Azerbaycan Milli Incesenet Muzeyi - Wikipedia
Azərbaycan Milli İncəsənət Muzeyi[2] — Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır.[2] 1936-cı ildə əsası qoyulmuş[3] muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri[4] Rüstəm Mustafayevin adını daşıyır.
Azərbaycan Milli İncəsənət Muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 1936 |
Açılış tarixi | 1937 |
Mövzu | İncəsənət |
Ölkə | |
Yerləşir | Bakı, Azərbaycan |
Ünvan | Niyazi küç., 9-11 |
Kolleksiyası | 17 000-dən çox eksponat[1] |
Direktor | Şirin Məlikova |
Muzeyə yetişmək | M 1 İçərişəhər |
40°21′47″ şm. e. 49°49′54″ ş. u.HGYO | |
Muzeyin rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Hal-hazırda muzey, Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada — "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələrinin Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə sərgisi təşkil edilib.[5] Muzey bazar ertəsi günləri xaric hər gün saat 10:00-dan 18:00 kimi ziyarətçilərin üzünə açıq olur.
Tarixi
redaktə1920-ci ildə Azərbaycan Dövlət Muzeyinin tərkibində təsviri sənətlər bölməsi yaradılmışdı. Həmin bölmədə toplanmış əsərlərin, xüsusilə rəngkarlıq nümunələrinin dəyəri nəzərə alınaraq, 1936-cı ildə həmin bölmənin əsasında ayrıca bir muzeyin — Azərbaycan Dövlət incəsənət Muzeyinin yaradılması qərara alınmışdı.[6] Əvvəlcə incəsənət bölməsi keçmişdə Hacı Zeynalabdin Tağıyevin sarayı olmuş, indiki Azərbaycan Tarix Muzeyinin binasında yerləşirdi. Muzeyin rəsmi açılışı 1937-ci ildə baş tutdu.[5] Daha sonra muzey, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin beşinci mərtəbəsində yerləşdirildi.[7]
Azərbaycan Dövlət İncəsənət Muzeyi 1943-cü ildən Azərbaycanda realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri olan Rüstəm Mustafayevin adını daşımağa başlayır. 1950-ci illərin əvvəllərindən başlayaraq muzey, Bakıdakı bir neçə tarixi binada müvəqqəti sərgi və ekspozisiyalar təşkil edir. Həmin dövrdə muzeydə çalışmağa başlayan gənc sənətşünaslar Rasim Əfəndiyev, Nürəddin Qayıbov, Mürsəl Nəcəfov, sonradan Böyük Vətən Müharibəsində həlak olmuş qəhrəman Mehdi Hüseynzadə və başqaları Azərbaycan sənətşünaslığının təməllərini formalaşdırdılar.[6] Sonrakı uzun illər ərzində muzeyə Azərbaycanın Xalq Rəssamları və SSRİ dövlət Mükafatı Lauretları olan Salam Salamzadə, Kazım Kazımzadə, İbrahim Zeynalov kimi şəxsiyyətlər rəhbərlik etmişlər.
1951-ci ildə Azərbaycan SSR Kommunist Partiyası MK-nın I katibi Mircəfər Bağırov "De Burun sarayı" kimi məşhur olan tarixi binanı muzeyə verdi.[8] Çkalov 9 (keçmiş Sadovaya, hazırda Niyazi küçəsi) ünvanında yerləşən bu sarayda əvvəllər "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyəti və Azərbaycan İnqlab Komitəsi yerləşmişdi.[9] Yeni binaya köçdükdən sonra muzeyin yeni ekspozisiyası tərtib olundu və bu ekspozisiyada muzeyin fondunda olan ən gözəl sənət nümunələrinin nümayişinə başlanıldı. Bundan sonra muzey həm də sənətşünaslıq tədqiqatlarının aparıldığı böyük bir mərkəz kimi fəaliyyət göstərməyə başladı. Həmçinin muzey müxtəlif mədəni tədbirlərin: rəssamlar və musiqiçilərin yaradıcılıq gecələrinin, ziyalılarla görüşlərin təşkilinə start verdi.[6]
1992–1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi muzeyin "De Burun sarayı"ndan çıxarılması və indi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yerləşdiyi binada yerləşdirilməsi haqqında qərar verdi. Azadə Şərifovanın sözlərinə görə, o zaman aralarında Elmira Şahtaxtinskaya, Mikayıl Abdullayev, Tokay Məmmədovun da olduğu görkəmli mədəniyyət xadimləri prezident Əbülfəz Elçibəylə görüşdülər. Görüş zamanı onlar "hətta Bağırov belə şəhərin ən gözəl binasını muzeyə bağışladı" deyərək, sarayın muzeyin əlindən alınmamasını xahiş etdilər. Bundan sonra muzeyin saraydan çıxarılması qərarı ləğv edildi.[10] 1992-ci ildə muzey məkanın genişləndirilməsi məqsədilə 1888-ci ildə Marrinski qadın gimnaziyası kimi inşa edilmiş, daha sonra isə şəhər komitəsinin yerləşdiyi tarixi bina da muzeyin istifadəsinə verildi. Yeni binada muzeyin ikinci korpusu yaradıldı. 7 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə muzeyin birinci və ikinci korpuslarını birləşdirən yeni keçid korpusun açılışı edildi.[11]
