Togrul Nerimanbeyov - Wikipedia
Toğrul Fərman oğlu Nərimanbəyov (7 avqust 1930[1][2][…], Bakı, Azərbaycan SSR, SSRİ[1][4] – 2 iyun 2013[3][4], XV arondisman, Fransa[4]) — Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.[5]
Toğrul Nərimanbəyov | |
---|---|
Doğum tarixi | 7 avqust 1930[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyun 2013[3][4] (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janr | portret |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Onun əsərləri Fransada "Fransa qalereyası" , Almaniyada "Müasir Sənət Muzeyi" (Köln), "Sənət Muzeyi "(Hagen), Polşada "Müasir Sənət Muzeyi" (Varşava), ABŞ-da "Milli Aironavtika Muzeyi "(Vaşinqton), Macarıstanda "Müasir Milli Sənət Muzeyi" (Budapeşt), Bolqarıstanda "Müasir Milli Sənət Muzeyi" (Sofiya), Rusiyada "Rusiya Milli Muzeyi" (Petersburq), "Tretyakov qalereyası" (Moskva), "Şərq Xalqları Muzeyi" (Moskva), "Bəstəkar Qlinka Muzeyi" (Moskva) kimi müxtəlif ölkələrin muzey və qalereyalarında sərgilənir.
Toğrul Nərimanbəyov "Fransa Müasir İncəsənət Ensiklopediyası"nda haqqında məlumat olan yeganə azərbaycanlı rəssamdır. Bu kitabda onun adı dünya şöhrətli rəssamlarla yanaşı yazılıb.
O, bacarıqlı rəssam olmaqla yanaşı həm vokal sənətçisi həm də şair idi. Toğrul Nərimanbəyov klassik operalardan ariyaları, xüsusilə də italan bəstəkarların əsərlərini ifa etmişdir. Rəssam 1996-cı ildə Bakıda "Kirxa" konsert salonunda, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 2000-ci ildə Bolonyadakı (İtaliya) "Oratoria di San Rosso" zalında böyük konsertlər vermişdir.
Həyatı
redaktəToğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. Onun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub. Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Bakıda qubernator kimi fəaliyyət göstərib.[6] Atası Fərman Nərimanbəyov AXC-nin xaricdə oxumağa göndərdiyi 40 tələbədən biri olub. O Tuluza Universitetinin mühəndis-elektrik ixtisasını bitirib. Fransada yaşayarkən İrma Lya Rude adlı dərzi bir xanımla ailə həyatı qurub. Toğrulun qardaşı Vidadi burada dünyaya gəlib.[7] 1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır və tələbə yoldaşı elektrikləşmə naziri İslamzadənin köməyilə Mingəçevir SES-də işə düzəlir. Toğrul Nərimanbəyov həmin ərəfədə dünyaya gəlir. 1930-cu ilin sonlarında Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi represiyyaya məruz qalır və Sibirin Marinski şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır. Daha sonra məktəbə başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır. 1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olarkən Toğrul və qardaşına Polyak əsilli dayələri Anna Andreyevna baxır. Sonralar Nərimanbəyov dayəsinin portretini çəkərək tabloya "Ana" adını vermişdir.[8]
