Nuxa Qezasi - Wikipedia
Nuxa qəzası (rus. Нухинский уезд ), Şəki qəzası — 1840-1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə, Şəki əyalətinin 22 (10) aprel 1840-cı il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən yeni yaradılmış Kaspi vilayətinin tərkibinə daxil edilməsi və bundan sonra qəza adlandırılması nəticəsində meydana çıxmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edilmişdir. 1873 ildə isə ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edilmiş və bununla da qəzanın ərazisi yarıbayarı kiçildilmişdir. Qəza Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920)[2] və Azərbaycan Sovet Sosialist Respublikasının ilk 9 ili ərzində də inzibati-ərazi kimi mövcud olmuşdur. 1929-cu ildə ləğv edilmiş, ərazisi yeni yaradılmış Zaqatala-Şəki mahalına daxil edilmişdir.
Nuxa qəzası | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Quberniya | Yelizavetpol quberniyası |
Mərkəzi | Nuxa |
Yaradılıb | 1840 |
Ləğv edilib | 1929 |
Sahəsi | 3808,7 km² (3346,7 verst²[1]) (1897) |
Əhalisi | 120555 nəfər[1] (1897) |
Xəritə | |
Qəza 1840–1846-cı illərdə "Şəki qəzası", 1846–1918-ci illərdə isə "Nuxa qəzası" adlanmışdır. 1918–1929-cu illərdə qəza həm "Nuxa qəzası" və həm də "Şəki qəzası" adlanıb. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) dövründə parlament müzakirələrində qəzanın adı "Şəki qəzası" olaraq çəkilir. 1925-ci ildən 1929-cu ilə qədər – qəzanın ləğv edilməsinə qədər, qəzanın rəsmi qəzeti olan "Şəki fəhləsi" qəzetində qəzanın adı "Şəki qəzası" olaraq göstərilir. Lakin paralel olaraq eyni dövrə aid rusca statistik mənbələrdə qəzanın adı "Nuxa qəzası" kimi yazılmaqda davam edirdi.
Tarixi coğrafiyası
redaktəQəzanın hüdudları
redaktəMəlum olduğu kimi, 1819-cu ildə Şəki xanlığı ləğv edilərkən və yerində Şəki əyaləti yaradılarkən, xanlıq dövründə olduğu kimi, əyalətin də ərazisi şimalda Qafqaz sıra dağlarına, qərbdə Bləcik kəndindən sonra Alazan çayına, cənubda Kür çayına, Zərdab kəndinə, şərqdə Göyçay çayına qədər uzanırdı. 1858-ci ilə aid xəritədən[3] görünür ki, onun qərb sərhədi artıq heç də Alazan çayına çatmır, Acınohur gölünün ortasındah keçir. 1883-cü ildə qəza ərazisində Ərəş qəzası təşkil edildikdə isə Nuxa qəzasının ərazisi 2 dəfəyə yaxın kiçildi. Nuxa qəzasının Ərəş qəzası ilə sərhəddi sabit olmamışdır. Məsələn, 1902-ci il xəritəsində Nuxa qəzasının ərazisində göstərilən Böyük Dəhnə, Kiçik Dəhnə və onların ətrafındakı bəzi kəndlər 1903-cü il xəritəsində Ərəş qəzası ərazisində göstərilir. Ərəş qəzası Azərbaycan SSR dövründə əvvəl inzibati mərkəzin adına uyğun olaraq Ağdaş qəzası adlandırıldı, sonra, 1926-cı ildə isə ləğv edildi. 1926-cı ilə aid statistik məlumatlardan aydın olur ki, həmin vaxt keçmiş Ağdaş qəzası ərazisinin bir hissəsi (Xaldan dairəsi) Nuxa qəzasında, bir hissəsi isə (Ağdaş dairəsi, Ağdaş şəhəri və s.) Göyçay qəzasında idi.
Daxili inzibati bölgü
redaktə1897-ci ilə aid statistik məlumatlardan aydın olur ki, Nuxa qəzasının ərazisi inzibati cəhətdən 5 hissəyə bölünmüşdür. Bunlardan biri Nuxa şəhəri, 4-ü isə (1-ci, 2-ci, 3-cü, 4-cü) sahə (rus. участка) idi. 1926-cı ildə isə qəza ərazisi inzibati cəhətdən 7 hissəyə bölünmüşdü. Bunlardan biri Nuxa şəhəri, 6-sı isə (Aşağı Göynük, Vartaşen, Cəfərabad, Qutqaşen, Nic, Xaldan) dairə idi.
