Qafqaz Cebhesi - Wikipedia
Qafqaz cəbhəsi — Birinci dünya müharibəsi dövründə Osmanlı İmperiyası ilə Rusiya imperiyasının qarşı-qarşıya gəldiyi, sonradan Azərbaycan, Ermənistan, Gürcüstan, Alman İmperiyası, Sentrokaspi Diktaturası və Britaniya İmperiyasının iştirak etdiyi hərbi münaqişə.
Tarixi
redaktəAzərbaycan I Dünya müharibəsində
redaktəÖzündən asılı olmayaraq Azərbaycan da Birinci Dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti daha qabarıq özünü göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Osmanlı imperiyasının də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi. Birinci Dünya müharibəsi illərində Azərbaycan mövzusuna aydınlıq gətirmək üçün üç mühüm məsələ ön plana çəkilməlidir. Birincisi, Cənubi Qafqaz regionunda Azərbaycanın geosiyasi mövqeyinə aydınlıq gətirmək lazımdır. Beynəlxalq münasibətlər sistemində işlənən "geopolitika" sözü, yunan sözü olub iki hissədən ibarətdi. Geo-yer, politikos-hər nə varsa dövlətlə bağlıdır və s. mənasını verir. Hər bir dövlətin xarici siyasəti bir sıra coğrafi amillərlə müəyyən olunur. Ona görə də, Azərbaycanın coğrafi mövqeyi, eləcə də zəngin təbii sərvətləri daimi dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzində olmuşdur. İkincisi, 1914–1918-ci ildə Cənubi Qafqazda "erməni məsələsi"nin ön plana keçməsi və müsəlman-türk regionları üçün yaratdığı təhlükə ilə bağlıdır. Belə ki, Birinci Dünya müharibəsinin başlanması ilə regionda ictimai-siyasi proseslərin müsbət yöndə inkişafına mane olan "erməni məsələsi" Azərbaycan üçün də təsirsiz ötüşmədi. Bəzi dövlətlər öz maraqlarına uyğun olaraq ermənilərin Cənubi Qafqazda dinc müsəlman-türk əhaliyə qarşı törətdikləri vəhşiliklərə dəstək verdilər. Üçüncüsü, Birinci Dünya müharibəsində iştirak edən dövlətlərin hər birinin Azərbaycana dair müəyyən niyyətləri var idi. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə beynəlxalq münasibətlərdə yeni mərhələ başlanmış oldu. Azərbaycan zəngin və mühüm geosiyasi bir region olaraq İran, Osmanlı və Rusiya dövlətləri ilə həmsərhəd idi. Şərqdə –Xəzər, Qərbdə – Gürcüstanla əhatə olunan Azərbaycanın beynəlxalq yükdaşımaları həyata keçirmək üçün Bakı kimi əlverişli dəniz limanı var idi. Azərbaycan əlverişli coğrafı şəraiti, xammal ehtiyatları və mühüm geostrateji mövqeyi ilə seçilən bir ölkə idi. 1917-ci ildə Azərbaycan ərazisi (Cənubi və Şimali Azərbaycan ilə birlikdə) 200,5 min km². olmaqla Cənubi Qafqazın ümumi ərazisindən böyük idi. Azərbaycan Avropa dövlətləri ilə Şərq ölkələri arasında körpü rolunu oynamaqla dünyanın mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Şimali Azərbaycanda Bakı-Novorossiysk, Bakı-Batum, Cənubi Azərbaycanda isə Təbriz-Bursa-İstanbul və s. kimi ticarət yolları beynəlxalq iqtisadi əlaqələrin arteriyasını təşkil edirdi. Azərbaycan həm də Cənubi Qafqazın əsas energetika bazası idi. Oktyabr çevrilişinə qədər Bakı nefti Rusiyanın əsas enerji mənbəyi olduğundan bolşeviklər onun itirilməsi faktı ilə heç cür razılaşmaq istəmirdi. Digər tərəfdən başqa güclü dövlətlər də ciddi-cəhdlə Bakı neftini ələ keçirməyə çalışırdı. Oktyabr çevrilişindən sonra Birinci Dünya müharibəsində iştirak edən dövlətlərin planında Bakı neftini ələ keçirmək başlıca məqsəd daşıyırdı. Eyni zamanda, Azərbaycan Rusiya, İran, Osmanlı ilə yanaşı, digər güclü dövlətlər üçün hərbi-siyasi əhəmiyyətə malik bir region idi. Azərbaycan ərazisi Yaxın və Orta Asiyaya çıxmaq üçün əlverişli çoğrafı imkanları ilə yanaşı, həmçinin müdafiə xarkterli əhəmiyyət kəsb edirdi.
