Ellinizm - Wikipedia
Ellinizm, Hellinizm (yun. Ἑλληνισμός; lat. Hellēnismós) Aralıq dənizinin şərq sahili ölkələri tarixində mərhələ; Makedoniyalı İsgəndərin e.ə. 334-323 cü illərdə hərbi səfərlərindən tutmuş, həmin ölkələrin Roma imperiyası tərəfindən işğalına qədər olan dövrü əhatə edir. Bu zaman aralığında yunan və İran, yunan və Misir, yunan və hind mədəniyyətlərinin sintezi baş vermişdir. Ellinizm ifadəsi tarixşünaslığa alman tarixçisi İohan Qustav Droyzen tərəfindən gətirilmişdir. Tarixçilər ellinizm terminini müxtəlif şəkildə şərh edirlər; bir çoxları yunan və yerli xüsusən də şərq mədəniyyətlərinin qarşılıqlı təsirini ön plana çəkir, bəzən ellinizm anlayışının xronoloji sərhədlərinin orta əsrin başlanğıcına qədər gətirib çıxardırlar. Digərləri isə başlıca diqqəti sosial-siyasi strukturların qarşılıqlı təsiri məsələsinə yönəldir, yunan-makedoniyalıların aparıcı rolunu qeyd edirlər. Ellinizmin tarixini bir qayda olaraq ellinist dövlətlərin yaranması, İsgəndərin sərkərdələri diadoxların mübarizəsi, ellinizmin çiçəklənməsi, ellinist dövlətlərin tənəzzülü və Roma tabeliyinə keçməsi dövrlərinə bölürlər.
Ellinlər (yun. hellenes) yunanların özlərinə verdikləri ad. Hələ qədim Şərqi Aralıq dənizyanı ərazilərdə yaşayan və yunan dilində danışan əhali. Homer yalnız Cənubi Fessaliyanın Ellada vilayətinin əhalisindən ellinlər kimi bəhs etmişdir. Sonralar Orta və Şimali Yunanıstanın bütün əhalisinə aid edilən ellinlər adı dorilər tərəfindən Peloponesə yayılmışdı. Ellinlərin əcdadı əfsanəvi Ellin hesab olunur. Ellinlər termininin ümumxalq termini kimi işlədilməsi, ehtimal ki, yunan koloniyalarının və başqa xalqlarla ticarət münasibətlərinin inkişafı ilə əlaqədar olmuşdur. Bütün yunanların adı kimiellinlər terminini ilk dəfə Arxilox işlətmişdir.
Ellinist dövlətlər
redaktəİsgəndərin ölümündən sonra qısa müddətli çəkişmələrə baxmayaraq Balkanlardan başlamış, Egey dənizi adaları, Misir, Yaxın Şərq və Orta Asiyanın cənub əraziləri daxil olmaqla Hind çayının aşağı axarınadək olan bir ərazini əhatə edən dövlətin bütövlüyünü qoruyub saxlamaq mümkün olmuşdur. II Filippin qeyri-qanuni oğlu Arridey və İsgəndərin arvadı Roksananın doğacağı uşaq vəliəhd elan olundular. Əslində isə hakimiyyət İsgəndərin dövründə yüksək hərbi və saray vəzifələri tutan bir qrup makedoniyalı əsilzadələrin əlinə keçmiş olur. Kəmağıl III Filipp (Arride) və IV Aleksandr (Roksananın yenicə doğduğu uşağı) dövründə Perdikka regent oldu, Yunanıstan və Makedoniya AntipatrlaKraterinin əlində qaldı. Frakiya Lisimaxın tabeliyinə keçdi. Antiqon Kiçik Asiyada ən nüfuzlu şəxsə çevrildi. Misir Ptolomey Laqın ixtiyarına verildi. Orduda bütün rəhbər vəzifələri Selevk və Antipatrın oğlu Kassandr tutdu.Perdikka işğal olunmuş əraziləri qarət etməklə yaşamağa öyrəşmiş ordudan istifadə edərək təkhakimiyyətliliyini möhkəmləndirməyə çalışırdı. Onun Antiqona və Ptolomey Laqa qarşı çıxışları diadoxların hakimiyyət üstündə uzunmüddətli çəkişmələrinin başlanğıcı oldu. Perdikkanın Misirə qarşı 321 ci ildə hərbi səfəri bir o qədər də uğurlu olmadığından orduda baş verən narazılıqlar fonunda sərkərdələri tərəfindən onun öldürülməsi ilə nəticələndi. Nəticədə Antipart regent keçdi, Antiqona isə Asiyanın strateq-avtokratoru səlahiyyəti verildi. Selevk Babilistan satraplığının hakimi oldu. 319 cu ildə Antipatrın ölümündən sonra diadoxların müharibəsi yenidən başlandı. Yunanıstan və makidoniya əsas hərbi mübarizələr meydanına çevrildi. Antipatrdan sonra səlahiyyət sərkərdə Poliperxonta keçdi. Kassandr Poliperxonta qarşı mübarizəyə başladı; bu mübarizəyə çar evi , Makedoniya əsilzadələri və yunan polisləri də cəlb olundu. Nəticədə çar sülaləsi tamamilə nüfuzunu itirmiş olur.
