Turizm - Wikipedia
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir[1].
Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir.
Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir.
Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır.
Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir.
Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır. Bu, özünü işdə və ailədə insanların artmaqda olan hərəkətsizliyində, artıq qidanın qəbulunda, psixo-emosional gərginliyin artmasinda göstərir. Yaxın keçmişdə mükəmməl istirahətin etalonu, əsasən, dənizə səyahət, sanatoriya, kurort və istirahət evlərində dincəlmək sayılırdı. Günəş, hava və su sağlamlığın möhkəmləndirilməsinin əvəzolunmaz amilləridir. Sağlamlığın möhkəmləndirilməsi ilə səciyyələnən və özündə bir neçə turizm növlərini cəmləşdirən kənd yaşıl turizm və idman turizmidir.
Dünya Turizm Təşkilatının hesablamalarına görə, 2000-ci ildə dünya üzrə turizm gəliri 500 milyard, 2004-cü ildə 600, 2009-cu ildə 850 milyard, 2013-cü ildə 1 trilyon dollardan artıq olub.
İnkişaf sürətinə və gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra 3-cü yeri tutur[2]
Nəqliyyatın növünə görə turizm növləri
redaktəYerüstü nəqliyyat (quru nəqliyyatı)
redaktəYerüstü nəqliyyat avtomobil nəqliyyatı və dəmiryolu nəqliyyatı olaraq 2 yerə bölünür:
- Dəmiryolu turizmi — turist qatarları bir qayda olaraq mərkəzi istilik, məcburi ventilyasiya və elektrik işiqlandırma sistemi olan tam metal konstruksiyalı kupe vaqonlarından formalaşdırılır. Dəmiryolu nəqliyyatı bir neçə üstünlüklərə sahibdir:
- Avtomobil nəqliyyatına nisbətən daha təhlükəsiz nəqliyyatdır;
- Əksər Avropa ölkələrinin iri şəhərlərinin dəmir yolu vağzalları şəhər mərkəzində yerləşir;
Su nəqliyyatı
redaktəSu nəqliyyatı qayıq, yaxta, gəmi, bərə, teploxod və s. ilə həyata keçirilir. Turistləri tam kompleks xidmət ilə təmin edir. Konfortluğuna görə su nəqliyyatı digər nəqliyyat növlərindən istirahət və əyləncə üçün ümumi otaqların (musiqi, oxu və rəqs salonları, kino, konsert zalları, bar, gəzinti göyərtəsi və s.) xeyli miqdarda sərfəli olması ilə fərqlənir.
Hava nəqliyyatı
redaktəHava nəqliyyatında təyyarə, vertolyot, hava şarı və s. nəqliyyat vasitələrindən istifadə olunur.
Turizmin növləri
redaktə- Ekskursiya — 24 saata qədər olan səyahətə deyilir;
- Macəra turizmi — adrenalin və risk axtaranların cəlb edən xüsusi turizm ehtiyatlarla zəngin olan əraziləri əhatə edir. Yeni Zelandiya, Braziliya, Boliviya, Hindistan, Nepal, Tanzaniya məşhur macəra turizmi mərkəzlərindən hesab olunur;
- Romantik turizm — Paris, Roma, Venesiya, Milan, Kosta-Rika, Virciniya adaları,Qalapaqos adaları, Maldiv adaları kimi bir çox mərkəzləri var;
- Kənd turizmi — kənd mühitində kompleks turist xidmət fəaliyyəti nəzərdə tutulur;
- Aqroturizm — kənd turizminin bir növü olmaqla, turistlərin kənd həyat tərzinə cəlb edilməsinin, eləcə də kənd təsərrüfatı fəaliyyətlərində iştirakının təmin olunmasıdır;
- Təhsil turizmi — təhsil almaq məqsədiylə ölkədaxili, yaxud ölkəxarici ərazilərə edilən səyahətlərdir;
- Tibbi turizm (müalicə-sağlamlıq turizmi) — tibbi müayinə və müalicə məqsədi daşıyan turizm fəaliyyətidir.[3] Adından da məlum olan bu turizm sahəsinin Azərbaycandakı ən mühüm mərkəzlərinə Naftalan, Naxçıvan, Abşeron daxildir. ABŞ, Almaniya, İsrail kimi inkişaf etmiş ölkələr bu turizm sahəsinin inkişaf etdiyi ərazilərdir;
- Etnik turizm — qohumları görmək, özünün, valideynlərin, yaxud əcdadların vətənlərini öyrənmək məqsədiylə edilən səyahətlərdir. Etnik turizmə həm də nostalji turizmi də deyilir. Etnik turizmə yaxın olan etnomədəni turizm də mövcuddur. Bu turizm sahəsində azsaylı xalqların yaşadıqları ərazilərə edilən səyahətlər nəzərdə tutulur. Azərbaycanda nisbətən böyük etnik qruplar və etnomədəni turizm mərkəzləri bunlardır: talışlar (Lənkəran), tatlar (Quba-Qusar), ləzgilər (İsmayıllı, Quba-Qusar) və s.