Muzey binası
redaktəBirinci korpus
redaktə26 fevral 1888-ci ildə neft maqnatı və "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinin əsasını qoymuş milyonçu Lev de Bur (1840–1889) inşa etdirmək istədiyi iki mərtəbəli daş sarayın planının təsdiq edilməsi üçün Bakı Şəhər Şurasına müraciət edir və 18 aprel 1888-ci ildə Sadovaya küçəsində (indiki Niyazi küçəsi) "700 kv. sajen torpaq ayırılması haqqında razılaşma" əldə edilir. 26 avqustda şəhər mühəndisi Nikolay fon der Nonne və şəhər memarı, inşaat mühəndisi Anton Kandinov sarayın planını tədiq edir. Lakin sarayın memarlıq layihəsində, memar A. Kandinovun imzası yoxdur və sarayın yeganə memarı Nikolay fon der Nonne hesab edilir.[6][12][13] 31 avqust 1888-ci ildə[12] sarayın inşa layihəsi Bakı Şəhər başçısı Stanislav Despot-Zenoviç və idarə heyətinin üzvü L. Nikulin tərəfindən təsdiqlənir. Tezliklə inşaat işlərinə başlanılır.[10]
Binanın inşası tamamlanmamış, 1889-cu ildə De Bur dünyasını dəyişir. Onun varisləri 1891-ci ilin yanvarında hələ yalnız özülü qoyulmuş binanı 16.000 rubla "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinə satırlar. Beləcə bina cəmiyyətin mülkiyyətinə keçir. Buna görə də memarlar binanın ilkin planında bəzi dəyişikliklər etməli olurlar. Binanın əsas fasadında eyvala birlikdə iki çıxış qapısı inşa edilir. Eyvanlar Sadovaya küçəsinə baxır və onlardan Mixaylovskiy bağına (indiki Vahid bağı) mənzərə açılır.
Binanın inşa tarixinin 1891[12]-1893[13]-cü illər olduğu qeyd edilir. Həmçinin qeyd edilir ki, "Kaspi Tərəfdaşılığı" Cəmiyyətinin sarayı tam şəkildə 1895-ci ildə yekunlaşdırılmışdır.[10] Binanın medalyonu içərisində "KT" abreviatursı yer alsa da, sonrakı dövrdə bu abreviatur təmir zamanı məhv edilmişdir. 1895-ci ildə "Kaspi Tərəfdaşlığı" Cəmiyyətinin həmtəsisçisi olan S. İ. Bağırov da ölür və onu, köməkçisi Pavel Osipoviç Qukasov əvəz edir. 1896-cı ildə Cəmiyyətin sədrinin ailə üzvlərindən biri — qardaşı Arşak Osipoviç Qukasov saraya köçərək, onun bir neçə otağında məskunlaşır. 1898-ci ildə isə P. O. Qukasov da ailəsi ilə birgə bu saraya köçür. Həmin illərdə sarayda yanğının baş verdiyi də bildirilir.[10]
1917-ci il Oktyabr inqilabından sonra, 31 iyul 1918-ci ildə ingilis konsulu E. Mak-Donaldın aktiv iştirakı ilə, Bakıda hakimiyyət Qafqaz İslam Ordusundan şəhərin müdafiəsi üçün ingilisləri şəhərə dəvət etmiş Sentrokaspi Diktaturasıı hökumətinə keçdi. 1919-cu ilin avqustunda Böyük Britaniya ordusu Bakı şəhərinə daxil olur. Bundan sonra, General Vilyam Tomsonun başçılıq etdiyi ingilis komandanlığının qərargahı "Kaspi Tərəfdaşlığı"na məsxus olan sarayda yerləşdirilir. Lakin Qukasovlar ailəsi də sarayda yaşamağa davam edir.[10]
28 aprel 1920-ci ildə Qırmızı Ordu hissələrinin Bakıya girməsindən sonra, Nəriman Nərimanov Azərbaycan SSR İnqilab Komitəsinin sədri oldu. 1921-ci ildə o, Xalq Komissarları Şurasına sədr seçildi və şura De Burun sarayında yerləşdirildi. Sarayın ikinci mərtəbəsində isə Nəriman Nərimanovun ailəsi yaşamağa başlayır. 1925-ci ildə N. Nərimanovun ölümündən sonra Sadovaya küçəsinin adı dəyişdirilərək N. Nərimanov küçəsi adlandırılır. 1933-cü ildən sarayda DTK-nın birinci katibi Mircəfər Bağırovun ailəsi məskunlaşır. 1930-cu illərdə sarayda kiçik yenidənqurma işləri aparılır və sol tərəfində N. Nərimanov adına bağ yaradılır. 1939-cu ildə küçənin adı yenidən dəyişdirilir və Çkalov küçəsi adlandırılır. 1951-ci ildə M. Bağırov sarayı Azərbaycan Milli İncəsənət Muzeyinə bağışlayır.
İkinci korpus
redaktə1874-cü ildə Bakı Şəhər Şurasının qərarı ilə Bakı Qadın Gimnaziyası yaradılmış və xüsusi qərar ilə himayədarlar şurasının tabeliyinə verilmişdir. Yekaterina Faddeyevna Staroselskinin başçılıq elədiyi həmin şuraya həmçinin vitse-qubernator baron for der Bruggen, Hacı Zeynalabdin Tağıyev, Hacı Hüseynqulu Səfərəliyev, K. F. Spasskiy-Avtomonov və başqaları daxil idi.