III Filipp, onun arvadı Evridika və İsgəndərin anası Olimpiada öldürüldü, Roksana oğlu ilə Kassandranın əlinə keçərək hər ikisi edam edildi. Beləliklə İsgəndər dövlətinin ayrı-ayrı əraziləri arasında olan formal əlaqə tamamilə qırılmış olur. Kassandr Yunanıstan və Makedoniyanın çox hissəsini özünə tabe etdi. Antiqonun güclərindən qorxan Kassandr, Ptolomey və Selevk ona qarşı ittifaq bağladılar. 312 ci ildə Ptolomey mühüm qələbə qazandı; 311 ci ildə bağlanmış sülhə əsasən diadoxlar müstəqil hakimlər kimi tanındı. Makedoniya taxt-tacını ələ keçirmək niyyətində olan Antiqon 307 ci ildə müharibəyə başladı. Onun oğlu Demetri Salamin yaxınlığında Ptolomeyin donanmasını məğlub etdi. Bu qələbədən sonra Antiqon özünə və Demetriyə çar titulu verdi. Lakin 301 ci ildə İps yaxınlığındakı həlledici döyüşdə Lisimax, I Selevk və Kassandr Antiqonu tam məğlubiyyətə uğratdılar; Antiqon döyüşdə öldürüldü, onun əraziləri əsasən I Selevklə Lisimax arasında bölüşdürüldü. Ptolomeylər dövləti, Selevkilər dövləti, Vifiniya və Pont padşahlığının əsas sərhədləri müəyyənləşdirildi. Makedoniya taxt-tacı uğrunda gedən sonrakı mübarizədə I Demetri qalib gəldi. Lakin 287-286 cı illərdə Lisimax Epir çarı Pirr ilə ittifaqda Demetrini məğlub edib, Makedoniyanı ələ keçirdi. Demetrinin oğlu II Antiqon Qonat 283 cü ildə Makedoniya çarı elan edilərək Frakiya ilə Makedoniyanı hakimiyyəti altında birləşdirdi. 281 ci ildə Lisimax I Selevklə mübarizədə həlak oldu, onun dövləti dağıldı. Sonra 281 ci ildə I Selevk də öldürüldü.