- Geoturizm — geoloji tədqiqatlarla bağlı turizm sahəsidir. Bu turizm sahəsində əsas obyektlər dağlar (vulkan), fosillər, mağaralar, kanyonlar hesab olunur;
- Speleoturizm — mağaralar və yeraltı karst təbəqələrinə marşrut üzrə yürüşlərdir. Geoturizm ilə speleoturizm yaxın anlayışlar hesab olunur;
- Konqres turizmi (elm turizmi) — müxtəlif mövzularda (tarix, tibb, kimya, turizm, biznes və s) təşkil olunan konqres, qurultay, müşavirə və s. tipli yığıncaqlarda iştirak etmək məqsədilə edilən səfərlərdir. Müasir dövrdə texnologiyanın inkişafı ilə virtual şəkildə həyata keçirilən konfransların sayı artır. Bu isə turist xərclərinin azalmasına səbəb olur;
- İşgüzar turizm — işlə bağlı səyahətlərdir. Nyu-York (ABŞ), Dubay (BƏƏ), Cenevrə (İsveçrə), Tokio (Yaponiya), London (Böyük Britaniya), Brüssel (Belçika) kimi şəhərl işgüzar turizmin mərkəzlərindən hesab olunur;
- Ekzotik turizm — gündəlik həyatda rast gəlinməyən qeyri-adi nə isə (flora-fauna, iqlim, müxtəlif xalqların mədəniyyətləri — geyim, mətbəx, memariyyə və s.) görmək üçün edilən səyahətlərdir. Hindistana, uzaq Şərqə və Afrikaya bu məqsədlə gedən turistlərin sayı get-gedə artır;
- Tarixi-arxeoloji turizm — tarix və tarixi abidələrin tədqiqi, öyrənilməsiylə bağlı turizm növüdür. Bu turizm növünün inkişafı üçün əksər ölkələrdə potensial var;
- Dini turizm (inanc turizmi) — dini hökmləri yerinə yetirmək, dini abidələri ziyarət etmək və ya dinlərin müxtəlif dövr tarixlərini öyrənmək məqsədiylə edilən səyahətlərdir.[4][5] Məkkə, Mədinə, Məşhəd, Vatikan, Qüds, Lxasa dini turizmin mərkəzlərindən hesab olunur;
- İdman turizmi (yarımnövlər:at sürmə, xizək sürmə, qayıq sürmə, veloturizm, mototurizm, qolf və s.) — müxtəlif idman yarışlarında iştirak etmək məqsədili səyahətlərdir;
- Ekstremal turizm -
- Şop turizmi — müxtəlif ölkə və ya ölkədaxili ərazilərə müxtəlif məhsul almaq məqsədilə edilən səyahətləri əhatə edir;
- Aktiv və passiv turizm — xarici turistlərin və ya ölkə vətəndaşları olan turistlərin həmin regiona gəlişi aktiv turizm hesab olunur. Aktiv turizm ölkəyə və ya regiona pul (valyuta) gətirilməsi ilə müəyyən edilir. Bir ölkə vətəndaşlarının digər ölkəyə səyahəti və ya həmin regiondan olan turistlərin başqa yerlərə səfərləri passiv turizmdir. Passiv turizm — ölkədən və ya regiondan pul (valyuta) çıxarılması ilə müəyyən edilir.
- Kruiz turizmi (yarımnövlər: dəniz və kruizi) — teplaxodla həyata keçirilən turlardır;
- Ekoturizm (ekoloji turizm) — təbiət turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Azərbaycan Respublikası "Turizm haqqında" qanuna görə, ekoloji turizm təbiətə minimum təsir, ekoloji sistemin bütövlüyünün qorunması prinsipləri əsasında səyahət edilən ölkənin (yerin) təbiəti, təbii ekoloji sistemin, bioloji və mədəni müxtəlifliyi ilə tanışlığı özündə ehtiva edən turizm formasıdır.