Müharibə böyük dövlətlərin ərazisində yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının da iqtisadi və siyasi həyatına öz mənfi təsirini göstərdi. Birinci Dünya müharibəsi Azərbaycan iqtisadiyyatına güclü zərbə endirmiş, əhalinin vəziyyətini son dərəcə pisləşdirmişdi. Müharibənin ilk günlərindən Rusiyanın HDD (Hərbi Dəniz Donanması) neft yanacağına olan tələbatı artmışdı. Əgər rus donanması 1913-cü ildə 250 min pud yanacaq almışdısa, 1916-cı ildə donanma 18 mln pud mazut və 0,8 mln pud müxtəlif neft məhsulları almışdı. 1916-cı il may ayından, 1917-ci il may ayına kimi Rusiyanın HDD 20 mln pud müxtəlif neft məhsulları almışdı. Rusiyanın hərbi donanması üçün benzin, kerosin, mazut məhsullarının daşınmasını kontrakta uyğun olan "Nobel qardaşları" şirkəti həyata keçirdi. Ümumiyyətlə, istər müharibə ərəfəsində, istərsə də müharibə zamanı Bakı nefti Rusiya Hərbi Dəniz Donanmasının təchizatında aparıcı rol oynadı. Etibarsızlıq üzündən çarizm Rusiyada yaşayan müsəlmanlardan, o cümlədən azərbaycanlılardan orduya rəsmən adam çağırmırdı. Lakin onların ali silkindən könüllü olaraq çar ordusu sıralarına gedənlər də var idi. Çar hökuməti bəy nəslindən olan şəxslərin orduya götürülməsinə yol verirdi. Onların bəziləri hərbi məktəblərdə təhsil aldıqdan sonra rus ordusunda zabitlik edir və müxtəlif cəbhələrdə döyüş əməliyyatında iştirak edirdi. Bunlardan 200 nəfər azərbaycanlı zabiti Birinci dünya müharibəsi cəbhələrində vuruşan rus ordusunda xidmət etmişdi. Artilleriya generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, general İbrahim ağa Vəkilov, onun oğlu polkovnik Qalib Vəkilov, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov və başqaları bu qəbildən idilər. Topçu general S. Mehmandarov almanları dəfələrlə ciddi məğlubiyyətə uğratmış istedadlı sərkərdə idi. 21-ci piyada diviziyasının komandiri olan S. Mehmandarov 1914-cü ilin Azərbaycan Lodz (Polşa) əməliyyatı zamanı xüsusilə fərqlənmişdi; o, rus qoşun hissələrini mühasirəyə salmaq istəyən alman generalı Makenzinin planlarını puça çıxarmışdı. Bundan sonra 1915-ci ildə II Qafqaz ordu korpusunun komandiri təyin olunan S. Mehmandarov, müharibənin sonlarına yaxın ordu komandiri vəzifəsinə kimi yüksəldi. General-leytenant Ə. Şıxlinski rus ordusunda topçuluq işinin ən mahir ustalarından biri hesab olunur. General leytenant rütbəsinə qədər yüksəlmiş Əliağa Şıxlinski müharibə illərində bir sıra məsul ali komandanlıq vəzifələrini yerinə yetirmişdi. Müharibənin ilk günlərində Peterburqun toplarla müdafiə olunması ona tapşırılmışdı. 