Xronologiya (e.ə. 400 – e. 100 cü illər)
redaktəEllinizmin çiçəklənməsi
redaktəEllinizmin intibah dövrü e. ə. II-III əsrlərə təsadüf edir. Beləki III əsrdə hərbi münaqişələr məhəlli xarakter daşımağa başlamışdır. Ptolomeylər Egey dənizində və Yunanıstanda Makedoniyanın hökmranlığına son qoymağa can atırdılar. Bu zaman Makedoniyanın Yunanıstanın hesabına ərazilərini genişləndirmək planları yunan polislərin müqavimətinə rast gəlirdi. 283 cü ildə Perqam padşahlığı Selevkilərdən ayrıldı, 260 ci ildə Kappadokiya müstəqillik qazandı. Təqribən III əsrin ortalarında Parfiya və Yunan-Bəlx padşahlıqları yarandı. Ellinizm cəmiyyətinin iqtisadi inkişafının xarakter cəhəti əmtəə istehsalının və ticarətin artması idi. İsgəndəriyyə, Antioxiya və Selevkiya kimi yeni ticarət və sənətkarlıq mərkəzləri yarandı. Kiçik Asiya və Suriyanın sahil rayonlarında yeni polislər meydana gəldi. Misir, Suriya, Kiçik Asiya Yunanıstan və Makedoniya arasında müntəzəm dəniz əlaqələri yarandı; Qırmızı dənizdən Fars körfəzi boyunca, oradan da Hindistana ticarət yolu açıldı. Misirin Qara dəniz ölkələri, Karfagen və Roma ilə ticarət əlaqələri yarandı. Pul tədavülü və dövriyyəsi genişləndi. Diadoxlar arasındakı yarıməsrlik mübarizə dövrü, əslində, mürəkkəb strukturlu və yeni dövlət tipli ellinizm cəmiyyətinin yaranması dövrü idi. Çar ailəsi və saray adamları ali hərbi və mülki inzibati idarə aparatı, daha zəngin şəhərlilər və ali kahinlər yuxarı təbəqəni təşkil edirdi. Tacirlər, sənətkarlar, çar idarələrinin işçiləri, yerli kahinlər, müəllimlər, alimlər və filosoflar orta təbəqəyə aid edilirdilər. Əmlaksız yerli əhali asılı və yarım asılı əkinçilər, çar emalatxanalarının işçiləri aşağı təbəqəyə daxil idilər. Ən aşağı pillədə isə qullar dururdu. Yunanıstan və makedoniyada sosial inkişaf tipi öz xüsusiyyətilə seçilirdi. Yunan polislərinin Makedoniyaya birləşdirilməsi onlara əhəmiyyətli iqtisadi üstünlük vermədi. Polislərdə müstəqillik ən-ənələri güclü olduğundan Makedoniyanın işğalçılıq siyasəti əhalinin demokratik təbəqələrinin iddialı müqavimətinə rast gəlirdi. Makedoniya hökmranlığına qarşı Etoliya və Axayya kimi polis ittifaqları yaranmağa başladı. Lakin Axayya ittifaqının rəhbərliyiSpartadakı sosial həyatın inkişafından qorxaraq kımək üçün Makedoniya çarı III Anteqon Dosona müraciət etdi. 222/221 ci illərdə Sellasiya yaxınlığındakı döyüşdə Makedoniya və Axayya ittifaqının birləşmiş qüvvələri Sparta çarı III Kleomenin ordusunu məhv etdi, Spartaya Makedoniya qarnizonu yeridildi. Misirin daxili çətinliklərindən istifadə edən Makedoniya çarı V Filipp Selevki çarı III Antioxla ittifaqa girərək Ptolomeylərin Misirdən kənardakı torpaqlarını öz aralarında bölüşdürdülər. Zunan polislərinin azadlıq şüarından istifadə edən Roma Etoliya və Axayya ittifaqlarını öz tərəfinə çəkdi, Makedoniyaya qarşı müharibəyə başlandı. 197 ci il sülh müqaviləsinə əsasən Makedoniya Kiçik Asiya, Egey dənizi və Yunanıstandakı bütün ərazilərini itirdi. Misir daxili çətinliklərdən və Makedoniyanın Roma ilə müharibədə məğlubiyyətindən istifadə edən III Antiox təqr. e.ə. 210-204 cü illərdə Parfiya və Bəlxi Selevkilərdən asılı olmağa məcbur etdi. E. ə. 190 cı ildə Maqnesira yaxınlığında Romaya məğlub olduqdan sonra o, Avropa və Kiçik Asiyadakı ərazilərindən əl çəkməyə məcbur oldu. Bəlx, Parfiya və Sofena da Selevkilərin aslılığından çıxdı. Romanın qələbəsi siyasi vəziyyəti kökündən dəyişdirmiş oldu. Nəticədə ellenist dövlətlərin şərqi Aralıq dənizi əyalətlərində hegemonluğuna son qoyuldu.