1913-cü ildə qəzada 30 kənd icması vardı[4]:
|
|
|
Statistik məlumatlar
redaktə1897-ci il ensiklopediyasında Nuxa qəzası haqqında məlumat (ixtisarla)
redaktə
"Nuxa qəzasının sahəsi 3346.7 verst², başqa sözlə 3808,7 km²-dir. Əhalisi 1 yanvar 1896-cı il tarixdə 94767 nəfər (51552 kişi; 43215 qadın) idi. Nuxa qəzası nisbətən varlı, sənayenin və ticarətin inkişaf etdiyi qəzalardandır. Qəzanın xarakterik cəhətlərindən biri də burada əhalisi çox olan kənlərin olmasıdır. Məsələn, Xaçmazda 4557, Baş Göynükdə 5084, Vəndamda 4323 nəfər adam yaşayır. Əhalinin məşğuliyyətində taxılçılıq, xüsusilə çəltik əkib-becərmək, bağçılıq, ipəkçilik əsas yer tutur. Qəzanın əhalisi çox olan kəndlərindən biri — Nic kəndi, hansı ki bu kənddə 5084 nəfər adam yaşayır, bağçılıq, ipəkçilik və əkinçilik sahəsində nəinki Nuxa qəzasında, hətta bütün quberniyada ən irəlidədir. Qəzada 1894-cü ildə 89,5 desyatin sahədə tütün əkilmiş və 1128 pud məhsul götürülmüşdür. Barama becərilməsi işində isə Nuxa qəzası Zaqafqaziyada birinci yerdədir. Qəzada 1893-cü ildə 81740 pud, 1894-cü ildə isə 89900 pud barama istehsal edilmişdir. Nic kəndində fındıq bağlarının sahəsi 9 desyatinə çatır. Vəndam kəndi isə alması ilə məşhurdur. Qəzada 1894-cü ildə 44930 vedrə çaxır istehsal olunmuşdur. 1891-ci ildə qəzada, Nuxa şəhəri istisna olmaqla, 5676 at, 938 eşək və qatır, 23500 baş inək, 7650 baş camış, 47850 qoyun, 3250 keçi, 660 donuz vardı. Qəzada 8 ibtidai kənd məktəbi, 5 erməni-qriqoryan kilsə məktəbi, 1 pravoslav kilsəsi, 44 erməni-qriqorian kilsəsi, 2 monastır, 261 məscid, 3 sinaqoq fəaliyyət göstərirdi. Qəza əhalisinin 69,6%-i azərbaycanlılar[5], 15,7%-i ermənilər, 7,8 %-i udinlər, 4,6-i kürəlilər (Samur çayı hövzəsinin ləzgiləri), 1,9%-i yəhudilərdir, yerdə qalan hissə isə gürcülərdən və qaputlilərdən(?) ibarətdir. Əhalinin 74,5% müsəlmandır. Əhalinin 73,5% sünni məzhəblidir. Əhalinin 22,7% erməni-qriqorian məzhəblidir. Nuxa şəhərində 25 min nəfər adam yaşayır. Onların 81%-i azərbaycanlı, 18%-i isə ermənilərdir. Şəhərdə barama emalı işi çox inkişaf etmişdir. Şəhərdə 45 baramaaçan zavod, 4 kərpic zavodu, 8 dulusçuluq emalatxanası, 4 dabbağxana və 3 sabunbişirmə sexi var. Şəhərdə həmçinin, dördillik şəhər məktəbi, 2 erməni kilsə məktəbi, 1 pravoslav kilsəsi, 3 erməni-qriqorian kilsəsi, 28 məscid, xəstəxana, həkim və aptek də fəaliyyət göstərir"[6].
Nuxa qəzası 1917-ci idə
redaktə1917 ilin "Qafqaz təqvimi"nə görə, Nuxa qəzasının ərazisi 3685 verst² (4201 km²) idi. Qəzanın əhalisi 133505 nəfər idi. Əhalinin 73819 nəfəri (55,3%) kişi, 59686 nəfəri (44,7%) qadın, 131132 nəfəri yerli sakin, 2373 nəfəri müvəqqəti yaşayanlar idi. Qəzanın əsas əhalisi azərbaycanlılar (93557 nəfər və ya 70,1%) idi. Bundan başqa, qəzada 17751 (13,3%) erməni, 7861 müsəlman dağlı əhalisi (5,9%), 1831 (1,4%) rus qeydiyyata alınmışdı. Qəzanın mərkəzi Nuxa şəhəri (əhalisi 52243 nəfər) idi. 20 əsrin əvvəllində qəzada yüzdən çox ipəkəyirmə müəssisəsi vardı[7].
