Yasar Nuriyev - Wikipedia
Yaşar Məmmədsadıq oğlu (Nuri) Nuriyev (3 sentyabr 1951[1], Bakı – 22 noyabr 2012, Yasamal rayonu) — Azərbaycan teatr və kino aktyoru, rejissor, komik, psixoloji və dramatik rolların ifaçısı,[2] Azərbaycanın xalq artisti (1989), Azərbaycan Respublikasının dövlət mükafatı laureatı (1991).
Yaşar Nuri | |
---|---|
Doğum adı | Yaşar Məmmədsadıq oğlu Nuriyev |
Doğum tarixi | 3 sentyabr 1951[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 noyabr 2012 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Məmmədsadıq Nuriyev |
Fəaliyyəti | aktyor, televiziya aktyoru |
Fəaliyyət illəri | 1974–2012 |
Təhsili | |
Teatr | Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı |
Mükafatları |
|
IMDb | ID0638184 |
Həyatı
redaktəYaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir.
Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir.
Səhnədə ilk addımları
redaktəSəhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.
Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq alırdı.[3]
10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir.
…İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu "hazır aktyor" sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaratmışdır.
1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Məşhur kino ustası
redaktəTeatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə…", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.
Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.
Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilmişdir.[4]
Yubileyləri
redaktəAktyorun yubileyləri hər dəfə təntənəli şəkildə keçirilmişdir. 1981-ci ildə 30 illik yubileyində o, ilk fəxri adını — əməkdar artist adını almışdır. 1991-ci ildə 40 illik yubileyində ona "Yaramaz" filmindəki roluna görə Dövlət Mükafatı verilmişdi. 1996-cı ildə 45 illiyinə həsr olunmuş "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar Olduğu kimi" sənədli filmləri çəkilmişdir. 2011-ci ildə Yaşar Nurinin 60 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunmuşdur.
Teatrda
redaktəAktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınamışdır. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkmişdir.
2008-ci ildə aktyor hamını sarsıdaraq, taleyinin ən çətin filmində aldığı baş rolu da adlayıb ötüşdürdü. Bu qorxulu rolda Yaşarı yaşadan və yaşamaq eşqini artıran yenə xalq məhəbbəti, tamaşaçı sevgisi oldu. Çətin və ağır əməliyyatdan sonra ilk dəfə böyük sənət yoldaşı, unudulmaz Həsənağa Turabovun 70 illik yubileyində səhnəyə çıxan Yaşar Nuri yenə də uzun-uzadı alqışlarla qarşılandı. Akademik Milli Dram Teatrının tamaşaçı zalına H. Turabov sənətini sevənlər və mədəni ictimaiyyətin elitası toplanmışdı. Xalqın öz sənətkarına verdiyi qiymətə heç kəsin şübhəsi yoxdur, amma əksər hissəsi sənətkarlardan, incəsənətimizin elitasını təşkil edənlərdən ibarət bu auditoriya da Yaşarın qorxunc xəstəliyə qalib gəlib yenidən səhnədə görünməsinə böyük səmimiyyətlə sevindiyini göstərdi. Bəzi məqamlarda elitanın içində yaşayan eqoizm də sənətkarın ayaq üstə dura bilməsindən doğan sevincə güc gələ bilmədi.[5]
Səhnə fəaliyyəti
redaktəAkademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılırdı. Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul") (28 dekabr, 1974) komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz (1 oktyabr, 1975), Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası və yaxud Don Juan"da Sqanarel (6 mart, 1977), Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım (29 oktyabr, 1978), Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman (6 may, 1978), Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy(18 noyabr, 1978) obrazlarını yaratmışdır.[6] Bu rollardan bəzilərinə aşağıda daha geniş nəzər salınacaq.
Yaşarın istər teatrda, istərsə də kino və telekrandakı rolları həcmindən asılı olmayaraq tamaşanın "ağırlıq nöqtəsi"nə dönür. Həmin tamaşalarda aktyorun yanında layiqli yöndaşı olmayanda səhnə əsəri müvazinətini itirir.