Ellinist dövlətlərin süqutu
redaktəQərbi Aralıq dənizi ölkələrinin Roma hakimiyyəti altında birləşməsi e.ə. II əsr-I əsrin sonuna təsadüf edir. Nəticədə bu hadisə Yunanıstanın Siciliya və qərbdəki digər kaloniyaları ilə ənənəvi ticarət əlaqələrində, habelə Misir və Suriyanın e.ə. III əsrdən Şimali Afrika və Roma ilə möhkəmlənməmiş əlaqələrində mühüm dəyişikliyə səbəb oldu. Ticarət yollarının və iqtisadi mərkəzlərinin yerdəyişməsi baş verdi. Romalıların hərbi və iqtisadi ekspansiyası İtaliyada və digər işğal edilmiş vilayətlərdə quldarlıq münasibətlərinin intensiv inkişafına səbəb oldu; əhali kütləvi şəkildə əsarətə alındı, qul alveri və əməyinin tətbiqi geniş vüsət aldı. Romalılar işğal olunmuş dövlətlərin arasında ixtişaşları dərinləşdirməyə yönəldilmiş və durmadan artırılan vergi siyasəti kütləvi xalq hərəkatına və vətəndaş mmüharibələrinə səbəb olurdu. Makedoniya çarı Perseyin yunan polislərini Romaya qarşı birgə mübarizəyə cəlb etmək səylərinə baxmayaraq ona yalnız Epir və İlliriya qoşuldu, nəticədə Makedoniya ordusu Pidne yaxınlığında 168 ci ildə darmadağın edildi. Makedoniya dörd mahala bölündü. Epir şəhərinin əksəriyyəti dağıdıldı, 150 mindən artıq adam qul kimi satıldı. E.ə. 133 cü ildə Perqam Romanın tabeçiliyinə keçdi. Selevkilər dövlətindəki separatizm nəticəsində Babilistan, Parfiya və Midiya onun tərkibindən çıxmış oldu. E.ə. I əsrin əvvəllərində Kommagen və İudeya vilayətləri müstəqillik əldə etdi. E.ə. 64 cü ildə Selevki çarlığı suriya əyaləti adı ilə Romaya birləşdirildi. E.ə. 96 cı ildə Kirenaika, 58 ci ildə Kipr, 30 cu ildə isə sonuncu ellinist dövləti olan Misir Roma tərəfindən işğal olundu. Beləliklə siyasi sistem kimi ellinist dövrünə son qoyulmuş oldu.
Ellinizm mədəniyyəti
redaktəEllinizm mədəniyyəti dedikdə xronoloji olaraq ellinizm dövrü mədəniyyəti, tipoloji olaraq isə yunan və yerli ünsürlərin bir-birilərinə qarşılıqlı təsirin nəticəsində meydana çıxmış mədəniyyət nəzərdə tutulur. Ellinist ölkələri ərazisində bərqərar olmuş mədəniyyət yekrəng deyildir. Həmin mədəniyyət hər bir vilayətdə yerli, nisbətən sabit mədəniyyət ənənələri ilə, işğalçılar, gəlmə yunanlar və qeyri yunanlar tərəfindən gətirilən mədəniyyətin qarşılıqlı təsiri nəticəsində formalaşmışdır. Ellinizm mədəniyyətinin çiçəklənməsi e.ə. IV-III əsrlərəaiddir. Ellinizm dövrü monarxiyaların yaranması, yeni hüquq münasibətləri və sosial-psixoloji keyfiyyətlər və yeni məzmunlu ideologiyanı formalaşdırmış oldu.
Elm
redaktəBu dövr üçün faktiki materialların sistemləşdirilməsi və elmi biliklərin diferensasiyası xarakterikdir. Dəqiq elmlər xsüsən inkişaf etmiş və Evklid, Eratosfen, Heron, Hipparx, Arximed, Strabon, Aristarx kimi alimlər yetişib məşhurlaşmışdırlar. İsgəndəriyyəli Hipparx günəş ilinin dəqiq vaxtını müəyyənləşdirmiş, Yerlə Günəş və Ay arasındakı məsafəni təyin etmişdi. Heronun buxar şarı nəzəriyyəsi məşhur idi. Samoslu Aristarx Yerin oxu ətrafında fırlanmasını və onun Günəş ətrafında hərəkətini göstərmişdi. Eratosfen riyazi coğrafiya sahəsində çalışmışdı. Evkilid elementar həndəsə sistemini yaratmışdı. Herofil və Erasistrat tibb sahəsində şöhrət qazanmışdı. Hərbi texnika və ticarətin genişlənməsi dənizçiliyin daha da inkişafına səbəb oldu. E.ə. 325-300 cü illərdə Massiliyalı Pitey qütb dairəsinə qədər Norveç sahillərini tədqiq etmiş, Elba şayı mənsəbinə çıxmışdı. Mayaklar, dalğa kəsici qurğular (İsgəndəriyyə. Rodos) qurulurdu. Misir və Perqam ipək dəzgahları texniki cəhətcə yüksək səviyyədə idi. İsgəndəriyyə məktəbindən olan filosoflar Zendot, Bizanslı Arestofan klassik yunan ədəbiyyatı nümunələrinin tənqidi mətnini və şərhinihazırlayırdılar. Ellinizm dövründə stoisizm, Epikür məktəbi kimi fəlsəfi görüşlər formalaşmışdi. Ptolomeylərzamanında İsgəndəriyyədə elm mərkəzi-muzey təşkil olunmuşdur. İsgəndəriyyə və Perqam kitabxanalarında qiymətli əsərlər saxlanılırdı.
