Aprel Isgalinda Turkiye - Wikipedia
Azərbaycanın sovetləşdirilməsində Türkiyənin müdaxiləsi — Mustafa Kamal Paşanın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisi hökuməti və Ənvər Paşanın rəhbərlik etdiyi "gənc türklər" qruplaşmasının Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələnən Aprel işğalına gedən yolda və işğal prosesində rolu.
Azərbaycanın sovetləşdirilməsində Türkiyənin müdaxiləsi | ||||
---|---|---|---|---|
Aprel işğalı Rusiyada vətəndaş müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsi | ||||
| ||||
Tarix | sentyabr 1919 — 1 may 1920 | |||
Yeri | Azərbaycan Xalq Cümhuriyyəti | |||
Nəticəsi |
Sovet və Türkiyənin qələbəsi |
|||
Münaqişə tərəfləri | ||||
|
||||
Komandan(lar) | ||||
Tərəflərin qüvvəsi | ||||
|
||||
İtkilər | ||||
|
||||
|
Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyası Antanta dövlətləri tərəfindən parçalanmışdı. Bundan sonra Türkiyədə Mustafa Kamal Paşanın başçılığı ilə milli azadlıq hərəkatı başlamışdı. Kamalçılar Sovet Rusiyası ilə ittifaqın qurulmasını dəstəkləyir və britaniyayameylli olduğunu ittiham etdikləri Müsavat Azərbaycanında bolşevik inqilabı istəyirdilər. Mustafa Kamal özü Osmanlının Azərbaycandakı fəaliyyətlərini tənqid etmiş və pantürkizmdən uzaqlaşaraq Türkiyəni birinci sıraya qoyan milliyətçilik növünə üz tutmuşdu.
1919-cu ildən başlayaraq Mustafa Kamal və Ənvər Paşa Azərbaycan vasitəsilə bolşeviklər ilə ittifaq qurmaq üçün mübarizə aparmağa başlamışdılar. Bu zaman kamalçı Fuad Sabit, Xəlil Paşa və "gənc türklər"dən Baha Səid Bakıda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əleyhinə fəaliyyətə başladılar. Bu dövrdə Şərq cəbhəsi komandanı Kazım Qarabəkir bolşeviklərin maddi və silah yardımının intensivləşməsi üçün "Qafqaz səddi" adlandırdığı maneəni aradan qaldırmağı özünə hədəf qoymuşdu.
Qarabəkir, eləcə də azərbaycanlı və türkiyəli kommunistlərin əhəmiyyətli bir qismi Qızıl Ordunun hərbi müdaxiləsini yox, Azərbaycanda daxili inqilab nəticəsində hökumətin dəyişməsini arzulayırdı. Buna baxmayaraq, Qarabəkirin səyləri uğursuz alınmışdı. IX Qızıl Ordunun Bakıya hücum əməliyyatında çoxsaylı türkiyəli kommunist, o cümlədən Xəlil Paşa və Baha Səid iştirak etmişdi. Bundan başqa, Bakıda fəaliyyət göstərən türkiyəli zabitlər əməliyyatdan əvvəl Azərbaycanda təbliğat işləri ilə məşğul olmuş, Qızıl Ordunun Azərbaycandan keçərək Türkiyəyə kömək göndərdiyini iddia etmişdilər. Azərbaycanda bu iddialara inam artmışdı və hətta Nəsib bəy Yusifbəyli hökumətinin istefasından sonra müvəqqəti olaraq dövlət başçısı olmuş Məmmədhəsən Hacınski də bununla razı idi.
Azərbaycan Sovet Sosialist Respublikasının qurulmasından sonra onu tanıyan və səfir göndərən ilk ölkə Türkiyə olmuşdur. Məmduh Şövkət Esendal 1924-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının xarici siyasi funksiyalarını itirməsinə qədər Türkiyənin Azərbaycandakı səfiri olmuşdur. Türkiyənin bu prosesdə rolu Azərbaycan milliyətçiləri arasında məyusluğa səbəb olmuşdu. Hər halda, 1920-ci ildən sonra Türkiyə Azərbaycan siyasi mühacirəti üçün əsas məkanlardan birinə çevrilmişdi.
Zəmin
redaktəBirinci Dünya müharibəsi Osmanlı imperiyası üçün tamamilə fəlakət ilə başa çatmışdı. Mudros barışıq müqaviləsinin imzalanmasından dərhal sonra Antanta dövlətləri keçmiş imperiyanın ən mühüm hərbi-strateji regionlarını, o cümlədən İstanbulu işğal etməyə və faktiki olaraq dövləti bölməyə başlamışdılar.[1] Britaniya, Fransa, İtaliya qoşunları desant qoşunlarını çıxararaq ölkənin bir sıra ərazilərini işğal etmişdilər. 1919-cu ilin mayında Yunanıstan ordusu İzmirə desant endirdikdən sonra Türkiyədə komandir Mustafa Kamal Paşanın başçılığı ilə milli azadlıq hərəkatı başlamışdır.[2]
Mudros barışığından sonra Osmanlı qoşunları Azərbaycanı tərk etmişdi, lakin Azərbaycandakı Türkiyə faktoru aradan qalxmamışdı. Türkiyənin ölkədəki nüfuzunun bariz göstəricisi Azərbaycan ordu sıralarına qoşulmuş keçmiş Osmanlı hərbi qulluqçuları və məktəb müəllimləri vasitəsilə müşahidə olunurdu. Bundan əlavə, Kamal Paşa Antanta dövlətlərinə qarşı başlatdığı azadlıq hərəkatı Azərbaycanda yerli əhali arasında Türkiyənin nüfuzu yenidən yüksəltmişdi.[3] Türkiyə İstiqlaliyyət müharibəsi Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrindən əhəmiyyətli və artan dəstək almışdı. Tərəfdarlar arasında Türkiyədə milliyyətçilərin yerini sonda "gənc türklər"in alacağına inanan panislamçılar, Türkiyədə baş verənləri qlobal antiimperialist hərəkatın başlanğıcı kimi qiymətləndirən solçular, dar Azərbaycan milliyətçiliyinə qarşı olanlar var idi.[4]
Birinci Dünya müharibəsinin son günlərində Osmanlı imperiyasının hərb naziri, "gənc türklər" hərəkatının əsas fiqurlarından olan Ənvər Paşa Türkiyədə xarici qüvvələrə qarşı əməliyyatlar aparmaq üçün Bakını strateji bazaya çevirməyi qarşısına məqsəd qoymuşdu. Buna baxmayaraq, o, uğur qazana və Azərbaycanın paytaxtına çata bilməmişdi. Onun ögey qardaşı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa da eyni məqsəd güdürdü və barışıqdan sonra Osmanlı qüvvələrini Azərbaycan yurisdiksiyasına keçirməyə cəhd göstərmişdi.[3]