- Film turizmi — film, televiya verilişləri və ya başqa məqsədlərlə çəkiliş aparılan yerləri ziyarət etməyi hədəfləyən şəxslər üçün nəzərdə tutulan turizm növüdür;
- Virtual turizm — texnologiyanın inkişafı ilə birbaşa bağlı olan bu turizm sahəsində turistlər olduqları yeri fiziki olaraq tərk etmədən dünyanın hər yerinə (teatr, muzey, otel, kafe və s.) virtual olaraq səyahət edə bilərlər;
- Kosmik turizm — yeni turizm sahələrindən biri hesab olunur, qiymətin digərlərinə nəzərən çox baha olması ilə seçilir;
- Qumar turizmi — qumar oynamaq məqsədilə edilən səyahətlərdir;
- Ornitoloji turizm — müxtəlif quş cinslərini müşahidə etmək məqsədilə edilən səyahətlərdir;
- Rekreasiya turizmi -
- Seks turizm — pul qarşılığında cinsi fəaliyyətdə, yaxud münasibətdə olmaq niyyəti ilə müxtəlif ölkələrə və ya qitələrə səyahət etmək təcrübəsidir;
- Qastronomik turizm - yeni bir yemək (içki, ədviyyat, şirniyyat və s.) ilə tanış olmaq məqsədilə edilən səyahətləri əhatə edir;
Son illər dünyada hərbi münaqişələrin çoxalması ilə əlaqədar olaraq hərbi turizm anlayışı yaranmışdır.[6]
Dayanıqlı turizm
redaktəDayanıqlı turizm ərazidə turizm fəaliyyətinin davamlı olması üçün atılan addımları əhatə edərək, turizm resurslarında hərtərəfli və məqsədyönlü şəkildə istifadəni stimullaşdırır. Dayanıqlı turizmin əsasında turizm resurslarından maksimum səmərəli istifadə dayanır.
Əsas məqalə: dayanıqlı turizm
Turizmə təsir edən amillər
redaktə- Təbii-coğrafi amillər dedikdə ərazi yerləşən dağ və su (çay, göl) şəbəkələri, meşələr, iqlim və s. faktorlar başa düşülür. Təbii-coğrafi amillər turizmə ən çox təsir göstərən faktorlar hesab olunur;
- Mədəni-tarixi amillər dedikdə, qalalar, saraylar, türbələr, qədim yaşayış məskənləri, hamamlar, dini ibadətgahlar (kilsə, məscid, sinaqoq və s.) kimi tarixlə bağlı tikililər başa düşülür;
- Demoqrafik amillərə əhalinin sayı, yaş qrupları, kəndlərə və şəhərlərə görə paylanma nisbəti, orta-statistik ailədə insanların sayı kimi faktorları aid etmək olar;
- Sosial amillərə əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, mədəniyyət və dünyagörüşünün inkişaf etdirilməsi kimi faktorlar aiddir;
- İqtisadi amillər — iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə milli gəlir yüksək olur, beləliklə insanların yaşayış səviyyələri yüksəlir. İqtisadi böhranların yaranması, sənaye istehsalının aşağı düşməsi, valyuta kursunun qeyri-stabil olması turizmə mənfi təsir göstərir. Buna görə də iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin vətəndaşları dünya turizm bazarında liderlik edir. İqtisadi cəhətdən zəif inkişaf etmiş, yaxud iqtisadi böhran yaşanan ölkələrin vətəndaşlarının turizmə xərclədikləri pul az olur;
- Ekoloji amillər ərazinin səyahətə nə qədər uyğun olmasına böyük təsir göstərir;
- Siyasi amillər ölkədəki siyasi mühit ilə izah olunur;
- Texnoloji amillər texnologiyanın inkişafına əsaslanır. Texnoloji inkişaf virtual turizm kimi yeni sahələrin yaranmasına səbəb olur.
