Peterhof Saray Park Kompleksi - Wikipedia
Peterhof (nid. Peterhof, "Pyotrun həyəti") — Fin körfəzinin cənub sahilində yerləşən saray-park ansamblıdır. Ansambl Sankt-Peterburq şəhərinin Petrodvorets rayonundakı federal əhəmiyyətli Peterhof şəhərinin şəhərdaxili ərazisində yerləşir (1944-cü ildən — 1997-ci ilə kimi[1] — Petrodvorets). Onun yaxınlığından keçən Peterhof yolu ansamblın şərəfinə adlandırılmışdı. Həmin yolun bir hissəsi "Peterhof Dövlət Muzey-Qoruğunun" tabeliyindədir.
Peterhof | |
---|---|
Петергоф | |
59°53′10″ şm. e. 29°54′34″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Peterhof |
Yerləşir | Peterhof, Sankt-Peterburq |
Sifarişçi | I Pyotr |
Tikilmə tarixi | 1711 |
Üslubu | barokko, klassisizm, neoqotika |
Sahəsi |
|
Rəsmi sayt | peterhofmuseum.ru/object… |
İstinad nöm. | 7810406069 |
Mühafizə dərəcəsi | Federal |
Vikianbarda əlaqəli mediafayllar |
Peterhof özündə iki əsr boyu formalaşmış bir neçə saray-park ansambllarını birləşdirir. Aşağı park, Yuxarı bağ və İngilis parkı — XVIII əsrdə inkişaf etmiş ansambllardı; Aleksandriya, Kolonist parkı, Çəmən parkı, Aleksandrov parkı, Sergiyevka və Daça XIX əsrdə yaradılmış park-kompleksləridir
Böyük Vətən müharibəsi illərində alman qoşunları tərəfindən işğal olunan Peterhofun bütün parkları çox ciddi zədələnmişdi. Xüsusilə Yuxarı bağ və Aşağı Park, həmçinin fəvvarələrin su ötürücü sistemləri dağıntıya məruz qalmışdı. 1944-cü ildə başlamış bərpa işləri günümüzə kimi davam edir.
Tarixi
redaktəİlk dəfə Peterhof 1705-ci ildə, Kotlin adasına getmək üçün iskələdə istifadə olunan "həyət evi" qismində qeyd edilmişdir. Bu Fin körfəzinin cənub sahili boyunca və Sankt-Peterburq şəhərindən istiqamətlənən quru yol üzərində qurulmuş bir çox mızalardan (malikanələrdən) biri idi. 1712-ci ildə I Pyotr üçün şəhərətrafı imperator iqamətgahının tikintisinə başlanılır. Böyük Sarayın əsası isə 1714-cü ildə qoyulmuşdur.
Park ansamblının kompozisiyası
redaktəKompozisiyanın mərkəzi hissəsini fəvvarələrlə bəzədilmiş Aşağı park tutur. Yuxarı bağla birlikdə, həmin bu kompozisiya ansamblın ən qədim hissəsini təşkil edir. Şərqdən Aşağı park "Aleksandriya" saray-park kompleksi ilə həmsərhəddir. Aleksandriya isə öz növbəsində cənubdan Aleksandr Parkı ilə davam olunur. Yuxarı bağa cənubdan həmçinin Kolonist parkının tərkib hissəsi sayılan Olqa gölməçəsi birləşir.
XVIII əsrdə Aşağı parkdan cənub-qərbdə mənzərəli İngilis parkı formalaşmışdır. Peterhof yolunun cənub istiqamətində, yəni Aşağı parkın qərbində Sergiyevka adlanan geniş park uzanır. Sergiyevka yaxınlıqdakı Şəxsi mülklə həmsərhəddir.
Peterhof sarayı və onun ətrafındakı park ansamblının xarakterik xüsusiyyətlərindən biri, onların dənizin ətrafında yerləşməsidir. Ansamblın doqquz parkından dördünün şimal sərhəddi Fin körfəzi hesab olunur. Həmin bu dörd parkda (Aşağı park, Aleksandriya, Sergiyevka və Şəxsi mülk) dəniz sahili boyunca uzanan və təbii təpələrin kənarında yerləşən saraylar, ansambllarının əsas dominant rolunu oynayırlar.