Ədəbiyyat
redaktəEllinizm dövrü ədəbiyyatının səciyyəvi cəhəti onun ictimai miqyasının əvvəlki dövrlərə nisbətən məhdudlaşmasıdır. Yalnız teatr kütləviliyini saxlamışdır. Məişət və ailə münaqişələrinə daha çox maraq göstərən Attika komediyası (Menandr, Filemon, Difil – e.ə. IV əsrin ikinci yarısı – III əsr) yaranmışdı. Ellinizm ölkələrində faciələrin tamaşaya qoyulması məlum olsa da onların dövrümüzə qədər nümunələri gəlib çatmamışdır. E.ə. III əsrdən etibarən ədəbiyyat yeni mədəniyyət mərkəzlərində, başlıca olaraq İsgəndəriyyədə inkişaf etmişdi. İsgəndəriyyə kitabxanasında çalışan filoloq və şairlər ənənəvi janrları yeniləşdirməyə çalışırdılar. Filit, Germesianak və Kallimaxın yaradıcılığında eligeya mifoloji məzmunlu hekayətə çevrildi. Kallimax qəhrəmanlıq eposunu məişət səhnələrini canlandıran kiçik poema ("epilliya") ilə əvəz etdi. Feokritin idilliyalarında Gerodun papirusda yazılmış "Mimiamblar"ında da məişət mövzusu əsas yer tuturdu. Bu dövrdə aşiqanə məzmunlu epiqramlar geniş yayılmışdı. Rodoslu Apolloni qəhrəmanlıq eposu ənənələrini davam etdirmişdir. Lakin onun yaradıcılığına da ellinizm poeziyasına xas olan elmilik (süjet xəttinə tarixi arayışlar, əsatirlər əlavə edilməsi, qədim sözlər işlədilməsi) təsiri göstərmişdir. Antik və orta əsrlər ədəbiyyatının sonrakı inkişafında ellinizm dövründə təşəkkül tapmış nəsr janrlarının – əfsanəvi hökmdar və sərkərdələrin iştirak etdiyi məhəbbət romanları ("Nina haqqında roman"), xəyali ideal cəmiyyətin təsvirinin (Yambul Evgemer) mühüm rolu olmuşdur. Ellinist ədəbiyyatı insanın daxili aləminin, onun gündəlik məişətinin təsvirinə xüsusi diqqət verirdi; folklor ənənələrinə müraciət isə ədəbi janrların sərhəddlərini genişləndirirdi.
Memarlıq
redaktəE.ə. IV əsrin sonu – e.ə. I əsrin axırınadək olan dövrdə Şərqi Aralıq dənizi vilayətlərində yaranmışdır. Ellin mədəniyyəti e.ə. V – IV əsrlərdə yunan incəsənətinin ənənələrini mənimsəmiş, onun bir çox xüsusiyyətlərini isə Yunanıstan və Şərq ölkələri mədəniyyətinin qarşılıqlı təsirlərindən yaranmışdı. Ellinizm dövründə şəhərsalma geniş inkişaf etmişdi. İsgəndəriyyə, Antioxya və s. Şəhərlər dəbdəbəli mərkəzlərə,, geniş küçə və meydanlara malik idi. İsgəndəriyyədəki əzəmətli Faros mayakı ellinizm dövründə inşaat texnikasının ən gözəl nümunələrindən olmuşdur. Bu dövrdə mənzil inşaatı genişlənir, interyerləri zəngin mozaika, divar rəsmləri kimi bəzəklərlə işlənmiş yaşayış evləri tikilirdi. Bu dövr təsviri sənətində Perqam, İsgəndəriyyə, Rodos kimi bir çox məktəblər yaranır. Ellinizm incəsənətinə məxsus əsərlər obrazların möhtəşəmliliyi (Zevs mehrabı, Perqam məktəbi) , dramatik surətlərin mürəkkəbliliyi ("Laokoon" heykəl qrupu; Rodos məktəbi) ilə fərqlənir. Samofrakiyalı Nike və Miloslu Afrodita heykəlləri ellinizm mədəniyyətinin ən gözəl nümunələridir. Dərin psixoloji portretlər (Demosfenin heykəli və s.), çoxfiqurlu kompozisiyalar, mənzərə və natürmortlar ellinizm incəsənətində geniş yayılmışdı. Dekorativ-tətbiqi sənət terrakota və fil sümüyündən heykəlciklər, daş üzərində oyma (qabarıq təsvirli kameyalar və s.) ilə təmsil olunur.