İlk tamaşası 1988-ci il sentyabr ayının 24-də göstərilən "Qanlı Nigar" tamaşasında sözün əsl mənasında iki qütb var: birisi Abdi, digəri Nigar. Məhz bu iki personajin ətrafında gedən mürəkkəb, çalpaşıq, təzadlı, yumorlu hadisələr-ümumbəşər məna kəsb edir, düşündürür, güldürür, həyəcanlandırır, ağladır.
Vaqif İbrahimoğlunun yüksək məharətlə, milli teatr poetikası əsasında orijinal quruluş verdiyi bu folklor mənşəli pyes Yaşar Nuri (Abdi) və Amaliya Pənahovanın (Qanlı Nigar) benefisinə, sənət bayramına çevrildi.
Rejissor Vaqif İbrahimoğlu sürət-ritmi yüksək olan "Qanlı Nigar"ın kompozisiyasını bütovlükdə Abdinin üzərində qurmuşdur. Abdi tamaşa ilə tamaşaçılar, Qanlı Nigarla əleyhdarları, reallıqla şərtilik, hətta hər bir obrazın zahiri ilə əsl mahiyyəti arasında əlaqəçidir. Onsuz heç bir əhvalat mövcud deyildir. Aktyor epizoda azacıq yubansa tamaşanın poetikasına, ideyasına, etik-estetik təsirinə xələl gələr. Ana xəttin inkişafı, ali məqsədin "təntənəsi" məhz Y. Nurinin aktyorluq istedadından, peşəkarlıq səviyyəsindən, lap elə şəxsi ovqatından asılıdır. Aktyor tamaşadakı "vəzifəsinin", məsuliyyətini gözəl anlayır, bütün imkanlarını səfərbərliyə alaraq, rolun öhdəsindən məharətlə gəlir. Hər epizodda gülüşlə qarşılanır, alqışlarla yola salınır.[7]
Cəmil Əlibəyovun "Gülüstanda qətl" pyesi əssında Azərbaycanın əməkdar incəsənət xadimi Ağakişi Kazımovun hazırladığı eyniadlı tamaşada mənfidən də mənfi personaj, son dərəcə qılaflı, mafiya başçılarından biri Şahməmməd İsmiyeviçdir. O zaman belə bir rolun Yaşara tapşırılmasının düzgün olub olmadığı barədə uzun mübahisələr düşmüşdü. Lakin müəllif Cəmil Əlibəyov teatrla birgə işin başlanğıcından çox mübahisə etdi, dəlillər gətirdi. Budəfəki müəllif "inadkarlığı" özünü tam doğrultdu. Tamaşa gözəl aktyor rolu ilə zənginləşdi, bədii publisistikamızda yeni bir baxım bucağı həyat hüququnu tapdı.[8]
Oynadığı bir çox rolların təbiətində ampluanın sərt çərçivələrini pozmaq meyli Yaşar Nuridə aşkar görünür. Bəzən rejissorun quruluşu ilə razılaşmayan aktyor tamaşa zamanı öz improvizəsi ilə gedişatı tamam darmadağın etmiş olur və bu da tamaşaya daha da bəzək və kolorit gətirir. Ona görə demək olar ki, bir çox teatr və kino rejissorlarımız Yaşar Nuriyə sərbəstlik verməli olurlar və aktyorun peşəkarlığı, fitri istedadı burada öz sözünü demiş olur.