Yuxarı bağ
redaktə15 ha ərazisi olan Yuxarı bağ I Pyotrun dövründə salınmışdır. Özünün hər şeyə praktiki yanaşması ilə tanınan Pyotr, tərəvəz artırmaq məqsədilə bağı bostan qismində istifadə edirdi. Özünün müasir "müntəzəm park" görünüşünü Yuxarı bağ XVIII əsrin ikinci yarısında qazanmışdır. Bu vaxt bağda həmçinin fəvvarələr də fəaliyyət göstərməyə başlamışdır.
- Palıd fəvvarələri (1734-cü il)
Bu Yuxarı bağın ilk fəvvarəsidir. Fəvvarə bir metal ağac, beş lalə və iki skamyadan ibarətdir. Ağaca metal palıd yarpaqları birləşdirilmişdi. Ağacın içiboş budaqlarından və lalələrin içərisindən təzyiqlə su ətrafa sıçrayır.
- Neptun fəvvarəsi (1736-cı il)
Fəvvarənin su kompozisiyası 26 müxtəlif su şırıntılarından ibarətdir. Əvvəlki bəzək elementlərindən yalnız iki delfin, palıd yarpaqları və gül çələngləri günümüzə kimi qorunub saxlanılmışdı. Neptunun heykəli dörd fışqırdan maskaronlar ilə bəzədilmiş hündür qranit postament üzərində və böyük bir düzbucaqlı hovuzun mərkəzində quraşdırılmışdı. Bundan başqa, hovuzun özü ağızlarından təzyiqlə su çıxan səkkiz delfin fiqurları ilə bəzədilib. Hovuzun ölçüsü — 33 × 92 metrdir.
Orijinal fəvvarə fiqurları Nürnberqdə (Almaniya) yaradılmışdır. 1660-cı ildə Georq Xristof Şvayger və zərgər Ritter əsas fəvvarə modelinin tərkib hissələrini cəmiyyətə təqdim etmişdilər. Daha sonra Şvayger və onun tələbəsi İyeremiya Aysler 1670-ci ilə kimi model üzərində işləyir, bütün fəvvarə heykəllərinin komplektini isə yalnız 1688–1694-cü illərdə başa çatdırırlar. Qızıl suyuna salma işləri Heroldt tərəfindən həyata keçirilmişdir. Fəvvarə Nürnberq şəhərində heç vaxt nümayiş olunmamışdır və onun uzun müddət anbarda saxlanılmasına baxmayaraq, o artıq şəhərin özünəməxsus abidələrindən biri hesab olunurdu. 1796-cı ildə, fəvvarə heykəllərinin əsas hissəsi RUsiya tərəfindən alınmış və Peterhofa göndərilmişdir. Nürnberq şəhər parkında 1902-ci ildən quraşdırılmış Neptun heykəli isə Peterhof fəvvarəsinin surəti hesab olunur.
- Kvadrat hovuz fəvvarələri
Hovuzların özü hələ 1720-ci ildə yaranmasına baxmayaraq, əsl fəvvarələrə onlar daha sonralar çevrilmişdilər. Hazırda fəvvarələr "Bahar" və "Yay" mövzuları əks etdirən heykəllər ilə bəzədilib və fəvvarədən əlavə onlar həmçinin Aşağı parkda yerləşən bir çox fəvvarənin su çatışmazlığını aradan qaldırılması üçün kumulyativ hovuz funksiyasını daşıyırlar.
- Mejeumnı fəvvarəsi (1738-ci il)
Bu fəvvarə Yuxarı bağa aparan əsas girişin yaxınlığında yerləşir. Dairəvi hovuzun mərkəzində mərkəzində qanadlı əjdaha heykəli, onun ətrafında isə 4 su fışqıran delfin fiqurları quraşdırılıb. Fəvvarənin "Mejeumnı" və ya "Naməlum" adlandırılmasının əsas səbəbi, onun dəfələrlə yenidənqurmaya məruz qalması və kompozisiyadakı heykəllərin yeniləri ilə əvəz edilməsi ilə bağlıdır. Ağacların və kolların müntəzəm kəsim ənənəsinin XVIII əsrin sonunda dayandırılması nəticəsində, Yuxarı bağ xeyli sıxılmışdır. Hündür ağaclar Böyük Sarayın fasadına açılan mənzərəni bağlamışdılar. Böyük Vətən müharibəsi illərində bağ ciddi dağıntıya məruz qalmışdı — onun tam ortasından tank əlehinə xəndək keçirdi. Həmçinin əsas girişin çəpər və pilonları da zədələnmişdi. 1960-cı ildə park ərazisində tarixi sənəd və planlara uyğun şəkildə genişmiqyaslı bərpa işləri keçirilmişdi. Yuxarı bağın əvvəlki "müntəzəm park" görünüşü geri qaytarılmışdı. Tam şəkildə Yuxarı bağ 1968-ci ildə bərpa olunmuşdu.
