Areometr - Wikipedia
Areometr — (yun. άραιός – zəif, sıx olmayan; burada – maye + metr) – maye (bəzən də bərk) cismlərin sıxlığını, məhlulların qatılığını (konsentrasiyasını) təyin edən cihaz. Areomet ölçmə üçün mayeyə daldırılan üzgəc tipli sıxlıq ölçənlərə aiddir. İş prinsipi Arximed qanununa əsaslanır. Şkalalı borucuq şəklində olan üzgəc ölçmə aparmaq üçün tədqiq olunan mayeyə daldırılır. Üzgəcin dalma dərinliyinə (onun sıxışdırıb çıxardığı mayenin həcminə) və çəkisinə görə mayenin sıxlığı təyin edilir; mayenin sıxlığı az olduqca dalma dərinliyi böyük olur. Təcrübədə sabit çəki areometri daha çox işlədilir və sabit həcm areometri tətbiq edilir.
Sabitçəki areometrlərinə şkalası sıxlıq vahidləri ilə dərəcələnmiş densimetrlər və məhlulun konsentrasiyasını ölçmək üçün şkalası həcm, yaxud kütlə %-inə dərəcələnmiş areometrlər aid dir. Bir çox mayelərin sıxlığının temprdan asılılığını nəzərə alaraq bəzi areometrlərin termometri də olur. Maye və qatışıq məhlullarda sıxlığı və qatılığı ölçən areometrlərə müxtəlif adlar verilir: məs, laktodensimetr südün yağlılığını, spirtölçən suda olan spirtin miqdarını, şəkərölçən şirələrdəki şəkərin miqdarını təyin edir. Gövdəsi çətinəri metallardan hazırlanmış areometr, o cümlədən densimetr bir sıra ərinmiş metalların və duzların sıxlığını ölçmək üçün işlədilir.
Sabit həcm areometrlərindən istifadə edərkən cihazın mayeyə daldırılan hissəsi sabitdə rinlikdə yerləşdirilir. Areometrin mayedə qeyd olunan dərinliyə (sıxışdırılan mayenin həcmini göstərən nişanadək) dalması üçün əlavə olunan, yaxud götürülən çəki daşlarının kütləsi ilə sıxlıq təyin olunur. Bərk maddələrin sıxlığını ölçmək üçün gövdəsinin aşağı hissəsində tədqiq edilən nümunə yerləşdirilmiş əlavə qabı olan areometrdən yəni areometrik tərəzi istifadə edilir.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 602. ISBN 978-9952-441-02-4.