Azərbaycan ellinizm dövründə
redaktəQafqaz Albaniyası və Atropatena dövlətləri ilə ellinist ölkələri arasında müxtəlif xarakterli əlaqələr mövcud olmuşdur. Atropatena dövlətinin başçısı Atropat öz qızını Makedoniyalı İsgəndərin silahdaşı və görkəmli sərkərdələrində biri Perdikkaya verməklə onun etibarını qazanmışdır. İsgəndər ticarətin inkişaf etdirmək məqsədilə digər ölkələrlə münasibətlər qurulmasına çox fikir verirdi. O, Xəzərdən su yolu kimi istifadə etməklə xüsusi ekspedisiyalar təşkil etmək niyyətində idi. Onun qəfləti ölümü bu niyyətin həyata keçirilməsinə mane oldu. E.ə. 283-282 ci illərdə Selevk Patroklun başçılığı ilə ilk belə ekspedisiya təşkil olunmuşdur. Bu Xəzər dənizinin tədqiqi üçün elmə məlum olan ilk ekspedisiya sayılır. Bu səfər zamanı Patrokl Xəzər və onun qərb sahilindəki Qafqaz Albaniyası haqqında qiymətli məlumatlar toplamışdır. Bu ekspedisiyanın hesabatı qalmasa da sonrakı düvrlərdə yaşamış yunan vəRoma müəllifləri Xəzər dənizi və Qafqaz Albaniyası haqqında yazılarında həmin hesabatdan istifadə etmişdilər. Ellinist dövlətlərlə yaradılmış əlaqələr ölkənin iqtisadi və mədəni həyatına müsbət təsirlərini göstərmişdir. Bu dövrdə Azərbaycanda şəhərlər salınmış, sənətkarlıq və ticarət inkişaf etmişdir. Ticarətdə mühüm rol oynayan Ekbatandan (Həmədan) Qafqaz Albaniyası, Ermənistan və İberiyaya gedən yollar Atropatrnadan keçirdi. mənbələrə görə ellinizm dövründə Xəzər dənizi və Kür çazından su yolu ilə istifadə olunurdu. Mingəçevir, Qəbələ[2], Xınıslı (Şamaxı) və s. yerlərdə aparılmış arxeoloji qazıntılar zamanı ellinizm dövründə Misir, Suriya, İran, Bəlx və s. ölkələrdən gətirilən bəzək əşyalarına, şüşə. gil qablara, möhürlərə, pullara və s. təsadüf olunmuşdur. Arxeoloji materiallar bunu deməyə əsas verir ki, ellinizm dövründə Atropatena və Qafqaz Albaniyasında pul dövriyyəsi geniş yayılmışdır. Pulların əksəriyyətini makedoniyalı İsgəndərin draxma və tetradraxmaları təşkil edir. Azərbaycan ərazisində dəfələrlə tək-tək və dəfinələr halında ellinist dövrünə aid pullar tapılmışdır. Qəbilə və Bərdə dəfinələri buna aydın misallardandır. Bu tədqiqatlar hələ e.ə. III-II əsrlərdə daxili bazarın pula təlabatını ödəmək üçün Qafqaz Albaniyasında gümüş pull zərb edildiyini göstərməkdədir. Bu cür zərb pulların Atropatena ərazisində də kəsildiyi güman edilsə də onlara hələ də rast gəlinməmişdir. Bulla adlanan, yzərində möhür əksləri və onu bağlamaq üçün ip izləri olan gil parçalarına Qəbələdə daha çox təsadüf olunmuşdur. Təsvirlər sübut edir ki. üzərində yunan əsarətindən süjetlər olan mıhürlərin bir çoxu yunan sənətkarları tərəfindən ellinist ölkələrində hazırlanmışdır. Bullalardakı bəzi təsvirlər isə möhürlərin Qafqaz Albaniyasında yerli ustalar tərəfindən hazırlandığını göstərir. Mingəçevirdə tapılmış bir çox gil qabın hazırlanmasında ellinizm mədəniyyətinin təsiri duyulur. E.ə. III əsrdən başlayaraq bu təsir Yaloylutəpə mədəniyyətində də özünü göstərirdi. Ellinizm dövründə Azərbaycan ərazisində yunan dili də qismən yayılmışdır. Ellinizm dğvründə Azərbaycan ərazisində qul əməyindən istifadə olunsa da quldarlıq burada nisbətən məhdud xarakterdə idi. Mənbələrdə Qafqaz Albaniyasında yalnız məbəd qullarının olması haqqında məlumat var.