Türkiyə milliyətçiləri Qafqaz republikalarının hesabına gəlsə belə, Rusiya ilə əməkdaşlığa razı idilər.[5] Kamal Paşa bolşevizmi milli azadlıq hərəkatının ideologiyasına çevirməyi məqbul saymasa da Sovet Rusiyası ilə əməkdaşlığın "Qərb imperializminə qarşı mübarizə"də üstünlüklər verə biləcəyinə inanırdı. O, 1919-cu ilin yayında Ərzurum konqresində əhalini "rus xalqının xarici müdaxiləyə qarşı qəhrəmancasına mübarizəsindən ilham almağa" təşviq etmişdi.[3] Türkiyənin siyasi ənənəsi azərbaycanlıları Rusiyanın təsirindən qurtulmaq və müstəqilliklərini qorumaq üçün Türkiyəyə təbii müttəfiq kimi baxmağa səbəb olmuşdu. "Gənc türklər" Türkiyənin xarici siyasətində panislamizm və pantürkizm ideyalarını təbliğ etmiş, 1918-ci ildən sonra da bu ideyaları dəstəkləməkdə davam etmişdilər. Buna baxmayaraq, Mustafa Kamal bu proqramların hər ikisini Türkiyənin Rusiya ilə dostluq münasibətlərinin saxlanması zərurətinə uyğun gəlmədiyi üçün qətiyyətlə rədd etmişdi. Həmçinin, bu ideologiyalar Türkiyənin maraqlarını hər şeydən üstün tutan Mustafa Kamalın özünəməxsus milliyətçilik forması ilə toqquşurdu.[4]
Mustafa Kamal Paşa özü Osmanlının Qafqaz cəbhəsində fəaliyyətləri, Azərbaycana ordu göndərməsini tənqid edirdi. O, bildirmişdir: "Müharibə zamanı hökumətimizin başında duran şəxs Qafqazın fəthi, Azərbaycan hökumətinin möhkəmlənməsi və Misirin geri alınması üçün Osmanlı qoşunlarından istifadə etdi. Bu siyasət nəticəsində çox böyük ərazilər itirmişik. Çoxlu münbit torpaqlar əlimizdən alınıb. Ermənistandakı bədbəxt müsəlman xalqın yardımına getməkdən və Azərbaycan müsəlmanları ilə bir düşüncə ilə hərəkət etməkdən çəkinərək vətən və millətin indi cızdığı sərhədlər daxilində məqsədlərinizi həyata keçirməyi zəruri hesab edirik".[6] İngilislərin "bolşevik" və "kamalist" inqilabları arasında kordon kimi istifadə etməyə çalışdıqları Cənubi Qafqaz dövlətləri onların arasında sədd rolunu oynayırdı.[7] Həm kamalçılar, həm də "gənc türklər" bolşeviklərlə kommunikasiya yolu axtarırdılar və bunun üçün ən uyğun məkanlardan biri də Azərbaycan kimi görünürdü.[3]
Danışıqlar və təbliğat
redaktəBirinci Dünya müharibəsindən sonra Azərbaycanın siyasi məkanında ortaya çıxmış ilk türkiyəlilərdən biri Nuru Paşa olmuşdur.[3] O, 1919-cu ilin əvvəlində Britaniya qoşunları tərəfindən həbs edilmiş və Batumda həbsdə saxlanılmışdı. 1919-cu ilin avqustunda tərəfdarları Nuru Paşanı müşayiət edən mühafizəçiləri pusquya salaraq qaçmasına kömək etmişdilər.[8] O, daha sonra Dağıstanda Denikinə qarşı döyüşə qatılmış, Dağlılar Respublikası süqut etdikdən sonra Bakıya köçmüşdür. Nuru Paşa 1919-cu ilin sentyabrında burada yarırəsmi Türkiyə Xalqının Nümayəndəliyini yaratmışdı. Bu nümayəndəliyin əsas məqsədi Türkiyədə mübarizəyə dəstək, o cümlədən Azərbaycandan maliyyə yardımı axtarmaq idi. Buna baxmayaraq, Azərbaycan hökuməti bu məsələdə fikir ayrılığına düşmüş və nəticədə ingilislərin özgəninkiləşdirilməsi ilə bağlı narahatlıqlara görə aydın mövqe nümayiş etdirməkdən çəkinmişdi.[3] Bu ərəfədə Kazım Qarabəkir Azərbaycana ultimatum irəli sürmüşdü. Şərtlərə görə, Türkiyədəki hərəkət qələbə çalacaq, "tez vəya gec erməniləri əzərək Qafqaza hakim olacaq", "Antantanın Ermənistan və Azərbaycana əsgər göndərəcəyi halda körpülər və tunellər dağıdılacaq, hərbi ləvazimatlara əl qoyulacaq", Azərbaycan bolşeviklər ilə razılığa gələcək və son olaraq, Azərbaycan ordusu "bolşeviklərin Arpaçay sahillərinə qədər gəlməsinə mane olmayacaq".[9]
Bu hadisədən sonra Azərbaycanda türkiyəlilər hümmətçilər ilə əlaqə qurmağa başlamışdılar. Burada danışıqları aparan Nuru yox, Mustafa Kamala daha yaxın olan Fuad Sabit idi.[10] O, oktyabr ayında Mustafa Kamalın tapşırığı ilə mart ayında Bakıda Türkiyə Kommunist Firqəsini təsis etmişdi. Partiyanın əsas məqsədlərindən biri də Ankara hökuməti ilə sovet hökumətinin yaxınlaşmasına təkan vermək idi.[11][12] Onlar həmçinin, bolşeviklər ilə ittifaq qurmağa çalışan başqa bir qrup – Karakol cəmiyyətini sıxışdıraraq regionda türkiyəli kommunistlərin yeganə səlahiyyətli təmsilçisi olmağı planlaşdırırdılar.[13] Fuad Sabit burada həmçinin, sovet casusları ilə əməkdaşlıq edərək Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə fəaliyyət göstərirdi.[14] Bundan başqa, Bakıda türkiyəlilərdən formalaşmış üçüncü bir kommünist qrupa Mustafa Sübhi rəhbərlik edirdi.[15]
Xəlil Paşa Türkiyə ilə bolşeviklər arasında başqa bir kommunikasiya kanalının qurulmasında həlledici rol oynamışdı. Mustafa Kamal Xəlilin imkanlarından istifadə etmək fürsəti görmüş, onu Anadoludan uzaqlaşdırmaq qərarına gəlmişdi. Xəlil Paşa Ənvər Paşanın qohumu və Osmanlı Şərq Ordusu Qrupunun keçmiş komandanı olmuşdu. O, Osmanlı sultanı VI Mehmedin göstərişi ilə həbs olunmuş, lakin oradan qaçaraq və Ankara hökumətinə qoşulmuşdur. Kamal Xəlilin təcrübəsinin və görkəmli bir "gənc türk" kimi nüfuzunun dəyərləndirmişdi. Beləliklə, o, Sovet Rusiyasından hərbi yardım təşkil etmək məqsədilə Xəlili Cənubi Qafqaza gizli ezamiyyətə göndərmişdi.[16]
1919-cu ilin dekabrına kimi Xəlil Azərbaycana çatmış və orada Bolşevik Vilayət Komitəsinin üzvləri ilə əlaqə yaratmışdı.[16] Xəlil Paşa xarici işlər komissarı Çiçerin və köməkçisi Karaxan ilə görüşərək antiimperialist cəbhə təklifi irəli sürmüş, hərbi və maliyyə yardımı istəmişdi. Türkiyə nümayəndə heyətinin tərkibində olan Fuad Sabit də Anadolu hərəkatının xüsusiyyətlərini Çiçerinə danışmışdı. Sonra hərb komissarı Lev Kamenev ilə məsləhətləşərək məxfi saxlanılmaq şərti ilə bir milyon lirə dəyərində qızıl, 60 min tüfəng, 108 pulemyot və 12 ağır artilleriya verilməsi razılaşdırılmışdır. Nuru Paşanın Azərbaycanda fəaliyyətinə görə ləngimə olsa da,[17] 2 iyul 1919-cu ildə yardım komitəsi yola düşmüşdür.[18][19]