1915-ci ildə Ə. Şıxlinski Ali Baş Komandanın qərargahında topçuluq işləri üzrə general vəzifəsinə, sonra Qərb cəbhəsinin topçu qoşunları rəisi, müharibənin sonlarına yaxın isə 10-cu ordunun komandanı vəzifəsinə təyin olunmuşdu. General-leytenant Hüseynxan Naxçıvanski Qərb cəbhəsində süvari diviziyaya komandanlıq etmişdi. General İbrahim ağa Vəkilov ordu qərargahında qulluq etmişdi. Onun oğlu polkovnik Qalib Vəkilov Qərb cəbhəsində mühəndis polkunda göstərdiyi igidliyə görə Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Nijeqorod alayında rotmistr olan Teymur Novruzov qeyri-adi igidliyinə görə Müqəddəs Georgi ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. Kapitan Tərlan Əliyarbəyov da döyüşlərdə göstərdiyi rəşadətə görə, o zaman çox adama nəsib olmayan Müqəddəs Georgi ordeninin dörd dərəcəsinə layiq görülmüşdü. İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qaibov müharibə dövründə "İlya Muromets −16" təyyarəsi ilə dəfələrlə döyüşlərdə iştirak etmişdi. O, Neman çayı üzərindəki körpünü dağıtmaqda böyük şücaət göstərmişdi. F. A. Qaibov 1916-cı ilin sentyabrında Vilnüs səmasında qarşılaşdığı dörd düşmən təyyarəsindən üçünü məhv etmiş və özü də qəhrəmancasına həlak olmuşdu. O da ölümündən sonra Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Çar hökuməti tərəfindən ali sərkərdə ordenləri ilə təltif olunmuş bu generallardan əlavə, 1914–1917-ci illərdə rus ordusu sıralarında 200-ə qədər azərbaycanlı zabit qulluq edirdi. Birinci Dünya müharibəsi zamanı rus ordusunda azərbaycanlılardan ibarət kiçik bir süvari dəstə var idi. Bu şuşalılardan təşkil edilmiş və "Qafqaz yerli süvari diviziyasının" tərkibinə daxil olan "Tatar süvari alayı" adlanırdı. Çar generalları və rus şovinistləri tərəfindən bu alay həqarətlə "vəhşi diviziya" adlanırdı. Hansı ki, bu alayın əsgər və zabitləri sonralar Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Milli Ordusunun ilk müjdəçiləri oldular.
Müharibə neft sənayesinin inkişafına təsirsiz ötüşmədi. Neft çıxarma və neftayırma sahəsində sürətli geriləmə müşahidə olunurdu. Müharibə illərində Azərbaycanın kənd təsərrüfatı da böhran keçirirdi. Çar hökuməti azərbaycanlıları orduya çağırmadığından əhali işçi qüvvəsi kimi başqa işlərə cəlb olunurdu. 1915-ci il iyunun 15-də çar hökumətinin verdiyi fərmana görə 23 yaşına qədər olan gənclər müharibə ilə əlaqədar olan işlərə səfərbərliyə alınırdı. Bunun nəticəsində Azərbaycanın ən çox əmək qabiliyyətli kənd əhalisinin 30 faizi təsərrüfatdan ayrılaraq arxa işlərinə cəlb olunmuşdu. Bu isə kənd təsərrüfatında ciddi şəkildə işçi qüvvəsi çatışmazlığı yaradırdı. Bundan başqa, çar hökuməti tərəfindən 1916-cı