Böyük Peterhof sarayı Aşağı park və Yuxarı bağ ansamblının əsas binası hesab olunur. 1714–1725-ci illərdə J. B. Leblondun, daha sonralar isə N. Mikettinin layihələri əsasında "Pyotr barokkosu" üslubunda inşa edilmiş sadə çar sarayı, 1747–1752-ci illərdə imperatriça Yelizaveta Petrovnanın sifarişi ilə memar F. B. Rastrelli tərəfindən artıq "yetkin barokko" üslubunda yenidən inşa edilmişdir. Dənizə açılan saray fasadının uzunluğu 268 metrdir. Sarayın əsas korpusundan hər iki istiqamətə birmərtəbəli qalereya ayrılır. Bu qalereyalar qərb tərəfdən Gerb, şərqdən isə Kilsə korpusu ilə tamamlanır.
1941-ci ilin sentyabr ayında nasist işğalının elə ilk günlərində sarayda yanğın hadisəsi baş verir. Yanğın nəticəsində interyer tamamilə məhv olmuşdu. 1944-cü ildə alman qoşunlarının Peterhofdan geri çəkilməsi zamanı, sarayın mərkəzi hissəsi partladılmışdır. 8 ildən sonra başladılan təmir-bərpa işləri zamanı sarayın xarici görünüşü bərpa edilmiş və 1964-cü ildə ilk otaqlar turistlər üçün açılmışdı.
Aşağı park
redaktəPlanda uzunsov üçbucaq şəklində olan Aşağı Park təxminən 102 hektar sahəyə malikdir. Cənubdan şimala uzunluğunun cəmi 500 metr olmasına baxmayaraq, park körfəzinin sahili boyunca qərbdən şərqə düz 2.5 kilometrə uzanır. Park üç qarşılıqlı əlaqəli hissədən ibarətdir: bunlar mərkəzi, qərb və şərq ansambllarıdır. Onların hər biri müstəqil kiçik ansambllardan ibarətdir.
Parkın əsas planlaşması — şimal-cənub və şərq-qərb istiqamətində bir-birilə kəsişən iki radial xiyaban sistemindən ibarətdir. Aşağı parkın bütün əsas xiyabanları ya körfəzə açılır, ya da fəvvarə ilə tamamlanır. Parkın planlaşmasında aydın şəkildə, simmetriya prinsipinə nəzarət olunur. Parkın mərkəzi oxu Böyük kaskad və dəniz kanalından keçir. Oxdan bərabər məsafədə "Adəm" və "Həvva" fəvvarəsi, "Şahmat" dağı və "Qızıl dağ" şəlalələri, Monplezir sarayı, Ermitaj pavilyonu yerləşir.
Mərkəzi hissəsinin ansamblı
redaktəŞiri məğlub edən Samson fəvvarəsi İlkin layihəyə görə Böyük kaskadın mərkəzində Lernet hidrasını məğlub edən Heraklın fiquru durmalı idi, lakin inşaat zamanı herakl fiquru şiri məğlub edən Samson fiquru ilə əvəzlənmişdi. Belə bir fikir var ki, Samson fiqurunun ucaldılmasının səbəbi Müqəddəs Sampsoni günündə baş vermiş Poltava döyüşündə rusların isveçlilər üzərində qələbə çalması ilə əlaqədar idi. Şir fiquru həmçinin İsveçlə əlaqələndirilir; məhz bu simvol günümüzdə İsveç Krallığının gerbində təsvir olunub.
Fəvvarə-monunment 1735-ci ildə Aşağı parkda quraşdırılmışdır.
Fəvvarə Böyük Vətən müharibəsində güclü zədələnmişdi. Samsonun orijinal heykəli itirilmişdi. 1941-ci ildə Leninqrad üzərinə faşist ordusunun hücumu zamanı, Samson Peterhof muzey əməkdaşları tərəfindən tələsik çıxarılaraq, yaxınlıqdakı ərazilərin birində basdırılmışdı, lakin geri dönərkən yük maşını atəş altına düşərək, içərisində olan muzey işçilərin hamısı öldürülmüşdü.