Dairənin, yaxud şəhərin adı | Cəmi | azər- baycan- lılar |
ermənilər | tatlar | talışlar | ləzgilər | udinlər | avarlar | saxurlar | ceklilər | xına- lıqlar |
gürcülər | kürdlər | ruslar | ukraynalılar | dağ yəhudiləri |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Bütün qəza üzrə | 107.049 (100%) | 94.078 (87,9%) | 4.007 (3,7%) | 21 (0,1%) | 3 (-0,1%) | 2.874 (2,7%) | 2.439 (2,3%) | 31 (0,1%) | 294 (0,3%) | 590 (0,6%) | 67 (0,1%) | 49 (0,1%) | 4 (0,1%) | 958 (0,9%) | 99 (0,1%) | 910 (0,9%) |
Nuxa şəhəri | 22.944 (100%) | 20.764 (90,5%) | 1.565 (6,8%) | 18(0,1%) | - | 185 (0,8%) | - | - | - | - | - | 37 (0,2%) | - | 195 (0,8%) | 34 (0,1%) | 3 (-0,1%) |
Aşağı Göynük dairəsi | 17.912 (100%) | 16.701 (93,2%) | 6 (0,1%) | - | - | 1.154 (6,4%) | - | - | - | - | - | 1 (- 0,1%) | - | - | - | |
Vartaşen dairəsi | 15.260 (100%) | 11.485 (75,3%) | 1.336 (8,8%) | - | 1 (-0,1%) | 103 (0,7%) | 356 (2,3%) | 31 (0,2%) | 291 (1,9%) | 590 (3,9%) | 67 (0,4%) | 2 (-0,1%) | 1 (-0,1%) | 19 (-0,1%) | - | 899 (5,9%) |
Cəfərabad dairəsi | 15.693 (100%) | 14.271 (90,9%) | 305 (1,9%) | - | - | 977 (6,2%) | - | - | - | - | - | - | - | 23 (0,1%) | 19 (0,1%) | - |
Qutqaşen dairəsi | 13.394 (100%) | 13.231 (98,8%) | 133 (1,0%) | - | - | 5 (-0,1%) | - | - | - | - | - | - | - | 8 (-0,1%) | - | 1 (-0,1%) |
Nic dairəsi | 12.926 (100%) | 9.350 (72,3%) | 571 (4,4%) | - | - | 118 (0,9%) | 2.083 (16,1%) | - | - | - | - | 2 (-0,1%) | - | 690 (5,3%) | 46 (0,4%) | |
Xaldan dairəsi | 8.920 (100%) | 8.276 (92,8%) | 91 (1,0%) | 3 (-0,1%) | 2 (-0,1%) | 332 (3,7%) | - | - | 3 (-0,1%) | - | - | 7 (0,1%) | 3 (-0,1%) | 23 (0,3%) | - | 7 (0,1%) |
İstinadlar
redaktə- ↑ 1 2 "Первая всеобщая перепись населения Российской Империи 1897 г." 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-08. (rus.)
- ↑ Azərbaycan Demokratik Respublikası dövründə (1918–1920) ölkə Bakı, Gəncə və Zaqatala quberniyalarına, yaxud dairələrinə bölündü. Çar Rusiyası dövründəki Yelizavetpol quberniyası isə artıq "Gəncə quberniyası", yaxud "Gəncə dairəsi" adlandırdı.
- ↑ "Карта Кавказского края, 1858 г." 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-19.
- ↑ Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія. Кіевъ: Изд-во Т-ва Л. М. Фишъ. 1913. 129.
- ↑ Mətndə: Azərbaycan tatarları.
- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона, Том XXI, стр.: 431–432, С.-Петербург, 1897. Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine…
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyasının ( 2-ci cild, səh.: 274, Bakı, 2005) "Nuxa qəzası" məqaləsi Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine.
- ↑ "Этно-Кавказ, Нухинский уезд (1926 г.)". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.