Toğrul Nərimanbəyov 1946-cı ildə əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. 1955-ci ildə buradan məzun olur. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayır.[9] Toğrul anası ilə tələbəlik illərində Səmərqənddə görüşür. 1961-ci ildə Toğrulun anası bəraət alıb Bakıya qayıdır. Bir müddət sonra amnistiyaya düşən atası Fərman bəy Nərimanbəyov da Sibir sürgünündən vətəni Azərbaycana qayıdır.[10]
1980-ci illərdən sonra Toğrul Nərimanbəyov bir sıra ölkələrdə yaşayır. İlk əvvəl Bakıdan Moskvaya səyahət edən rəssam bir müddət burada yaşadıqdan sonra 1989-cu ildə ABŞ-ın Massaçuset ştatının Boston şəhərinə dəvət edilir və burada fərdi sərgilər açır. 1992-ci ildə Lüküsemburq şəhərinə köçür. 1992-1993-cü illərdə sənət həyatını burada davam etdirir. Burada bir neçə salonda sərgiləri keçilir və böyük rəğbət toplayır. 1993-cü ildə Lüksemburqdan Paris şəhərinə köçür. Qısa bir müddət içində buradakı həyatına uyğunlaşan rəssam üçün Fransanı xüsusi edən səbəb anası İrma xanımın əslən fransız olması idi. Parisdə yaşadığı dövr rəssamın yaradıcılığının ən məhsuldan dövrlərindən biri hesab edilir.[9][11]
Ailə həyatı
redaktəToğrul Nərimanbəyov iki dəfə ailə qurub. Onun ilk xanımı 1922-ci il doğumlu heykəltəraş Elmira Hüseynova olub.[12] Bu evlilikdən Toğrul Nərimanbəyovun Əsmər adlı bir qızı dünyaya gəlib. Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib. Görkəmli rəssam sonradan ikinci dəfə musiqiçi Sevil Nəcəfzadə ilə ailə həyatır qurur. Bu evlilikdən rəssamın bir oğlu doğulub: Fransua Nərimanbəyov. Oğlu Fransua atasının yolunu davam etdirərək rəssamlıqla məşğul olur.[13]
Yaradıcılığı
redaktəİlk illəri
redaktəRəssamın yaradıcılığı abstraksionizm və fiquratizm uslubuna aid edilir. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, həmçinin özünəməxsus üslubu ilə səciyyələnmişdir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinin rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olmuşdur.[14]
Sovet İttifaqı dövründə rəssamın sənətini araşdıran sənətşünaslar həmişə Toğrul Nərimanbəyovu “novator” (novator) kimi qələmə verirdilər.
Toğrul Nərimanbəyov yaradıcılığına 1950-ci illərdə başlayır. O bu barədə deyir:[13]
Mənim sənətə ilk gəldiyim illər çox qarmaqarışıq və təzadlı illər idi. Elə bir dövr idi ki, sənətdə sosialist realizmi kimi bir istiqamət böyük önəmə sahib idi. Üstəlik, rəssamlara “səyyar eksponentlər” kimi bir siyasi məsələni reallaşdırmaq tapşırığı verilmişdi. Bu istedadlı insanların bədii azadlığını məhdudlaşdırmaq, sosialist-realizm üslubunda yalnız şablon sənət əsərləri yaratmaq siyasəti idi.
Nərimanbəyov yaradıcılığına yeni başlayanda onun bəzi əsərlərində Avropa və Rusiya incəsənətinin təsiri olmuşdur. Gözləri ənənəvi rəsmlərə öyrəşmiş Azərbaycan sənətsevərləri rəssamın fərqli bədii üslubunu birmənəlı qarşılamadılar.
