Gedebey Rayonu - Wikipedia
Bu məqalə Gədəbəy rayonu haqqındadır. Şəhər üçün Gədəbəy səhifəsinə baxın. |
Gədəbəy rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.[4] Mərkəzi Gədəbəy şəhəridir.
Rayon | |
Gədəbəy | |
---|---|
| |
40°33′56″ şm. e. 45°48′58″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Qazax-Tovuz |
İnzibati mərkəz | Gədəbəy |
İcra başçısı | Orxan Mürsəlov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 1 230[1][2] km² |
Hündürlük | 1.849 m |
Əhalisi | |
Əhalisi | 100 400 [3] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-GAD |
Telefon kodu | +994 22 |
Poçt indeksi | AZ 2100 |
Avtomobil nömrəsi | 21 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəGədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12–7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur.
XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855–1856-cı illərdə yerli sahibkarlar tərəfindən Mis əritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. "Simens" şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyası ərazisində ilk su-elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. Bu zaman Avropanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi. Həmin dövrdə alman alimləri tərəfindən Gədəbəy rayonu ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntının nəticələri Almaniyanin "Folker Şpis" elmi nəşriyyatı tərəfindən "Qalakənd" adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır.
Sovet İttifaqı Kommunist Partiyası və Nazirlər Sovetinin 1968-ci il 22 iyun qərarında göstərilir ki, "Gədəbəy rayonunun Tağlar kəndinin heç bir prespektivi olmadığı üçün həmin kəndin ərazisi meşə zolağı ilə birlikdə Ermənistan SSR-nin Şəmsəddin rayonuna verilsin". Azərəbaycan KP MK-nın birinci katibi Vəli Axundovun rəhbərliyi dövründə yerli əhalinin razılığı olmadan, Gədəbəy rayonunun Şınıx zonasından 76 km² torpaq sahəsi olan Hacılar sovetliyinin Tağlar kəndi, Qaravəlilər və Göyəli kəndlərinin yaylaq və biçənək sahələri Ermənistana verildi. Tağlar kəndi 1969-cu il mayın 7-də Sovet İttifaqı Kommunist Partiyasının qərarına uyğun olaraq Ermənistan SSR-nin tərkibinə verilib. 1969-cu ilin noyabr ayının 17-də imzalanmış 3 bənddən ibarət razılaşma əsasında Azərbaycan KP MK, Ermənistan KP MK və SSRİ Kənd Təsərrüfatı Nazirliyi Sov. İKP MK katibliyinin qərarına uyğun meydana çıxmış əlavə halları nəzərə alaraq, Tağlar kəndinin Ermənistana verilməsini qərara alır. Həmin sənəddə qeyd edilir ki, Azərbaycan SSR Gədəbəy rayonunun Tağlar kəndinin gələcək inkişafının olmadığını nəzərə alaraq, iki il ərzində həmin kəndin sakinlərinin Azərbaycan SSR Gədəbəy rayonun digər yaşayış məntəqəsinə köçürülməsinin məqsədəuyğunluğu qəbul edilsin. Gələcək insidentlərin aradan qaldırılması üçün respublika sərhədi yaxınlığında inşa edilmiş Ermənistan SSR Şəmşəddil rayonu Ayqedzor kolxozunun mal-qara ağılı Tağlar kəndi köçürüləndən sonra hazırda onun sakinlərinin istifadə etdiyi meşə sahəsinə köçürülsün.[5]
Gədəbəy toponimi
redaktə"Gədə" və "bəy" sözlərinin birləşməsidir. Gədəbəy ərazisində qədim türk tayfaları yaşayıb. Kət və bək sözlərindən yaranan coğrafi adlar Orta Asiya türk dövlətlərində də var. Qədim türkcədə "kət" sözünün əks tapdığı həmin yerlərdə, əhalini düşmənlərin qəfil basqınlarından xəbərdar etmək məqsədilə bir çox qarovulxana, keşikçi – gözətçi məntəqələri mövcud olub. Gədəbəy adı ilə bağlı onlarla rəvayət mövcuddur. Alban tarixçisi Mxitar Qoş "Albaniya xronikası" əsərində (1206-cı il) Gədəbəy əyalətinin adını "Getabey" kimi işlədib. Ehtimal edirlər ki, "Gettabey" sözü sonradan deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. Qədim türkcə böyük, qüdrətli adam mənasında işlədilib. Coğrafi relyefinə görə bura qədimdə döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türkcə gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir və "gözətçi təpəsi" deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Tarixi mənbələrdə adı ilk dəfə 12-ci əsrdə çəkilən Gədəbəy qalasının xarabalıqları rayonun Təpəlik sayılan yuxarı hissəsindədir. Başqa bir ehtimala görə isə, Dədəbəy sözü deformasiyaya uğrayaraq Gədəbəy olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. Gədəbəy, Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy adlı kəndlər var. Bək – təpə sözü ilə əlaqədar olaraq Gədəbəy oyko-niminin haqqında da danışmaq lazımdır. Gədəbəy qədim türk dillərindən ket – keşik, gözətçi və türk dillərindəki bək – təpə sözlərindən ibarət olub gözətçi (keşikçi) təpəsi mənasını daşıyır.