Samson heykəlinin "basdırıldığı" yer naməlum olaraq qalır. Yenidən bərpa edilmiş ansambl və onun simvolu sayılan qızılı Samson heykəlinin surəti 14 sentyabr 1947-ci ildə açılmışdı.
Dəniz kanalı və fəvvarə xiyabanı I Pyotrun planına əsasən Peterhofun əsas girişi Fin körfəzi ilə Böyük sarayı birləşdirən 600 metrlik dəniz kanalı olmalı idi. Bu zaman Peterhofa şəxsi yaxtaları ilə gələn qonaqlar, saraya daxil olan kimi gözəl görünüşlü Aşağı parkı və Böyük sarayı görməli idilər. Buna görə də I Pyotr Dəniz kanalının sarayın ən dəbdəbəli və təşəxüsslü hissəsi olmasını nəzərdə tutmuşdu.
Voronixin kolonnadası Mərmərdən hazırlanmış Voronixin kolonnadasının adı (1800–1803-cü illər) "Peterhof" layihəsində aktiv iştirakına görə memar fəxri adına layiq görülmüş keçmiş təhkimçi A. Voronixinin soyadından götürülmüşdür. Qoşalaşmış sütunlardan yaradılmış kolonnada yüksək qübbəli dam örtükləri olan pavilyonlarla tamamlanır. Hər qübbənin mərkəzində alçaq fəvvarə yerləşir. Yastı kolonnada damının üzərində isə zərif qızılı vaza şəklində fəvvarələr quraşdırılıb. Kolonnadanın girişini İ. Prokofyevin modelləri əsasında düzəldilmiş qranit şir heykəlləri qoruyur. Kolonnada 1966-cı ildə bərpa edilmişdir.
Adəm və Həvva fəvvarəsi Venesiyanın Dojlar sarayının pilləkənini bəzəyən A. Riççinin məşhur "Adəm" və "Həvva" heykəllərinin surəti olan iki fəvvarə, I Pyotrun sifarişi ilə D. Bonoçça tərəfindən 1717-ci ildə hazırlanmış və on altı su vurucusu ilə əhatə olunmuş səkkizguşəli hovuzun mərkəzində quraşdırılmışdır. "Adəm" fəvvarəsi 1722-ci ilin oktyabrında, "Həvva" isə 1726-cı ilin payızında tamamilə hazır olmuşdur.
Qərb hissəsinin ansamblı
redaktəPeterhofdakı bu saray I Pyotrun 1717-ci ildə Paris yaxınlığında yerləşən Fransa krallarının iqamətgahı Marli-le-Rua-ya səfəri xatirəsinə adlandırılmışdır. Saray eyniadlı göllər ilə birlikdə İohann Branşteynin layihəsi əsasında 1720–1723-cü illər arasında inşa edilmişdir. İlkin olaraq saray birmərtəbəli olması nəzərdə tutulsa da, tikinti prosesində I Pyotrun sifarişi ilə layihədə dəyişiklik edilmiş və beləliklə saray özünün ikinci mərtəbəsini əldə etmişdir.
1899-cu ildə saray tamamilə yeni bir təməlin üzərinə quraşdırılması üçün üçün sökülmüşdür. Radikal işlərin icrası, saray divarlarında əmələ gələn çoxsaylı çatlar səbəbindən yaranmışdır. Bərpa işlərini tanınmış mühəndis A. Semyonov rəhbərlik edirdi; bütün orijinal bəzək elementləri qorunub saxlanılmışdı, yenidənqurma işlərinin dəqiqliyi isə mükəmməl idi[2]. Saray Böyük Vətən müharibəsi zamanı böyük mərminin düşməsi səbəbindən güclü dağıntıya məruz qalmışdı (muzeyin bütün kolleksiyası hələ 1941-ci ildə evakuasiya olunmuşdu). Fasadlar 1955-ci ildə bərpa olunmuşdu[3]. 1982-ci ildən bina yenidən muzey kimi fəaliyyət göstərir.