Rəssam 1950-ci ildə Türkiyənin küçəsi adlı əsəri ilə Azərbaycan Dövlət Rəsm Sərgisinə qoşulur. Daha sonra 1953-cü ildə qardaşı Vidadi Nərimanbəyovu rəsm etdiyi “Qardaşımın portreti” , “Venera gecələri” əsərlərini ərsəyə gətirir. O ən uğurlu rəsmlərindən biri olan “Yaylaqdan dönüş” əsərini 1954-cü ildə tamamlayır. Nərimanbəyovun 1955-ci ildə Litva İncəsənət Universitetinin rəssamlıq fakültəsində bitirmə dissertasiyası olan “Baltikyanı balıqçılar” əsəri rəssamın ilkin əsərləri sırasında ən qiymətli rəsm əsərlərindən biridir.[15]
1955-ci ildə o vətəni Azərbaycana qayıdır. Bu dövrdə Azərbaycanda yaşayan rəssamların həyata və sənətə baxışlarında fərqliliklər var idi. Nərimanbəyov özünü həmişə müxtəlif cərəyanlarda müxtəlif qollarda sınayıb. O, rəngkarlığın müxtəlif sahələrində, xüsusilə mənzərə, portret və natürmortda çoxlu uğurlu əsərlər yaratmışdır.[16]
Rəssam ilk mənzərə və natürmort əsərlərində "sərt üslub" sənətindən təsirlənmişdir. Onun bu istiqamətdə ərsəyə gətirdiyi ilk əsərləri “Bakıda bağ (qapı önü)” (1955), “Bayıl mənzərəsi” (1955), “Bakı günorta vaxtı” (1956) tablolarıdır. Onun 1963-cü ildə çəkdiyi “Ağaclar və qayalar” əsəri də bu istiqamətdə çəkilmiş mənzərə əsərlərindəndir. Bu yöndə çəkdiyi ilk natürmort əsərləri isə “Meyvələr”, “Qabaqla natürmort”, “Narlar və armudlar” əsərləridir.[17]
Toğrulun ilk uğurlu əsərlərindən biri olan "Xəzərdə şəfəq" (1957) romantik üslubda çəkilmişdir. Cəsur neftçilərdən bəhs edən “Fırtınadan da güclü” (1960), “Xoşbəxtlik” (1961), “Sevinc" (1963), nasist həbsxanasının çətin şəraitini təsvir edən "Həyat üçün" (1963) tablolarında dramatizm və rəssamın fəlsəfi fikirləri diqqəti cəlb edir.[18]
Nərimanbəyov 1961-ci ildə Polşa ekspedisiyası zamanı çəkdiyi “Polyak gənc qızın portreti”, “Görüş”, “Kafedə”, “Krakov”, “Polşa sirki” və s. əsərlərində ölkədə inkişaf edən şəhərlər, insanların həyatı, mənəvi dünyası, sevgi içində yaşayan sevgililəri, kafelərdə dincələn gəncləri təsvir etmişdir. Rəssam yaradıclılğının ilk dövrlərində diqqətəlayiq portretlər də çəkmişdir. Onun bu dövrdə "Türk şairi Nazim Hikmət" (1960), "Sürücü Məmmədağa" (1960), "Şair Rəsul Rza" (1964), "Səs sənətçisi Bülbül" (1964), "Şair Bəxtiyar Vahabzadə" (1965), kətan üzərinə yağlı boya ilə çəkdiyi “Siqaret çəkən Settar Bəhlulzadə” (1961) və “Rəssamın portreti” (1962) rəsmləri rəssamın çox dəyərli portret əsərlərindəndir.[18]
1963-cü ildə “Ana” tablosunda Nərimanbəyov öz anası və atası sürgündə olarkən ona və qardaşına dayəlik edən polyak əsilli Anna Andreyevnanı təsvir etmişdir.[8]
1960-1980-ci illər