Coğrafiyası
redaktəKiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Ən yüksək zirvələri: Qoşabulaq (3549 m.), Qocadağ (3317 m.) və s.[6]
Yura, Təbaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Qara və ağ mərmər yataqları var. Yayı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi üstündür.
Çay şəbəkəsi sıxdır. Axıncaçay və Zəyəm çaylarının yuxarı axını bu rayonun ərazisindədir. Şəmkirçayının yuxarı axını rayonun cənub-qərb sərhədindən axır. Qonur dağ-meşə, çimli dağ-çəmən və s. torpaqlar yayılmışdır.
Meşələrin ümumi sahəsi 30,5 min hektardır(1980). Heyvanları: qayakeçisi, cüyür, qonur ayı, canavar və s. Quşlardan tetra, ular, qartal və s. var.
Rayonda ərazisində məşhur Qızılca Dövlət Təbiət Yasaqlığı və 4 təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi- keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. Rayonun dağlarında, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir.
Relyefi
redaktəGədəbəy rayonu Kiçik Qafqazın orta və yüksəklik dağlıq qurşağında yerləşir. Rayon ərazisi Şahdağ silsiləsinin şimal yaçacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir.[7]
Geoloji quruluşu
redaktəYura, Təbaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Qranitlə zəngin metamorfik süxur olan gədəbəyit ilk dəfə (1903) Gədəbəy Mis-kolçedan yatağında öyrənilmişdir.
Çayları və su hövzələri
redaktəÇay şəbəkəsi sıxdır. Mormor, Turşsu,Koroğlu, Şahzadə, narzan, Böyük Bulaq və s. mineral və süfrə su bulaqları ilə zəngindir. Əsas çayları Axımca, Zəyəm, İnəkboğan, mamasan, Şəmkir, Gədəbəy Cəhri və s.
Faunası
redaktəQayakeçisi bezoar keçisi, cüyür, qonur ayı, canavar və s. Quşlardan arıquşaoxşar bığlıca, qaraquş, ispan sərçəsi, daşlıq sərçəsi, qafqaz tetrası, qafqaz uları və s. quşlara rast gəlinir.
Landşaftı və bioloji müxtəlifliyi
redaktəOrta dağlıqda kollu və seyrək meşəli çəmənliklər, enliyarpaqlı meşələr yayılmışdır. Meşələrdə palıd, fıstıq, qafqaz vələsi ağacları üstünlük təşkil edir. Yüksək dağlıq ərazilərdə sübalp və alp çəmənlikləri vardır.
Meşələr burada 2000–2500 m-ə qədər yüksəlir. Yüksək dağlıq meşələrin tərkibi, əsasən şərq palıdı, şərq fıstığı, tozağacı, trautvetter ağcaqayını, buasye quşarmudu, adi meşə gilasından ibarət olur.
Ərazinin subalp binkiləri 1800–2600 m yüksəklikləri əhatə edir. Burada qaragilə, topaçiçək əsmə, şərq nəmgülü, adaçayı, alışan lalə, kəpənəkçiçək, yeddi dilimli acıçiçək, keçiqulağı, iberiya ətirşahı və s.
Alp yüksəkliyinin əsas bitkiləri taxıllar və çil fəsiləsinə aiddir. Bu bitkilər burada alp xalıları yaradır. Alp xalılarının əsas tərkibini qafqaz zirəsi, şaxduran, qayabağayarpağı, çəmən yoncası, cil, steven zənciotu, sibbaldia, üçdişli zəngçiçəyi, cinotu təşkil edir.
Geoloji təbiət abidələri
redaktəƏrazinin ən gözəl geoloji təbiət abidələri mənzərəli landşaftlara malik olan Axıncaçay, Şəmkirçay, Zəyəmçay dərələridir. Digər mənzərəli ərazi İnəkboğançay boyunca uzanan keçidərəsidir. Haçaqaya dağının ətəyində, Şır-şır şəlaləsi vardır.