-
Gümüş tetradraxma (təqlidi)
-
Makedoniyalı İskəndərin təsviri olan gümüş tetradraxma (təqlidi)
-
Gümüş tetradraxma (təqlidi)
-
Gümüş tetradraxma (təqlidi)
-
Albaniyada kəsilmiş gümüş tetradraxma
-
Albaniya tetradraxma
-
Üzərində IV Fraatın təsviri olan Arşakilər dövrünə aid gümüş tetradraxma
-
Arşakilər dövrünə aid gümüş tetradraxma
-
Gümüş tetradraxma (təqlidi)
-
III Makedoniyalı İskəndərin təsviri olan mis draxma
Mənbələr
redaktə- Ковалев С. И. История античного общества. Эллинизм. Рим. Л., 1936.
- Ранович, А.Б., Эллинизм и его историческая роль, Изд-во АН СССР, 1950 г. ISBN отсутствует
- К. В. Тревер, Очерки по истории и культуре Кавказской Албании (IV в. до н.э. – VII в. н.э.), М. – Л., 1959 г
- Всеобщая история искусств т. 1 М., 1956
- МАЯ МАМЕДОВНА РАСУЛОВА ТОРГОВО-ЭКОНОМИЧЕСКИЕ И КУЛЬТУРНЫЕ СВЯЗИ КАВКАЗСКОЙ АЛБАНИИ С АНТИЧНЫМ И ЭЛЛИНИСТИЧЕСКИМ МИРОМ:IV ВЕК ДО Н.Э. – III ВЕК Н.Э. Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine
- Аркадий Семенович Шофман. ИСТОРИЯ АНТИЧНОЙ МАКЕДОНИИ. Часть первая. 1960 г. Часть вторая. 1963 г. Arxivləşdirilib 2007-12-02 at the Wayback Machine
- Ямпольский З.И. Древняя Албания в III-I вв. до н.э. Баку, 1962. С. 40-41
- Кабалинский клад монет эллинистической эпохи. Нумизматика и эпиграфика, т. IX, Москва, 1971
İstinadlar
redaktə- ↑ *Azərbaycan Sovet Ensiklopediyası IV cild, səh. 39, Bakı, 1980
- ↑ Кабалинский клад монет эллинистической эпохи. Нумизматика и эпиграфика, т. IX, Москва, 1971
Xarici keçidlər
redaktə- Quellenausschnitte und Bibliografie
- Umfassende Bibliografie Arxivləşdirilib 2008-02-05 at the Wayback Machine
- Reader mit Quellenausschnitten und einer systematisch geordneten Kurz-Bibliografie (PDF) Arxivləşdirilib 2007-06-11 at the Wayback Machine (237 kB)
- Peter Greens Hellenistic History and Culture frei zugänglich (englisch)
- Internet Ancient History Sourcebook zum Hellenismus (Quellen in englischer Übersetzung)
- Stanley M. Burnstein: The Hellenistic Period in World History Arxivləşdirilib 2012-09-05 at the Wayback Machine
- Artikelsammlung zu Alexander dem Großen und den Diadochen (englisch) Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine