Hesen Hesenov Siyasetci 1904 - Wikipedia
Həsən Məmməd oğlu Həsənov (5 dekabr 1904, Soltanlı, Cəbrayıl qəzası – 21 mart 1977, Bakı) — Azərbaycan-sovet ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1942–1944, 1945–1951), SSRİ Ali Sovetinin (2-ci və 3-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı.
Həsən Həsənov | |
---|---|
may 1945 – dekabr 1951 | |
Birinci katib | Mir Cəfər Bağırov |
Sonrakı | İmam Mustafayev |
oktyabr 1942 – aprel 1944 | |
Birinci katib | Mir Cəfər Bağırov |
Əvvəlki | Əziz Əliyev |
mart 1942 – oktyabr 1942 | |
Birinci katib | Mir Cəfər Bağırov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 dekabr 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 21 mart 1977 (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, tarixçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
Həyatı
redaktəHəsən Məmməd oğlu Həsənov 5 dekabr 1904-cü ildə Cəbrayıl qəzasının Soltanlı kəndində əkinçi ailəsində anadan olmuşdur. Həmin kənddə 1913-cü ildə rus-tatar məktəbi açıldıqda Həsən Həsənov məktəbin birinci sinfinə daxil olmuş və 1916-cı ilədək orada oxumuşdur. 1916-cı ildə müharibə səbəbindən oxuduğu məktəb bağlanmış və Həsən Həsənov kənd təsərrüfatı işləri ilə məşğul olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra doğulduğu Soltanlı kəndində 1-ci dərəcəli məktəb açılmış və o, 1924-cü ilədək həmin məktəbdə oxumuşdur. Sözügedən məktəbi bitirdikdən sonra hazırkı Füzuli rayonundakı 2-ci dərəcəli məktəbə daxil olmuş və 1926-cı ilədək burada təhsil almışdır. Həmin ilin noyabrında Fəhlə-Kəndli Qırmızı Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılmış və orada Ağdam–Cəbrayıl hərbi komissarlığında katib vəzifəsinə təyin edilmişdir. Ağdamda, eyni zamanda hərbi komissarlıqda qulluq etməklə 2-ci dərəcəli pedaqoji təmayüllü məktəbdə təhsilini davam etdirmiş və 1928-ci ildə oranı bitirmişdir. Həsən Həsənov ordu sıralarında komsomol təşkilatının fəal üzvü olmuş və 1928-ci ildə bolşeviklər partiyasına qəbul edilmişdir.[1]
Həsən Həsənov bir müddət "Osoaviaxim"in Qarabağ Dairə Şurasında məsul katib vəzifəsində çalışmış və 1929-cu ildə partiya təşkilatı tərəfindən Moskvaya, Krupskaya adına Kommunist Tərbiyəsi Akademiyasına oxumağa göndərilmişdir. 1932-ci ildə təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış, 1932-ci ilin iyulundan 1933-cü ilin noyabrınadək Azərbaycan K(b)P Qasım İsmayılov Rayon Komitəsinin Mədəniyyət və təbliğat şöbəsinin müdiri vəzifəsində işləmiş, ardınca Azərbaycan K(b)P Mərkəzi Komitəsinə təlimatçı göndərilmişdir. Burada 1935-ci ilədək çalışmış və yenidən Moskvaya, Qırmızı Professorlar İnstitutunun Tarix fakültəsində təhsil almağa göndərilmiş, 1938-ci ilin fevralınadək — QPİ bağlananadək burada oxumuşdur.[1] İnstitut ləğv edildiyi üçün diplom işini müdafiə edə bilməmişdir.[2]
1938-ci ildə Bakıya qayıdan Həsən Həsənov Azərbaycan K(b)P MK-ya göndərilmiş və əvvəlcə Partiya Tarixi İnstitutunun elmi-tədqiqat işləri üzrə direktor müavini, 1938-ci ilin avqust ayından 1939-cu ilin aprel ayınadək isə direktoru olmuşdur. 1939-cu ilin aprelində Azərbaycan K(b)P MK-nın Kadrlar şöbəsi müdirinin müavini təyin edilmiş və 1940-cı ilin fevral ayında oradan Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinə kadrlar üzrə katib göndərilmişdir. 1942-ci ilin mart ayından Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibi olmuş[3] və həmin ilin oktyabr ayında Mərkəzi Komitənin üçüncü katibi vəzifələrinə irəli çəkilmişdir.[2]
