərə tərəfindən "yersiz" olaraq qiymətləndirilib. ABŞ Əbdülməcid Əfəndiyə verdiyi cavabda teleqramın alındığını və Paris Sülh Konfransında Osmanlı nümayəndə heyətinin dinləniləcəyini bildirdi. Əbdülməcid Əfəndi ikinci məktubunu 12 iyun 1919-cu ildə Sultan Vahidəddinə göndərdi.[16] Məktubda Paris Sülh Konfransında Osmanlı imperiyasına təqdim edilən sülh şərtlərinin Türkiyə üçün ölüm hökmü olduğu vurğulanıb və Sultan Vahidəddindən bunun qəbuledilməz olduğunu Antanta dövlətlərinə bildirməsini istəyib. Vəliəhd Əbdülməcid eyni zamanda Anadoluda millətçilərlə hökumət arasındakı mübarizəyə son qoyulması, şahzadələrdən birinin başçılığı ilə Anadoluya bir heyət göndərilərək tərəflərin sakitləşdirilməsi lazım olduğunu da yazıb və Tofiq Paşanın sədrliyi ilə Paris Sülh Konfransına müdrik dövlət xadimlərindən ibarət nümayəndə heyəti göndərməyi təklif edib.
Lakin Kürəkən Fərid Paşa Paris Sülh Konfransına gedib müvəffəqiyyətsizliklə qayıtdıqdan sonra vəliəhd Əbdülməcid Əfəndi 16 iyul 1919-cu ildə Sultan Vahidəddinə üçüncü məktubunu yazdı və bu məktub da mətbuata daxil oldu. Yeddi maddədən ibarət olan məktubda sultanın siyasi partiyalar və fikirlər qarşısında tərəfsizliyi, seçkilərin dərhal keçirilməsi, iqtidar sahibləri və dövlət xadimləri ilə birgə çalışaraq bu günün şərtlərinə uyğun bir təklifin hazırlanması, bu təklifin ictimaiyyətə açıqlanması, tərəflər arasındakı düşmənçiliyin bir kənara qoyulması, etibarlı bir hökumətin qurulması, ümumi əfv elan edilməsi, Anadoluda qurulan cəmiyyətlərin tələblərinin araşdırılaraq ağlabatan tələblərinin yerinə yetirilməsi, birlik və həmrəyliyin təmin edilməsi təklif olunurdu. Əbdülməcid əhali arasında artan nifrətin azaldılmasının vacibliyini də vurğulayırdı. Əbdülməcid tez-tez Kürəkən Fərid Paşa hökumətinə müxalif fikirlər səsləndirirdi.[17]
Əbdülməcid Əfəndi 29 iyul 1919-cu ildə saraya gedərək bu düşüncələrini birbaşa padşaha ərz etmiş və Kürəkən Fərid hökumətinin buraxılmasını istəmişdir. 8 avqust 1919-cu ildə İngilis Ali Komissarlığının baş tərcüməçisi Rayan Əbdülməcid Əfəndiyə xəbərdarlıq etmək üçün göndərildi. Rayanı qəbul edən vəliəhd ona dedi:
Türk millətinin çoxluq təşkil etdiyi bu torpaqlarda xalq türk idarəçiliyi görmək istəyir. Bunun müqabilində Anadolunun bölünməsi, İzmir faciəsi var ortada. Qısa zamanda yunanlar 20 min türkü qəssab kimi doğradılar. Xalq Mustafa Kamal, Rauf (Orbay) və dostlarına etibar edirsə, bunun səbəbi arzularının İstanbul hökuməti tərəfindən gerçəkləşməməsidir! |
Əbdülməcid Əfəndinin Anadoluya keçəcəyi ilə bağlı söz-söhbətlər uzun müddət İngiltərə, Fransa və İtaliya kəşfiyyat orqanlarının hesabatlarına mövzu olmuş, vəliəhdin ofisi nəzarət altında saxlanılmışdır. 27 sentyabr 1920-ci ildə Əbdülməcid Əfəndi xarici kəşfiyyatçılar tərəfindən 38 günlük göz həbsinə məhkum edilmişdir, çünki ingilis hökuməti İstiqlaliyyət müharibəsində taxt vəliəhdinin iştirak etməsini doğru hesab etmirdi.[18] Heç kimin içəri girməsinə və çıxmasına icazə verilmirdi və Əbdülməcid Əfəndi tam nəzarət altında idi. Bu vəziyyət qarşısında Əbdülməcid Əfəndi 1920-ci il sentyabrın 16-da yenidən Sultan Vahidəddinə sərt şəkildə məktub yazaraq ona qarşı tətbiq edilən haqsız və ədalətsiz rəftarın dərhal dayandırılmasını və bundan sonra Kürəkən Fəridə heç bir səlahiyyət verməməsini tələb etdi. Bu məktuba baxmayaraq göz həbsi daha bir ay davam etdi və bu, vəliəhd ilə sultan arasındakı münasibətlərin daha da pisləşməsinə səbəb oldu.