Ümumi və fərdi aktyor fəndləri
redaktəSəhnəyə gəlişini əvvəlcədən-səhnə arxasından tamaşaçılara xəbər vermək
redaktəBu, milli dramaturgiyamızda ən məşhur fənddir. Azərbaycan milli teatrı peşəkarlaşandan sonra aktyor teatrı olub. Izləyici teatra ilk növbədə aktyora baxmağa gəlir. Bunu yaxşı bilən, bütün hüceyrələri ilə hiss edən aktyor da oynadığı epizodun səhnəyə çıxma vaxtı yetişəndə qabaqcadan izləyicilərini xəbərdar eləyir ki, bəs, arxayın olun, bu gün mən sizinləyəm. Aktyor tam əmin olmalıdır ki, tamaşaçı səsini eşitcək məhz onu-sevimli və istəkli sənətçisini anların intizarıyla gözləyir. Və ona olan sevgisini, rəğbətini sürəkli alqışlarla izhar edəcək. Əks təqdirdə… Yox, hər özündən məmnun və müştəbeh artist cəsarət edib bu fəndə əl atmaz. Yaşar Nuri bu fənddən 25 ildən çoxdur ki, istifadə edir. Epizodun vaxtı yetişəndə aktyor həməncə səhnəyə çıxmır, bir-iki saniyə ləngiyir (pauza verir). Elə həmin məqamda isə səhnə arxasından həssaslıqla salonu dinləyir. Yalnız özünə bəlli olan hüdudacan gözləyir. Sonra ilk replikasını(sözünü) uca deyir və yenə bir neçə saniyə salonu dinləyir. Həm də salonun psixoloji reaksiyasını bütün oynaqları ilə duyur. Tamaşaçılar arasındakı canlanma qulağına, hisslərinə çatar-çatmaz sözün əsl mənasında səhnəyə şığıyıb yerində "donur". Sürəkli alqışlar! Seyrçilər rəğbətlə, sevimli aktyorunu salamlayır. O isə "obrazdan çıxmadan" donmağıyla pərəstişkarlarının salamlarını alır.[9]
Alqış "qoparıb" sonra səhnədən getmək
redaktəAçığını desək, bu, ən çətin fəndlərdən biridir. İlkin səbəbinə varaq. Bir çox pyeslərdə, ələlxüsus çağdaş komediya və dramlarda müəlliflər daha çox ansamblın hərəkət quruluşuna fikir yönəldirlər. Səhnədən gediş üçün öncədən personaja vurğulu, nidalı, mənalı, partlayıcı qüvvəyə malik kəlmə(yaxud ifadə, cümlə) vermirlər. Daha doğrusu, heç bu təmənnada olmurlar da. Yaşar bu "əngəl"i asanlıqla aşır, bu "maneə"ni ustalıqla adlayır. Həmin işdə onun dadına parlaq improvizə qabiliyyəti yetişir.
Yaşarın rol üzərindəki iş prosesi məşqlərdə bitmir. Bəzi "bombalar" tamaşa zamanı bədahətən partlayır, bəziləri isə vəziyyətə cavab olaraq.[10]
Pauzanı saxlamaq
redaktəİlk baxışdan bu fənd son dərəcə asan görünə bilər. Axı susmaqdan rahat nə ola bilər?
Yaşar pauzadan(mənalı gərgin sükutdan) bir tamaşada çox istifadə etmir, onun dəyərini qoruyur. Çünki bir dəfə, özü də obrazın hadisələrlə bağlı ən gərgin epizod yerində istifadə edilən sükut tamaşaçıya uzun-uzadı monoloqlardan daha çox şey "deyir". Yaşarın ustadı Tofiq Kazımov tamaşalarını(illah da ki, İlyas Əfəndiyevin lirik-psixoloji dramları əsasında qoyulanları…) bu cür "çoxdanışan sükutlarla" özünəməxsus ifadəliklə zənginləşdirirdi. Məncə Yaşar da ustadının həmin fəndini məharətlə mənimsəyib, bundan səmərəlicəsinə faydalanıb və ona öz şəxsi "rəngini" verib.
Seyrçilərlə ünsiyyətə arxalanaraq Yaşar Nuri bu fəndi ("mənalı sükutu") qarşılıqlı dialoqun əməli vasitəsinə çevirir. Bu, vasitəyə xüsusi ilıqlıq, istilik verən həmsöhbətlərinin zövqünə inam və birgə yaradıcılığına çağırışdır.
Tamaşanın ilk anlarından qəhrəmanını birmənalı təqdim eləyən Yaşar xüsusi dəqiqliklə onun (personajının) xasiyyətnaməsini səhnəyə hər yeni gəlişində təsdiqləyir, rəngarəngləşdirir və tamaşanın təxminən ortasında obrazı seyrçilərin "köhnə tanışına" çevirir.
Bildiyimiz kimi, hər bir səhnə əsərində həmin tamaşanın, həm də ayrı-ayrı personajın kulminasiya (ən yüksək gərginlik) nöqtəsi olur. Yaşar personajın seyrçiyə tanış(doğma, yaxın, anlamlı…) etdikdən sonra bir növ onu da, özünü də tamaşanın "əsas sualına", kulminasiya sualına hazırlaşdırmağa başlayır. Onun məqamı yetişəndə isə pauzaya, gərgin mənalı sükuta əl atır.