Gimnaziyanın yaradılması qərarı olsa da, onun yerləşdirilməsi üçün şəhərdə müvafiq bina yox idi. Təzə binanın tikintisinin ideyası Bakı şəhərinin meri Despot-Zenoviçə və Himayədarlar Şurasına aid edilir. 1884-cü ilin sentyabrında Mariinski Qadın Gimnaziyasının Himayədarlar Şurası tikinti işlərinin tenderini elan edir.[14] Binanın layihəsi mülki mühəndis, həmin vaxt quberniya idarəçiliyində işlərin icraçısı olan Mixail Denisoviç Botov tərəfindən hazırlanmışdır. Lakin şəhər idarəçiliyi kifayət qədər maliyyə vəsaitinə malik olmadığına görə bütün yük Himayədar Şurasının üstünə düşdü və onlar bu ideyanın həyata keçirilməsi üçün vəsait axtarmalı oldular.
Bu zaman Moskvadan Bakıya tanınmış moskvalı tikinti podratçısı V. N. Qirş gəlmişdi. Qirşin firması Bakıda yolların kirəmitlənməsi ilə məşğul idi və ona görə də Qirş şəhəri və şəhər nümayəndələrini yaxından tanıyırdı. O, bu problem haqqında eşidən kimi onlara Qadın Qimnaziyası üçün təzə bina tikintisində kömək edəcəyini söz verdi və öz Bakı müvəkkəlinin müqavimətinə baxmayaraq tikinti işlərini öz üzərinə almaq qərarına gəldi.
Duma, Qirş və Himayədarlar Şurasının qərarını təsdiq etdi və bir sıra şərtlər daxil olmaqla müqavilə bağlamaq səlahiyyəti verdi. Tikinti prosesi bir sıra problemlərlə üzləşsə də (maliyyə ilə bağlı) iş tam sürət ilə gedirdi və 1886-cı il iyulun sonlarında aşağı mərtəbənin tamamlanma işləri aparılır, yuxarı mərtəbədə isə artıq iş başladılmışdı. Nəhayət 1887-ci il, sentyabrin 26-sı, saat 11:30 radələrində çoxsaylı qonaq və akademik heyətin iştiraki ilə Mariya Qızlar Məktəbinin (Mariinski Qadın Gimnaziyası) açılış mərasimi keçirildi. Gimnaziya fəaliyyətini dayandırana kimi onun üçün tikilmiş bu binada fəaliyyət göstərmişdi.[15]
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə tarixi bina Azərbaycan Milli İncəsənət Muzeyinin istifadəsinə verilmiş və binada muzeyin ikinci korpusu yaradılmışdır.
Muzeyin kolleksiyaları
redaktəMuzeyin ümumilikdə 60 otaqda təşkil olunmuş daimi ekspozisiyasında 3000-dən çox əsər sərgilənir. Birinci korpusda 7 otaq Avropa incəsənətinə, 10 otaq rus incəsənətinə, qalanları isə İran, Türkiyə, Yaponiya və sair dövlətlərin incəsənətinə həsr olunub. İkinci korpusda 8 otaq antik və orta əsrlər Azərbaycan incəsənətinə, 30 otaq isə Azərbaycan rəssam və heykəltəraşlarının yaradıcılığına həsr olunub. Bu otaqlarda XVIII, XIX, XX əsr Azərbaycan sənətkarlarının işləri ilə yanaşı, orta əsrlərin müxtəlif dövrlərinə aid xalq tətbiqi sənət nümunələri, xüsusilə Azərbaycan xalçalarının müxtəlif qruplarına aid olan nadir növləri, həmçinin arxeoloji qazıntılar zamanı əldə edilmiş unikal sənət əsərləri, orta əsr geyimləri, məişət əşyaları sərgilənir. Kişi və qadın kəmərlərinin, həmçinin silahların sərgiləndiyi ayrıca zallar vardır. Bu zallarda sərgilənən sənət nümunələri qiymətli metallardan hazırlanmaqla, qiymətli və yarı-qiymətli daşlarla bəzədilmişdir.[7] Ümumilikdə muzeydə 17000-dən çox eksponat saxlanılır.[2] Buna görə də bütün eksponatları eyni vaxta göstərmək mümkün olmur. Lakin tez-tez dəyişən ekspozisiyalar muzeyi ziyarət edənlərin vaxtaşırı əksər eksponatları görməsini təmin edir.[7]
Antik və orta əsrlər Azərbaycan incəsənəti kolleksiyası
redaktəAntik və orta əsrlər Azərbaycan incəsənəti kolleksiyasına Azərbaycan ərazisindən aşkarlanmış antik və orta əsrlərə aid müxtəlif sənət nümunələri daxildir. Bu kolleksiyanın bir hissəsi muzeyin səkkiz zalında nümayiş etdirilir. Nümayiş etdirilən əsərlər arasında Naxçıvandan aşkarlanmış Manna dövrünə aid tunc quş fiqurları, Bakı və Şəkidən aşkarlanmış e.ə. III–I əsrlərə aid qadın fiqurları, Şamaxı rayonunu Xınıslı yaşayış yerindən aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid insan fiqurları, Gəncə, Beyləqan, Qəbələ və Mingəçevirdən aşkarlanmış müxtəlif dövrlərə aid dəyərli sənət əsərləri olan qab nümunələri, Xəzər arxeoloji ekspedisiyasının Bayıl qalasında aşkarladığı daş pilitələr üzərində lent yazısı kitabələri, Urud abidələr kompleksindən və Laçın rayonundan gətirilmiş daş at və qoyun fiqurları (məzar daşları) da vardır.
-
Tunc quş fiqurları, Azərbaycan, e.ə. III minillik.
-
Mərasim qabı, Şəki, e.ə. II minilliyin I yarısı.
-
Qalxan, Azərbaycan, XIX əsr.
-
Dəbilqə, Cənubi Azərbaycan, XIX əsr.
Rəsm əsərləri kolleksiyası
redaktəAzərbaycan rəssamlığı
redaktəXIX əsr
redaktəXIX əsr Azərbaycan rəssamlığı zallarında peşəkar Azərbaycan rəssamlığının ilk nümunələri sərgilənir. Kolleksiyaya Azərbaycan realist rəssamlığının əsasını qoyan Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab kimi sənətkarlarla yanaşı, XVIII əsrdə yaşamış Usta Qənbər Qarabağinin və XIX əsrdə yaşamış naməlum Azərbaycan rəssamlarının da əsərləri daxildir.
-
Mir Möhsün Nəvvab, Çiçəklənən kol, 1872-ci il
-
Mirzə Qədim İrəvani, Oturmuş qadın portreti, 1870-ci illər
-
Bəhruz Kəngərli, Dağ mənzərəsi
-
XVIII əsrdə Qarabağda yaşamış naməlum rəssam, Həyat ağacı
XX əsr
redaktəXX əsr Azərbaycan rəssamlığı zallarında Azərbaycan SSR və Azərbaycan Respublikası dövründə yaşayıb-yaratmış Azərbaycan rəssamlarının əsərləri sərgilənir. Kolleksiyaya Bəhruz Kəngərli, Əzim Əzimzadə, Nadir Əbdürrəhmanov, Baba Əliyev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Xalidə Səfərova, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Mikayıl Abdullayev, Elmira Şahtaxtinskaya, Rasim Babayev, Elbəy Rzaquliyev, Tahir Salahov, Maral Rəhmanzadə, Həsən Haqverdiyev, Tağı Tağıyev, Vəcihə Səmədova, Ömər Eldarov, Toğrul Sadıqzadə və sair rəssamların onlarla əsərləri daxildir. Səttar Bəhlulzadə və Tahir Salahovun yaradıcılığına xüsusi zallar ayrılıb.[16].
-
Abbas Hüseyn, Azərbaycanlı qadının portreti. 1908-ci illər
-
Əzim Əzimzadə, Məhəmməd Füzulinin portreti. 1914
-
Nadir Əbdürrəhmanov, Sevimli naxışlar. 1967
-
Baba Əliyev, Qız şərbət ilə. 1976
-
Toğrul Nərimanbəyov, Göyçay bağlarında. 1965
-
Böyükağa Mirzəzadə, Lətif Kərimovun portreti. 1977
-
Səttar Bəhlulzadə, Xəzərdə axşam. 1959
-
Xalidə Səfərova, Süsənlər. 1965
-
Tağı Tağıyev, Xalça satıcısı. 1943
-
Vəcihə Səmədova, Leyla Bədirbəylinin portreti. 1954
-
Toğrul Sadıqzadə, Orta əsr saxsı qabları. 1955
-
Elyar Əlimirzəyev, Həqiqət naminə döyüş. 2010
Qərbi Avropa rəssamlığı
redaktəMuzeyin kolleksiyasında müxtəlif ölkələrdən olan XVI–XIX əsr Qərbi Avropa sənətkarlarının əsərləri toplanılıb. Həmin əsərlər ölkələr üzrə ayrı zallarda nümayiş etdirilir.
İtaliya rəssamlığı
redaktəMuzeyin əsərləri saxlanılan italyan rəssamları arasında Leandro Bassano, Françesko Solimena, Qverçino, Bernardino Luini, Andrea del Sarto və başqalarının adını çəkmək olar. Muzeydə Bernardino Luininin fırçasına məxsus "Müqəddəs Yekaterina", Bassanonun "Qoca qadının portreti", Bartolomeo Şerdoninin "Vəftizçi İohann", Qverçinonun "Yatmış Endimon", "Madonna körpə ilə", Andrea del Sartonun "Madonna harpiyalarla" və "Madonna körpə ilə", Sebastiano Brunettinin "Vakxanaliya" əsərlərini görmək mümkündür. Həmçinin muzeyin ekspozisiyasında naməlum italyan rəssamına məxsus "Məryəmin Yelezaveta ilə görüşü" və Kanalettonun dairəsindən olan naməlum italyan rəssamının "Venesiya mənzərəsi" əsəri də vardır.
-
Tisian Veçellio, Papa III Pavelin portreti (surət)
-
Andrea del Sarto, Madonna harpiyalarla (surət)
-
Bernardino Luini, Müqəddəs Katerina. XVI əsr.
-
Sezare da Sesto "Müqəddəs ailə Yekaterina ilə" (surət)
-
Covanni Françesko Barbiyeri, Yatmış Endimon. XVII əsr
-
Leandro Bassano, Qadın portreti. XVII əsr
Flamand rəssamlığı
redaktəFlamand incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyində xüsusi zalda təqdim edilir. Muzeyin kolleksiyasında Adrian Brauver ("Cərrah yanında"), Yustus Sustermans[16] ("II Ferdinand Mediçinin portreti"), Baltazar Beşxey ("Venera və Adonis"), Baltazar Paul Ommeqankın ("Qoyunlar otlaqda") əsərləri saxlanılır. Bunlarla yanaşı, muzeydə naməlum flamand ("Konsert", "Peyzaj", "Natürmort", "Rinaldo və Armida" və s.) rəssamlarının da çoxlu sayda əsərlərini görmək mümkündür.