Digər tərəfdən, Nuru Paşa bolşeviklərə qarşı güclü həvəs göstərirdi və 1918-ci ilin iyunundan Müsavat hökumətinə qarşı dərin düşmənçilik bəsləyirdi. O, Azərbaycanda siyasi təsirini genişləndirmək üçün İttihad Partiyası ilə sıx əlaqə qurmuşdu. Nuru Paşa müstəqil Azərbaycan dövlətinin qurulmasına qarşı çıxan həm sağçı, həm də solçu qüvvələrin koalisiyasını təmsil etməyə başlamışdı.[20] Azərbaycandakı türkiyəli zabitlər Bakıda rejimin dəyişməsini səbirsizliklə gözləyirdilər, çünki onlar inanırdılar ki, Sovet Azərbaycanı bolşevik Rusiyasını kamalçı Türkiyəyə yaxınlaşdıracaqdı.[21] Ənvər Paşanın əmri ilə yaradılmış Karakol cəmiyyəti 1919-cu ilin noyabrında qurucularından Baha Səid bəyi Bakıya göndərmişdi.[22]
Artıq həmin ayda Azərbaycanın özündə olan türkiyəli zabitləri qeyri-qanuni toplantıya toplaşaraq Müsavat hökumətinə qarşı mübarizədə Kommunist Partiyasına bütün gücləri ilə dəstək verəcəklərini vəd etmişdilər.[23] Müsavatçılara xidmət edən bəzi türklər, məsələn, 1919-cu ilin sonundan 1920-ci ilin əvvəllərində Lənkəran qarnizonunun əsas hissəsini təşkil edən Şirvan alayının zabiti Hulusi Məmmədzadə əsgərlər arasında sovet hakimiyyəti lehinə təbliğat aparırdılar.[24] Azərbaycan kommunistləri Türkiyədə milli azadlıq hərəkatının rezonansından istifadə edərək xalq arasında yayılmış panislamçı və pantürkçü ritorikaya toxunmuşdular. Onlar öz təbliğatları ilə Azərbaycanı Britaniyanın kukla dövləti olmaqda günahlandırmış və Türkiyə ilə apardıqları müharibəyə istinad edərək britaniyalıların Azərbaycanın müstəqilliyində o qədər də maraqlı olmadıqlarını bildirmişdilər.[25]
1919-cu ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin ikinci hökuməti Azərbaycan ictimaiyyətində Türkiyəyə qarşı hökm sürən əhval-ruhiyyəyə reaksiya olaraq Ankara hökumətinə maddi dəstək vermişdi.[20] Həmçinin, 1920-ci ilin martında Nəsib bəy Yusifbəyli şəxsi vəkili Mehmet Əli bəyin vasitəsilə cəmi 1,400,000 Fransa frankı dəyərində 12 neft çeki göndərmişdi. Bundan əlavə, həmin ay Azərbaycan hökuməti tərəfindən Türkiyəyə yardım kampaniyasına başladılmışdır. Nəticədə, dəstək əlaməti olaraq Türkiyəyə göndərmək niyyəti ilə 3,000 İngiltərə lirəsi sürətlə Bakı İstiqraz Bankına yatırılmışdır.[26] Buna baxmayaraq, kamalçıların Azərbaycana münasibətinə çox az təsir göstərmiş və Azərbaycanda yaşayan türkiyəlilərin vətəndaşının Azərbaycan Xalq Cümhuriyyətini mahiyyətcə zəiflədən fəaliyyətlərə əl atmasının qarşısını ala bilməmişdi.[20]
Əməliyyat planları
redaktəTadeuş Svetoxovskinin fikrinə görə, Türkiyə hökuməti və onların Cənubi Qafqazdakı nümayəndələri Azərbaycan hökumətinin həssas diplomatik vəziyyətinə çox az əhəmiyyət vermişdilər. Kamal özü həssas Cənubi Qafqaz respublikalarının nəhayət Rusiya hakimiyyətinə qayıdacağına inandığını ifadə etmişdi və bu fikir Türkiyədə geniş yayılmışdı.[16] O, Kazım Qarabəkir Paşa ilə birlikdə Türkiyənin Cənubi Qafqaz ilə bağlı böyük strategiyasının ümumi məqsədlərini açıqlamışdı. Onlara görə, Türkiyənin müstəqillik mübarizəsinin maraqları Ermənistanın sıxışdırılmasını, Gürcüstanın neytrallığını və Azərbaycanın sovet sisteminə daxil olmasını tələb edirdi.[27] Qərbyönümlü elitanın idarə etdiyi Azərbaycan Türkiyə milliyətçilərinin nəzərində "Britaniya siyasətinin aləti və Türkiyəni dost Rusiyadan ayıran sədd" idi.[4] Kazım Qarabəkir özü Müsavat hökumətini İstanbulda Kürəkən Fərid Paşa rəhbərliyindəki Osmanlı hakimiyyəti ilə eyniləşdirirdi.[28]
Britaniyanın antibolşevik "Qafqaz səddi" yaratmaq üçün qoşun göndərmək fikrində olmadığı və Türkiyənin milli-azadlıq hərəkatına cavab vermədiyi aydınlaşdıqdan sonra kamalçılar bolşeviklərlə yaxınlaşmağa yönəlmişdilər. Mustafa Kamal Paşa 6 fevral 1920-ci il tarixli şifrəli mesajında Kazım Qarabəkir Paşaya belə bir "sədd"in Türkiyənin məhv edilməsi barədə plan olduğunu və bunun qarşısını almaq üçün kəskin tədbirlər görməyə məcbur olduqlarını bildirmişdir. O, ardınca qeyd etmişdir ki, "Şərq cəbhəsində rəsmi və ya qeyri-rəsmi formada səfərbər olunaraq "Qafqaz səddi"nin dağılmasına arxadan başlayın, təcili olaraq yeni Qafqaz hökumətləri, xüsusən də Azərbaycan və Dağıstan müsəlman hökumətləri ilə əlaqələr qurun, onların Antanta planına münasibətini öyrənin. Əgər Qafqaz xalqları bizə mane olmaq qərarına gəlsələr, onlara bolşeviklər ilə birgə hücum etməyə razılaşın …".[7]
Türkiyə Böyük Millət Məclisi Şərq Ordusunun komandanı, briqada generalı Kazım Qarabəkir Paşa 17 martda Xəlil Paşa və Nuru Paşaya yazdığı məktubda qeyd etmişdir ki, "bolşeviklərin Türkiyə sərhədləri yaxınlığında görünməsi üçün bolşeviklərin, hətta onların kiçik qüvvələrinin də Azərbaycana gələrək dərhal bütün Qafqazı zəbt etməsi lazımdır. Onlar azərbaycanlılarla birlikdə Türkiyə sərhədlərinə çataraq Türkiyənin maraqlarının lehinə oynayacaqlar. Azərbaycanda, Dağıstanda və Gürcüstanda bolşeviklərin hakimiyyətə gəlməsini təmin etmək çox faydalı olardı …".[7] Türkiyə tərəfi Azərbaycanı ələ keçirmək üçün Xəlil Paşanın Dağıstanda formalaşdırdığı bölmələrdən istifadə etməyi təklif etmişdir. Qafqaz Vilayət Komitəsi qeyd etmişdir ki, "Xəlil Paşanın bizim bölmələrdən öndə gedəcək müsəlman bölüyünün komandiri kimi istifadə edilməsi, onun Azərbaycan hökumətində şöhrət qazanması və nüfuz sahibi olması yataqları və neft ehtiyatlarını məhv olmaqdan xilas edə bilər". Türkiyə Milli Hərəkatının İcraiyyə Komitəsi Bakıdakı bütün türklərə Qafqaz Vilayət Komitəsinin bütün əmrlərinə tabe olmaq barədə əmr vermişdir.[29]