Hər hansı tamaşanın hər hansı epizodunda səhnədə Yaşarın oynadığı obraza sual veriləndə Yaşar bir anlığa donur. İlkin məqsədi budur ki, qoy seyrçi də sualı tam dərk eləsin… Sonra sanki özünə varır, susur. Bununla seyrçiyə cavabı "proqnozlaşdırmağa" imkan verir. Cavabı "tapır"(hərçənd bir aktyor kimi onu öncədən rolunun mətnində bilirdi!..), yöndaşına cavab verməyə hazırlaşır. Hətta deməyə də başlayır, amma… Amma birdən sözünü kəsir. Bu yerdə salona dönür, sanki camaatı özünə şahid tutur. Nəfəsini saxlayan seyrçinin "səbri tükənməyə" bir an qalanda xüsusi vurğuyla cavabını deyir.
Bundan sonra bir neçə dəqiqə səhnədə heç nə baş vermir, yöndaşları yerlərindəcə donub gülüş(və ya alqış) tufanının səngiməsini gözləyirlər. Yaşarın özü isə bu zaman ifadəli pozada "donub" bic-bic nəzərlərlə seyrçisinə baxır ki, bəs, gördünüz də, biz sizinlə eyni "dalğada" düşünüb eyni qənaətə gəlirik. "Pauzanı saxlamaq" fəndinin konkret zaman ölçüsünü bir kimsə təyin edə bilməz. Yalnız və yalnız aktyorun özü fitri duyğusuna arxalanıb sükutun uzunluğunu təyin, təmin və davam etdirə bilir.[11]
Kino fəaliyyəti
redaktəKinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd Bazar Günü" filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi oldu. Bunun ardınca isə o, irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatdı. Yaşarın maraqlı rollarından biri də "Əzablı Yollar" nağıl-filmindəki kiçik div obrazıdır. Müasirləşdirilmiş və bir qədər də sosiallaşdırılmış filmdə mifik obraz yaradan aktyor oynadığı divin faciəsini, onun gücünün tükənməsini, insan ağlı qarşısındakı acizliyini son dərəcə məharətlə və maraqlı yarada bilib. Bu film ekranlarda az-az göstərilməsinə baxmayaraq, Yaşar Nurini bu mifik amplualı obrazda görən tamaşaçı, yəqin ki, onu heç vaxt unutmaz.
Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də "Yol Əhvalatı" filmindəki Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazının yaradıcısı Yaşar Nuri hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində hər kəsin sevimli obrazlarından birinə çevrilib.
Yaşar Nuri müxtəlif kinorejissorlarla işləyib və təbii ki, bu təcrübə ilə də onun yaradıcılığında böyük sənət məktəbinin bütün çalarları cəmləşib. Lakin, aktyorun son illər ərzində (son illərin də artıq iyirmi yaşı var), yəni 1988-ci ildən üzübəri kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Əsasən tragikomik janrda işlənən filmlərdə aktyor bir-birindən fərqli, lakin daxili pafosu ilə sanki bir-birini tamamlayan xarakterləri, özü də milli xarakterləri yaratmaqla özünün aktyorluq imkanlarını, peşəkarlığını və təbii ki, Allah tərəfindən verilən istedadını ortaya qoya bilib.
Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili Xaş" və "Bəyin Oğurlanması"(rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin Oğurlanması") obrazının xüsusi yeri var. Evə girərkən hər dəfə təkrarlanan ayaqqabının kənara atılması, özünəməxsus yeriş və davranış, ölümünə fərman verilmiş sevginin əzabları və bir çox başqa çalarlar İsrafil obrazının əsl dəyərini açır və Yaşar Nuri bu maraqlı obrazı yenə də baxımlı edə bilir.
Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl Günü"ndəki Mahmud doktorunu, "Nə gözəldir bu dünya…"dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru", "Nakəs", ""Fransız"", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.