Arxeoloji abidələri
redaktəXarxar kəndində Tunc dövrünə aid müdafiə qalaçası. Slavyanka kəndində Tunc Dövrünə aid müdafiə qalaçaları, Nova İvanovka kəndində Ağkilsə Abidəsi (4.əsr) Maarif kəndində Tunc və dəmir Dödrlərində aid Şıx müdafiə qalası. Söyüdlü kəndi yaxınlığında Tunc dövrünə aid Pirdağ qalası, Kiçik Qaramurad kəndində Dəlmə, sarıdaş müdafiə qalaçaları, Qalakənd kəndində Tunc və Dəmir Dövrlərinə aid Ağsu, Çapığın, Xənalitəpə müdafiə qalaçaları.[8]
Əhalisi
redaktəİqtisadiyyat
redaktəTəsərrüfatı əsasən kənd təsərrüfatından ibarətdir. İqtisadiyyatında kartofçuluq, heyvandarlıq və taxılçılıq əsas yer tutur. Rayonda kəşf edilmiş (1849) mis filizi əsasında yaradılan (1855–1956) Gədəbəy misəritmə zavodu və Qalakənd (1883) mis əritmə zavodu mövcuddur.
Azərbaycanda ilk su-elektrik stansiyasi 1880-ci ildə ve ilk 29 km-lik dəmiryolu 1879-cu ildə bu rayonda tikilmişdir. Bu yaxınlarda rayon ərazisində qızıl yataqları kəşf olunub və istismarı başlamaq üzrədir. Məşhur Simens qardaşları bu rayonda mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə etmişlər. İndi qızıl yataqları kəşf olunduqdan sonra bəziləri bu fikirdədi ki, Simens qardaşları Gədəbəydən mis adıyla qızıl çıxardıblar. Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı fəaliyyət göstərir.
Mədəniyyət
redaktəRayonda 86 ümumtəhsil məktəbi (16 ibtidai, 28 doqquz illik,42 orta), 1 texniki peşə məktəbi var. Həmçinin rayonda 13 mədəniyyət evi, 26 klub, 67 kitabxana, 39 kinoqurğu var. Rayonun mərkəzində 5 min nəfərlik stadion var. Rayonda 325 çarpayılıq 10 xəstəxana, 36 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji stansiya, 75 həkim, 298 orta tibb işçisi var (1980).
"Gədəbəy dəfinələri" adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, gümüş sikkələr, ev müxəlləfatı, boyunbağılar və bəzək əşyaları olan qədim küplər tapılmışdır. Şah Təhmasibin hakimiyyətdə olduğu dövrdə (1524–1576-cı illər) zərb edilmiş sikkələr Gəncədə, Təbrizdə, Şirvanda və Ərdəbildə dövriyyədə olurdu.[9] Rayonda xalq sənətlərindən əl ilə tikmə, xalçaçılıq, ağac və metal üzərində oyma peşələri qorunub saxlanmışdır.
Rayonda aşıq sənətinin özünə məxsus yeri var. İsfəndiyar Rüstəmov, Miskinli Vəli, Nemət Qasımlı, Ulduz Sönməz, Fəzail Miskinli , Dəmir Gədəbəyli və bir sıra başqa tanınmış aşıq musiqisin ustad sənətkarları Gədəbəy rayonunda anadan olmuşdur.
Memarlıq abidələri
redaktəMemarlıq abidələrindən Söyüdlü kəndində (Şəmkirçayının üstündə) Namərdqala / Qız qalası (9-cu əsr) və Çarekvəng monastırı , Novosaratovka kəndində məbəd (1535), Qalakənd kəndində Koroğlu qalası (16-cı əsr), Böyük Qaramurad kəndində qala (1634), Dikdaş kəndi ərazisində (Bayram dərəsində) alban kilsəsi və Həmşivəng məbədi, Çaldaş kəndində Çaldaş məbədi, Səbətkeçməz kəndində üç körpü (19-cu əsr), və s. qalmışdır.
Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Xocalı-Gədəbəy mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. Burada tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Onu Namərd-qala da adlandırırlar, IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var.
Qarabağ savaşı dövründə
redaktəÜmumilikdə Gədəbəy rayonu Qarabağ müharibəsi dövründə 200-dən çox şəhid vermişdir. Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin avqustun 8-də rayonun iki kəndi, Motudərə və Qasımağalı kəndləri, o cümlədən 78 yaşayış evi, 1 məktəb və 2 tibb məntəqəsi yandırılmışdır. Hazırda həmin kəndlərdə məktəb və tibb məntəqəsi, 17 yaşayış evi bərpa olunmuş, digər yaşayış evlərinin bərpası davam etdirilir.[10]
Qarabağ müharibəsi zamanı Ermənistan ordusu rayon ərazisində yerləşən Başkənddən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi.