1920-ci ilin yazından başlayaraq Türkiyə kamalçılarının nümayəndələri Sovet Rusiyasının rəhbərliyi ilə təmasda olmuş, sonuncunu imperialist Antantaya qarşı mübarizədə müttəfiq hesab etmişdilər. Bu əlaqələr Azərbaycan vasitəsilə qurulmuşdu. RSFSR Xalq Xarici İşlər Komissarlığının illik məruzəsində qeyd edilmişdir ki, "onların bir qrup tərəfdarı çevrilişdə və inqilabçı Azərbaycan hökuməti tərəfindən rus qoşunlarının dəvət edilməsində töhfə vermişdilər". 1920-ci ilin iyun ayının əvvəlində RSFSR Xalq Xarici İşlər Komissarlığına Ankarada çağırılan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşanın adından RSFSR hökumətinə ünvanlanmış 26 aprel tarixli məktub daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, Türkiyə "bütün məzlumları azad etmək üçün Sovet Rusiyası ilə birlikdə imperialist hökumətlərə qarşı mübarizə aparmağı, sovet dövlətləri dairəsinə daxil olsun deyə Azərbaycan Cümhuriyyətinə təsir göstərməyi öhdəsinə götürür, Qafqazda imperialistlərə qarşı mübarizədə iştirak etməyə hazır olduğunu bildirir və Türkiyəyə hücum edən imperialist düşmənlərə qarşı mübarizədə Sovet Rusiyasının köməyinə ümid etdiyini bildirir".[30]
İşğal
redaktəƏməliyyata hazırlıq
redaktəMart ayında Azərbaycan ordusunun Bakıdakı mövcudluğu xeyli zəifləmişdi. Buna səbəb ermənilərin Qarabağda üsyan qaldırması və Azərbaycan ali komandanlığı üsyanı yatırmaq üçün tez bir zamanda demək olar ki, bütün ordunu səfərbər etməsi idi. Martın axırları və aprelin əvvəllərində XI Qızıl Ordu Şimali Qafqaz və Dağıstan üzərində öz nəzarətini gücləndirməyə başlamışdı.[21] Artıq aprelin əvvəllərində Azərbaycanın şimal sərhədində yetmiş minə yaxın Qızıl Ordu əsgəri var idi.[11] Bu dövrdə Buna qədər artıq Qazax qəzası, Qaryagin (indiki Füzuli) və Zaqatala dairəsində Müsavat hökuməti yerli bolşevik əhali tərəfindən devrilmişdi.[31] Azərbaycanda siyasi böhran baş tuturdu. Martın sonunda sosialist parlament fraksiyası ölkədə kommunistlərin həbslərinə cavab olaraq Yusifbəyli hökumətinə verdiyi dəstəyi geri götürmüşdü. Sonrakı həftələrdə xeyli sayda solçu Azərbaycan Kommunist Partiyasına qoşulmuş və bu, Azərbaycan marksistlərinin birləşməsinə səbəb olmuşdu.[11] Əliheydər Qarayev Qarabağda ermənilərin üsyanından sonra keçirilən məclisin iclasında Qızıl Ordunun ölkəyə dəvət olunmasını təklif etmişdi. Məhəmməd Əmin Rəsulzadənin qeydlərinə görə. "Qarayev bu çıxışı edərkən parlamentin qonaqlar üçün lojasında oturan türk nümayəndənin üzündə ciddi surətdə təsdiq və təqdir ifadələri vardı".[32]
Yusifbəyli hökuməti ölkə daxilindəki daxili çağırışların öhdəsindən gələ bilmədiyi üçün 1 apreldə istefa vermişdir. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının müvəqqəti və son sədri Məmmədhəsən Hacınskiyə yeni hökumət yaratmaq imkanı vermişdi. Xəlil Paşa "Türkiyənin dostu və Britaniyanın düşməni" hesab etdiyi Hacınskinin ölkədə kommunistlərin dəstəyini təmin etmək cəhdlərini dəstəkləmişdi. Hacınski Azərbaycan Xalq Cümhuriyyətində kommunist ünsürləri daxil etməklə Rusiya üçün məqbul bir hökumət qurmağı qarşısına məqsəd qoymuşdu.[11] Hər halda, bir çox türkiyəli və azərbaycanlı kommunist Qızıl Ordunun Azərbaycana müdaxiləsinin əleyhinə idilər və onların iştirakı olmadan hökumətin dəyişəcəyinə inanırdılar.[33]
1920-ci ilin yazında mövcud siyasi şəraiti nəzərə alaraq Türkiyə milli azadlıq hərəkatının rəhbərləri Paris Sülh Konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması və Antantanın Türkiyə ilə Sovet Rusiyası arasında hər hansı ittifaqın qarşısını almaq cəhdlərini kamalçılara qarşı həyata keçirilən tədbirlər kimi şərh etmişdilər. Bu düşüncə Qafqazda fəaliyyət göstərən türkiyəli kommunistlərdən Azərbaycan hökuməti ilə ingilislərin bolşevizmə qarşı əməkdaşlığı barədə alınan məxfi məlumatlarla daha da möhkəmlənmişdi.[34] Bakı əməliyyatından bir az əvvəl Orconikidze Leninə və Çiçerinə məlumat vermişdi ki, Türkiyədə milli hərəkatın lideri Mustafa Kamal Paşa Azərbaycandan Britaniyanın potensial hücumlarından qorunmaq üçün sovet qoşunlarının Türkiyə ilə sərhədlərə daxil olmasına icazə verməsini xahiş etmişdi.[5]
26 apreldə Kazım Qarabəkir Paşa Türkiyə Böyük Millət Məclisinin bolşeviklər ilə əməkdaşlığa razı olduğu barədə xəbərdar edilmişdi. Bu qərara əsasən, ona Bakıya xüsusi missiyanı təşkil etmək, təlimatlandırmaq və göndərmək səlahiyyəti verilmişdi. Bu missiyanın məqsədi Bakıda bolşevik qüvvələri ilə əməkdaşlıq etmək idi.[34] Bakıda fəaliyyət göstərən kamalçı türkiyəlilər vəziyyətə təsir göstərərək Ankara hökumətinin xeyrinə çevrilməsində maraqlı idilər və prosesdə fəal iştirak edirdilər. Aprelin əvvəlində onlar müxtəlif qruplarının səylərini koordinasiya etmək üçün görüş təşkil etmişdilər. İştirakçıların bəziləri artıq Azərbaycan kommunistləri ilə sıx əməkdaşlıq edirdilər və Bakıda Türkiyə Kommunist Firqəsi vasitəsilə əlaqələndirmə işləri aparırdılar.[11]
Xəlil Paşa və Fuad Sabitin də iştirak etdiyi koordinasiya konklavı zamanı Azərbaycanda baş verən böhran ilə bağlı Türkiyənin siyasətinin əsas istiqamətlərini əks etdirən qətnamə qəbul edilmişdi.[35] Qətnamədə üç əsas məqam var idi:[33]
- Mövcud Britaniyayameylli Azərbaycan hökumətinin sürətli şəkildə devrilməsi və onun bolşeviklər ilə əməkdaşlıq edə biləcək hökumətlə əvəzlənməsi.
- Hökumətin dəyişdirilməsi prosesini sürətləndirmək üçün komitənin yaradılması. Bu komitənin təbliğat, nəşrlər və hərbi əməliyyatlara cavabdeh olan ayrı-ayrı şöbələri var idi. Hərbi əməliyyatlar bolşeviklərin iştirakı ilə aparılmalı idi.
- Türkiyə Kommunist Firqəsinin xüsusi tələbi olmadan Bakı Qızıl Ordu tərəfindən işğal edilməməlidir. Həm Türkiyə, həm də Azərbaycan kommunist firqələri Azərbaycanın işğalının qarşısını almaq lazım olduğuna inanırlar.