Mükafatlar və fəxri adlar
redaktə- 1 dekabr 1982 — "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- 1984 — Azərbaycan SSR Lenin komsomolu mükafatı
- 21 mart 1989 — "Azərbaycan SSR xalq artisti" fəxri adı
- 1991 — "Yaramaz" filmindəki Maşallah roluna görə 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı
- 1992 — "Qızıl dərviş" mükafatı
- 1996 — "Qızıl dərviş" mükafatı
- 2005 — Azərbaycan Respublikası Prezidentinin I dərəcəli mükafatı[12]
- 2005 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü[13]
- 2010 — Cəfər Cabbarlı mükafatı.[14]
- 1 sentyabr 2011 — "Şöhrət" ordeni[15]
- 2012 — Milli Kino Mükafatı[16]
Ailəsi
redaktəYaşar Nuri 1975-ci il noyabr ayının 28-də Rəhimə xanımla ailə həyatı qurmuşdur. Rəhimə xanım müəllimədir. Onların iki qız övladı var: Ülviyyə və Ülkər.
Filmoqrafiya
redaktəTeatr səhnəsindəki rolları
redaktəTamaşanın adı | Rol | Tarix | Müəllif |
---|---|---|---|
Toy kimindir? | Tapdıq | Məhərrəm Əlizadə | |
Hacı Qara | Bədəl | Mirzə Fətəli Axundov | |
Günahsız müqəssirlər | Neznamov | 1972 | Aleksandr Ostrovski |
Övlad | Silva | 28 dekabr 1974 | Aleksandr Vampilov |
Bağlardan gələn səs | Pərviz | 1 oktyabr 1975 | İlyas Əfəndiyev |
Yağışdan sonra | Cığatay | 1976 | Bəxtiyar Vahabzadə |
Bəşərin komediyası və yaxud Don Juan | Sqanarel | 6 mart 1977 | Mirzə İbrahimov |
Yollara iz düşür | Səlim | 30 oktyabr 1977 | Bəxtiyar Vahabzadə |
Şəhərin yay günləri | Namiq | 16 dekabr 1977 | Anar |
Dəli yığıncağı | Sərsəm Salman | 29 aprel 1978 | Cəlil Məmmədquluzadə |
Müsyö Jordan və Dərviş Məstəli Şah | Qulaməli | 12 sentyabr 1978 | Mirzə Fətəli Axundov |
Sevil | Əbdüləli bəy | 18 noyabr 1978 | Cəfər Cabbarlı |
Quşu uçan budaqlar | Qasım | 28 dekabr 1978 | Əkrəm Əylisli |
Yollar görüşəndə | Mayis | 1979 | Ruhəngiz Qasımova |
Yad adam | Eduard | 26 dekabr 1980 | Leonhard Frank |
Səhra yuxuları | Polkovnik Əmir | 28 fevral 1981 | Anar |
Mirzə Şəfi Vazeh | Qurbanqulu | 26 mart 1982 | Nəbi Xəzri |
Sizi deyib gəlmişəm… | Molla Nəsrəddin | 15 may 1982 | Anar |
Məhəbbət yaşadır | Ziyad | 21 dekabr 1982 | Nahid Hacıyev |
Büllur sarayda | Bayandur | 17 sentyabr 1983 | İlyas Əfəndiyev |
Fəryad | Rəhman | 24 mart 1984 | Bəxtiyar Vahabzadə |
Biganələr hoteli | Milan | 9 dekabr 1984 | Rüstəm İbrahimbəyov |
Həyatın dibində | Aktyor | 16 noyabr 1985 | Maksim Qorki |
Böyük Romul | Odakar | 27 dekabr 1985 | Fridrix Dürrenmatt |
Od gəlini | Altunbay | 13 aprel 1986 | Cəfər Cabbarlı |
Vaqif | Kürd Musa | 6 sentyabr 1986 | Səməd Vurğun |
Günah | Böyükağa | 14 fevral 1987 | Rəhman Əlizadə |
Üç quruşluq opera | Conatan Piçem | 18 aprel 1987 | Bertolt Brext və Kurt Vayl |
Lənkəran xanının vəziri | Mirzə Həbib | 21 iyun 1987 | Mirzə Fətəli Axund |
Bizim qəribə taleyimiz | Davud | 9 aprel 1988 | İlyas Əfəndiyev |
Qızıl teşt | Xanəhməd | 7 may 1988 | Seyran Səxavət |
Qanlı Nigar | Abdi | 24 sentyabr 1988 | Sadıq Şendil |
Gülüstanda qətl | Şahməmməd | 27 may 1989 | Cəmil Əlibəyov |
Hara gedir bu dünya? | Şahbaz | 10 sentyabr 1991 | Bəxtiyar Vahabzadə |