redaktə1960-1980-ci illər Nərimanbəyovun sənətdə ustalıq dövri idi. Bu illərdə Sovet İttifaqında rəssamlıq özünün inkişaf dövrünü yaşayırdı. 1960-cı illərin ikinci yarısı həm də, yeni sənət cərəyanlarının ortaya çıxdığı illər hesab olunur. Bu dövrdə o, sənət axtarışlarını cəsarətlə davam etdirir. Nərimanbəyov, bu dövrə aid əsərlərində, xüsusən mənzərə və natürmortlarında Azərbaycan torpağının bərəkətli olması ideyasını əks etdirmişdir.[19] O, yaxın dostu, Azərbaycanın digər məşhur rəssamı Səttar Bəhlulzadə ilə Azərbaycanın bölgələrini gəzmiş, “Göyçay bağlarında” (1965), “Bolluq” (1968), “Bərəkət” (1968) və s kimi əsərlərini bu səyahətlər nəticəsində meydana çıxmışdır. Nərimanbəyov mənzərə əsərlərində daha çox doğulduğu şəhər olan Bakını təsvir edib. Sənətinin orta dövrlərində kətan üzərində yağlı boya texnikası ilə “Köhnə Bakı” (1964), “Bakıda bahar” (1964), “Bakı” (1965), “Bakıda küləkli gün” (1977) tablolarını ərsəyə gətirmişdir. Nərimanbəyovun Bakıya, onun tarixinə və memarlığına bağlılığı rəssamın tablolarında daha çox köhnə şəhər mənzərələrinin təsviri formasında özünü göstərirdi.[20]
Nərimanbəyovun mövzulu əsərlərində bolluq, yaxşı həyat ideyalarının ön plana çıxdığını görürük. O, vətəni Azərbaycanı, xalqının həyat tərzini, gündəlik məişətini, adət-ənənələrini təsvir etdiyi bir çox əsər yaratmışdır. Rəssamın xalq məişətindən təsirləndiyi bayramlar mövzusunda "Buzovna kəndində bayram" (1965), "Festival" (1982), bazar mövzusunda isə "Bakı ətrafı bazar" (1968), "Bakıda bazar" (1974), “Şəki bazarı”, (1976) və “Payız bazarı” (1976) əsərlərində şərq bazarının səs-küylü mühiti, rəngarəngliyi təsvir edilmişdir.[21]
Nərimanbəyov sənətinin bu dövründə portret əsərlərinə də böyük önəm vermişdir. Rəssamın portretlərinin ən mühüm xüsusiyyəti odur ki, çəkdiyi insanlarla əvvəlcə uzun müddət dostluq edər, onları tanıdıqdan sonra onların daxili aləmini, ideya və düşüncələrini müxtəlif cizgi və rənglərlə təsvir edərdi.[22]
1960-80-ci illərdə rəssam, Azərbaycan yazıçıları, şairləri və rəssamları təsvir etdiyi "Şair Fikrət Qoca” (1966), “Yazıçı Anar” (1968), “Bəstəkar Emin Sabitoğlu” (1977), “Müğənni Yavər Kələntərli” (1977) və “Gürcü rəssamı Niko Pirosmani” (1966) və s. kimi portretlərini çəkmişdir.[23] Toğrulun öz anası, fransız əsilli qadın İrma Lya Rudeni təsvir etdiyi “Anamın portreti” (1981) əsəri də rəssamın yaradıcılığında mühüm yer tutur. Rəssamın özünü təsvir etdiyi “Avtoportret” (1976) əsərində sənət axtarışında olduğunu anlamaq mümkündür.[24]
Bu dövrdə Nərimanbəyov uşaqların portretlərini də çəkmişdir. Onun bu mövzuda uğurlu əsərləri “Gənc rəssam” (1965), “Tomik” (1969), “Günel” (1972), “Aysel” (1974), “Günay” (1975) və s əsərləridir. Öz qızını çəkdiyi “Yatmış Əsmər” (1964) və “Qız və natürmort” (1968) kompozisiyalarında balaca qız paklıq və bolluq rəmzi kimi təbiətin qoynunda, qızılgüllərin, çiçəklərin və meyvəli nar ağacının altında təsvir edilib.[25]
Nərimanbəyov özü də peşəkar musiqiçi olduğundan daim musiqi mövzulu əsərlər hazırlayıb. Onun bədii şəxsiyyəti, şübhəsiz ki, əsərlərində öz əksini tapmışdır. Rəsmlərindəki ustalıq onun incə təbiətindən və bədii həssaslığından irəli gəlir. “Oxuyan aşıq”, “Musiqiçilər”, “Aşıq Pənah”, “Mahnı” və başqa əsərləri rəssamın obu dövrdə yaratdığı musiqi mövzulu əsərlərdir. Onun 1965-ci ildə Azərbaycan xalq musiqisi olan Muğamdan bəhs edən "Muğam" kompozisyası rəssamın sənət həyatında mühüm yerə malikdir. Bu əsər Azərbaycan Rəsm sənətinin şah əsərlərindən hesab edilməklə yanaşı rəssamın ən məşhur tablolarındadır.[26]