25 – 26 aprel 1921-ci ildə Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi gizli şəkildə İneboludan Ankaraya getmək fikrinə düşdü. Mustafa Kamal Paşa ona teleqram göndərdi.[19] Teleqramda xahiş edirdi ki, Əbdülməcid Ankaraya getməsin. Çünki əgər Əbdülməcid Ankaraya səfər etsəydi, ictimaiyyətdə fövqəladə problemlər yaranar, səltənət mənsubları arasında bəzi yanlış təsəvvürlərə səbəb olardı.
Əbdülməcid Əfəndi bu teleqramdan sonra İstanbulda qalmağa məcbur oldu, lakin iki yavərini Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmək üçün cəbhəyə göndərdi. Yavərlərindən biri Kazım Qarabəkir Paşa, digəri isə İsmət Paşa idi.
Əbdülməcid Əfəndi Anadoludakı mübarizəyə qatıla bilmədi, ancaq İstanbulda fəxri rəhbəri olduğu Qızıl Aypara Cəmiyyəti vasitəsilə Anadoludakı əsgərlərə, qazilərə, mühacirlərə və qurbanların ailələrinə kömək edirdi. Qurtuluş müharibəsi üçün təşkil edilən şənlik, məclis, mövlud daxil olmaqla bütün tədbirlərə qatılırdı. O, 13 yanvar 1920-ci ildə 150 min nəfərin iştirakı ilə keçirilən Sultanəhməd mitinqini öz avtomobili ilə izləmiş və mitinqdə çıxış etmişdir.[20] Əslində, Əbdülməcid Əfəndinin Qurtuluş savaşını dəstəkləyən mövqeyi TBMM-nin onu xəlifə seçməsinin ən mühüm səbəblərindən biri idi.[21]
Xəlifəliyi
redaktəTBMM 1922-ci il noyabrın 1-də Ankarada İstanbul hökumətini bitirmək üçün Səltənətin və Xilafətin ləğvi barədə qərar qəbul etdi. İclasda həmçinin qərara alındı ki, Osmanlı xilafətinə hakim sülalədən olan, əxlaq baxımından ən layiqli şəxs rəhbərlik etsin, lakin noyabrın 1-də Sultan VI Mehmed xəlifə titulundan məhrum edilməmişdi və noyabrın 3-də cümə namazında belə xəlifə kimi iştirak edirdi. Nəhayət, noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi VI Mehmedi həm sultan, həm də xəlifə titulundan məhrum etdi və ertəsi gün keçmiş sultan ölkəni tərk etdi.[22][23]
1922-ci il noyabrın 19-da (digər mənbələrdə 18 noyabr) Türkiyə Böyük Millət Məclisi keçirilən seçkinin nəticəsinə əsasən bu titula ən layiqli olduğu bildirilən Əbdülməcidi xəlifə seçdi.[24][25] Əbdülməcid 24 noyabrda Topqapı yaxınlığındakı Peyğəmbər Cübbəsi məscidində (türkcə "Hırka-i-Şerif" adlanır) xilafətə biət etdi.[26] Mərasimdə bir çox dövlət adamları, o cümlədən Ankaradakı hökumət nümayəndələri — Refət Paşa və Xoca Müfid Əfəndi də iştirak edirdi. Əbdülməcidin xəlifə seçildiyi gün keçirilən yığıncaqda ilk dəfə ərəbcə deyil, türkcə dua oxundu. Həmçinin, Fateh məscidində yeni xəlifə adından ilk dəfə olaraq Müfid Əfəndi türkcə xütbə oxudu. Bundan sonra Əbdülməcid ona göstərilən etimada görə məclisə təşəkkür etdi.[27]
Tezliklə Əbdülməcid bəzi çətinliklərlə qarşılaşdı: o, xəlifə — "Allahın elçisinin xələfi" titulundan istifadə etmək istədi, atası Əbdüləziz kimi eyni anda həm sultan, həm də xəlifə olmaq istədi, lakin Mustafa Kamal Paşa ona "möminlərin xəlifəsi" titulunun verilməsində israr etdi ki, bu da sultanlıq və xilafətin ayrılmasını vurğulayacaqdı.[28] Eyni zamanda 1923-cü il dekabrın 21–27-də yığıncaq keçirildi və orada xəlifə Əbdülməcidin səlahiyyətləri təsdiq edildi. Yanvarın 3-də xəlifə Əbdülməcid tərəfindən Mustafa Kamala "xilafətin xilaskarı" adı verildi. 15 yanvar tarixində Türkiyə Böyük Millət Məclisi növbəti iclasında xilafətin saxlanmasının məqsədəuyğunluğu məsələsini müzakirəyə çıxardı.