Türkiyəli kommunistlər bu qətnaməni Qarabəkir Paşaya çatdırmış, o da öz növbəsindən bundan Moskvaya gedən Türkiyə hərbi nümayəndəliyinə təlimat hazırlamaq məqsədilə istifadə etmişdir. Qarabəkir Paşa 8 aprel tarixli tövsiyələrində Türkiyənin Azərbaycan hökumətinə bolşeviklərin "məqsəd və prinsiplərinə" uyğunlaşması və "sovet dövlətləri qrupuna" daxil olması üçün təzyiq göstərməyi təklif edirdi. Ankara hökuməti hesab edirdi ki, əgər bu cəhddə uğur qazansalar, bolşeviklərin Azərbaycana hərbi müdaxiləsinə ehtiyac qalmayacaqdı. Qarabəkir Paşanın bəyanatları türkiyəli və azərbaycanlı kommunistlərin istifadə etdiyi ifadələr ilə oxşar idi və onlar bunu Qızıl Ordunun müdaxiləsinə qarşı arqumentlərini dəstəkləmək üçün bir fürsət kimi görmüşdülər. Qarabəkirin tövsiyələrinə bəzi düzəlişlər edilmiş və onlar nəhayət 28 apreldə Mustafa Kamalın Leninə göndərdiyi məktuba daxil edilmiş, lakin gecikmələr səbəbindən məktub iyun ayına qədər Moskvaya çatmamışdı.[33]
Bakı əməliyyatı
redaktə- Ətraflı bax: Aprel işğalı
Azərbaycanın sovetləşdirilməsindən bir qədər əvvəl, 15 aprel 1920-ci il tarixində Kazım Qarabəkir Paşa və Əli Ağa Şıxlinski 1919-cu ilin noyabrında Azərbaycan ilə Türkiyə arasında İstanbulda bağlanmış məxfi müqaviləyə əlavə olaraq qonşuları tərəfindən ona hücum ediləcəyi təqdirdə Azərbaycan tərəfinə Türkiyə tərəfindən hərbi yardımın göstərilməsini nəzərdə tutan məxfi hərbi konvensiya imzalamışdılar.[37] Buna baxmayaraq, reallıqda bunun heç bir təsiri olmamışdı. Səlahəddin Tansəl, Salahi Sonyel, Aclan Sayılqan, Doğan Avcıoğlu və digər türkiyəli tədqiqatçıların Qızıl Ordunun türkiyəlilərin köməyi ilə işğal etdiyi fikrini müdafiə edirlər.[38] Odur ki, Türkiyə Kommunist Firqəsinin üzvlərindən yaradılmış Türk Qızıl Ordusunun bir neçə kiçik bölməsi Azərbaycanın işğalında iştirak etmişdi.[39] Odur ki, Bakıya girən Qızıl Ordu tərkibində türk əsgərləri var idi.[40] Bundan başqa, bu dövrdə Azərbaycanda dəmiryoluna, parlamentin mühafizəsinə nəzarət, eləcə dənizdəki qüvvələr tamamilə türk zabitlərinin əlində idi.[41]
Eyni zamanda, Mustafa Kamal Paşa Türkiyə Böyük Millət Məclisi adından Novorossiysk vasitəsilə sovet hökumətinə məktub göndərmişdi. Məktubda qeyd edilənlərə görə, Türkiyə "imperialist hökumətlər ilə mübarizə və məzlumları azad etmək kimi ümumi məqsəd üçün səylərini və hərbi hərəkətlərini rus bolşevikləri ilə əlaqələndirmək" məsuliyyətini öz üzərinə götürür, "imperialist Ermənistana qarşı döyüş əməliyyatlarına başlamağa" söz verir və "Azərbaycan Respublikasının sovet respublikalarına qoşulmasını" təmin edirdi.[42]
Ankara hökumətinin müsavatçı Azərbaycanı devirmək üçün bolşeviklər ilə əməkdaşlıq etməsi Azərbaycan milliyətçiləri arasında məyusluğa səbəb olmuşdu. Azərbaycan Parlamentinin 19 aprel 1920-ci ildə keçirilən görüşündə müxalifət üzvlərindən biri "Türkiyədə iki hökumət var. Bir Ərzurumda, bir İstanbulda. Niyə tam başqa bir siyasət izləyən Mustada Kamal Paşanın yanına nümayəndə göndərmirsiniz?" deyərək iqtidarın səssizliyinə öz etirazını bildirmişdi.[22]
Çevrilişə hazırlıq üçün Süleyman Nuri və digər türkiyəli kommunistlər Bakıdakı azərbaycanlı bolşevikləri Həştərxandan gətirilmiş silah və sursatla təmin etmişdi.[40] 27 aprel səhəri Azərbaycan bolşeviklərinin lideri Həmid Sultanov və türkiyəli kommunistlər əməliyyata başlamışdılar. Kapitan Mustafa Şevki əməliyyat inqilab şöbəsinin rəhbəri vəzifəsinə gətirilmiş, kapitan İhsan və Bəhaəddin isə inqilabı yaymaq üçün müxtəlif bölgələrə təyin olunmuşdu. Dərbənd cəbhəsinin müfəttişi olan kapitan Rıfat inqilab gecəsi stansiyanın tutulmasında iştirak etmiş və Bakı quberniyası komandiri vəzifəsinə təyin edilmişdi. Artilleriya rəisi Nurəddin, pulemyotçu Fahri, zabitlər İbrahim Ethem və Rəşad Əfəndi komitənin komandanlığı altında xidmət edirdilər. "Qurtuluş" jurnalında qeyd edilmişdi ki, "Qızıl Ordu türk bayraqları ilə Bakıya daxil olmuşdu".[43]
Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan "Əksinqilabla Mübarizə Təşkilatının" rəisi Nağı bəy Şeyxzamanlı qeyd etmişdir ki, Qızıl Ordu sərhəddə dayandığı zaman Azərbaycan hökuməti "Quba valisinə dəmiryolu relslərinin bir kilometrə qədər sökülməsi əmrini" vermişdi. Bundan xəbərdar olan Xəlil Paşa general Şıxlinski ilə görüşərək təlaşla "Paşam, hökumət sərhəddəki dəmiryolu relslərini sökdürmüşdür. Qızıl Ordu Anadoluya gedə bilməyəcəkdir və nəticədə kömək gecikəcəkdir. Xahiş edirəm təcili tədbir görün" demişdir. Şıxlinski ardınca relslərin yenidən yerinə taxılmasını əmr etmişdi.[44]
Xəlil Paşanın başçılıq etdiyi bir qrup türk zabiti Qızıl Ordu hissələrinin irəliləyişində fəal iştirak etmişdi. Onlar yerli əhali arasında təbliğat aparır, onları Qızıl Orduya müqavimət göstərməməyə çağırırdılar.[45] Xəlil Paşa azərbaycanlıları inandırmağa çalışırdı ki, Qızıl Ordu qüvvələri sadəcə bu ərazilərdən keçərək Qarabağa, Ermənistana və nəhayət, Anadoluya irəliləyərək Türkiyə İstiqlaliyyət müharibəsinə qoşulacaqdılar.[46] Ajiotaj ölkədə qeyri-bolşevik əsas siyasi qüvvələrə, ittihadçılar və solçu müsavatçılara güclü təsir göstərmişdi.[47] "İttihad" nümayəndələri hökumətə qarşı küçələrdə nümayişlər keçirərək Müsavat Partiyasının qərbyönlü liderlərini Qızıl Ordunun Türkiyəyə yardımına mane olmaqda ittiham edirdi.[46]
Sovet Rusiyasına meyilli olan Məmmədhəsən Hacınski digər müsavatçılar ilə eyni fikirdə deyildi. O, 27 apreldə bəyan etmişdir:[48]