Müasir Azərbaycan rəssamlığında özünəməxsus üslub yaratmağa çalışan Nərimanbəyov şərq xalq dastanlarından, rəvayət və əfsanələrindən təsirlənərək silsilə rəsmlər yaratmağa başlayır. 1969-cu ildə “Boərəkət” kompozisiyasında sovet ideologiyasının hökm sürdüyü bir dövrdə rəssam bu mənalı mövzunu yenilikçi üslubla çəkmişdir. Müxtəlif ölkələrə etdiyi səyahətlər rəssama qədim və müasir dövrlərin böyük rəssamlarının yaradıcılığı ilə tanış olmaq, dünyanın ən məşhur şəhərlərini və muzeylərini ziyarət etmək, digər xalqların adət və ənənələri ilə tanış olmaq, sadə insanlarla ünsiyyət qurmaq imkanı yaratmışdı.[19] Nərimanbəyov 1971-ci ildə Hindistana bədii səfərindən sonra 1972-ci ildən bu ölkə haqqında silsilə əsərlər yaratmışdır. "Dehlidə gəzinti", "Hindistanda bazar", "Mahatma Qandi", "Ana və uşaq", "Dilək ağacı", "Yel dəyirmanı olan oğlan", "Benqal kəndində səhər", "Bombey xatirələri" və başqa əsərlərində rəssam müxtəlif mədəniyyətlərə ev sahibliyi edən Hindistanı, onun qonaqpərvər insanlarını, zəngin təbiətini, məişət və gündəlik həyatını təsvir etmişdir.[27]
Nərimanbəyov “Hindistan” silsiləsi ilə yanaşı, səyahətləri nəticəsində “Şəhərin görüntüləri” kompozisyasında bir çox mənzərə əsəri üzərində işləyib. Burada Səmərqənd (Özbəkistan), Vilnüs (Litva), Moskva (Rusiya), Havana (Kuba) və Almaniya şəhərlərinin təsvirləri var.[27]
Toğrul Nerimanbəyov 1970-ci illərin ikinci yarısında divar rəsmləri çəkməyə başlayır. 1975-1978-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrının foyesində xalq nağıllarının motivləri əsasında “Nağıllar aləmində” adlı möhtəşəm divar rəsmini çəkir. Bu əsər rəssamın divar rəngkarlığı sənətində ilk addımı və ilk uğurlu əsəridir. 1978-ci ildə Nərimanbəyov daha bir böyük layihəni tamamlayır. Beləki, Bakıda “Moskva” mehmanxanasının foyesinin divarlarında “Aşiqin nəğməsi” adlı rəsm əsərini ərsəyə gətirir. Rəssamın rəsmləri kimi divar rəsmləri də milli folklordan ilhamlanmış qiymətli sənət əsərləridir. Bundan sonra Nərimanbəyov teatr dekorasiyası ilə yanaşı, səhnə avadanlığı da hazırlamağa başlayır. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə “Sevil” (1979) operası, “Nəsimi” (1979) və “Min bir gecə” (1980) baletləri üzərində işləyən Nərimanbəyov parlaq kolorit baxımından çox gözəl dekorativ kompozisiyalar hazırlamışdır. O, həmçinin Fərəc Qarayevin “Qobustan kölgələri” (1969) və Qara Qarayevin “Yeddi gözəl” (1972) baletlərinin səhnə dekorasiyalarının eskizlərini çəkmişdir.[26]
Toğrul Nərimanbəyov "Azərbaycan xalq dastanları”, Azərbaycan şairi Rəsul Rzanın “Vaxt varkən” şeirlər toplusu, yazıçı Anarın “Dədə Qorqud” kitabı və filmi üçün kompozisiya və illüstrasiyalar hazırlamışdır. Türk xalqının ortaq keçmişi olan “Dədə Qorqud” hekayələrindən bəhs edən eyniadlı kitab üçün hazırlanmış illüstrasiyalar Azərbaycan rəssamlığının ən dəyərli nümunələrindəndir. Bu kitab sovet dövründə Rusiyanın paytaxtı Moskvada “Detskaya izdatelstva” (Uşaq nəşriyyatı) nəşriyyatı tərəfindən çap edilmişdir.[26]