1923-cü il oktyabrın 29-da Osmanlı dövləti fəaliyyətini dayandırdı və onu Türkiyə Respublikası əvəz etdi, xilafətə ehtiyac aradan qalxdı. Qəzetlər Əbdülməcidin xəlifəlik səlahiyyətlərini könüllü olaraq ləğv etdiyinə dair başlıqlarla dolu idi, amma Əbdülməcid buna cavab olaraq heç bir şey demədi. 5 dekabr 1923-cü ildə Böyük Britaniyanın İslam icmasının qəzeti Əbdülməcidin və bütövlükdə xilafətin müdafiəsi ilə bağlı məqalə dərc etdi. Xilafət tərəfdarları Türkiyənin özündə qaldı. Buna baxmayaraq 3 mart 1924-cü ildə 431 saylı qanun qüvvəyə mindi və beləliklə, həm Xilafət ləğv edildi,[29] həm də Osmanlı sülaləsinin bütün üzvləri birbaşa ölkədən deportasiya edildilər. Həmin axşam Əbdülməcidi, oğlunu, qızını, həyat yoldaşlarını, müəllimi Saleh Kəramət Nigarı (şairə Nigar xanımın oğlu), şəxsi katibi Hüseyn Nəqibi və həkim Səlahəddin bəyi avtomobilə mindirərək Çatalcaya qədər apardılar. Onlar sonra qatara mindirildilər. Keçmiş xəlifənin ailəsinə Çatalca rayonunun icra başçısı tərəfindən içində 2000 funt-sterlinq olan bir zərf verilmişdi, həmçinin, onların İsveçrə vizası alması və Alp dağlarındakı otellərdən birində istirahət etməsi də hökumət tərəfindən təmin edilmişdi.[30][31]
Sürgünlük həyatı və ölümü
redaktəAvropaya hər zaman hərarətlə yanaşan Əbdülməcid otelə daxil olduqdan sonra Xilafətin tarixini ondan öyrənmək həvəsində olan çoxsaylı jurnalistlər onun olduğu yerə axın etməyə başladılar. Eyni zamanda keçmiş xəlifəyə müsəlman dünyasından çoxsaylı teleqramlar gəlmiş, bu teleqramlarda ona rəğbət ifadə edilmiş və Türkiyədən ən son xəbərlər çatdırılmışdır. Əbdülməcid bütün teleqramlara cavab verməyə çalışmış və hətta 1924-cü il martın 11-də TBMM-nin qərarını əsassız və rüşvətə əsaslanan bir qərar hesab edərək tanımadığı ilə bağlı rəsmi açıqlama vermişdir; həmçinin bütün İslam dünyasının onu dəstəklədiyini və ondan yardım gözlədiyini bildirmişdir. Bu bəyanat Əbdülməcidin yerli hökumət rəsmisi tərəfindən ziyarət edildiyindən və Türkiyə hökumətinin bəyanatını keçmiş xəlifəyə çatdırdığından bir neçə gün sonra yayımlandı, İsveçrə elçisi də Əbdülməciddən öz ifadələrində ona sığındığı ölkəni qeyd etməməyi xahiş etdi.
Əbdülməcidin və ailəsinin İsveçrədəki xərcləri çox böyük idi və o, Saleh Kəraməti Parisə köçürmək üçün göndərdi, lakin Saleh yalnız Londona köçməyi təşkil edə bildi. Londonda Heydərabad nizamı Mir Osman Əli xan Siddiqi məhsuldar bir ittifaq ümidi ilə vəkili vasitəsilə Əbdülməcidə ayda 300 funt-sterlinq maaş təyin etdi.[32] 1924-cü ilin oktyabrında Əbdülməcid ailəsi ilə birlikdə Fransaya getməyə müvəffəq olur və orada — Nitsada məskunlaşır. Burada Əbdülməcid Dürrüşəhvar Sultanın Heydərabad nizamının oğlu Azəm Caha verilməsiylə və Nilufər Sultanın Müəzzəm Cahla evlənməsiylə razılaşır. Qızının 1931-ci il noyabrın 12-də kəsilən kəbini Əbdülməcidin maddi vəziyyətini yaxşılaşdırmağa imkan vermişdi. Bu zaman ərzində keçmiş xəlifə siyasətdən çəkilmiş, ibadət, rəsm və musiqi ilə məşğul olmuşdu.