ildə qoyulmuş xüsusi hərbi vergi də kənd təsərrüfatını iflasa uğradırdı. Müharibə təsərrüfatın bütün sahələrində geriləməyə səbəb oldu. Müharibə dövründə Azərbaycanın da iqtisadiyyatı imperiyanın müharibə siyasəti tələblərinə uyğunlaşdırılmışdı. İqtisadiyyat tənəzzül etmişdi. Rusiyanın əsas duru yanacaq bazası olan Bakıda neft istehsalı geriləmişdi. Neft hasilatı 1914-cü ildəki 431,7 min puddan 1917-ci ildə 402 min puda enmişdi, 1916-cı ildə Bakıdakı 15 neft-yağ zavodundan 2-si işləyirdi. 1917-ci ildə cəbhə üçün 50 min pud partlayıcı toluol və 90 min pud benzin istehsal olunmuşdu. Neft sənayesində işçi qüvvəsi azalmışdı. 13 min işçi cəbhəyə göndərilmişdi. Gədəbəydəki mis zavodu, mahlıc istehsalı, ipək və tütün emalı müharibə tələblərini ödəmək üçün işləməyə başlamışdılar. 1915-ci ildə H. Z. Tağıyevin toxuculuq fabriki cəbhəyə 4 milyon arşın bez və 300 min arşın parusin göndərmişdi. Müharibə Azərbaycanın kənd təsərrüfatına da zərər vurmuşdu. Əkin sahələri müharibədən əvvəlki 910 min desyatindən 1918-ci ildə 620 min desyatinə enmişdi. Taxıl istehsalı 50% azalmışdı. Pambıq əkini sahələri 1916-cı ildəki 105 min desyatindən 1917-ci ildə 37 min desyatinə enmişdi. İribuynuzlu heyvanların sayı 480 min baş, davarların sayı 500 min azalmışdı. Arxa cəbhədə yardımçı təsərrüfatlarda işləmək üçün Azərbaycandan 50 min gənc səfərbərliyə alınmışdı. Sosial vəziyyət də pisləşmişdi. Ərzaq qıtlığı, bahalıq baş vermişdi. Müharibə dövrü ərzağın qiyməti 300–500 faiz yüksəlmişdi. Bakıya taxıl və digər məhsulların gətirilməsi yarıbayarı azalmışdı. Əhalinin vəziyyəti olmazın dərəcədə pisləşmişdi. Bütün bunlar əhali arasında sosial gərginliyi artırmışdı. Bakıda, Şəkidə, Tovuzda fəhlə tətilləri başlamışdı. 1916-cı ildə 80-dan çox tətil olmuşdu. 1915–1916-cı illərdə Lənkəran, Ərəş, Quba qəzalarında kəndli həyəcanları da baş vermişdi.
Birinci Dünya müharibəsinin birinci dövründə döyüş cəbhəsindən biri də Qafqaz cəbhəsi idi. Azərbaycan rus-türk Qafqaz hərbi teatrı ilə bağlı idi. Hərbi əməliyyatlar birbaşa Azərbaycan ərazisində aparılmasa da, müharibə aparan tərəflərin strateji planlarında əsas yeri tuturdu. Alman-türk hərbi qərargahının Qafqaz cəbhəsi üçün hazırladığı döyüş planı birbaşa Xəzər hövzəsinə, xüsusən də Bakı neftinə sahib olmaq idi. Qafqaz cəbhəsində hərbi əməliyyatlar davamlı deyildi. 1915 və 1916-cı illər arasında demək olar ki, cəbhədə daha çox sakitlik hökm sürmüşdür. Bütövlükdə müharibənin birinci dövründə Qafqaz cəbhəsində dörd iri əməliyyat keçirilmişdir. Bunlardan birincisi Sarıqamış, ikincisi Alaşkert, üçüncüsü Oqnut və nəhayət, Muş əməliyatı idi.