Həsən Həsənov 1944-cü ilin aprelində ÜİK(b)P MK-nın qərarı ilə İrana diplomatik işə göndərilmiş və Təbrizdə SSRİ Baş Konsulluğunun vitse-konsulu təyin edilmişdir. O, 1945-ci ilin yanvar ayınadək burada çalışmışdır.[3] 1945-ci ilin may ayında Azərbaycan K(b)P Mərkəzi Komitəsinin təbliğat-təşviqat üzrə katibi təyin edilmişdir.[2] 1951-ci ilin dekabr ayınadək bu vəzifədə işlədikdən sonra Mərkəzi Komitənin Elm və mədəniyyət şöbəsi müdirinin müavini, ardınca isə şöbə müdiri vəzifələrinə keçirilmişdir. 1954-cü ildə bu vəzifədən azad edilərək Partiya Tarixi Muzeyinin direktoru təyin edilmişdir.[1] Ardınca V. İ. Lenin adına Mərkəzi Muzeyin Bakı Filialının direktoru olmuşdur. 1960-cı ilin dekabr ayında müvəqqəti olaraq Mərkəzi Lenin Muzeyinə ezam edilmiş, Bakıya qayıtdıqdan sonra direktor vəzifəsini davam etdirmişdir. 1962-ci ilin yanvar ayında Muzeyin Bakı Filialının direktoru vəzifəsindən azad olunduqdan sonra yenidən Partiya Tarixi İnstitutunda çalışmışdır.[2] Burada o, 1974-cü ilədək baş elmi işçi olmuşdur.[4]
Həsən Həsənov 1960-cı ildə Moskvada "Cənubi Azərbaycanda milli-demokratik hərəkat (1941–1946-cı illər)" mövzusunda dissertasiyanı müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.[3] 1964-cü ildə pensiyaya çıxmış, 1968-ci ilin mart ayından ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[2]
Həsən Həsənov Azərbaycan KP Mərkəzi Komitəsinin və Mərkəzi Komitə bürosunun üzvü seçilmiş, Sov.İKP-nin XIX qurultayının nümayəndəsi olmuşdur.[2] SSRİ Ali Sovetinin (2-ci və 3-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir. "Lenin", "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, habelə "Qafqazın müdafiəsinə görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir.[5] 1960-cı ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.[1]
Həsən Həsənov 21 mart 1977-ci ildə Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.[3]
Ailəsi
redaktəSeysmoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Arif Həsənovun atasıdır.[3]
Xatirəsi
redaktə2004-cü ildə Həsən Həsənovun anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər keçirilmişdir. Həmin ildə onun elmi-publisistik işlərindən ibarət "Ləyaqətli şəxsiyyət" və "Cənubi Azərbaycanda milli-demokratik hərəkat (1941–1946-cı illər)" adlı kitablar çap olunmuşdur.[6]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Ləyaqətli şəxsiyyət. Bakı: Elm. 2004. ISBN 5-8066-1667-5.
- ↑ 1 2 3 4 5 6 Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət (2-ci kitab). Bakı: Şirvannəşr. 2011. səh. 124–137.
- ↑ 1 2 3 4 5 Cənubi Azərbaycanda milli-demokratik hərəkat (1941–1946-cı illər). Bakı: Elm. 2004. səh. 3–5.
- ↑ Һ. М. Һәсәнов // Коммунист. № 68 (16503). 23 март 1977-ҹи ил. С. 4.
- ↑ Һәсән Мәммәд оғлу Һәсәнов // Коммунист. № 44 (8256). 3 март 1950-ҹи ил. С. 3.
- ↑ Иранский дневник (1944–1946 гг.). Баку: Элм. 2007. səh. 15–17. ISBN 5-8066-1706-8.
Xarici keçidlər
redaktə- "Гасанов Гасан Мамед-оглы" (rus). Память народа. İstifadə tarixi: 2 yanvar 2025.