Əbdülməcid 19 iyun 1939-cu ildə sağlamlıq problemlərinə görə Nitsadan Parisə köçdü.[33] Parisdə kitabxana, muzey və konsertlərdə olmuş, hər cümə günü "Pleys Monqe"də yerləşən Paris məscidini ziyarət edərək müsəlmanlarla əlaqədə olmuşdur. Əbdülməcid 23 avqust 1944-cü ildə Nasist Almaniyası Parisi tərk etdiyi zaman həmin şəhərdə ürək tutmasından[34] vəfat etmişdir. Əbdülməcid qalan qohumları ilə birlikdə İstanbulda dəfn edilməsini istəsə də, Saleh Kəramət Türkiyə rəsmiləri ilə danışıqlar apara bilmədi. Dürrüşəhvar Sultan şəxsən respublika Prezidenti İsmət İnönü ilə görüşsə də, atasının cənazəsinin daşınması və vətənində dəfn edilməsi məsələsində razılığa gələ bilmədi. Əvvəlcə Paris məscidində dəfn edilən Əbdülməcid Əfəndinin cənazəsi 30 mart 1954-cü ildə Mədinəyə köçürüldü.[35]
Məşğuliyyətləri
redaktəƏbdülməcid böyük rəsm həvəskarı idi.[36] O, Osmanlı Rəssamlar Cəmiyyətinin sədri idi. Dövrünün tanınmış rəssamlarından, xüsusilə də Osman Hamdi Bəydən rəsm dərsi almışdır. Fateh Sultan Mehmedin portreti ilə tanınan rəssam Fausto Zonaro ilə dost olaraq rəssamlıq fəaliyyətində onun yolunu izləmişdir.[37] Əbdülməcid Əfəndi Osmanlı səltənətinin son dövrünün ən mühüm sənətçilərindən biri hesab olunur.[38][39] Onun çəkdiyi rəsmlərin əksəriyyəti İstanbuldakı şəxsi qalereyalarda saxlanılır. Əbdülməcidin "Hərəmdə Bethoven", "Hərəmdə Göte", "Avtoportret" və "Sultan I Səlim" adlı rəsmləri 1918-ci ildə Vyanada Osmanlı rəsmləri sərgisində nümayiş edilmişdir.[40] 1900-cü ilin əvvəllərində onun rəsmləri artıq Parisdə nümayiş etdirilmişdi. Xəlifənin digər əsərləri arasında "Saray xanımları", "Xəlil Ədhəm" və digər portretlər də var idi.
Xəlifə Əbdülməcid Əfəndinin əsas məşğuliyyətlərindən biri də musiqi idi. O, musiqi dərsləri aldıqdan sonra macar pianist Geza de Hegey və skripka virtuozu Karl Berger ilə işbirliyi etmişdi. İşbirliyinin sonunda Hegeyə Ferens Listə çəkdiyi portreti, Bergerə isə özünün bəstələdiyi "Elegiya" mahnısını hədiyyə etdi.[41]
Xəlifənin son əsərlərindən biri də siyasi çalarlı rəsm idi: rəsmdə tarix müəllimi təsvir olunur, onun qarşısındakı stolun üstündə Rumeli (müasir Balkanlar) xəritəsi vardı; müəllim üzünü əlləri ilə örtür, bu ərazilərin itirilməsinə görə kədər və ya utanc ifadə edirdi. Qırmızı saçlı qız kostyumlu oğlanın göstərdiyi xəritəyə baxır, sanki Rumelinin qaytarılmasına çağırırdı. Çərçivənin altına Əbdülməcid cəsarətlə imza əlavə etmiş və sitatını yazmışdı: "Sənə pislik edənləri unut, amma Vətənini təhqir edənləri bağışlama".[42]
Ailəsi
redaktə- Şahsüvar Başqadınəfəndi[44]
- Hayrunnisə Qadınəfəndi
- Məhisti Qadınəfəndi
- Bəhruzə Qadınəfəndi (24 may 1903, İzmit — 1955, İstanbul) — 21 mart 1921-ci il tarixində evlənmişdir.[45]
Uşaqları
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Abd ül-Medjid (Abd ül-Medjid II.) // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Abdul Medžid II. // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