Qeyd etmək lazımdır ki, erməni məsələsi XIX əsrin axırlarına yaxın öz inkişafının yeni fazasına daxil oldu. Bu dövrdən başlayaraq Daşnaksütyun partiyası ermənilərin mülki və mədəni maraqlarını müdafiə etmək devizi altında öz fəaliyyətini Cənubi Qafqazda daha da gücləndirdi. Erməni məsələsinin Cənubi Qafqaza keçirilməsi ilə diyarın əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayan xalqları dəhşətli fəlakətlərlə üzləşməli oldu. Çünki daşnakların Cənubi Qafqaza gəlməsinə qədər bütün xalqlar burada tam əmin-amanlıq şəraitində yaşamışdı. Daşnakların gəlişinə qədər dinc əhali heç bir zaman milli zəmində qanlı toqquşmaların nə olduğunu bilmirdi. Daşnaklar Cənubi Qafqazda yaşayan ermənilər arasında öz terrorçuluq hərəkətlərini təşkil və təbliğ etməklə regionu bütünlüklə erməni ərazisinə çevirmək istəyirdi. Ona görə də ermənilər birinci dünya müharibəsində yaranmış beynəlxalq vəziyyətdən istifadə edərək məqsədlərini reallaşdırmağa başladı. Onlar birinci dünya müharibəsində iştirak edən dövlətlərlə gizli danışıqlar apararaq Osmanlı dövləlinə və Azərbaycan əhalisinə qarşı hazırladıqları məkrli planlarını həyata keçirməyə çalışırdı. Digər tərəfdən isə Antanta və Dördlər İttifaqına daxil olan dövlətlər də Azərbaycan neftinə sahib olmaq üçün "erməni məsələsi"ndən öz istəklərinə uyğun şəkildə bəhrələnməyə çalışırdı. Bu baxımdan müharibə aparan dövlətlərin planlarına uyğun olaraq Azərbaycanda "erməni məsələsi"nə xüsusi diqqət yetirildi. Onlar yaxşı dərk edirdi ki, həm Cənubi Qafqaz, həm də Osmanlı dövləti ərazisində yaşayan ermənilərdən müəyyən şərtlərlə istifadə edə bilərlər. Antanta dövlətləri ermənilərdən iki istiqamətdə istifadə etmək niyyətində idi: birincisi, Osmanlı ərazisində yaşayan ermənilərə azadlıq və muxtariyyət vəd etməklə, onları Osmanlıya qarşı qaldırmaq; ikincisi, Rusiya ermənilərindən rus Qafqaz Ordusunda istifadə etməklə Osmanlıdakı yeddi vilayətə və Kilikiyaya muxtariyyət vermək. Dördlər İttifaqı, xüsusən Almaniya da ermənipərəst mövqe nümayiş etdirirdi. Almaniya layihəsinə görə Osmanlı dövləti ərazisində yaşayan ermənilərin vəziyyətini yaxşılaşdırmaq üçün islahatlar və digər tədbirlər, o cümlədən Rusiya erməniləri üçün isə muxtariyyət nəzərdə tutulurdu. Bir sözlə, Antanta ilə Dördlər İttifaqı arasında erməniləri öz tərəflərinə çəkmək uğrunda mübarizə gedirdi. İstanbuldakı Rusiya səfirliyinin müşaviri Qulkeviç Birinci Dünya müharibəsinin başlanğıcında bəyan etdi ki, rus hökumətinin əsas məqsədlərindən biri erməniləri zülmdən xilas etmək və onlara muxtariyyət verməkdir. Osmanlı dövləti isə erməni məsələsinə aydınlıq gətirmək üçün Ərzurum və yaxud Vanda Seym çağırılması haqqında manifest imzalamışdı. Bu addım erməni əhalisi arasında ikitirəlik yaratmışdı. Belə şəraitdə Daşnaksutyun partiyası "dilemma" qarşısında qalmışdı. Onlar bu yollardan hər hansı birini seçməkdə çətinlik çəkirdi. Nə etməli. Antanta blokuna, yoxsa Almaniya-Osmanlı ittifaqına daxil olmaq. Daşnaklar bu məsələdə Antanta blokuna meyilli olmağa üstünlük verdi. Bütövlükdə erməni siyasi təşkilatları Osmanlı ərazisində öz dövlətlərini qurmaq istəyini reallaşdıra bilmədiyi üçün bu istəyini bolşevik Rusiyasının hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqları hesabına həyat keçirdi.