Aşağı parkın ən qərb hissəsində Marli bağı yerləşir. Bağ böyük göl ilə "Baxus" (gölün cənubunda) və "Venera" (gölün şimalında, dənizə yaxın ərazidə) adlanan iki hissəyə bölünür. Bağların əsası sarayın tikintisi ilə eyni zamanda qoyulmuşdur və onların əsas fərqləndirici xüsusiyyətlərindən biri də faydalı dəyərlərə malik olması idi. Venera bağında saray üçün müxtəlif meyvələr əkilirdi. Baxus bağının adı şəffafdır: I Pyotrun dövründə burada üzüm yetişdirilməsi nəzərdə tutulsa da, bağçılar buna nail ola bilməmişdi[2]. Venera bağı soyuq Baltik küləyindən hündür torpaq təpəsinin köməyi ilə qorunur.
"Qızıl dağ" kaskadı Kaskadın "Qızıl dağ" adlandırılmasının əsas səbəbi, onun pilləkənlərinin qızıl suyuna çəkilmiş mis halqa və üzlüklə örtülməsi ilə əlaqələndirilir. Kaskadın kənarında duraraq, aşağıdan ona baxdıqda, insanda onun içərisindən qızıl suyun axdığı təəssüratı yaranır. Kaskad Marli sarayının yaxınlığında yerləşir.
"Balina" fəvvarəsi
Şərq hissəsinin ansamblı
redaktə"Şahmat dağı" şəlaləsi (Əjdahalar şəlaləsi) Şahmat dağı ağ-qara "şahmat üslublu" terraslaşdırılmış yaylada yerləşir. Kaskadın yuxarısında üç dekorativ əjdaha fiquru ilə bəzədilmiş qrot yerləşir. Kaskad dörd xüsusi çıxıntıdan ibarətdir və dəyirmi hovuz ilə yekunlaşır. Kaskadın hər iki tərəfində ağ daşlı heykəllər ilə bəzədilmiş pilləkənlər tikilmişdir.
"Roma fəvvarələri" Fəvvarələrin "Romalı" adlandırılmasının əsas səbəbi, onların xarici görünüşünün Romada, Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydanda quraşdırılmış iki fəvvarədən götürülmüşdü. "Roma fəvvarələri" Peterhof parkında 1739-cu ildə, memarlar İvan Blank və İ. Davıdovun rəhbərliyi altında yaradılmışdır. O dövrlərdə fəvvarə taxta materiallardan hazırlanmış və qurğuşunlu kasalarla bəzədilmişdi.
1763-cü ildə o zamanın ən tanınmış memarı Rastrellinin rəhbərliyi altında fəvvarələr yenidən tikilmiş və postamentə quraşdırılmışdır. Taxta hissələrə "mərmər effekti" yaratmaq məqsədilə müxtəlif rənglərlə boyanmışdır. 1798–80-ci illərdə artıq dağılmaya məruz qalmış Roma fəvvarələri kərpic, qranit və həmçinin mərmər üzlüklərlə yenidənqurma işlərinə məruz qalmışdır. Ağacdan hazırlanmış bütün dekorativ elementlər qurğuşunla əvəz olunmuşdu. Böyük Vətən müharibəsi zamanı, faşistlər mərmər üzlükləri zədələmiş, hovuzu dağıtmış, boru kəmərlərini isə tamamilə məhv etmişdilər. Hər iki fəvvarə 1949-cu ildə bərpa edilmişdir.
Fransızcadan tərcümədə Monplezir (fr. mon plaisir) "Mənim zövqüm" mənasını verir və məhz I Pyotr sarayı bu cür adlandırmışdır. Monplezir düz Fin körfəzinin sahilində, yəni Aşağı Parkın şərq hissəsində yerləşir. Binanın tikinti işləri 1714-cü ildən 1723-cü ilə kimi davam etmişdir.
Monplezir I Pyotrun sevimli sarayı idi — onun daxili və xarici tərtibatı ciddiliyi və rasionallığı ilə fərqlənir. Sarayın mərkəzi zalına birlikdə binanın əsas həcmini təşkil edən altı əlavə otaq birləşir. Bu otaqlardan lusthaus-pavilyonlarla tamamlanan iki qalereya uzanır. Otaqlar arasında Böyük Pyotrun yaşayış odaları hesab olan yataq otağını və kabineti xüsusilə qeyd etmək lazımdır.