- ↑ 1 2 Abd al- Majik khan // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- ↑ "II Əbdülməcid". Azərbaycan Milli Ensiklopediyası (az.). 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Əbdülməcid Əfəndi" (PDF). Cövdət Küçük, İslam Araşdırmalar Mərkəzi (türk). 1988. 2021-01-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "II Əbdülməcid". Deyl Hoyberq, Britannika Ensiklopediyası (ingilis). 2010. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Əbdüləziz". Səlcuq Aqşin Soməl, Osmanlı Ensiklopediyası (türk). 2010. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Osmanlı Xanədanının strukturu" (PDF). Entoni Alderson Dolfin, səh. 83 (ingilis). 1956. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Osmanlı Xanədanının strukturu" (PDF). Entoni Alderson Dolfin, 48-ci cədvəl (ingilis). 1956. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Cariyə, Şahzadə və Müəllim: Osmanlı Hərəmindən Səslər". Duqlas Skott Broks, səh. 16-17 (ingilis). 2010. 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "V Murad" (PDF). Cövdət Küçük, səh. 184 (türk). 2006. 13 December 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 may 2022.
- ↑ "Əbdüləziz" (PDF). Cövdət Küçük, səh. 184-185 (türk). 1988. 2016-12-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Əbdülməcid Əfəndi". I. B. Tauris, Alban Tarixinin Bioqrafik Lüğəti (ingilis). 2013. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ Hoyberq, 2010, səh. 23 (ingilis). (#cite_web_url)
- ↑ Mustafa Oral. "Vəliəhd Əbdülməcidin Ankaraya dəvət edilməsi məsələsi" (türk). 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2023.
- ↑ "Tarixin Ruhu 3. seriya". TRT 2 (türk). 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Vəliəhd Əbdülməcidin Ankaraya Dəvət Edilməsi Məsələsi". Mustafa Oral (türk). 2005. Archived from the original on 2019-03-10. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Xəlifə Əbdülməcid Əfəndi". Atatürk Ensiklopediyası (türk). 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Sürgündəki Son Xəlifə Əbdülməcid Əfəndi". ŞÜKRÜ ALTIN (türk). 25 iyun 2015. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Vəliəhd Mitinqi İzlədi" (PDF). Ömər Sami Coşar (türk). 14 yanvar 1920. 6 avqust 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Türkiyənin vəliəhdi Mustafa Kamal ilə birlik olmaq istəyirdi". "Le Petit Parisien" qəzeti. (fransız). 12 sentyabr 1920. (#cite_web_url)
- ↑ "Əbdülməcid Əfəndinin Xəlifə Seçilməsi və Biət Məsələsi". Hüseyn Qələmli (türk). 2018. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Yurdsuz İmperator Vahidəddin". Mətin Hülakü (türk). 2008. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Əvvəl Zaman İçində Xəlifəlik Vardı". Ayşə Hür (türk). 7 mart 2010. Archived from the original on 2021-07-29. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Sonuncu islam xəlifəsinə xristianlıq təklif olundu – ARAŞDIRMA". milli.az (türk). 10 yanvar 2011. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Əbdülməcid Əfəndi". Firidun Əməcən, TDV İslam Ensiklopediyası (türk). 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Son Xəlifə Əbdülməcid Əfəndi". Əli Satan (türk). 2016. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ Mustafa Kamal Atatürk. "Əbdülməcid Əfəndinin Böyük Millət Məclisinin qərarıyla xəlifə seçilməsi ilə bağlı". www.atam.gov.tr (türk). 2014-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2023.