Onların vəzifələri Azərbaycandan keçib Türkiyəni zalım imperialistlərdən azad etməkdir. Əgər məqsəd budursa, şimaldan gələn qüvvələrin təzyiqi altında hökuməti təslim etməyə nə ehtiyac var? Bir halda ki, türklərin imperializm əsarətindən azad olmasına hamı və o cümlədən biz də sevinərik. Bu fikirə qarşı cümhuriyyət daxilində zidd çıxan olmaz. Əslində Türkiyəyə və Zəngəzur kömək etmək istəyənlər ictimaiyyət arasına elə bir fikir yaratmalıdılar ki, bu qüvvələr Azərbaycana yalnız onun ərazisindən keçib Türkiyəyə getmək üçün daxil olurlar. |
Məhəmməd Əmin Rəsulzadə yazırdı:
Bakıda fəaliyyət göstərən Osmanlı türklərindən bəziləri bilmədən insanları bu sözlərlə yoldan çıxardılar: "Yaxınlaşan Qızıl Orduya Nicat bəy adlı bir türk rəhbərlik edir. Bu ordunun alayları türklərdən ibarətdir. Çoxlu sayda əsgər Volqa türklərindən gəlir. Bu Ordu barışmaz düşmənlərə qarşı vuruşaraq Anadolunun köməyinə gedir. Bu Orduya göstərilən müqavimət Türkiyənin qurtuluşunu əngəlləməklə bərabər olacaq. Böyük türk birliyi və müsəlman icması baxımından bu, xəyanətə bərabərdir.[49] |
Azərbaycan kommunistləri Hacınskinin yeni hökumətin formalaşdırılması ilə bağlı təkliflərini rədd etmək qərarına gəlmişdilər. Bununla belə, onlar ölkə miqyasında bolşevik üsyanı qaldırmaq cəhdlərinə maneə olmadığı halda onun gələcəkdə yeni hökumət yaratmaq təklifini rədd etməyəcəklərini bildirmişdilər.[50] Rəsulzadə kommunistlərin ultimatumunu qəbul etməyin əleyhinə olduğunu bildirmişdi. O, xüsusi səlahiyyətlərə malik "radikal deputatlar hökuməti"nin yaradılması ideyasının tərəfdarı idi. Rəsulzadə belə bir hökumətin öz mübarizəsində Türkiyə ilə və inqilabçı Rusiya ilə səmərəli əməkdaşlıq edə biləcəyinə inanırdı. O, Müsavat Partiyasının nümayəndəsi kimi məsələ ilə bağlı iradlarını bildirərək bəyan etmişdi.[51]
Rusiyadan gələn bu mötəcaviz ordu əmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir.[52] |
Buna baxmayaraq, Azərbaycan Parlamentinin üzvlərinin böyük bir qismi Rəsulzadə yox, Hacınski ilə həmfikir idi. Görüşün sonun da"Azərbaycanın müstəqilliyinin qorunacağı" şərtilə iqtidarın müqavimət göstərilmədən bolşeviklərə verilməsi təsdiq edilmişdir.[48]
Nəticəsi
redaktəAzərbaycan SSR-nin qurulması
redaktəArtıq 1920-ci ilin may ayına qədər Azərbaycan Xalq Cümhuriyyəti süqut etmiş, əvəzində Azərbaycan Sosialist Şura Cümhuriyyəti qüvvəyə minmişdi. Azərbaycanlı tarixçi R. Mustafazadənin fikrinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəbi "kamalçı Türkiyə ilə Sovet Rusiyası arasında bu regionda strateji maraqların uzlaşdırılması" olmuşdu.[53] Başqa bir azərbaycan tarixçi Mehman Ağayev bunu inkar edir, Ankara hökumətinin Aprel işğalında birbaşa əlaqəsi olmadığını qeyd etmişdir.[54]
Müsavatçı hökumət rəsmilərinin Bakıdan qaçmaq cəhdi uğursuz olmuşdu. Bir qrup türkiyəli əsgər onları əsir götürmüş, ardınca Bakıya gələn Qızıl Ordunun qərargahına təhvil vermişdi.[55] Baha Səidin rəhbərlik etdiyi "Yardım alayı"nın iştirak etdiyi bu əməliyyat Məhəmməd Əmin Rəsulzadə tərəfindən də xatırlanır.[56] Sovet dövlət xadimləri Serqo Orconikidze və Sergey Kirov sonrakı dövrlərdə bildirmişdilər ki, "hərbi çevriliş zamanı bir qrup əsgər ilə stansiyanı zəbt etmiş Azərbaycan dəniz işləri komissarının və türk kommunistinin fəaliyyətlərinin burada böyük təsiri olmuşdur". Onlar əməliyyat zamanı hökumət nümayəndələrinin ölkədən qarşısını aldıqlarına görə "Qırmızı bayraq" ordeni ilə təltif edilmişdilər.[57] Bundan başqa, türkiyəli kommunist Məmməd Tahirov iki yoldaşı ilə birlikdə Bakı hərbi general-qubernatoru, general-mayor Murad Gəray bəy Tlexası ələ keçirmişdilər.[58]
Aprel işğalından sonra Xəlil Paşa əhəmiyyətli nüfuz qazanmış və təkcə Azərbaycanda deyil, bütün Rusiyada və bütün Qafqaz regionunda tanınmışdı. Onun nüfuzu hətta Avropa mətbuatının səhifələrinə qədər uzanırdı.[59] Türkiyə Bakı əməliyyatının uğurlu olduğunu 1 may 1920-ci ildə öyrənmişdir.[60] 3 mayda "Türkiyə kommunist bolşeviklərindən Azərbaycan xalqına" başlıqlı bəyanat yayılmışdır və burada azərbaycanlılara yeni hökuməti dəstəkləməyə çağırış edilmişdir.[49] 14 avqustda Türkiyə Böyük Millət Məclisində çıxış edən qurumun sədri Mustafa Kamal Atatürk Qızıl Ordunun Şərq cəbhəsini yarması, Şimali Qafqazda maneəsiz irəliləməsi və Azərbaycanı işğal etməsi məsələsini "bizim hədəf təyinatı, təsirimiz və ləyaqətimiz" adlandırmışdır.[61] Sonrakı dövrlərdə SSRİ-dəki tarixşünaslıq cərəyanı Aprel işğalını legitimləşdirmək məqsədilə Cənubi Qafqaz xalqlarının Türkiyə İstiqlaliyyət müharibəsindən ilhamlanaraq imperialist qüvvələrə qarşı üsyan qaldırdığı iddiasını irəli sürmüşdü.[62]
Azərbaycan–Türkiyə münasibətləri
redaktə- Ətraflı bax: Azərbaycan–Türkiyə münasibətləri
Xəlil Paşa sonrakı illərdə yazdığı xatirələrində qeyd etmişdir ki, o, sovet sərhədlərinin Türkiyəyə qədər uzadılmasının "Azərbaycanın ruslara təslim edilməsi" demək olduğunu bilirdi. O, Azərbaycanı "öz vətəninin bir hissəsi" hesab etdiyi vurğulamış, ölkənin suverenliyinə nail olmaq üçün göstərilən səylərin hər hansı siyasi səbəbdən asılı olmayaraq Rusiyanın nəzarətinə verilməsinin "xəyanət" kimi qiymətləndirmişdir. Xəlil Paşa əlavə etmişdir: "Biz Anadoluda müstəqillik uğrunda mübarizə apararkən bu addım mənə və digər türk paşalarına mənəvi intihardan başqa bir şey kimi görünmürdü".[5] Türkiyəli siyasətçi Rza Nur 1929-cu ildə yazdığı "Hayat ve Hatıratım" kitabında qeyd etmişdir ki, görüşdüyü azərbaycanlılar ona daim eyni şeyi deyirdi: "Bizi siz vücuda gətirdiniz, sonra da siz boğazımızı kəsdiniz".[38]
Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Türkiyəyə bolşeviklər tərəfindən edilən hərbi və maddi dəstək Azərbaycan vasitəsilə intensivləşmişdi.[59] SSRİ-nin əldə etdiyi qızıl ehtiyanın qismən də olsa Türkiyəyə göndərilməsi Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun sayəsində baş tutmuşdu. O, həmçinin Azərbaycan adından 500 kiloqram qızılın Türkiyəyə göndərilməsini təmin etmişdi.[63] Bundan başqa, Rusiya bolşevikləri ilə Azərbaycanla bağlı danışıqlar zamanı Türkiyə nümayəndə heyəti Bakının neft ehtiyatları ilə bağlı həlledici məsələ qaldırmışdı. Türkiyə Azərbaycandan sabit və etibarlı neft tədarükü mənbəyini təmin etməkdə maraqlı idi.[64]
Azərbaycan SSR-nin müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olmuşdu.[65] Bu ərəfələrdə Mustafa Kamal Paşanın diplomatik nümayəndəsi Məmduh Şövkət Esendal Bakıda Birinci Şərq Xalqları Qurultayında iştirak etməyə cəhd etmişdi. Buna nail olmaq üçün o, Ömər Lütfi adlı hərbi attaşe ilə 15 avqustda Ankaradan yola düşmüş, qurultay başa çatdıqdan sonra Bakıya gələ bilmişdilər. Hər halda, Mustafa Kamal Paşa Azərbaycanda diplomatik nümayəndəliyin yaradılmasına böyük əhəmiyyət verirdi. O, Qarabəkir Paşaya göndərdiyi teleqramda Sovet Azərbaycanının Ankarada səfirliyinin açılmasının Bakı diplomatik nümayəndəliyinin Türkiyənin Azərbaycanda tam səlahiyyətli səfirliyinə çevrilməsi demək olduğunu vurğulayırdı.[66] Esendal 31 mart 1924-cü il tarixinə qədər diplomatik vəzifədə çalışmışdı. O zaman Türkiyə SSRİ-nin yaranması və xarici siyasi funksiyaların Moskvaya verilməsi ilə əlaqədar diplomatik nümayəndəliyini bağlamaq məcburiyyətində qalmışdı.[67]
Georgi Çiçerin Sovet Azərbaycanı və daşnakçı Ermənistan arasında mövcud olan ərazi mübahisələrini Naxçıvanı Ermənistana birləşdirərək həll etmək istəyirdi.[68] Buna baxmayaraq, Türkiyənin müdaxiləsi ilə bunun qarşısı alınmışdı. Sovet Rusiyası ilə Türkiyə arasında 16 mart 1921-ci ildə imzalanmış Moskva müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində qalacağına dair konkret müddəa var idi.[69] Moskva danışıqları zamanı göndərilən erməni nümayəndə, komissar Aleksandr Bekzadyan Sovet Rusiyasının erməni xalqının maraqlarını müdafiə etməməsindən kəskin narazılığını bildirmişdi.15 apreldə Çiçerinə göndərdiyi etiraz məktubunda Bekzadyan Türkiyə nümayəndə heyətini ardıcıl olaraq Cənubi Qafqazın müsəlman əhalisini, xüsusən də Sovet Azərbaycanının maraqlarını müdafiə etməkdə ittiham etmişdi. Bekzadyan Türkiyənin şərq sərhədlərinin təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən Naxçıvanın Azərbaycanın bir hissəsi kimi saxlanılmasından xüsusilə narahat olmuşdu. O vurğulamışdı ki, konfransda Naxçıvan və Şərur-Dərələyəz ilə bağlı qəbul olunmuş qətnamə Ermənistanı haqlı olaraq onlara məxsus olan Zəngəzur vilayətini idarə etmək imkanından məhrum etmişdi.[70]
Azərbaycanın sovetləşdirilməsindən sonra Rəsulzadə Stalinin tapşırığı ilə Moskvaya çağırılmışdı, lakin o, 1922-ci ildə Rusiyadan qaçmağa nail olmuş və Azərbaycan mühacirət hərəkatında bir milli lider kimi fəaliyyət göstərməyə başlamışdır. Rəsulzadə, bir çox başqaları kimi, azərbaycanlı siyasi mühacirlər üçün əlverişli məkana çevrilən Türkiyəyə sığınmışdı.[71]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Gafarov, Vasif. Türkiye-Rusya ilişkilerinde Azerbaycan meselesi (1917–1922) (PDF) (türk). TEAS Press. 2018. səh. 291. ISBN 978-605-301-254-2. 2023-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-09.
- ↑ Həsənli, 2017. səh. 161
- ↑ 1 2 3 4 5 6 Svetoxovski, 2004. səh. 161
- ↑ 1 2 3 Svetoxovski, 2004. səh. 163
- ↑ 1 2 3 Həsənli, 2017. səh. 159
- ↑ Baykara, Hüseyin. Azerbaycan istiklal mücadelesi tarihi (türk). Azerbaycan Halk Yayınları. 1975. səh. 290.
- ↑ 1 2 3 Гафаров, 2010. səh. 244
- ↑ Hovannisian, Richard G. The Republic of Armenia, Vol. II: From Versailles to London, 1919–1920. Berkeley: University of California Press. 1982. 136–37. ISBN 0-520-04186-0.
- ↑ Qarabəkir, 2006. səh. 328
- ↑ Svetoxovski, 2004. səh. 161-162
- ↑ 1 2 3 4 5 Svetoxovski, 2004. səh. 178
- ↑ Donald F. Busky. Communism in History and Theory: Asia, Africa, and the Americas. 2002. ISBN 0-275-97733-1. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-23.
- ↑ Ağayev, 2008. səh. 173
- ↑ Ağayev, 2008. səh. 164
- ↑ İleri, Rasih Nuri. Atatürk ve Komünizm Kurtuluş Savaşı Stratejisi (türk). İleri Yayınları. səh. 90. ISBN 9789756288658.
- ↑ 1 2 3 Svetoxovski, 2004. səh. 162
- ↑ Yüceer, Nasır. Birinci Dünya Savaşı'nda Osmanlı Ordusu'nun Azerbaycan ve Dağıstan Harekâtı (türk). Gnkur. Askeri Tarih ve Stratejik Etüt Başkanlığı yayınları. 2002. səh. 44. ISBN 9789754090758.
- ↑ Çalışkan, Ülkü. "Türk Kurtuluş Savaşında Sovyet Rusya'nın Malî ve Askerî Yardımları". Karadeniz Araştırmaları (türk) (9). 2006: 36–42. 8 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2023.
- ↑ Yerasimos, Stefanos. Kurtuluş Savaşı'nda Türk-Sovyet İlişkileri (türk). İstanbul. 2000. 150–151.
- ↑ 1 2 3 Svetoxovski, 2004. səh. 164
- ↑ 1 2 Svetoxovski, 2004. səh. 177
- ↑ 1 2 Ağayev, 2008. səh. 171
- ↑ Караев А. Г. Из недавнего прошлого (материалы к истории Азербайджанской коммунистической партии (б). Баку. 1926. 88.
- ↑ Борьба за победу Советской власти в Азербайджане 1918–1920. Документы и материалы. Баку: Изд-во АН Азербайджанской ССР. 1967. 544.
- ↑ Svetoxovski, 2004. səh. 172
- ↑ Ağayev, 2008. səh. 169-170
- ↑ Svetoxovski, 2004. səh. 162–163
- ↑ Qarabəkir, 2006. səh. 503-504
- ↑ Волхонский М., Муханов В. По следам Азербайджанской Демократической Республики. М.: «Европа». 2007. 198. ISBN 978-5-9739-0114-1.
