Basklar - Wikipedia
Basklar, euskaldunak — İspaniyanın şimalında (Basklar ölkəsi, Navarra) və Fransanın cənub-qərbində (Atlantika Prineyləri departamentinin qərbindəki Labur, Sul və Aşağı Navarra rayonları) yaşayan xalq.
Yaşadıqları ərazilər
redaktəİspaniyada sayları 0,6 milyondan 2,8 milyon nəfərədək, Fransada isə 75 mindən 250 min nəfərədəkdir. (XXI əsrin əvvəlləri). Həmçinin ABŞ-də (6,9 min), Meksikada (20 min), Uruqvayda (10 min), Çilidə (9 min), Kosta-Rikada (8 min), Braziliyada (5 min), Venesuelada (5 min), Filippində (8 min), Avstraliyada (9 min) və s. ölkələrdə yaşayırlar. Bask dilində danışırlar, ispan və fransız dilləri də onlar arasında yayılmışdır. Dindarları xristiandır.
Tarixi
redaktəVaskonlar, vardullar, karistilər və b. tayfalar baskların əcdadlarıdır, iberlərlə qohumluqları mübahisəlidir. Roma dövründə romanlaşmaya məruz qalmayan basklar İspaniyada XIX əsrədək muxtariyyətlərini qoruyub saxlamış və yerli əhalinin seçdiyi Baş əyalət xuntaları tərəfindən idarə olunmuşdur. Bask torpaqlarının "senyorları" statusuna malik olan Kastiliya kralları basklara "kollektiv zadəganlıq" hüququ bağışlamışdılar, bu da bask cəmiyyətinin sosial təbəqələşməsinə mane olurdu; monarxlar tərəfindən salınmış şəhərlər baskların assimilyasiyasının əsas ocaqları olmuşdur. 1960-cı illərdən baskların mədəni və dil cəhətdən dirçəlməsi başlandı: ənənəvi mədəniyyətin tədqiqi və yayılması ilə məşğul olan cəmiyyətlər, tədrisin bask dilində aparıldığı məktəblər və s. yaradıldı.
Təsərrüfat ənənələri və həyat tərzi
redaktəBasklar XX əsrədək arxaik ənənələri qoruyub saxlamışlar, icma yardımlaşması, böyük ailələr, mayorat vərəsəlik sistemi və s. Qapalı və diskriminasiyaya məruz qalan aqotlar qrupu seçilirdi. Ənənəvi yaşayış məskənləri kilsəsi, məktəbi, topla oyun üçün meydançası və s. olan inzibati mərkəzin ətrafında pərakəndə yerləşən malikanələrdir.
Ənənəvi məşğuliyyətləri əkinçilik (əsasən qarğıdalı yetişdirirlər: onu Avropada ilk dəfə XVII əsrdə basklar becərmişlər), bağçılıq, üzümçülük və maldarlıq keçmişdə dəniz balıqçılığı, balina ovu, gəmiçilik də inkişaf etmişdi. Qısa sapın üzərində iki dişli əkinçilik aləti (layya) səciyyəvidir. Ənənəvi yeməkləri — süddə isladılmış qarğıdalı kökəsi, donuz ətindən müxtəlif yeməklər, qoyun pendiri, tərəvəzdən hazırlanmış şorbalar, içkiləri alma şərabıdır. Evləri (bask-Navarra evi, baserri) daşdan tikilir, yaxud çərçivə konstruksiyalı olur, ağardılır, iki-üç mərtəbəlidir, aşağı mərtəbədə təsərrüfat otaqları (pəyə, xırman, anbarlar), yuxarı mərtəbələrdə isə eyvanlar və şüşəbəndlər yerləşir. Dam örtüyü ikiyamaclıdır; mərtəbələr çöldən pilləkən vasitəsilə birləşir; ailənin həyatı buxarısı olan mərkəzi otaqda keçir. Kişi bereti (çapela: əvvəllər yalnız Fransa baskları arasında yayılmışdı) baskların simvolu hesab edilir. Ağac və daş üzərində oyma (XVII–XVIII əsrlərədək ucunda rozetkalı disk və s. rəmzlər şəklində olan stela formasında başdaşları qoyulurdu) inkişaf etmişdir. Ənənəvi oyunları güc yarışları (ağırlıq qaldırma və s.) odunqıranların yarışları, topla oyun (pelota) və s.-dir.
Müasir basklar güclü urbanizasiyaya məruz qalmışlar.
Şifahi ənənəvi mədəniyyət
redaktəXristianlığa qədərki mifologiyanın elementləri kimi cadugərlərin başçısı olan ilahə və onun əri, dolmenlərin inşaatçıları mairilər və dağ ruhları maydelər, şər sehrbazları, (balıqquyruqlu, yaxud quşcaynaqlı qadınlar), laminyaklar haqqında təsəvvürlər qorunub saxlanmışdır. Nəhəng Gisaundi nağılların və karnavalın əvəzolunmaz personajıdır.
Xalq musiqisində lad və ritmik xüsusiyyətlər saxlanmışdır; sillabik ifaçılıq tipi (hecasız ifa tərzi) üstünlük təşkil edir. Səçiyyəvi janrlar: sortsiko mahnı-rəqsi və yallı tipli aurresku rəqsi (İspaniya basklarında), beşik, uşaq, əmək, sevgi nəğmələri, kantiki dini mahnıları (mərasimlərdə oxunur). İmprovizəçi müğənnilərin (berçolari) yarışmaları populyardır. Rəqs mədəniyyəti məişət, ayin, mərasim rəqslərinin müxtəlif növlərindən ibarətdir; kişi rəqsləri hərəkətlərin zənginliyivə təkmilliyi ilə fərqlənir. Ən çox yayılmış musiqi aləti çaparalta idiofonudur.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası. III cild, Bakı, 2011, səh.245.