Sovet Rusiyasının 1918-ci il Brest-Litovski sülhünə uyğun olaraq Birinci Dünya müharibəsindən çıxması Həmədan Baltik arasında 3000 km-lik bir sahənin boşalmasına səbəb oldu. Rusiyada bolşeviklərin iqtidarı ələ keçirmələri ilə bütün dünyanın diqqəti bu ölkəyə yönəldi. Çünki bolşevik ideyaları sürətlə Avropaya və oradan isə Avropa imperialistlərinin göz dikdiyi Asiyaya doğru irəliləyə bilərdi. Bu hadisələr müsəlmanların çoxluq təşkil etdiyi ərazilərin sahibi olan İngiltərəni narahat edirdi. Ingiltərə üçün başqa bir narahatlıq , rus ordusunun dağılmasından yararlanan alman qüvvələrinin Qara dənizin şimalından irəliləyərək Ukrayna və Krıma girməsi, Gürcüstanda qərərgah yaratmaları idi. İngiltərə üçün digər narahatlıq türk qüvvələrinin Qafqaza daxil olub, Şimali Azərbaycan və Cənubi Azərbaycanda irəliləməsi idi. Osmanlı dövləti İrandan Xəzər dənizinə qədər olan ərazidə yaşayan müsəlman-tük xalqlarını istiladan xilas etmək istəyirdi. Təbii ki, türklərin bu istəyi ingilısləri təmin edə bilməzdi. Hadisələr müttəfiq dövlətlərin diqqətini Şərqə yönəltdi. Bolşevik cərəyanına və türk ordusunun fəallaşmasına qarşı çıxış etmək hüququ müttəfiqlər tərəfindən İngiltərəyə verildi. İngiltərənin istəyini təmin edən bu hüquq, onlara aşağıda göstərilən məqsədlərə nail olmağı vəd edirdi: Birincisi, Xəzər dənizinin şimalında bolşeviklərlə, Qafqazın və Xəzər dənizinin cənubunda isə türklərlə haqq-hesab çəkib öz planlarını tam həyata keçirmək; ikincisi, işğal altında saxladıqları İranın şimal və şərqindən gələ biləcək təhlükəni dəf etməyə nail olmaq; üçüncüsü, türk yürüşü və bolşevik cərəyanına qarşı Asiyadakı Hind imperatorluğu ətrafında geniş bir güc sahəsi yaratmağa cəhd göstərmək; nəhayət, Qara dənizin şərqindən Xəzər dənizinə qədər olan bölgəyə nüfuz etməklə Bakı neftini ələ keçirmək və Qafqazda yeni iqtisadi sahələr əldə etmək.
Osmanlı imperiyası I Dünya müharibəsində
redaktə1914-cü il oktyabrın 20-də Rusiya Osmanlıya müharibə elan etdi. Bununla da Qafqazda hərbi əməliyyatlar başladı. Türk qoşunları Ənvər Paşanın komandanlığı altında Qars-Batum istiqamətində Cənubi Qafqaza hücüm etdi. Cənubi Qafqaza hücum etməklə yanaşı Cənubi Azərbaycan ərazisinə də girdilər. Ənvər Paşa və qərargahının hazırladığı hərbi plana əsasən Qafqazda rus qoşunlarına əsas zərbə Sarıqamış döyüşündə endirilməli idi. Əməliyyata Ənvər Paşa özü rəhbərlik edirdi. Sarıqamış əməliyyatı 4 dekabr 1914-cü ildə başladı və 18 yanvar 1915-ci ilədək davam etdi. Çətin döyüşlərdə ağır itki verən türk qoşunu məğlub oldu. Canlı qüvvə və texnikasının çoxluğu rus ordusuna qələbə qazandırdı. Bu döyüşdən sonra Təbrizi tutan rus qoşunu türk ordusunu Cənubi Azərbaycandan çıxartdı. Rusiyada yaşayan müsəlman türkləri orduya çağırmırdılar. Bundan başqa çar hökuməti Azərbaycan türklərinin cəbhələrdə Osmanlı ordusuna qarşı vuruşmayacağından ehtiyat edərək orduya çağırmırdı. 1916-cı ilin fevralında ruslar Ərzurumu, yazında isə Trabzonu işğal etdi.
İstifadə olunmuş ədəbiyyat siyahısı
redaktə- Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. II hissə (XIX–XXI əsrin əvvəli). Bakı, "Bakı Universiteti" nəşriyyatı. 2010
- Əliyarlı S. Azərbaycan tarixi. Bakı, "Çıraq". 2009
- Корсун Н. Г.:ПМВ на Кавказском фронте