-
Antonio Van Deyk, I Karlın portreti(surət). 1909
-
Adrian Brauver, Cərrah yanında. XVII əsr
-
Yustus Sustermans, II Ferdinand Mediçinin portreti. XVII əsr
-
Baltazar Beşxey, Venera və Adonis. 1761
-
Naməlum flamand rəssamı, Natürmort. XVII əsr
-
Naməlum flamand rəssamı, Salomeya. XVII əsr
-
Adrian van Stalbemt, Orfey
Holland rəssamlığı
redaktəAzərbaycan Milli İncəsənət Muzeyində müxtəlif dövrlərdə yaşamış holland sənətkarlarının əsərləri bir zalda nümayiş etdirilir. Muzeyin kolleksiyasında Frans Hals ("Kişi portreti"), Mixil van Mirevelt[16] ("Hersoq Vallenştaynın portreti"), Piter Klas ("Natrümot"), Klas Molenaerın ("Evlərlə mənzərə") əsərləri saxlanılır. Bunlarla yanaşı muzeydə naməlum holland ("Liman", "Güzgü qarşısında iki qadın", "Monastır əczaxanası" və s.) rəssamlarının da çoxlu sayda əsərlərini sərgilənir.
-
Mixil van Mirevelt - Qadın portreti
-
Mixil van Mirevelt - Hersoq Vallenştaynın portreti, XVII əsr.
-
Frans Hals - Kişi portreti.
-
Adrian Van Ostade - Qəlyançəkənlər meyxanada, 1669
-
Piter Klas - Natrümot.
-
Nikolaas Yohannes Rusenbum - Qış mənzərəsi
Fransız rəssamlığı
redaktəMuzeydə XVII–XIX əsr fransız rəssamlarının əsərləri saxlanır ki, həmin rəssamlar arasında da Qaspar Düqe ("Peyzaj"), Jül Düpre ("Otlaqda", "Meşə kənarında"), Paskal Danyan-Buvre ("Qadın portreti", "Uşaq portreti"), Jan Batist Qryoz ("Qız portreti"), Jan Jozef Benjamin-Konstan ("İmperatriça Aleksandra Fyodorovnanın portreti"), Jan Onore Franqoar ("Pastoral"), Luis Ersan ("I Pyotr və XV Lui"), Lui Lassalın ("Saltıkovanın portreti") adlarını çəkmək olar.
-
Jan Onore Franqoar - Pastoral.
-
Şarl Lebren - İlliador sürgünü.
-
Frederik Bazil - I Pyotr və XV Lui.
-
Qaspar Düqe - Peyzaj, XVII əsr
-
Emil Giran - Soba qarşısında iki qadın
-
Jak Kurtua - Döyüş səhnəsi.
-
Jan Jozef Benjamin-Konstan - İmperatriça Aleksandra Fyodorovnanın portreti.
-
Filipp de Şampan - Kişi portreti.
-
Jan Batist Qryoz - Qız portreti.
-
Paskal Danyan-Buvre - Qadın portreti.
-
Jan-Batist İzabe - Yekaterina Pavlovna Romanovanın (imperator I Pavelin qızı) portreti.
-
Antuan Pen - Qraf Qottar maskarad geyimində.
Alman rəssamlığı
redaktəMuzeydə həmçinin alman rəssamlarının da əsərləri saxlanılır ki, onlar arasında İohann Henrix Ross ("İlxı"), Fridrix Avqust fon Kaulbax[7] ("On səkkiz yaşlı Aleksandra Fyodorovnanın portreti", "Gənc Aleksandra Fyodorovnanın portreti"), İohann Vilhelm Eduard d'Alto ("Qadın portreti"), Elizabet Strempel ("Milli geyimdə yaşlı qadın portreti"), Frans Kops ("Gənc qız portreti") və başqalarının adını çəkmək olar. Bu rəssamlarla yanaşı, Azərbaycan Milli İncəsənət Muzeyində XVI əsr naməlum alman rəssamının fırçasına məxsus "Müqəddəs Yevstafiya haqqında əfsanə" əsəri, həmçinin başqa naməlum alman rəssamlarının əsərləri də saxlanılır.
-
Naməlum alman rəssamı - "Müqəddəs Yevstafiya haqqında əfsanə", XVI əsr.
-
İohann Vilhelm Eduard d'Alto - Qadın portreti
-
Fridrix Avqust fon Kaulbax - Yelizavetta Fyodorovnanın portreti.
-
Fridrix Avqust fon Kaulbax - Gənc Aleksandra Fyodorovnanın portreti.
-
Baltazar Denner - Qarı portreti, XVIII əsrin II-ci yarısı
-
Naməlum alman rəssamı - Beşik başında, XVII əsr.
-
İohann Henrix Ross - Sürü
Rusiya rəssamlığı
redaktəRusiya rəssamlarının əsərləri muzeydə üç kolleksiya şəklində təqdim olunur. Onlardan birincisi dini əsərlərin toplandığı kolleksiyadır ki, bu kolleksiyada müxtəlif dövrlərə aid rus ikonaları sərgilənir. İkinci və üçüncü kolleksiyalar isə XIX və XX əsrdə rus rəssamları tərəfindən yaradılmış əsərlərin toplandığı kolleksiyalardır.