- ↑ Документы внешней политики СССР. 2. М.: Изд-во политической литературы. 1958. 725.
- ↑ Həmid, Tural. "28 Aprel: "İşğal, yoxsa inqilab"". AzLogos (az.). 6 may 2023. 23 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2023.
- ↑ Rəsulzadə, Məhəmməd Əmin. Akpınar, Yavuz; Yıldırım, İrfan Murat; Çağrı, Sabahattin (redaktorlar ). Azerbaycan Cumhuriyeti (türk). İstanbul: Azerbaycan Türkleri Kültür ve Dayanışma Derneği Yayınları. 1990. səh. 90.
- ↑ 1 2 3 Svetoxovski, 2004. səh. 179
- ↑ 1 2 Həsənli, 2017. səh. 160
- ↑ Svetoxovski, 2004. səh. 178-179
- ↑ Dərgah Qüdrətov. Azərbaycanın qardaş sovet respublikaları ilə iqtisadi və mədəni əməkdaşlığı. Bakı: Elm nəşriyyatı. 1973. səh. 50.
- ↑ Pərvin Darabadi. Военно-политическая история Азербайджана (1917–1920 годы) (PDF). Bakı: Издательский дом «Кавказ». 2013. səh. 242. ISBN 9952-432-44-5. 2022-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ 1 2 Ağayev, 2008. səh. 177
- ↑ Познахирев, Виталий, Турецкие воинские формирования Красной Армии в 1918–1920 гг, 2014, səh. 164, 2023-03-30 tarixində arxivləşdirilib
- ↑ 1 2 Tekerek, M. "Azerbaycan Türkiye İlişkilerinde Azerbaycan Yardımları ve Azerbaycan'ın Sovyetleşmesi Meselesi (1918–1920)". Atatürk Dergisi (türk). Atatürk Üniversitesi. 2 (8). 2019: 275. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-23.
- ↑ Rəsulzadə, 1991. səh. 42
- ↑ Həsənli, 2017. səh. 160-161
- ↑ Soysüren, Ali Haydar. Azerbaycanın’ın Bolşevikleştirilmesi süreci ve Türkiye’nin rolü bağlamında Azerbaycanlı milliyetçilerin yaklaşımı (PDF) (türk). Atatürk Araştırma Merkezi Başkanlığı. 2018. 45–46. 2023-08-09 tarixində arxivləşdirilib (PDF).
- ↑ Şeyxzamanlı, Nağı bəy. Azərbaycan istiqlal mücadiləsi xatirələri (az.). Azərbaycan nəşriyyatı. 1997. səh. 101. 2023-08-09 tarixində arxivləşdirilib.
- ↑ Н. Агамалиева. Азербайджанская Демократическая Республика: 1918–1920 (rus). Bakı: Elm. 1998. səh. 269. ISBN 5-8066-0897-2. 2023-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
- ↑ 1 2 Svetoxovski, 2004. səh. 179-180
- ↑ Riçard Hovanisyan. The Republic of Armenia, Vol. III: From London to Sèvres, February–August 1920 (PDF) (ingilis). University of California Press. 1996. səh. 180. 2022-10-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-09.
- ↑ 1 2 Ağayev, 2008. səh. 180
- ↑ 1 2 Гафаров, 2010. səh. 246
- ↑ Svetoxovski, 2004. səh. 180
- ↑ Svetoxovski, 2004. səh. 181-182
- ↑ Anar. "İşğal". 525-ci qəzet (az.). 25 aprel 2015. səh. 14–15. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2023 – AMK vasitəsilə.
- ↑ Муханов, Вадим Михайлович. Грузинская Демократическая Республика: от первых дней независимости до советизации (rus). Moskva: Издательство "МГИМО-Университет". 2018. səh. 779. ISBN 978-5-9228-1832-2. 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
- ↑ Ağayev, 2008. səh. 181
- ↑ Катибли М. Чингиз Ильдрым (биографический очерк). Баку: Азербайджанское гос. изд-во. 1964. səh. 64.
- ↑ Rəsulzadə, 1991. səh. 44
- ↑ Александр Яковлевич Манусевич. Интернационалисты: трудящиеся зарубежных стран - участники борьбы за власть советов (rus). Наука. 1967. səh. 223. 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
- ↑ Ибрагимов З. И., Исламов Т. М. Интернационалисты в борьбе за власть Советов в Закавказье // Интернационалисты трудящиеся зарубежных стран-участники борьбы за власть советов. 2, часть 2. М.: «Наука». 1971. 222.
- ↑ 1 2 Həsənli, 2017. səh. 163
- ↑ Ağayev, 2008. səh. 175
- ↑ Гафаров, 2010. səh. 247
- ↑ Мчедлов, Миран Петрович. Критика фальсификаций национальных отношений в СССР (rus). Изд-во полит. лит-ры. 1984. səh. 289-290. 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
- ↑ Pakman, Bülent. "Kurtuluş Savaşına Sovyet Yardımı" (türk). dekabr 2015. 22 iyul 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2023.
- ↑ Həsənli, 2017. səh. 305
- ↑ Quliyev, Vilayət. "30 avqust – Türkiyənin Zəfər gün.ü Bakıda ilk Türkiyə diplomatı". Xalq qəzet (az.). 30 avqust 2009. səh. 8. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-23.
- ↑ Həsənli, 2017. səh. 186
- ↑ Həsənli, 2017. səh. 187
- ↑ Həsənli, 2017. səh. 167
- ↑ Həsənli, 2017. səh. 148
- ↑ Həsənli, 2017. səh. 150-151
- ↑ Svetoxovski, 2004. səh. 185
Ədəbiyyat
redaktə- Həsənli, Cəmil. The Sovietization of Azerbaijan: the South Caucasus in the triangle of Russia, Turkey, and Iran, 1920–1922. Salt Lake City: The University of Utah Press. 2017. ISBN 1-60781-594-X.
- Svetoxovski, Tadeuş. Russian Azerbaijan, 1905–1920: The Shaping of a National Identity in a Muslim Community (ingilis). Cambridge: Cambridge University Press. 2004. ISBN 978-0-521-52245-8. 2023-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
- Ağayev, Mehman. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (türk). IQ Kültür Sanat Yayıncılık. 2008. ISBN 9789752552364.
- Rəsulzadə, Məhəmməd Əmin. Əsrimizin Siyavuşu. Bakı: Gənclik. 1991. ISBN 5-8020-0772-9. 24 iyul 2019 tarixində arxivləşdirilib (#archive_missing_url).
- Qarabəkir, Kazım. İstiklal Harbimiz: 1. Cilt (türk). İstanbul: Yapı Kredi Yayınları. 2006. ISBN 978-975-08-1347-4. 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.
- Гафаров, Васиф. "Русско-турецкое сближение и независимость Азербайджана (1919–1921)" (PDF). Кавказ & Глобализация. CA&CC Press. 2010. Archived from the original on 2021-08-31. İstifadə tarixi: 2023-08-09.
Əlavə ədəbiyyat
redaktə- Ünüvar, Veysel. Kurtuluş savaşında Bolşeviklerle sekiz ay (türk). Göçebe Yayınları. 1997. ISBN 9789758143153.
- Adıgüzel, Hüseyin. Atatürk, Nerimanov ve Kurtuluş Savaşımız. İstanbul: İleri Yayınları. 2004. ISBN 975-6288-06-X.
- McMeekin, Nesrin. Turkey's Relations with the Bolsheviks (1919–1922). Bilkent University Thesis (Thesis). Bilkent University. 2007. 1–112. hdl:11693/29973. İstifadə tarixi: 10 December 2017.
- Tural Həmid. "Azərbaycanın sovetləşməsində Türkiyənin rolu". azlogos.eu (az.). 6 may 2023.