Zurna - Wikipedia
Zurna — Güclü zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur.[1]
Zurna | |
---|---|
| |
Hornbostel–Zaks təsnifatı | 422.112 |
Mənşə ölkəsi | Azərbaycan |
Audio nümunəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Söz açımı
redaktə"Ney"," nay" və "surna" sözləri coğrafiyada çox geniş yayılıb.[2][3][4]. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir.
Coğrafiyası və tarixçəsi
redaktəAyrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin təxminən üç min il yaşı vardır.[5]
Quruluşu
redaktəƏsasən ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Gövdənin baş tərəfinə maşa taxılır. Ümumi uzunluğu 302–317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60–65 mm-ə çatır. Üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq açılır. Əlavə olaraq zurnanın ağzı tərəfdə bir dəlik daha var ki, bu da kök üçündür. Gövdənin baş tərəfinə maşa taxılır. Onun uzunluğu 120 mm-dir və o, cır söyüd, qoz və ərik ağacından hazırlanır. Maşanın vəzifəsi alətin kök qaydasını nizama salmaqdır. Əsasən, quru yerdə bitmiş iki nazik, yonulmuş qamışdan xüsusi üsulla hazırlanmış müştük 710 mm uzunluğunda olur.
İfaçı aləti səsləndirmək üçün ağız boşluğuna yığdığı havanı nizamla üfləyir. Sədəf, sümük və bürüncdən hazırlanan dəyirmi dayaq(tağalaq) milin, təxminən, orta hissəsinə bərkidilir. Tağalaq, bir növ, dodaq üçün dayaq rolunu oynayır. Üfürülən hava müştük, mil və maşadan keçərək gövdəyə daxil olur. Alət barmaqların köməyi ilə gövdədəki oyuqları açıb-bağlamaqla səsləndirilir.
Növləri
redaktəBu alətin "qara zurna", "ərəbi zurna", "cürə zurna", "əcəmi zurna", "qaba zurna", "şəhabi zurna" kimi növləri tarixən mövcud olmuşdur.
- 'Asəfi zurna' - əsasən Şirvan zonasında istifadə edilir. Şirvanda yaşamış el sənətkarı, zurnaçalan Asəf özünəməxsus zurnalar qayırdığı üçün bu alətlərə müəllifin adı verilmişdir.[6]
- Kələ zurna böyük ölçülü zurnaların ümumi adıdır.
- Cürə zurna - kiçik zurna, bəzən "ayaq tavar zurna" da deyilir. Türk səyahətçisi Övliya Çələbiyə görə, cürə zurnanı Cəmşid icad etmişdir [7]. Kiçik zurnalar əsaasən Şəki zonasında istifadə olunur.
- Orta cürə zurna
- 'Ayaq cürə zurna' - ən kiçik zurna, gövdəsinin uzunluğu 150mm-dir.
- Bəm zurnanın səsi kobud, yorğun çıxır. Görkəmcə qaba zurnanı xatırladır. Bəm balabanın müəllifi Əlicavad Cavadlı tərəfindən icad edilmişdir. Bəm nəfəsli alətlərin, özəlliklə bəm zurnanın, səsi eyni güclü digər zil səsli alətlərdən daha uzaq məsafədə eşidilir. Çünki bəm səslərin dalğa amplitudası eyni güclü zil səslərinkindən daha qüvvətlidir.[8].
- Dəm zurnası dəmkeş zurnaçıların istifadə etdiyi zurna. Görkəmcə adi zurnayla eynidir, fərq yalnız milə bağlanan ikiqat qamışdadır: səsoyadıcı rolunu oynayan bu qamışı "yüngül" hazırlanır ki, tez üfürülsün və dəmkeşi yormasın. Zurna aləti əsasən qoşa halda istifadə edilir: birinci zurnaçı ("usta") əsas melodiyanı çalır, ikinci zurnaçı ("dəmkeş") isə züy tutur (musiqi boyu "ustanı" ara vermədən "dəm" ilə təmin edir). Dəm balabanından fərqli olaraq, dəm zurnada digər ifaçı və müğənnini müşayiət etmək mümkün deyil.
- Əcəmi zurna. Keçmişdə ərəb olmayan xalqlara və onların nümayəndələrinə, özəlliklə, İran və Quzey Azərbaycan əhalisindən olan adamlara "əcəm" deyilirdi. Persiya (İran və Quzey Azərbaycan) ərazisi də Əcəm adlandırılırdı.[9] Ancaq fars və ümumiyyətlə irandilli xalqların (türk mədəniyyətinin böyük təsirində olmuş kürdlər çıxmaq şərti ilə) musiqisinin özəlliyi ondadır ki, türk musiqisi ilə müqayisədə, zurna sevilmir, istifadə edilmir.
- Ərəbi zurna adi zurnadan iri olur, səsi bəm olur. Nəfəs alətlərinin borusu nə qədər uzundursa, səsi bir o qədər bəm səslənir.
- Qaba zurna - borusu uzun, səsi bəm, boğuq, kobud zurna.[6]
Zurnanın musiqidə önəmi
redaktəZurna əsasən türk xalqlarının hərbi, toy və yas musiqisində böyük rol oynayır. Qədim türk xalqları döyüşə gedərkən, atüstü oyunlarını (çövkən, cirit və s.) oynarkən mehtər musiqisi və ya davul-zurna çalınırdı [10]. Azərbaycanda məhərrəm ayında Aşura günü qətl mərasimi əsnasında dəf və zurna dəxi çalınır ki, buna "tərs toy" deyirlər [11].
Əsasən, nəfəs alətləri ansamblında ifa olunur. Xalq çalğı alətləri ansamblı və orkestrlərinin tərkibində də solo aləti kimi bəzi rəqslər, cəngilər və digər musiqi nümunələrinin ifasında istifadə edilir. Ü.Hacıbəyov "Koroğlu" operasında zurnanı orkestrin tərkibinə əlavə etmişdir.[12]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Zurna Arxivləşdirilib 2021-11-29 at the Wayback Machine
- ↑ Сейран Кафаров - Этимология названий аэрофонов. Часть 1. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine HARMONY международный музыкальный культуродогический журнал.
- ↑ Сейран Кафаров - Этимология названий аэрофонов. Часть 2. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine HARMONY международный музыкальный культуродогический журнал.
- ↑ Сейран Кафаров - Ареал распространения и полисемантика музыкально-поэтического понятия кавал/кавили / гавал. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine HARMONY международный музыкальный культуродогический журнал.
- ↑ Əfrasiyab Bədəlbəyli. İzahlı musiqi lüğəti - Surna Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- ↑ 1 2 Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.
- ↑ Övliya Çələbi. Səyahətnamə.
- ↑ S. Ələsgərov, S. Abdullayeva. Azərbaycan xalq çalğı alətləri və orkestrləşdirmə. Bakı: "Maarif", 1996, səh. 18.
- ↑ "Encyclopedia Iranica - ʿAJAM". 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-04.
- ↑ Şevki Faruk Kanca - Mehter ve musıki Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.
- ↑ "Üzeyir Hacıbəyov - Azərbaycan musiqi həyatına bir nəzər". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-16.
- ↑ "Azərbaycan ənənəvi musiqi atlası - Zurna". 2013-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-16.