- ↑ "Xəlifə Əbdülməcid Əfəndi". Osmanlı Araşdırma Mərkəzi (türk). 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Əbdülməcid Əfəndi" (PDF). Cövdət Küçük, səh. 263-264 (türk). 1988. 2021-01-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Son Xəlifə Əbdülməcid və Osmanlı Xanədanı İstanbuldan Necə Çıxarıldı?". Razi Yalkın, "Türk Dünyası" məcmuəsi. (türk). 15 aprel 1950. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Xəlifə II Əbdülməcid". Saleh Kəramət Nigar (türk). 1964. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Son Xəlifə Əbdülməcid Əfəndi" (PDF). Cengiz Özakıncı (türk). 2011, fevral. Archived from the original on 2019-07-11. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Son Xəlifə Əbdülməcidin Həyatı – Şahzadəlik, Vəliəhdlik və Xəlifəlik İlləri" (PDF). Lalə Uçan (türk). 2019. Archived from the original on 2021-11-04. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Rəssam Əbdülməcid Əfəndi". Leyla Quyruqçu (türk). 1996. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Xanədandan Bir Rəssam: Əbdülməcid Əfəndi". Yapı Kredi Nəşriyyatı (türk). 2004. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Son Xəlifə Əbdülməcid Əfəndi və İncəsənətə Töhfəsi". "Mədəniyyət Tarixi" jurnalı (türk). 13 fevral 2011. Archived from the original on 2018-05-24. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Əbdülməcid Əfəndi Köşkü, Populyar Tarix, 2005". Sinan Eğim (türk). 2005. Archived from the original on 2015-04-02. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Türk incəsənətinin qabaqcıl xəlifəsi Əbdülməcid". İlbər Ortaylı (türk). 3 dekabr 2017. 4 avqust 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Şahzadə Əbdülməcid Əfəndi". Lebriz İnternet Xidmətləri Şirkəti (türk). 28 mart 2013. 8 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Bəstəkar Xəlifə Əbdülməcid". Nurinnisa Əroğlu (türk). 15 oktyabr 2013. Archived from the original on 2016-03-05. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Osmanlı xilafəti. İki dünyanın bir-birinə qarışması. Dünyəvi, plüralist, hedonist və təbii ki, müsəlman". "The Economist" qəzeti. (ingilis). 16 dekabr 2015. 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Osmanlı Xanədanının strukturu" (PDF). Entoni Alderson Dolfin, səh. 177 (ingilis). 1956. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Qadınəfəndilər" (PDF). Harun Açba, səh. 210 (az.). 9 fevral 2017. 2021-08-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Bu mülkün qadın sultanları". Sakaoğlu, səh. 713 (türk). 2015. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Osmanlı padşah arvadları". www.enfal.de (türk). 25 iyul 2014. 25 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Nəslişah: Son Osmanlı şahzadəsi". Murat Bardaqçı (ingilis). 2017. (#cite_web_url); (#accessdate_missing_url)
Ədəbiyyat
redaktə- Quyruqçu, Leyla. "Rəssam Əbdülməcid Əfəndi" — 1996.
- Şərifoğlu, Ömər Faruq. "Xanədandan Bir Rəssam: Əbdülməcid Əfəndi" — 2004.
- Nigar, Saleh Kəramət. "Xəlifə II Əbdülməcid" — 1964.
- Satan, Əli. "Son Xəlifə Əbdülməcid Əfəndi" — 2016.
- Turani, Adnan. "Qərb anlayışına dönük türk rəsm sənəti" — Ankara, 1977.
- İnan, Afət. "Türkiyə Cümhuriyyəti və Türk İnqilabı" — Ankara, 1977.
- Qoloğlu, Mahmud. "Xəlifəlik nə idi? Necə və niyə ləğv edildi?" — Ankara, 1973.
- Misiroğlu, Qədir. "Qurtuluş Savaşında sarıqlı mücahidlər" — İstanbul, 1972.
- Ardakoç, Kamran M. "Xilafət Məsələsi" — İstanbul, 1955.
- Cəbəsoy, Əli Fuad. "Moskva Xatirələri" — İstanbul, 1957.
- Osmanoğlu, Şadiyə. "Həyatımın acı və şirin günləri" — İstanbul, 1966.
- Bozarslan, Mehmet Emin. "Xilafət və Ümmətçilik problemi" — İstanbul, 1969.
- Yaşke, G. "Yeni Türkiyədə İslam" — Ankara, 1972.
Xarici keçidlər
redaktə- İstanbulda satılan sonuncu Osmanlı xəlifəsinin tablosu. Lenta.ru (7 oktyabr 2013). Giriş tarixi: 5 aprel 2018-ci il.
II Əbdülməcid Doğum: 29 may 1868 Vəfat: 23 avqust 1944
| ||
Sünni İslam titulları | ||
---|---|---|
Sələfləri VI Mehmed Vahidəddin |
İslam Xəlifəsi (خلافة إسلامية) |
Xələfləri Yox Xilafətin ləğv edilməsi Hüseyn ibn Əli xəlifəliyini elan etdi |