I Pyotrun ölümündən sonra, saray bir növ imperatora həsr olunmuş muzeyə çevrildi və onun ölümündən sonra burada heç nə dəyişməmişdi. Hal-hazırda Monplezirdə XVII–XVIII əsrlərdə Avropa rəssamlarının şəkillərindən ibarət Rusiyanın ilk kolleksiyası ziyarətçilərə nümayiş olunur (şəkillər bir zamanlar şəxsən imperator tərəfindən alınmışdır). Çin üslubunda bəzədilmiş Laklı kabinetdəki oyma rəfli-konsollarda XVIII əsrdə olduğu kimi, Çinə aid çini kolleksiyası qorunub saxlanılır[4].
Böyük Vətən müharibəsi zamanı saray güclü zədələnməyə məruz qalsa da, o tam dağılmamışdı.
Yekaterina korpusu Yelizaveta Petrovnanın hakimiyyəti dövründə tanınmış memar Rastrellinin layihəsi əsasında barokko üslubunda inşa edilmişdir və uzun qalereya ilə birləşən iki binadan — bal rəqsləri və qəbullar üçün daş korpusdan və taxta yaşayış fligelindən ibarət idi. Məhz bu fligeldə II Yekaterina özünün həyat yoldaşı və gələcək taxt varisi Pyotr Fyodoroviçlə birgə yaşayırdı. 28 iyun 1762-ci ildə baş vermiş saray çevrilişindən bir gün sonra, o məhz buradan Sankt-Peterburq şəhərinə qayıdaraq özünü orada İmperatriça elan etmişdir. Beləliklə o vaxtdan korpus onun şərəfinə "Yekaterina" adını qazanmışdır. Korpusun daxili tərtibatı çoxlu sayda yenidənqurma işlərindən sonra, I Aleksandrın dövründə özünün hazırkı görünüşünü əldə etmişdir. XIX əsrdə burada çoxlu qonaqlar qalırdı, müxtəlif maskarad və bal rəqsləri keçirilirdi.
Böyük Vətən müharibəsi illərində taxta fligel tamamilə yanmış, daş odalar isə güclü dağıntıya məruz qalmışdı. Hal-hazırda, bərpa olunmuş binada XIX əsrin birinci rübündə yaradılmış incəsənət əsərlərinə həsr olunmuş muzey fəaliyyət göstərir.
Snop fəvvarəsi I Pyotrun əmri ilə Peterhofda tikilmiş ilk fəvvarələrdən biri sayılır. O 1722–1723-cü illərdə Nikolo Mikettinin və fəvvarə ustası Sualemin rəhbərliyi altında tikilmişdir. Fəvvarə kompozisiyasının mərkəzində — hündür, tuf materiaından hazırlanmış tumba yerləşir. Onun içərisindən yüksək təzyiqlə su şırıntısı ətrafa yayılır. Ondan aşağıda su şırıntıları üçün dairəvi formada daha 24 kiçik dəlik yerləşir.
Günəş fəvvarəsi memar Nikolo Mikettinin rəhbərliyi altında 1721–1724-cü illərdə tikilmişdir. 20 su şırıntısı mərkəzi sütunun içərisindən təzyiqlə ətrafa sıçrayır.
Fəvvarə kifayət qədər böyük düzbucaqlı hovuzun mərkəzində yerləşir; XVIII əsrdə onun içərisində nərə, qu quşları və ördəklər saxlanılırdı. Əsrin sonunda, memar Felten fəvvarəsi üzmək üçün kiçik hovuza çevirmişdi. Daha sonralar, fəvvarənin içərisinə araba təkərinə bənzəyən və suyun köməyi ilə hərəkətə gələn kiçik bir mexanizm yerləşmişdir. Təkər üstündə 187 dəliyi olan diskli sütunu fırladır. Bu dəliklərdən su şırıntıları hər tərəfə yayılır və fəvvarəni ümumilikdə günəşə bənzədir. Fəvvarənin aşağı hissəsində delfinlərin heykəlləri yerləşir.