Sərgiləri
redaktə- 1989-cu ildə Boston şəhərində məşhur sərgi salonlarından birində keçirilən fərdi rəsm sərgisində 70-dən çox rəsm və qrafika işi nümayiş etdirilmişdir.[28] Buradakı əsərlərdə sənətsevərlər “Gitarist Şehels”, “Gənc bəstəkar Romeo Meloni”, “Amerikalı qadın” və s. kimi tanış simalar gördülər. Daha sonra Nyu-York şəhərində keçirilən sərgidə də 70-dən çox rəsm və qrafika əsərləri izləyicilərə təqdim edildi.[29]
- 1992-1993-cü illərdə Lüksemburqun “Kontinental” mehmanxanasında və “Chateau Burkslenkr” sərgi salonunda fərdi rəsm sərgilərinin keçirildi. Rəssamın bu şəxsi sənət sərgiləri ABŞ-da Boston və Nyu-York sərgiləri kimi çoxlu tamaşaçı topladı və böyük təsir bağışladı.[30] Hər iki sərgidə Qırğızıstanın o zamanlar Lüksemburqdakı səfiri olmuş məşhur yazıçı Çingiz Aytmatov iştirak edib və Lüksemburq jurnallarından birinə verdiyi müsahibəsində Toğrul Nerimanbəyov sənətini yüksək qiymətləndirib: “...Toğrul rənglərə duyğu qatan, insanları yaşamağa inandıran rəssamdır. Sərgidə nümayiş olunan əsərlərə, xüsusən də “Çingiz Aytmatovun oğlu Eldarla” tablosuna baxdıqdan sonra bunu daha dərindən hiss etdim”.[31]
- 1993-1998-ci illərdə Fransada bir neçə fərdi sərgisi keçirildi. 1998-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin 80 illiyi münasibətilə Parisdə Konven de Kordelyer sərgi salonunda böyük bir fərdi sərgisi təşkil edildi. Sərgidə “Köhnə Bakı”, “Siqaret çəkən Səttar Bəhlulzadə”, “Nəğməkar Azərbaycan”, “Gecə çayevi”, “Çayevində səhər”, “Şərq bazarı”, “Sevil İçərişəhərdə”, “Cənnət bağı”, həmçinin Parisdə rəsm etdiyi "Paris haqqında düşüncələr", "Müqəddəs Mişel", "Notr Dam", "Notr Damdan gələn qız", "Paris küçəsi", "Mormart", "Paris çiçəkləri", "Notr Dam kilsəsi", "İrma Lya Rudenin portreti" və s əsərləri sənətsevərlərin diqqətini çəkdi.[32] Bu sərgidə Prinston Universitetinin professoru Bernd R.Seizinger, Sarbona Universitetinin professoru, kolleksiyonçu Rene Gere, tədqiqatçı Kleopatra Pavlidou kimi məşhur şəxslər Toğrul Nərimanbəyovun sənətinə olan rəğbətlərini və müsbət fikirlərini bildirdilər. Bernd R. Seizinger Bostonda Toğrul Nerimanbəyov adına sərgi salonu-muzey açmışdır.[33]
Opera sənətçisi kimi
redaktəO, bacarıqlı rəssam olmaqla yanaşı həm vokal sənətçisi həm də şair idi. Toğrul Nərimanbəyov klassik operalardan ariyaları, xüsusilə də italyan bəstəkarların əsərlərini ifa etmişdir. Rəssam bu istedadı haqqında söyləyir:[34]
Mən oxumağı sevirəm. Oxumaq həyatımın ayrılmaz hissəsidir. Oxumayanda özümü narahat hiss edirəm. Həmişə rəsm çəkərkən oxuyuram. Əgər Allah insana iki istedad veribsə, onun birini tərk edib digərinə diqqət yetirməsi məncə nankorluqdur. Buna görə də oxumağı rəssamlıq qədər həyatımın mühüm missiyası hesab edirəm. İnsanlar rəsm çəkərkən istədiklərini kətana köçürür və onlar artıq insandan ayrılır, amma oxumaq insanın daxilindədir. Oxuyarkən daxili aləmimdə baş verənlər, səsin necə yarandığı mənim üçün hələ də möcüzədir.