Turizmin sosial əhəmiyyəti
redaktə- Cəmiyyətin psixofizioloji resursların bərpası. Belə ki, istirahətdən sonra işçi qüvvəsinin iş səmərəliyi artır;
- Əhalinin maariflənməsinə müsbət təsir göstərir;
- Cəmiyyətdə mədəni əlaqələri genişləndirir;
- Turizmin inkişaf etdiyi ərazilərdə tarixi obyektlərin qorunmasına maraq artır;
- Ölkənin tanıdılmasında böyük rol oynayır.
İqtisadi əhəmiyyəti
redaktəTurizm:
- ÜDM və ÜMM-u artırır;
- İstehsal və xidmət sahələrinin inkişafına müsbət təsir göstərir;
- Büdcə daxilolmalarını artırır;
- Əldə edilmiş valyuta axınları ilə xarici ticarət balansına müsbət təsir göstərir;
- Əhalinin məşğulluq səviyyəsi artırır, əhali gəlirlərinin artmasına səbəb olur;
- İnflyasiyanın qarşısının alınmasının effektiv yoludur.
- Mövcud infrastrukturun inkişafına müsbət təsir göstərir (yeni binaların tikilməsi, parkların salınması, yol şəbəkəsinin genişləndirilməsi və s.);
Turist axınlarının həcmi turizmin əsas iqtisadi göstəricisi hesab olunur. Turist axınlarının həcmi dedikdə turistlərin ümumi sayı, turistik ərazidə turist kimi qalma müddətləri başa düşülür. Son illərdə beynəlxalq turizmin sürətli inkişafı müşahidə olunur. 1939-cu ildə beynəlxalq turizmdən dünya üzrə 1 milyard, 1950-ci ildə 2,1 milyard, 1971-ci ildə 19,9 milyard, 2000-ci ildə isə 500 milyard dollardan artıq gəlir əldə edilmişdir. İnkişaf sürətinə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyir. Hazırda turizm yaratdığı gəlirə görə neft sənayesi və avtomobil sənayesindən sonra dünyada üçüncü yeri tutur. Ümumdünya Turizm Təşkilatının 2000-ci ilə aid məlumatına görə, dünyada turizm və səyahətlər sahəsində 260 milyondan çox adam çalışır. Bu sahənin illik tədavül həcmi 3,8 trilyon dollar təşkil edir. Dünya milli məhsulunun 10, investisiyalarının 11 faizi, hər 16 işçi yerindən biri, dünya istehlak xərclərinin 11 faizi turizm sahəsinin payına düşür. Bu rəqəmlər dünya turizm sənayesinin fəaliyyətinin birbaşa iqtisadi effektliyi ilə izah olunur. Turizm sənayesinin inkişaf meylləri ilə ümumi iqtisadi, texniki və sosial nailiyyətlər arasında birbaşa əlaqə vardır. Turizm baxımından bütün ölkələr iki qrupa bölünür: turist tədarükçüsü olan dövlətlər (yəni turist göndərən ölkələr) və turist qəbul edən ölkələr. Birincilərə — ABŞ, Almaniya, Böyük Britaniya, Belçika, Danimarka və s., ikincilərə — Fransa, ABŞ, İspaniya, İtaliya, Yunanıstan, Polşa, Türkiyə v s. aid edilə bilər.
İstinadlar
redaktə- ↑ İ.Hüseynov, N.Əfəndiyev, "Turizmin əsasları" (dərslik), "Mars-Print" nəşriyyat-poliqrafiya müəssisəsi, Bakı-2017, 442 səh.
- ↑ "Arxivlənmiş surət". 2014-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-07.
- ↑ "https://wwwnc.cdc.gov:Medical Tourism: Travel to Another Country for Medical Care". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.
- ↑ "Dünyada din turizmi". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-03.
- ↑ "Din turizmi nədir və niyə vacibdir?". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-03.
- ↑ "Военный туризм как новое направление на туристском рынке ([[Rus dili|rus.]] )". 2014-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-10.
Xarici keçidlər
redaktə- Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları (dərslik)
- B. Ə. Bilalov, Ç. G. Gülalıyev Turizmin əsasları
Həmçinin bax
redaktəMənbə
redaktə- Əlirzayev Ə. Q. Turizmin iqtisadiyyatı və idarə olunması. Bakı: "İqtisad Universiteti" Nəşriyyatı, 2011, 494 səh.
- B. Ə. Bilalov, Ç. G. Gülalıyev. Turizmin əsasları. Bakı: "QHT Nəşriyyatı", 2015, 496 s.