Aşağı parkın şərq hissəsində, yəni künc xiyabanda xüsusilə özünün çoxlu suyu və gözəl şəkli ilə təsir göstərən fontam yerləşir. Məsafədən o təntənəli bir tikiliyə bənzəyir. I Pyotr 1717-ci ildə Fransada olarkən, üçbucaq obelisk şəklində su şırıntısına diqqət yetirmişdir. 1721-ci ildə İsveçlilər üzərində yekun qələbəsindən sonra, o bu abidəni xatırlayaraq, memar N. Mikettiyə Versal layihəsinin Peterhof bağında da təkrarlamağı tapşırmışdır. 3 ildən sonra, "Piramida" adlanan fəvvarə təntənəli şəkildə açılmışdır. Onun əməliyyat prinsipi sadədir, belə ki, piramida effekti fəvvarənin mərkəzinə yaxınlaşdıqca 505 ədəd mis boruların diametri tədricən azaldılması ilə əldə edilmişdir. Diametri tədricən azalan borularda suyun təzyiqi böyüyür və buna müvafiq olaraq suyun şırıntı hündürlüyü tədricən artırdı.
-
"Piramida" fəvvarəsi
-
"Samson" fəvvarəsi
-
"Snop" fəvvarəsi
-
Roma fəvvarələri
-
"Həvva" fəvvarəsi
-
Saraydan parka açılan mənzərə
-
"Monplezir" fəvvarəsi
-
"Piramida" fəvvarəsi
-
"Adəm" fəvvarəsi
Peterhofun fəvvarəli su ötürücüsü
redaktəPeterhofdakı kaskad və fəvvarələrin həyat, güc və qüvvətini XVIII əsrin sonu — XIX əsrin birinci yarısında yaradılmış möhtəşəm rus hidrotexnikası hesab olunan su daşıyıcıları verir. Su daşıyıcısındakı hovuz və kanallar üzvi surətdə Çəmən, Kolonist və İngilis parkları ilə bağlıdır. Məhz su daşıyıcısından Aleksandriya və Aleksandrovda yerləşən gölməçələr su ilə doldurulur[5].
Demək olar ki 300 il fəvvarələri birləşdirən su kəmərləri və daşıyıcıları əhalinin içməli su mənbəyi kimi xidmət göstərir, lakin onun adında belə əks edilən ən mühüm rolu, fəvvarə ansamblının fəaliyyəti üçün suyun saxlanılması və daşınmasıdır. Fəvvarə su daşıyıcısı və kəmərinin tikinti və təkmilləşdirilmə tarixi qırılmaz surətdə Peterhof ansamblının bütün binalarının tikintisi və inkişafı ilə bağlıdır. Başlanğıcda I Pyotr Böyük kaskad və bir neçə fəvvarə yaratmağı və onları Yuxarı bağın yaxınlığındakı hovuzda yığılmış su ilə təchiz etməyi nəzərdə tutmuşdur. Həmin bu hovuzları qonşuluqda yerləşən Oxotnı bataqlığının iki kiçik çayı doldurmalı idi. Memar Leblon özünün "Su planını" təqdim etdikdən sonra, Pyotr böyük hovuzun əvəzinə Yuxarı bağda üç müntəzəm gölməçə yaratmağı qərara aldı. Bu gölməçələr sonralar "Kvadrat" və "Neptun" adlandırılmışdır.
Yuxarı bağdakı gölməçələrin tikinti işlərinin davam etdiyi bir müddətdə, Pyotr yorulmadan su təchizatı sistemi üçün yeni mənbələrin axtarışında idi. Onlar 1720-ci ilin avqust ayında Ropşinskaya təpəsinin yaxınlığında, Yuxarı bağdan 24 km məsafədə aşkar edilmişdir. Pyotr dərhal dənizə yaxın ərazinin təbii enişinin bütün faydalarını qiymətləndirdi. Bahalı su daşıyıcı cihazlarla (suyun süni yolla hündürlüyə qaldırılması) təmin olmuş Marli və Versaldan fərqli olaraq, Pyotr suyun təbii kanal vasitəsilə saraya çatdırılmasının daha ucuz və asan olduğunu anlamışdır. 1721-ci ilin yanvar ayında dərinliyi iki, eni isə 6 metrdən artıq olacaq Ropşinskaya kanalının çəkilməsinə başladılmışdır. Suötürücü borunun və kanalın inşaatçısı ilk rus hidravlik-mühəndisi V. Tuvolkov idi. Bataqlıq ərazidən keçən kanalın tikinti işlərini Narva, Vıborq, Pskov və Peterburq qarnizonlarının əsgərləri həyata keçirmişdir. Gündəlik işçi sayı bəzən iki min nəfəri ötürdü.