Toğrul Nərimanbəyov Vilnüsdə (Litva) İncəsənət Universitetində rəssamlıq təhsili alarkən Vilnüs Konservatoriyasında klassik vokal öyrənməyə də başlayır. O, hər dəfə Bakıya gələndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşq edərdi. Bəzən evdə məşq edir, həyat yoldaşı Sevil xanım konservatoriya təhsili almış musiqiçi olduğundan onu pianoda müşayiət edirdi.[35]
Rəssam 1996-cı ildə Bakıda "Kirxa" konsert salonunda, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 2000-ci ildə Bolonyadakı (İtaliya) "Oratoria di San Rosso" zalında böyük konsertlər vermişdir. Nərimanbəyov 1999-cu ildə İtaliyada özəl müəllimlərdən peşəkar musiqi təhsili almışdır. 2000-ci ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.[35]
Ölümü
redaktə2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat etmişdir[36]. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında[37] dəfn olunmuşdur.[38]
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1964[39]
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 7 iyul 1967
- Azərbaycan SSR Dövlət mükafatı — 1974[40]
- SSRİ Dövlət mükafatı — 1980
- "Qırmızı əmək bayrağı" ordeni — 1980
- "SSRİ xalq rəssamı" fəxri adı — 22 iyun 1989
- "İstiqlal" ordeni — 5 avqust 2000[41]
- "Şərəf" ordeni — 9 avqust 2010[42]
Filmoqrafiya
redaktə- Toğrul Nərimanbəyov (film, 1966) — (qısametrajlı sənədli televiziya filmi)
- Qobustan (film, 1967)
- Əllər və rənglər (film, 1974)
- Dədə Qorqud (film, 1975) — şəkillərin müəllifi (tammetrajlı bədii film)
- Dantenin yubileyi (film, 1978) — aktyor (tammetrajlı bədii film)
- Rənglərin melodiyası (film, 1981)
- Salam, Zeynəb! (film, 1982) — (qısametrajlı sənədli-bədii televiziya film-konserti)
- Yeddi gözəl (film, 1982) — geyim rəssamı (tammetrajlı film-balet)
- Toğrul (film, 2011)
Şəkillər
redaktə-
Toğrul Nərimanbəyov - Göyçay bağlarında, 1965, Azərbaycan Milli İncəsənət Muzeyi
-
Toğrul Nərimanbəyov - İçərişəhər xatirələri, 2009, Azərbaycan Milli İncəsənət Muzeyi
-
Toğrul Nərimanbəyov - Bakı yağışdan sonra, 2000, Azərbaycan Milli İncəsənət Muzeyi
-
Toğrul Nərimanbəyov - Raketka və tülpanlar, 1977, Şəki Rəsm Qalereyası
-
Toğrul Nərimanbəyov - Gecə küçə, 1961, Yarat Müasir Sənət Mərkəzi
Mənbə
redaktə- Abdullayeva E. Toğrul Nərimanbəyov. Bakı: Şərq-Qərb nəşriyyatı. 2013.
- Nurəddin Həbibov. Azərbaycan İncəsənəti. Bakı: İşıq nəşriyyatl. 1992.
- Möhbəddin Səməd. Toğrul Nərimanbəyov Qrafik rəngarlıq. Bakı: İşıq nəşriyyatl. 1984. səh. 600.
- Möhbəddin Səməd. Toğrul Nərimanbəyov, Şux rənglərin təranəsi. Bakı: Çağdaş As nəşriyyatı. 2011.
- Vagif Muğallı. TUĞRUL NERİMANBEYOV’UN AZERBAYCAN RESİM SANATI İÇİNDEKİ YERİ VE ÖNEMİ. Ankara: T.C. ANKARA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ SANAT TARİHİ ANABİLİM DALI. 2015.