İkona kolleksiyası
redaktəAzərbaycan Mİlli İncəsənət Muzeyinin ikona kolleksiyasına müxtəlif dövrlərdə yaradılmış ikonalar daxildir. Bu kolleksiyada Moskva, Novqorod, Vladimir, Pskov və başqa ikona məktəblərinə aid əsərlər vardır. Kolleksiyanın sərgilənən hissəsinin ən dəyərli nümunələri arasında məşhur "Vladimir Tanrı anası ikonası"nın XVI əsrə aid nüsxəsi, "Qazan tanrı anası ikonası"nın XVII əsrə aid nüsxəsi, Moskva məktəbinə aid iki ədəd "İsanın dirilməsi ikonası", İvan Kapusta tərəfindən 1794-cü ildə Novqorod məktəbi üslubunda işlənmiş "Hamının mühafizəkarı Məsih ikonası" və başqalarını göstərmək mümkündür.
-
Vladimir Tanrı anası ikonası, naməlum rəssam, XVI əsrin sonları
-
Qazan Tanrı anası ikonası, naməlum rəssam, XVII əsrin ortaları
-
İsanın dirilməsi ikonası, naməlum rəssam, Moskva məktəbi, XVII əsr
-
İsanın dirilməsi ikonası, naməlum rəssam, Moskva məktəbi, XVII əsr
-
Hamının mühafizəkarı Məsih ikonası, İvan Kapusta, Novqorod məktəbi, 1794
XIX əsr
redaktəXIX əsr Rusiya rəssamlığı kolleksiyasında həmin əsrdə yaşayıb-yaratmı rus rəssamlarının əsərləri sərgilənir. Kolleksiyaya A. Venetsiyanov, K. Lemox, A. İvanov, V. Vereşagin, P. Vereşagin, V. Pukirev, V. Tropinin, İ. Orlovksi, İ. Şışkin, L. Jodeyko, K. Briullov, A. Kunci, V. Makovski, İ. Ayvazovski, A. Boqolyubov və sair rəssamların işləri daxildir. Bu kolleksiyada sərgilənən bəzi əsərlərin mövzüsu da Qafqaz və Azərbaycanla bağlıdır. Bu cür əsərlərə misal olaraq P. Vereşaginin "Bakı şəhərinin dənizdən görünüşü", İ. Ayvazovskinin əvvəllər H. Z. Tağıyevə məxsus olmuş[7] "Fırtınada gəmi" əsərlərini göstərmək mümkündür.
-
A. Venetsianov - Quyu yanında görüş. 1843
-
Vasili Pukirev - Pozulmuş nikah. 1877
-
Vladimir Danatoviç Orlovski - Tozağacı meşəsi
-
İvan Şışkin - Meşədə
-
Leonid Jodeyko - Gənc qadın portreti, 1856
-
Karl Briullov - Paşkovun portreti, 1836
-
Yuli Klever - Mənzərə, 1881
-
İlya Nikolayeviç Zanovski - Kazbekdə sühb çağı
-
Rufin Qavriloviç Sudovski - Mənzərə. Bataqlıqda ağaclar
-
Arxip İvanoviç Kunci - Dnepr
-
İvan Konstantinoviç Ayvazovski - Meşə yolu, 1856
-
İvan Konstantinoviç Ayvazovski - Fırtınada gəmi, 1899
-
Nikolay Samokiş - Malıy Yaroslavets döyüşü, 1884
XX əsr
redaktəAzərbaycan Milli İncəsənət Muzeyinin XX əsr Rusiya rəssamlığı kolleksiyasında, ən məşhur müasir rus rəssamlarının əsərləri toplanmışdır. Kolleksiyaya A. Daynenka, Q. Nisski, V. Oreşnikov, Y. Pimenov, K. Yuon, Y. Razumovskaya, K. Korovin, A. Muraşko, F. Botkin, N. Rerix, A. Drevin, V. Kandinski, A. Kuprin, A. Lentulov, N. Qriqoryev, İ. Maşkov, A. Osmerkin, P. Utkin, V. Stenberq, L. Zupperman, V. Baranov-Rossine, G. Fyodrov, P. Konçalovski, L. Lisitski, Q. Klutsis, O. Rozanova, V. Pastel, İ. Şkolnik, İ. Qrabar və sair rəssamların əsərləri daxildir. Məşhur rəssamlar olan V. Kandinski və K. Korovinin əsərləri xüsusi zallarda nümayiş etdirilir.
-
Vasili Vasilyeviç Kandinski (1886-1944) - Atlı amazonka. 1917
-
Rerix Konstantinoviç Nikolay (1874-1847) - Müqəddəs döyüşçülər. 1910-1912
-
Korovin Alekseyeviç Konstantin (1861-1939 ) - Paris axşamı. 1906-1912
-
Baranov -Rossine Vladimir Davidoviç (1888-1942) - Çəhrayı
-
Lisitski Markoviç Lazar (1890-1941) - Şəhər (Supermatizm). 1920
-
Olqa Vladimirovna Rozanova (1886-1918) - Kompazisiya
Qrafika kolleksiyası
redaktəMuzeyin fondunda geniş qrafika işləri kolleksiyası da saxlanılır. Bu əsərlərdən bəziləri Muzryin qravür zalında dümayiş olunur. Muzeyin Qravür kolleksiyası Asiya, Avropa və Azərbaycan sənətkarlarının işləri olmaqla üç hissəyə bölünür. Kolleksiyada XVII–XIX əsr sənətkarlarının əsərləri saxlanılır.