Ağqoyunlular və Qaraqoyunlular | Qaraqoyunlu ata | 12 dekabr 1995 | Əli Əmirli |
Ah, Paris… Paris!.. | İsgəndərzadə | 1 fevral 1997 | Elçin |
Mənim sevimli dəlim | Şöbə müdiri | 23 may 1998 | Elçin |
Sokratı anma gecəsi | Tanrıqut | 9 aprel 1999 | Çingiz Aytmatov və Muxtar Şahanov |
Bu dünyanın adamları | Yoldaş Əmrah | 14 may 2000 | Hidayət Orucov |
Hamlet | Məzarçı | 29 mart 2002 | Vilyam Şekspir |
Kəllə | Sərsəri | 18 may 2002 | Nazim Hikmət |
Hərənin öz payı | Kommunist partiyasının lideri | 14 dekabr 2002 | Xeyrəddin Qoca |
Afət | Xandəmir | 18 aprel 2003 | Hüseyn Cavid |
Brüsseldən məktublar | Nəcəf | 2003 | Həsən Həsənov |
Mesenat | Ağamusa Nağıyev | 2005 | Əli Əmirli |
Xəcalət | Kürən | 16 iyun 2006 | Hüseynbala Mirələmov |
Sevil | Balaş | Cəfər Cabbarlı | |
Toy | Salmanov | Sabit Rəhman | |
Kəndçi qızı | Alışov | Mirzə İbrahimov | |
Ölülər | Məşədi Oruc | Cəlil Məmmədquluzadə | |
Arşın mal alan | Soltan bəy | Üzeyir Hacıbəyov |
Xatirəsi
redaktəNovxanıdakı bağ evində xatirə muzeyi fəaliyyət göstərir.[17] 2012-ci ildə Yaşadan, yaşayan Yaşar adlı tammetrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 https://web.archive.org/web/20130318192450/http://kino-cccp.net/publ/13-1-0-7408.
- ↑ Faiqqızı, L. Əbədiyaşar sənətkar ömrü: [Xalq artisti Yaşar Nuri haqqında] //525-ci qəzet.- 2015.- 20 noyabr.- S.8.
- ↑ İlham Rəhimli. Sənətdə keçən ömür. Bakı: 1992, səh. 203. (az.)
- ↑ "Azərbaycan Teatrı Tarixi; İlham Rəhimli" (PDF). ANL. 2021-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2008-11-02.
- ↑ "Hər bir tamaşaçının sevdiyi Yaşar, və ya çağdaş milli komediya sənətinin nurlu siması". 525-ci qəzet.- 2008.- 2 sentyabr.- S. 7. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-02.
- ↑ Sənətdə keçən ömür. İlham Rəhimli. Bakı: 1992, səh. 209
- ↑ Rəzalət burulğanında ümid işığı. Eldar Quliyev; "Kommunist" qəzeti, 20 oktyabr, 1988-ci il
- ↑ İlham Rəhimli. Sənətdə keçən ömür. Bakı: 1992, səh. 224.
- ↑ Sənətdə Keçən Ömür; İlham Rəhimli; Bakı-1992; səh. 211
- ↑ Sənətdə Keçən Ömür; İlham Rəhimli; Bakı-1992; səh. 212
- ↑ Sənətdə Keçən Ömür; İlham Rəhimli; Bakı-1992; səh. 214
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2002-ci il tarixli 1001 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2022-03-29 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2005-ci il tarixli 732 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2023-04-17 at the Wayback Machine (az.)
- ↑ Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16. aprel 2010. (az.)
- ↑ "Y. M. Nuriyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2011-ci il tarixli 1700 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2020-06-27 at the Wayback Machine (az.)
- ↑ "kult.az". 2012-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
- ↑ moderator.az. "Yaşar Nurinin bağ evindən görüntülər - VİDEO". moderator.az (az.). 2023-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-03.
Mənbə
redaktə- Adil Şirin. Qonaq otağı. Yaşar Nuri: "Komediya oynamaq üçün darıxmışam" //Odlar yurdu.- 1992, 25 iyun.- № 18.- səh. 4.