- Bown, Matthew Cullerne; Taylor, Brandon. Art of the Soviets: painting, sculpture, and architecture in a one-party state, 1917-1992. Manchester University Press ND. 1993. 152–. ISBN 978-0-7190-3735-1. İstifadə tarixi: 28 April 2011.
The 'decorativism' denounced in the late 1940s broke out again all over the place, exemplified in the work of the Azeri painter, Togrul Narimanbekov.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Нариманбеков Тогрул Фарман оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Togrul Narimanbekov // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
- ↑ 1 2 https://www.bbc.com/azeri/azerbaijan/2013/06/130608_narimanbekov_died.
- ↑ 1 2 3 4 5 6 Fichier des personnes décédées.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqında" Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli, 345 nömrəli Sərəncamı Arxivləşdirilib 2022-04-19 at the Wayback Machine (az.)
- ↑ Muğallı, 2015. səh. 33
- ↑ "Работы художника Тогрула Нариманбекова". 2012-04-20 tarixində orijinalından arxivləşdirilib.
- ↑ 1 2 Səməd, 2011. səh. 54
- ↑ 1 2 Səməd, 2011. səh. 9
- ↑ Muğallı, 2015. səh. 36
- ↑ Muğallı, 2015. səh. 37
- ↑ "İncə Sənət: Bir heykəltəraş barədə..." [Fine Art: On a sculptor ...] (az.). Baku, Azerbaijan: Yeni Avaz. 13 February 2017. 11 April 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 April 2017.
- ↑ 1 2 ( "Toğrul Nərimanbəyov" (#bad_url). 525.az. 12.06.2013.
- ↑ ADRQ, 2017. səh. 53
- ↑ Muğallı, 2015. səh. 39
- ↑ Muğallı, 2015. səh. 53-54
- ↑ Səməd, 2011. səh. 11
- ↑ 1 2 Azərbaycan Sover Ensiklopediyası, 1979. səh. 225
- ↑ 1 2 Abdullayeva, 2013. səh. 21
- ↑ Səməd, 1984. səh. 8
- ↑ Abdullayeva, 2013. səh. 22
- ↑ Abdullayeva, 2013. səh. 23
- ↑ Möhbəddin, 1984. səh. 15
- ↑ Abdullayeva, 2013. səh. 25
- ↑ Möhbəddin, 1984. səh. 19-20
- ↑ 1 2 3 Muğallı, 2015. səh. 44
- ↑ 1 2 Muğallı, 2015. səh. 43
- ↑ Möhbəddin, 2011. səh. 48
- ↑ Muğallı, 2015. səh. 45
- ↑ Möhbəddin, 2011. səh. 49
- ↑ Muğallı, 2015. səh. 46
- ↑ Möhbəddin, 2011. səh. 50
- ↑ Muğallı, 2015. səh. 47
- ↑ Möhbəddin, 2011. səh. 42
- ↑ 1 2 "Azərbaycan rəssamı Toğrul Nərimanbəyov". İstifadə tarixi: 17.05.2014.[ölü keçid]
- ↑ "Toğrul Nərimanbəyovun nəşini vətəninə gətirməyə qoymurlar — Qalmaqal". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-08.
- ↑ "Əbülfəs Qarayev Toğrul Nərimanbəyovun məzarını ziyarət etdi". 2013-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-20.
- ↑ "Toğrul Nərimanbəyov vəfat edib" [Togrul Narimanbekov died] (Turkish). BBC Azeri Service News. 8 June 2013. 1 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2023.
- ↑ "Большая трагедия знать, что нас сменит необразованное поколение – Эсмер Нариманбекова". azeri.ru. 2012-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-19.
- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1974-cü il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ ""T. F. Nərimanbəyovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2000-ci il tarixli, 381 nömrəli Sərəncamı". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- ↑ ""T.F. Nərimanbəyovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2010-cu il tarixli, 1055 nömrəli Sərəncamı". 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.