Muzeydə qrafika əsərləri nümayiş etdirilən rəssamlar arasında Bernar Pikar, Denoye Avqust Kaspar Lui Buşe, Georq Fridrix Şmidt, Jan Düle, Jan-Jak Avril, Lui Fransua Mariage, Jan Fransua Leonor Merime, Pyer İmbert Derevet, Şere Fransua, Antuan Karre, Rober Qayar, Qriqori Qaqarin, Vasili Mate, Əkbər Şərgizad Təbrizi, Abbas Hüseyni, Əzim Əzimzadə, Maral Rəhmanzadə, Ələkbər Rzaquliyev, Altay Hacıyev, Elmira Şahtaxtinskaya, Arif Ələsgərov, Elçin Məmmədov, Hüseyn Əliyev, Cəmil Müfidzadə və başqalarının adını çəkmək olar. Bunlardan başqa Muzeyin kolleksiyasında orta əsr Hindistan, Çin, İran və Azərbaycan rəssamlarının miniatürləri də saxlanılır.
-
Bernar Pikar - Sonuncu müraciət zamanı.
-
Denoye Avqust Kaspar Lui Buşe - Rafaelin "Madonna del Cardellino"su.
-
Jan-Jak Avril - Zamanı dayandırma bilgisi
-
Lui Fransua Mariage - Kasıba verilən hədiyyə.
-
Şere Fransua - Konrad de Sifin portreti.
Heykəltəraşlıq kolleksiyası
redaktəMuzeyin heykəltəraşlıq əsərləri kolleksiyasında eramızdan əvvəlki dövrlərdən müasir dövrə qədər olan tarixi əhatə edən maraqlı sənət nümunələri toplanmışdır. Kolleksiyada Qədim Misir, Qədim Yunanıstan, Qədim Roma dövrlərinin naməlum sənətkarlarının əsərləri, o cümlədən Pyetro Tenerani, Lorenzo Bartolini, Antonio Frilli, Antonio Kanova, İohann Georq Pinzel, Frans fon Ştuk, Cozef Bernard, Ferdinand Barbedinni, Fransua-Raul Larşe kimi məşhur heykəltəraşların yaradıcılıq nümunələri, həmçinin müxtəlif dövrlərdə yaşayıb yaratmış naməlum Avropa sənətkarlarının işləri saxlanılır.
Bunlardan başqa muzeyin kolleksiyasında Ömər Eldarov, Tokay Məmmədov, Mirəli Mirqasımov, Həyat Abdullayeva, İbrahim Zeynalov, Mahmud Rüstəmov, Akif Əsgərov, Altay Sadıqzadə, Fuad Əbdürrəhmanov və sair Azərbaycan sənətkarlarının da yaradıcılıq nümunələri sərgilənir.
-
Antik heykəl, e.ə. II əsr. Surətin müəllifi İosif Boni, Can verən İskəndər (surət). Qərbi Avropa
-
Antik heykəl, e.ə. II əsr. Başı örtüklü qadın (surət). Qərbi Avropa, XIX əsr
-
Naməlum italyan heykəltəraşı, Qadın fiquru. Qərbi Avropa, XIX əsr.
-
Lorenzo Bartolini, Diz çökmüş qız. İtaliya, XIX əsr.
-
Pyetro Tenerani, İsa peyğəmbər. İtaliya. 1837.
-
Antonio Frilli, Dante. İtaliya, XIX əsr.
-
Antonia Kanova, Napoleonun büstü (surət) . İtaliya. XIX əsrin əvvəli
-
Frans fon Ştuk, Atlı amzonka. Almaniya, XIX əsrin sonu - XX əsrin əvvəlləri
-
Jozef Bernard, Busə. XIX əsrin sonu - XX əsrin I yarısı
-
Jan-Antuan Udon,Diana (kiçidilmiş surət). Fransa, 1790
-
Ferdinand Barbdienn, Edip və Sfinks. Fransa, XIX əsrin II yarısı
-
Fransua-Raul Larş Dəfnə ağacına çevrilən nimfa. Fransa, XIX əsrin sonu
-
Kloud Mişel, Ağlayan gənc favn (surət). Fransa, XIX əsr
-
Mark Antokolski,I Pyotr. Rusiya. 1872
Qədim Misir heykəltəraşlığı
redaktəKolleksiyaya Qədim Misir heykəltəraşlığının müxtəlif sahələrini əhatə edən əsərlər daxildir. Nümayiş etdirilən əsərlər arasında Qədim çarlıq dövrünə aid əlində Maat heykəli tutmuş misirlinin barelyefi, e.ə. I minilliyə aid İlahə Sexmetin barelyefi, e.ə. II əsrə aid firon büstü, e.ə. VI əsrin I yarısına aid sfinks və sair sənət nümunələri də vardır.
-
Misirli Maatın heykəli ilə barelyef, Qədim Misir.
-
Çarın başı, Qədim Misir. E.ə. II əsr
-
Sfinks, Qədim Misir
-
Misirli ailə (Yazıçı Şeri ailəsi ilə), Qədim Misir. E.ə. XV əsrin ortaları.
-
İlahə Soxmetin portreti, Qədim Misir. E.ə. I minillik.
Toxuma və tikmə sənəti nümunələri
redaktəMuzeyin kolleksiyasına aid xalça və xalça məmulatları, tikmə, toxuma nümunələri orta əsr və müasir dövrü əhatə edir. Muzeyin ekspozisiyasında Azərbaycan, Türk, İran, Çin, Yapon, Rus incəsənətinə aid eksponatlar sərgilənir. Burada, Azərbaycan xalçaçılıq məktəbinin xovsuz, xovlu xalçalarını, tikmə sənətinin güləbətin, təkəlduz, cülmə, qələmkar və s. kimi gözoxşayan incə əl işlərini görmək mümkündür.