Eyni zamanda əsas kanal ilə birlikdə Tuvolkov mövcud İngilis gölməçəsindəki suyu istifadə edərək, nəhəng su anbarını yaratmağı qərara alır. 1721-ci ilin yayında o İngilis gölməçəsində dərin xəndək qazaraq Yuxarı bağ kanalını açmış və oradan axan su ilə Kvadrat gölməçəni doldurmuşdu. Əjdahalar kaskadı və Aşağı parkın şərq tərəfindəki ğtürücüləri su ilə təchiz etmək üçün Yuxarı terrasda Qırmızı hovuz qazılmışdı, Yuxarı bağın fəvvarələri və "Samson" üçün isə Babil hovuzundan (indi Çəmən parkındadı) taxta borularla üç xətt çəkilmişdi, lakin tez sıradan çıxan taxta borular 1755–1769-cu illərdə çuqun borularla əvəzlənmişdi
Fəvvarəli su ötürücülərinin mühüm inkişaf dövrü 1825–1854-cü illərə təsadüf edir — məhz bu zaman Ropşa yüksəkliyində uzunluğu 5 km-dən artıq olan yeni kanal salınmış, həmçinin 9 gölməçə su anbarı yaradılmışdır. Əsas rol burada 33 il "fəvvarə işlərinə" rəhbərlik edən mühəndis M. Pilsudskiyə məxsusdur. XIX əsrin ortalarından etibarən, fəvvarələrin su boru və kanal sistemi ümumilikdə heç bir dəyişikliyə uğramamışdır. Bütün kanalların uzunluğu 40 kilometr təşkil edir. 18 gölməçə su anbarının sahəsi təxminən 100 hektara bərabərdir, onların həcmi isə 1 milyon 300 min kubmetrdən artıqdır. Ropşa yüksəkliyindən gələn suyun tənzimlənməsi məqsədilə, kanal boyunca 22 şlüz inşa edilmişdir (onlardan altısı ikiqatdır). Böyük Vətən müharibəsi illərində fəvvarəli su ötürücülərinə çox ciddi zərər dəymişdi. Onun yenidən dirçəlişi bərpaçılarda çox ciddi səy, bacarıq, təcrübə və coşğu tələb edirdi. Su ötürücüsün əsas hissələrinin yenidən bərpası nəticəsində, hətta quraqlıq dövründə belə bütün kaskad və fəvvarələrin gündəlik fasiləsiz işləməsini təmin edir, lakin unikal abidə ehtiyatlı yanaşma və daimi bərpa tələb edir. Buna görə də bərpa işləri növbə ilə həyata keçirilir.
Fəvvarələrə gələn su yolu bir neçə əsas axını gidalandıran İjora təpəsindən aşağı axan çaydan və bir çox digər kiçik mənbələrdən başlayır. Nizino kəndinin yaxınlığında öz əsas su kütləsini Strelka çayına boşaldan Şinqar şlüzu yaradılmışdı. Həmin bu şlüzdan su Peterhof kanalı vasitəsilə öz yolunu davam edir və Samson hovuzunda başa çatır. Burada sistemin üç hissəyə şaxələnməsi baş verir. Gölməçə və axınları keçərək, Peterhof kanalı əvvəlcə İngilis hovuzuna, oradan isə Yuxarı bağ kanalına yönəlir. Samson hovuzunda Olqa su ötürücüsü vasitəsilə, o Yuxarı bağ və Aşağı park istiqamətinə axır. Rezervuar-gölməçələrdə toplanan su daha sonra yeraltı borularla Aşağı parkın daha 4 fəvvarə və kaskad qruplarında istifadə olunur.
İstinadlar
redaktə- ↑ "Меняем Петродворец на Петергоф". 2013-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-26.
- ↑ 1 2 Раскин А. Г., Кючарианц Д. А. "Петергоф. Дворцы, музеи, парки, фонтаны". СПб, 2005.
- ↑ "Дворец Марли. Официальный сайт ГМЗ "Петергоф"". 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-27.
- ↑ Голдовский Г. Н., Знаменов В. В. Дворец Монплезир в Нижнем парке Петродворца. Л., 1976.
- ↑ Мосякин А. Г. Жемчужное ожерелье Санкт-Петербурга. Дворцы, восставшие из пепла. Санкт-Петербург, "Паритет", 2014. – 432 с., илл. –ISBN 978-5-93437-405-2