1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi, lakin Azərbaycan ordusunun hissələrinin, xüsusən yerli və Tovuz rayonundan olan könüllülərin keçirdiyi uğurlu hücum əməliyyatı nəticəsində Başkənd işğalçılardan azad edildi.
2010-cu il təxribat cəhdi
redaktə2010-cu il sentyabrın 11-də Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri tərəfindən Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində təxribat törətməyə çalışan Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Manvel Sarıbekyan tutulmuşdur. Sonrakı araşdırmalar nəticəsində onun Azərbaycan ərazisinə kənd məktəbini partlatmaq üçün keçdiyi məlum olmuşdur.[11]
Tanınmış şəxslər
redaktə- Nurəddin Rzayev — Əməkdar elm xadimi, professor.
- Mikayıl Xıdırzadə — riyaziyyatçı alim, Bakı Dövlət universitetinin mexanika-riyaziyyat fakültəsinin dekanı.
- Tokay Hüseynov — AMEA Biofizika İnstitutu, Ekoloji biofizika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor.
- Tofiq Köçərli — Azərbaycan Milli Elmlər Akademiyasının akademiki.
- Firudin Köçərli — Azərbaycan Milli Elmlər Akademiyasının akademiki.
- Qoşqar Əhmədov — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
- Yaqub Məmmədov — Tibb elmləri doktoru, professor, AMEA-nın muxbir üzvü.
- İlyas Tapdıq — Şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1972).
- Xəlil İsmayılov — Tarix elmləri doktoru, professor, əməkdar mədəniyyət işçisi.
- Sabir Məmmədli — Siyasi elmlər doktoru, könüllülər taborunun komandiri.
- Mehdi Quliyev — Sovet İttifaqı Qəhrəmanı.
- Məzahir Rüstəmov — Birinci Qarabağ müharibəsi şəhidi
- Aytəkin Məmmədov — Birinci Qarabağ müharibəsi şəhidi
- İlham Əliyev — Birinci Qarabağ müharibəsi şəhidi
- İsgəndər Aznaurov — Birinci Qarabağ müharibəsi şəhidi
- Cahangir Rüstəmov — alay komandiri.
- Cəfər İbrahimov — Tarix elmləri doktoru, professor.
- Cəmil Əhmədli — Fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi.
- Mahmud Rüstəmov — Kimya elmləri doktoru, professor.
- Rafiq Məmmədhəsənov — Tibb elmləri doktoru (1990), Əməkdar elm xadimi (2000), "Tərəqqi" medalı təltifçisi (2010), millət vəkili (2006 və 2010).
- Qara Məşədiyev — Dilçi alim, Filologiya elmləri doktoru, professor.
- Sahib Əliyev — Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimya elmləri doktoru.
- Mirzə Sadıxov — SSRİ Dövlət mukafatı laureatı, akademik.
- Haqverdi Cəfərov — Biologiya elmləri doktoru, professor, "Əməkdə fərqlənmə", "Şərəfli əmək nişanı", ÜXTN-nin medalı laureatı.
- Dəmir Gədəbəyli — Şair, filologiya elmləri doktoru, professor.
Şəkillər
redaktə-
Gədəbəy rayonunun təbiəti
-
Çarekvəng monastırının qalıqları
-
Qalakənddən görüntü
-
Qanlı körpü
-
Əyrivəng kilsəsinin qalıqları
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ümumi məlumat. — Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — İnzibati kənd rayonları (1. yanvar 2006), səhifə 11. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
- ↑ "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – İnzibati ərazi vahidləri : Gədəbəy rayonu" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-16.
- ↑ "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Mübahisəli ərazilər: Ermənistanın Başkənd iddiasına qarşı Tağlar kəndi". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-20.
- ↑ "Arxivlənmiş surət". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-09.
- ↑ Azərbaycan: Ekoturizm potensialı
- ↑ Azərbaycan: ekoturizm potensialı. II cild Bakı, 2012 Şərq-Qərb. nəş. s. 298–300
- ↑ "Gədəbəy dəfinələri". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-12.
- ↑ "Gədəbəy rayonu". 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
- ↑ Ermənilər Azərbaycanda məktəbi partlatmaq istəyiblər [ölü keçid]