-
Əfşan xalçası, Azərbaycan, Lətif Kərimov, 1932.
-
Çələbi xalçası, Qarabağ xalçaçılıq məktəbi, XIX əsr.
-
Pirəbədil xalçası, Quba xalçaçılıq məktəbi,XIX əsr.
-
Zili xalçası, Abşeron xalçaçılıq məktəbi, XIX əsr.
-
Qabıstan xalçası, Şirvan xalçaçılıq məktəbi, XIX əsr.
-
Dərvişlər xalçası, Təbriz xalçaçılıq məktəbi, XIX əsr.
-
Bədii tikmə. Azərbaycan, Təbriz, XIX əsr.
-
Zinpuş (Yəhər üstü), Azərbaycan, Təbriz, XIX əsr.
-
Qələmkar pərdə “Yusif və Züleyxa”, Azərbaycan, Təbriz, XIX əsr.
-
Bədii tikmə, Fransa, XVII əsr.
İstinadlar
redaktə- ↑ "Muzey haqqında, Azərbaycan Milli İncəsənət Muzeyi". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.
- ↑ 1 2 3 Интервью директора музея Чингиза Фарзалиева. Наша коллекция насчитывает свыше 17 тысяч экспонатов Arxivləşdirilib 2018-02-05 at the Wayback Machine // газета : "Азербайджанские известия". — 2 марта 2012.
- ↑ В. Г. Власов. Большой энциклопедический словарь изобразительного искусства. — Лита, 2000. — Т. 1. — С. 534. — ISBN 5933630020
- ↑ Böyük Sovet Ensiklopediyasında Mustafayev Rüstəm Mamed oğlu Arxivləşdirilib 2021-06-30 at the Wayback Machine məqaləsi
- ↑ 1 2 Азәрбајҹан инҹәсәнәт музеји / Под ред. Дж. Б. Кулиева. — Азербайджанская Советская Энциклопедия: Главная редакция АСЭ, 1976. — Т. 1. — С. 144
- ↑ 1 2 3 4 Н. А. Рагимова. Научно-исследовательская работа в музее на основе фондов: на примере Азербайджанского государственного музея искусств им. Р. Мустафаева. Arxivləşdirilib 2015-02-24 at the Wayback Machine // журнал : Вопросы музеологии. — 2010.
- ↑ 1 2 3 4 5 Ибрагим Зейналов, бывший директор музея. Breathing Life Back Into Art. The National Art Museum Arxivləşdirilib 2015-08-09 at the Wayback Machine // журнал : Azerbaijan International. — 2000. — № (8.2). — С. 48–50.
- ↑ Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков Arxivləşdirilib 2017-09-11 at the Wayback Machine / Под ред. проф. В. И. Пилявского. — Ленинград: Стройиздат, 1978. — 215 с
- ↑ Tамара Гумбатова. Дебуровский дворец Arxivləşdirilib 2021-07-31 at the Wayback Machine // литературный портал : Проза.ру. — 2012
- ↑ 1 2 3 4 5 Тамара Гумбатова. Дебуровский дворец Arxivləşdirilib 2021-07-31 at the Wayback Machine// литературный портал : Проза.ру. — 2012
- ↑ "Ильхам Алиев принял участие в церемонии открытия нового корпуса Азербайджанского национального музея искусств". 2015-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-16.
- ↑ 1 2 3 Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков Arxivləşdirilib 2017-09-11 at the Wayback Machine / Под ред. проф. В. И. Пилявского. — Ленинград: Стройиздат, 1978. — 215 с.
- ↑ 1 2 Р. М. Эфендизаде. Проспект Нариманова — принципы архитектурно-планировочного решения. — Известия Академии наук Азербайджанской ССР: Издательство Академии наук Азербайджанской ССР, 1980. — С. 111.
- ↑ "Каспий", 7.09.1884г
- ↑ Здание Мариинской женской гимназии — история постройки (Баку) [ölü keçid]
- ↑ 1 2 3 Böyük Sovet Ensiklopediyasından Azərbaycan İncəsənət Muzeyi Arxivləşdirilib 2011-08-22 at the Wayback Machine məqaləsi
Ədəbiyyat
redaktə- Azərbaycan Dövlət İncəsənət muzeyi, Bakı, 1959
- Azərbaycan Tarix muzeyi, Bakı, 1973
- Государственный Музей Азербайджанского ковра и народно-прикладного искусства, Баку, 1977
- Əhmədova A. T. Azərbaycan muzeylərində ekspozisiya təşkil edilməsinin estetik prinsipləri (namizədlik dissertasiyanın avtoreferatı), Bakı, 2002
- Əsrlərdən yadigar, Bakı, 2004
Xarici keçidlər
redaktə- Muzeyin rəsmi saytı Arxivləşdirilib 2013-12-14 at the Wayback Machine
- Sovet ensiklopediyası: Populyar rəssamlıq ensiklopediyası, Azərbaycan İncəsənət Muzeyi, V. M. Polevovun redaktorluğu ilə.
- Böyük Sovet Ensiklopediyası — Azərbaycan İncəsənət Muzeyi məqaləsi.
- İncəsənət muzeyinin Avropa bölməsi